Sosial İş və Ailədaxili Zorakılıq Mehriban Nəsibova Cinsi zorakılıq



Yüklə 102,16 Kb.
tarix16.11.2017
ölçüsü102,16 Kb.
#10437

Sosial İş və Ailədaxili Zorakılıq

Mehriban Nəsibova

Cinsi zorakılıq

 

Cinsi zorakılıq təhrik etmək, zor və ya hədə qorxu yolu ilə edilən razılaşdırılmamış cinsi əlaqədir. Cinsi zorakılıq gender zorakılığı, ifadə azadlığı, digəri üzərində olan nəzarət və hökmranlıq zəminində törədilən məqsədyönlü hərəkətdir. Bu nəzarətsiz istəyin, cəlb edilmənin və ya şövq etməninin təzahürü deyil. Cinsi zorakılıq cəmiyyətin bütün səviyyələrində və müxtəlif hallarda baş verir. Qadınlar bəzi ölkələrdə polis və hüquq mühafizə orqanlarının və digər təşkilatların qəyyumluğu altında intim partnyorları və tanışları tərəfindən cinsi zorakılığa məruz qalaırlar, silahlı münaqişələr zamanı isə qaçqın kimi bu zorakılığın qurbanlarına çevrilirlər.



Cinsi zorakılığın razılaşdırılmamış cinsi əlaqə olduğuni deyərkən yadda saxlamaq lazımdır ki, bir çox hallarda cinsi əlaqə təkcə zor tətbiq etməklə deyil eyni zamanda məcbur etmə vasitəsilə də əldə edilir. Məcbur etmə qorxutma, aldatma, mənfi davranışlarla hədələmək (lazımi xidmət və ya müavinətlərdən məhrum etmək) və şantaj etmək kimi bir çox hərəkətləri özündə birləşdirir. Kişilərin də cinsi zorakılıqlara məruz qaldığı qəbul edilir, ancaq əsasən qadınlar bu zorakılığın qurbanı olurlar.

Cinsi Zorakılıq Poblemin Tədqiqi

 

Cinsi zorakılıq dövlət orqanlarında təmsil olunan rəsmilərin və ya dövlətin nəzarət etmədiyi və yaxud da edə bilmədiyi qeyri-dövlət insanları tərəfindən törədilən qadınların hüqüqlarının pozulmasıdır. Zorlama və digər cinsi zorakılıq halları ilə bağlı çox vaxt MDB ölkələrində və dünyada yetərincə məlumat verilmir. İstər dövlət orqanının nümayəndəsi tərəfindən və ya ailə üzvü tərəfindən törədilməsindən asılı olmayaraq cinsi zorakılığın qurbanları lazımi müdafiə və köməklik əldə etmək istiqamətində bir çox maneələrlə rastlaşırlar.



Cinsi zorakılıq tanışlar, görüş təyin edən tərəfdaşlar, hazırki və keçmiş həyat yoldaşları olan intim partnyorlar və oğlan dostları kimi qeyri-dövlət insanları tərəfindən törədilə bilər. Dövlət qadınları bu cür zorakılıqlardan müdafiə etmək və cinayətkarların cəzalandırılması üçün lazımi addımlar atmadıqda zorakılıqlar qadınların hüquqlarının pozulmasına səbəb olur. Birləşmiş Millətlər Təşkilatının Qadınlara Qarşı Zorakılıq üzrə Xüsusi Məruzəçisi Radika Kumarasvaminin ailə daxilində baş verən zorakılığı izah etdiyi kimi Qadınlara Qarşı Ayrı-Seçkiliyin Aradan Qaldırılması Komitəsinin qəbul etdiyi 19 saylı Ümumi Tövsiyyədə dövlətlərin təkcə qadınların hüquqlarının pozulmasından çəkinməsini deyil eyni zamanda qadınların müvafiq olaraq qorunmasını və cinayətkarların məsuliyyətə cəlb edilməsini təmin edən qanunların qəbul etməsini nəzərdə tutur. Əgər dövlət bu tövsiyyəni həyata keçirə bilmirsə deməli o, qadınların hüquqlarının pozulmasının qarşısının alınması, araşdırılması və cinayətkarların cəzalandırılması istiqamətində “lazımi səy” göstərməyib. Eyni zamanda dövlətlər bütün vətəndaşların qanunla bərabər müdafiə olunmasını təmin etməlidirlər. Məsələn, dövlət əcnəbiləri cinsi zorakılığa məruz qoyanları cəzalandırırsa lakin hər hansı bir qadını məhz tanışı, dostu, oğlan dostu və ya həyat yoldaşı tərəfindən zorakılığa məruz qalmaqdan qoruya bilmirsə deməli o özünün bütün qadınların qanunla bərabər şəkildə müdafiə olunması öhdəliyini yerinə yetirməyib.

