216
olurdum, amma o şerinizi nədənsə – kitablarınıza daxil
etmirdiniz. Bu günlərdə isə oğlum, (onun artıq 25 yaşı var)
mənə Sizin şerinizi göndərdi. Mənə xəbər verdi ki, bu şeri
"Oqonek"un 1960-cı il nömrələrinin birində tapıb.
Mənim taleyimdə hər şey Sizin şerinizdəki kimi oldu – yeni
ailə, xoşbəxtlik, qız övladım. Uşaqlarım (qızın 16 yaşı var) da
poeziyanı sevirlər. Yaxşı kitabları almaq çox çətin olduğu üçün
mən artıq on il var ki, xoşladığım şerləri dəftərimə köçürürəm,
mənim övladlarımın da beləcə dəftərləri var. Birimiz yaxşı bir
şer tapanda, o birilər bu şeri öz dəftərlərinə "layiq" biləndə bu
hamımız üçün ən böyük sevinc olur.
Sizin digər şerlərinizdən ən çox xoşuma gələnlər "Dəniz
nəğmələri", "Qayıqlar", "Damlalar" və xüsusilə "Gənclik və
qocalıq" haqqında şerlərinizdir.
Bağışlayın ki, Sizi işinizdən ayırıram, amma Sizə təşəkkür
etmək çox böyuk arzum idi. Bir də sağ olun. Sizə cansağlığı,
uzun illər və yeni şerlər diləyirəm.
Sağ olun. 15.01.81
Mənim 46 yaşım var, mühəndis-radiotexnikəm, oğlum da
mühəndisdir. EHM proqrammistdir, qızım 9-cu sinifdə oxuyur.
Ünvanım: 310092 Xarkov-92, Şekspir küçəsi 12. mənzil 4.
Markov Valentin Semyonoviç".
"Hörmətli Rəsul Rza
Sizə Ukraynanın Senkov 8 illik məktəbinin "Rassvet" ədəbi
studiyasının və "Poisk" gənc kitab həvəskarları klubunun
üzvləri müraciət edirlər.
Əziz Rəsul Rza, SSRİ-nin yaranmasının 60 illiyi şərəfinə
Sizinlə dostcasına məktublaşmağı çox arzu edirik. Bizim
ədəbiyyatçılara və kitab həvəskarlarına dostluq
məsləhətlərinizi verməyi rica edirik. Habelə, Sizin avtoqraflı
kitabınızı almaq, Sizin yaradıcılığınız və xalqınız haqqında
məlumat toplamaq istərdik. Çox xahiş edirik ki, məktubumuza
cavab yazasız. Sizin cavabınız bizimçün xalqlarımızın
217
dostluğunun rəmzi olacaq. Yazın, Sizin dilinizdə "xleb",
"pesnya", "drujba" sözləri necədir. Sizə yaradıcılıq uğurları,
sağlamlıq və səadət arzulayırıq.
Hörmətlə
Poltava əyaləti Qadyan rayonu Senkov 8 illik
məktəbinin "Rassvet" ədəbi studiyasının və
"Poisk" klubunun üzvləri".
Bu məktublar cavabsız qaldı. Poltava məktəbliləri də
bilmədilər ki, Azərbaycan dilində "xleb", "pesnya", "drujba"
sözləri necə səslənir. "Smertğ" sözünün azərbaycanca "ölüm"
olduğunu da bilmədilər.
***
Azərbaycan yazıçılarının III Qurultayı keçirilməliydi. Bu
Qurultay ərəfəsindəki bir çox hadisələr, söhbətlər situasiyalar
da ömrümün qəmli yüz gününə düşür, amma bu ayrıca bir
söhbət mövzusudur.
Qurultay vaxtı iki gün ərzində xəstəxanaya anama baş çəkə
bilməmişdim. Qurultayın səhərisi gün yanına gəldim. İmran
Qasımovun ölümünü anama deməmişdik. İmranın əlacsız
xəstəliyini bilir və tez-tez onu soruşurdu. Bir dəfə – bəlkə də
onu yuxuda görmüşdü – təlaşla xəbər aldı:
–Düzünü deyin, İmrana nə olub?
Deyirdik ki, halı yaxşı deyil, xəstəliyi şiddətlənir, odur ki,
ərizə verib Yazıçılar İttifaqındakı vəzifəsindən çıxıb. Hardansa
anama söhbət gəlib çatmışdı ki, İmranın yerinə təyin olunacaq
namizədlər arasında mənim də adımı çəkirlər.
Qurultaydan sonra anamı zarafatla təbrik elədim, "sədrliyə
qardaşını seçdik", – dedim. (Mirzə İbrahimov anama həmişə
"Nigar bacı" deyərdi, biz də anamla söhbətdə M.İbrahimovun
adı gələndə "sənin qardaşın" deyərdik – A).
Anamın sifətinə çox məmnun və rahat bir təbəssüm qondu.
Əlini uzadıb yastığının altından üç manat çıxardıb mənə uzatdı:
218
–Gedəndə bunu nəzir ver, – dedi, – nəzir eləmişdim ki, o
yerə səni qoymasınlar.
***
İyunun 20-də qəzetlərdə məlumat dərc olundu ki, Nigar
Rəfibəyliyə ədəbiyyat sahəsində böyük xidmətlərinə görə Xalq
şairi adı verilir.
Xəstəxanaya təbrik teleqramları gəlməyə başladı. Anam: –
Niyə bu camaat məni belə istəyir, – dedi, – mən ki həmişə
kölgədə olmuşam.
Mən atamın adından da ona kiçik bir təbrik kağızı yazdım,
gətirib oxudum.
O qədər zəif və halsız idi ki, artıq bu şeylərə də heç bir
reaksiya vermirdi. Atam haqqında daha az-az, hərdən-birdən
soruşurdu. Bir dəfə dayısı qızı Sənubərlə tək qalanda ona
gileylənib: "Görürsən Rəsulu, mən o qədər onun qulluğunda
durdum, – üç aydır xəstəyəm, bir dəfə yanıma gəlmədi..."
Gündüzün və gecənin çox hissəsini yuxuda keçirirdi,
oyananda da heç dinib-danışmırdı. Arabir Füzulinin beytlərini
oxuyurdu: "Mənim tək heç kim zari-pərişan olmasın, yarəb!".
Bir də bir sətri tez-tez təkrar edirdi:
"Fəsli bahar tək gedərəm".
Bilmirəm bu misra kimindir – başqa bir şairinmi, ya
özününmü? Bəlkə mənə məlum olmayan, yaxud da hələ
yazılmamış şerindəndir. Hələ yazılmamış və daha heç bir vaxt
yazılmayacaq şerindən bir sətir, yalnız bircə sətir. Anamın
zəifləmiş, amma əvvəlki məlahətini saxlamış səsiylə,
pıçıltısıyla təkrar etdiyi bu misra daima qulağımdadır:
"Fəsli bahar tək gedərəm".
Gedirdi də, şam kimi gün-gündən əriyirdi, sönüb gedirdi
əlimizdən. Fəsli bahar tək gedirdi.
Ömrünün axırıncı baharıyla bərabər gedirdi.
Yaşıllanır çöllər, oyanır torpaq,
Bəzənir gəlintək hər dərə, hər dağ
Ruhuma bir adət olur çırpınmaq