96
oturduğu yerdə yuxulamışdı. “Hər şey, indiki və gələcək taleyim
bu yuxuda aydın oldu. Mən heç kimi bir də bu məhəbbətlə
sevməyəcəm. Amma mən bu sevgidən də xoşbəxt ola bilməyəcəm.
Mümkün qədər Veradan uzaq durmalıyam… – Sonra gülümsündü,
– əgər özümlə bacarsam…”
Moskvaya həmin gün elə güclü yağış yağırdı ki, “tut ucundan
göyə çıx”. Şəhərin təmiz və soyuq havası sanki içindəki yorğunluğu,
əzginliyi və dağınıq düşüncələrini yox edirdi. Həsən evə tələsirdi,
sabah onu gərgin bir gün gözləyirdi, digər qayğıları da qarşılayıb,
düşüncələrini bir qədər də aydınlaşdırmalı idi.
Günlər sürətlə bir-birini əvəz edirdi. Evdən qayıdandan sonra
gələcək təhsil və quruculuq planlarının axarında itib-batdığından
darıxmağa Həsənin vaxtı da qalmamışdı.
Tələbəliyin son ili, son ayları və günləri yaxınlaşdıqca onlar
həm kövrəlir, həm də qarşıdakı fəaliyyətlər üçün ciddi hazırlıq
işləri ilə məşğul olurlar. Həsən geri döndükdən sonra hansı işlərlə
məşğul olacağını bilirdi. O, dövlət qulluğunda çalışacaqdı. Amma
hansı idarədə, hansı vəzifə tutacaqdı, məsələlər hələlik bəlli deyildi.
O, yaxşı bilirdi ki, gedəcəyi idarə və müəssisədə onun ayaqları
altına xalça sərib xüsusi qayğı ilə qarşılamayacaqlar. Çalışacağı
idarələrdə yol tapıb özünə mövqe qazanmalı, məmurluğun
verdiyi imkanlardan xalqı üçün faydalı işlər görməlidir. Bütün bu
çətinliklərə Həsən əvvəlcədən hazırlaşırdı.
Təhsilini başa vurmağa az qalırdı. Oxuduğu fakültənin ən
çalışqan tələbəsi, ixtisasının mükəmməl bilicisi kimi tanınan Həsən
keçən beş ildə bütün universitet və fakültə müəllimlərinin, tələbə
yoldaşlarının xüsusi rəğbətini qazanmışdı. Onun müdafiə etdiyi
diplom işi universitetin elmi şurasında xüsusi dəyərləndirilmiş, çap
üçün tövsiyə olunmuşdu. Fakültənin dekanı Davıdovun təklifilə
elmi şura həmin il indiyə qədər görünməyən bir qərar qəbul
edərək, “torpaqşünaslıq elmində tətbiq etdiyi yeni hesablamalara
və xüsusi araşdırma əhəmiyyətinə görə” Həsən bəyin diplom
işinə elmlər namizədi alimlik dərəcəsi verilmişdi. Bu hadisəyə
həmin gün hamıdan çox sevinən Vera olmuşdu. Çünki Həsənə
həm də Moskva universitetində – oxuduğu fakültədə müəllim
97
kimi fəaliyyət göstərmək təklif edilmişdi. Lakin Həsənin geriyə
qayıtmaqda qəti israrlı olduğunu Vera bilmirdi.
Dərslərin, imtahanların bitdiyinə baxmayaraq, Həsən
Moskvada keçirdiyi son günlərinin sanki hər birində imtahan
verirmiş kimi məşğul idi. Belə imtahanları o, ömrü boyu, daim
verəcəkdi. O, bir ziyalı borcunun məsuliyyətini xalq və millət
qarşısında həmişə daşıyacaqdı. Bu dəqiqə Həsən düşüncələrinin
ucsuz-bucaqsız sahilində tənha idi…
Bu gecəki yuxusunda Həsən yenə çiynindəki ağır yüklə
suyun üzü ilə irəliləyərək, kənd yoluna çıxmağa çalışırdı. Suyun
üstü ilə uzanan işıqlı yolun o başında şam yanırdı. Qarşıda kimsə
Həsənə əl eyləyirdi. Yanan şam da bu dəfə həmin adamın əlində
idi. Adamın qadın, yaxud kişi olması bilinmirdi. Həsən sahilə
çıxmağa tələssə də, nədənsə bir qədər könülsüz yeriyirdi. Arxada,
suyun üzərində gəmi kimi lövbər salmış təhsil aldığı universitetin
binasını gördü. Qarşısında, küknar ağaclarının arasında bir qız
dayanmışdı. Bu qız Vera idi. Ağladığı bilinirdi. Onun açıq, dalğalı
yaş saçları küknar ağacının budaqlarına qarışaraq yellənirdi.