Cinsi zorakılıq eyni zamanda polis və hərbçilər kimi dövlət rəsmiləri tərəfindən də törədilə bilər. Qadınlar xüsusən dövlət tərəfindən nəzarət altında saxlandıqları zaman müxtəlif formalı cinsi zorakılıqlara məruz qalırlar. Dövlət nəzarəti dedikdə burada fərdin sərbəstliyinin dövlət rəsmisi tərəfindən məhdudlaşdırıldığı istənilən hal nəzərdə tutulur. Həbs olunan, müvəqqəti təcridxanalarda saxlanılan və hətta polis tərəfindən saxlanılan və dindirilən qadınlar dövlət nəzarətində ola bilərlər. Bu cür hallarda dövlət rəsmiləri özlərinin qəyyumluq səlahiyyətlərindən istifadə edərək qadınları cinsi əlaqəyə girməyə zorla məcbur edə bilərlər. Qadınlar eyni zamanda xəstəxanalarda və müalicə mərkəzlərində də dövlət “qəyyumları” tərəfindən cinsi zorakılığa məruz qala bilərlər. Bir çox hallarda həbsxanalar və müalicə mərkəzləri dövlət tərəfindən maliyyələşir və ya dövlətə məxsus olur və qadınların bu yerlərdə üzləşdikləri zorakılıqlar fərd tərəfindən dövlət səlahiyyəti altında baş verir.


Qadınlar həm də silahlı münaqişələr zamanı və münaqişədən sonra cinsi hücumlara və zorakılıqlara məruz qalırlar. Münaqişə zamanı zorlama müharibə silahı kimi istifadə edilir. Zorlama və cinsi zorakılıqlar hərbi strategiya kimi istifadə olunmasa da bu hallar adətən hərbi qüvvələr tərəfindən və hətta münaqişə dayandırıldıqlan sonra sülhməramlılar tərəfindən törədilir. Qaçqın və məcburi köçkün düşmüş qadınların cinsi zorakılıq və istismara məruz qalmaq ehtimalı daha çoxdur.

Qadınlar zorakılığa görə onların özlərinin ittiham olunacaqlarından qorxurlar və ya hadisə ilə bağlı şikayət edəcəkləri halda özlərinin və ya ailə üzvlərinin yenidən zorakılıqla üzləşəcəkləri təhlükəsindən ehtiyat edirlər. Açıq Cəmiyyət İnstitutunun Qadınların Proqram Şəbəkəsi ən son nəşrində göstərir:
Regionda baş verən zorlanma halları ilə bağlı bir çox hallarda şikayət edilmir. Zorlanma hadisəsi nifrət doğuran stereotiplərlə əhatə olunub: qadınlar özləri bunu istəyirlər, onlar öz geyimləri və ya davranışları ilə buna təhrik edirlər və ya kişidən intiqam almaq üçün zorlandıqlarını bəyan edirlər; normal kişilər zorlamırlar, və sairə. Bundan əlavə polis məntəqəsində və daha sonra isə məhkəmələrdə olan şikayət proseduru mürəkkəb və alçaldıcıdır. Bir çox hallarda əgər qadın zorlandığını bəyan edirsə ona şübhə ilə baxırlar və çox az hallarda inanırlar; polis və məhkəmə tərəfindən mühafizə olunmaması qadının qisas təhlükəsi ilə üzləşmə ehtimalını artırır - ya cinayətkar tərəfindən və yaxud da ailənin namusunun ləkələndiyini fikirləşən yaxınları tərəfindən.
Qadınların Proqram Şəbəkəsi daha sonra göstərir, qadınların cinsi zorakılıqla bağlı məlumat vermək istəyinin və bacarığının qarşısında duran digər bir maneə “‘ənənəvi’ kişi təsəvvürünün bərpa olunmasının bütün regiona hakim kəsilməsidir. Tez-tez hökümətlər bu təsəvvürün bərpa olunmasını mədəniyyətin üstünə atırlar”. Misal olaraq hesabatda Polşa hökümətinin 1997-ci ildə qurbanlara tibbi və psixoloji yardım, sığınacaq, hüquqi və maliyyə yardımı göstərilməsini nəzərdə tutan kriz mərkəzlərinin yaradılması üzrə proqramı ləğv etməsi göstərilir. “Hökümət açıq aşkar bildirdi ki, ‘ailələrindən kənarda qadınlara və uşaqlara kömək göstərilməsi onların ailələrinin dağılmasına şərait yaradır.’”

