213
yaşındaymış qızcığaz. Küçəni keçərkən anasının əlindən qopur,
qaçır. Maşın vurur uşağı, elə ordaca canı çıxır. Fikirləşirəm ki, F.-
nin bütün həyatı sınaq idi! Tale niyə insanı belə amansız sınaqlara
çəkir, nə məqsədlə, nə üçün axı? Bu son sınağa daha tab gətirə
bilmədi. Nə uşaqlığının çətin illəri, nə sonrakı bəlalar onu sındıra
bilməmişdi, amma balaca balasının ölümü sındırdı.
İndi F. özü də yoxdur.
F. bütün mənim uşaqlığım, gəncliyimdir..."
Söhbətindən yorulur.
–İşığı keçir, yatacam, – deyir. Bir azdan sakit, yuxulu
nəfəsini eşidirəm.
Nə görür yuxusunda görəsən?
Təklik çətin olur
həm şad gündə,
həm tufanda...
Alagözlü gəlin Göy gölümü
düşünürəm.
Yuxularıma Hacıkəndin
palıd meşələri girir,
Gənclyim Xaçbulaq yaylağında
sarı çiçək dərir.
Səhər oyanan kimi mənə dedi:
–Bu gün Rəsulun yaşıdır. Mərdəkana gedəcəksiniz?
–Hə.
–Mənim adımdan da ona bir dəstə yasəmən al apar.
–Yaxşı.
Xəstəxanadan çıxdım. Bazara getdim. İstəyirdim yasəmən alıb
atamın məzarı üstünə aparım. Bazarda yasəmən tapılmadı.
Evlərinə gəldim, kitab rəfinin üstünə baxdım. Gördüm ki,
atamın iri şəklinin yanında vaza bir dəstə yasəmən qoyulub.
Fidan alıbmış. Özü də anamın xahişini bilmədən məhz
yasəmən alıb.
Saat 2-də Fəxri xiyabana yollandıq. Bir azdan sonra xeyli
adam gəldi – yazıçılar, alimlər, jurnalistlər.
214
Bu gün qəzetlərdə də atamın şeri çıxmışdı, axşam
televiziyayla onun haqqında çəkilmiş Moskva verilişini
göstərəcəkdilər. Qohumlar, dostlar atamgildə toplaşmışdı.
Radio atam haqqında verilişə başladı. Ölümündən 49 gün sonra
ilk dəfə səsini eşitdik – şer oxuyurdu.
Atamın ölümündən iki aya yaxın vaxt keçmişdi, amma
ünvanına hələ də müxtəlif yerlərdən, müxtəlif şəhərlərdən
məktublar gələrdi. Azərbaycandan gələn məktublar bizə
başsağlığı məktubları idi – Azərbaycanda Rəsul Rzanın
vəfatından xəbərdar olmayan adam çətin tapılardı. Amma
başqa şəhərlərdən gələn məktubların bəzilərində onun özünə
müraciət edirdilər – vəfat etdiyini bilmirdilər. Burda belə
məktublardan üçünü – Heç vaxt sahibinə çatmayacaq
məktubların tərcüməsini gətirmək istəyirəm.
"Hörmətli ustad!
Sizə Vyetnamdan yazıram.
Əziz yoldaş Rəsul.
Altmışıncı illərdə "Nedelya" jurnalında Sizin rənglərə aid
şerləriniz dərc olunmuşdu. Çox xoşuma gəldi. Qərara aldım ki,
dərhal tərcümə edim. Təəssüf ki, o vaxt müharibə gedirdi. Şer
vaxtı deyildi. Amma mən tərcümənin əlyazmasını –itirdim.
Orijinalı kitabxanada axtardım. Heç cür tapa bilmədim.
Turgenevi, Paustovskini və Antonovu da çevirmişəm. Şer
tərcüməsinə çox ehtiyatla yanaşıram. Çevirmək istədiyim
yeganə şerlər Sizinkilərdir. Lütfən teleqram, ya kağız vasitəsilə
şerlərinizin "Nedelya"nın hansı nömrəsində, hansı ay və hansı
ildə dərc olunduğunu mənə bildirərsinizmi? Bizim
kitabxanamızda "Nedelya"nın 1958-ci ildən bəri bütün köhnə
nömrələri var – mən tərcüməni Oktyabr bayramına, ya da
bizim partiyanın I qurultayına çatdırmaq istəyirəm. Kağız çox
gec çatır. Bakıdan Hanoya yarım ilə gəlir.
Əgər gələcəkdə şerlərinizin məcmuəsini mənə göndərsəniz,
mən Sizə çox minnətdar olaram. Niyə Sizin şerləriniz rus
dilində bizə gəlib çatmır. Etiraf edirəm ki, Sizin haqqınızda az