Yağışdanmı, göz yaşlarındanmı islanan bu saçlardan yenə həmin
tanış qoxu, küknar ətri gəlirdi. Həsən çiynindəki bütün ağır yükləri
suya ataraq, gözü yaşlı sevgilisini qolları arasına alıb qucaqlamaq
istədi. “Gör mən kimdən qaçıram, kimdən imtina edirəm! Vera,
gözəlim, mən həyatımda yalnız bir dəfə sevdim, onda da səni. Heç
yerə tərpənmə, gözlə gəlirəm!”
Həsən qəfil yuxudan ayıldı. Ürəyi az qala yerindən çıxacaqdı.
Ömründə heç vaxt unuda bilməyəcəyi ən əziz bir varlığını burada
qoyub getdiyini anlayırdı. “Gələndə ürəyim bütövüydü, gedəndə
yarısını burada qoyub gedirəm”.
Bir gün sonra universitetdə son tədbir, məzun günü keçirilirdi,
məzunlara diplom təqdim olunacaqdı. Qapının ağzından başlayaraq
içəridəki pilləkənlər, müşavirə zalı çox gözəl bəzədilmişdi. Tədbiri
universitetin rektoru Sergey Mixayloviç Solovyov giriş nitqi
ilə açaraq bütün məzunları təbrik etdi. O, çıxışında tələbələrin
uğurlarından əhatəli danışdı. Fizika-riyaziyyat fakültəsinin tələbəsi
Həsən bəy Məlikovun haqqında geniş məlumat verdi:
98
– Cənab müəllimlər, əziz tələbələr! Bu il universitetimizdə
yeganə bir nəfər tələbəmiz birinci kursdan son kursadək göstərdiyi
ən yüksək nailiyyətlərə, diplom işini elmlər namizədi alimlik
dərəcəsi səviyyəsində, dərin araşdırmalar əsasında müdafiə etdiyinə
görə ona məzun diplomu ilə yanaşı, həm də elmlər namizədi
ali dərəcəsi verilmişdir. Biz ona universitetimizdə, təhsil aldığı
fakültədə müəllim kimi qalmaq təklifi etmişik. Amma o, birmənalı
şəkildə Azərbaycana getməyi qərara alıb. Universitet rəhbərliyi
onun bu qərarını da alqışlayır. Biz inanırıq ki, Həsən bəy Əlahəzrət
İmperatorun yerlərdəki məmurlarının ən savadlı və sadiq əsgəri
kimi, həm də oralarda bizim ideyalarımızın tərənnümçüsü kimi
fəaliyyət göstərəcək.
Yığıncaqda yüksək uğur qazanan tələbələrə, o cümlədən,
Həsən bəyə söz verildi.
– Əziz müəllimlər, əziz dostlar, bu gün çox unudulmaz,
əlamətdar bir gündür. Mənim haqqımda deyilən yüksək fikirlərə
görə cənab Sergey Mixayloviç Solovyova təşəkkürümü bildirirəm.
Universitetdə qalıb işləmək məsələsinə gəldikdə, deməliyəm,
əlbəttə, mən bunu çox istərdim. Bu, mənim inkişafım üçün,
elmimin, təhsilimin artması üçün çox dəyərli bir təklifdir. Amma
xalqım bu saat şirin yuxudadır, səfalət girdabında boğulur, mənim
kimi adam bunu görüb onlardan qıraqda qala bilməz. Bu zəmanədə
elmsiz, təhsilsiz yaşamaq mümkün deyil. Məncə, xalqıma orada
daha çox xeyrim dəyər. Moskva Universitetinin məzunu kimi əldə
etdiyim bütün savad, biliyə görə müəllimlərimə və bu universitetə
borcluyam. Mən burada qalıb işləməsəm də, bütün müəllimlərimi,
tələbə dostlarımı, mənə əməyi, ehtiramı, sevgisi olan hamını
əbədi olaraq ürəyimdə aparıram. Sizlər hər an, həmişə mənimlə
olacaqsınız!
Hamı əl çaldı. Həsən bəyin çıxışından çoxları kövrəlmişdi.
Rəsmi hissədən sonra musiqili bədii gecə keçirildi. Tələbələr
üçün xüsusi buraxılış gecəsi düzənlənmişdi. Məzun gecəsində
bal rəqsləri ifa olunurdu. Qızlar qeyri-adi geyimdə bir az da
gözəlləşmişdilər. Al-əlvan geyinib cilvələnən qızların kimliyini
müəyyən etmək çox çətin idi. Ssenari üzrə oğlanları da müəyyən
Dostları ilə paylaş: |