Şikayətlərin az olmasına baxmayaraq əlimizdə olan statistik məlumatlar cinsi zorakılığın bütün cəmiyyətlərdə geniş yayılmış problem olduğunu göstərir. Şarlotta Bunç UNICEF-in 1997-ci il nəşrinə daxil edilmiş Millətlərin Tərəqqisi adlı məqaləsində bildirir ki, “sənayeləşmiş və inkişaf edən ölkələrdəki zorlama halları ilə bağlı statistik göstəricilər eyniyyət təşkil edie: beş nəfər qadından biri və ya yeddi nəfər qadından biri həyatları boyu zorlanmanın qurbanlarına çevrilirlər.” (Ş. Bunç)


Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçi Radika Kumarasvami 1997-ci ildə təqdim etdiyi qadınlara qarşı zorakılıq adlı hesabatında aşağıdakı statistik məlumatları daxil edib:


• Kanadada aparılmış tədqiqat göstərir ki, qadınların 23.3 %-i zorlanıb və ya zorlanma təhlükəsi ilə üzləşib.
• Seulda yaşayan qadınların 22%-i zorlanmanın qurbanlarına çevriliblər və ya zorlanma təhlükəsi ilə üzləşiblər.
• İndoneziyanın paytaxtı Cakarta şəhərində polis 1992-ci ildə qadınlara qarşı 2,300 zorakılıq halı qeydə alıb, 1993-cü ildə 3,200 və 1994-cü ilin birinci yarısında isə 3,000 belə halı müəyyən edib. • 1993-cü ildə Rusiya Federasiyasında qadınlara qarşı törədilən 331,815 cinayət hadisəsinin 14,000-ni zorlama təşkil edir.
• Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında aparılmış tədqiqat nəticəsində qadınların 19.4%-nin cinsi zorakılığın qurbanı olduğu müəyyən edilib.
• Birləşmiş Ştatlarda zorlanma qurbanlarnın 20-25%-ni gənclər təşkil edir.
• Birləşmiş Ştatlardakı universitetdə aparılmış sorğu zamanı altı qadın tələbədən biri son bir il ərzində zorlandığını və ya zorlanma təhlükəsi ilə üzləşdiyini bildirib. Kişilərdən isə on beş nəfərdən biri zorladığını və ya zorlamaya cəhd etdiyini deyib.

Mənbə Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçinin 1997-ci il Hesabatından, Birləşmiş Millətlər Sistemi Daxilində İnsan Hüquqları və Əsas Hüquqların Səmərəli Qorunmasının Alternativ Yanaşmaları, Yolları və Vasitələri (E/CN.4/1997/47), 12 Fevral, 1997.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən:
• Bəzi ölkələrdə dörd qadından biri intim partnyoru tərəfindən cinsi zorakılığa məruz qalır və gənc qızların təxminən üçdə-biri ilk cinsi əlaqəyə zorla məcbur edildiyini bildirir.
Albaniyada, Tirana şəhərində 1996-cı ilin məlumatına əsasən son beş ildə cinsi zorakılığa məruz qalması ilə bağlı şikayət etmiş qadınların sayı 6% təşkil edir.
• 1996-cı ilin məlumatına əsasən Macarıstanın paytaxtı Budapeşt şəhərində son beş ildə cinsi zorakılığa məruz qalması ilə bağlı şikayət etmiş qadınların sayı 2 % təşkil edir.
• 1997-ci ilin məlumatına əsasən Litvanın Diaulay, Kaunas, Klaypeda, Panevezis və Vilnus şəhərlərində son beş ildə cinsi zorakılığa məruz qalması ilə bağlı şikayət etmiş qadınların sayı 4.8% təşkil edir.
• 1996-cı ilin məlumatına əsasən Monqolustanın Ulanbator və Zumond şəhərlərində son beş ildə cinsi zorakılığa məruz qalması ilə bağlı şikayət etmiş qadınların sayı 3.1% təşkil edir.
• Çexiyada qadınlar arasında aparılmış sorğu zamanı 11.6% qadın həyatları zamanı zorla cinsi əlaqəyə girməyə məcbur edildiklərini və 3.4% isə bu hal ilə bir neçə dəfə üzləşdiklərini bildirib.
Ümumdünya Səhiyyə Təşkilatnın digər bir hesabatında göstərilir ki, hesablamalara əsasən MŞA/MDB ölkələrindəki qadınların iyirmi - əlli faizi ailədaxili zorakılıq, cinsi zorakılıq, insan alveri və cinsi təzyiq kimi gender zəminində baş verən zorakılıqlara məruz qalıb.
Araşdırmalar son münaqişələr zamanı cinsi zorakılıqlara məruz qalmış qadınların sayının müxtəlif olduğunu göstərir: “Balkan müharibəsi zamanı 20,000-dən artıq müsəlman qadın Bosniya və Hersoqovinada zorlanıb və bir il ərzində isə Rvandada zorlanmış qadınların sayı 15,000 təşkil edir.” (Ş. Bunç)

İntim partnyorlar tərəfindən törədilən cinsi zorakılıqlar da geniş yayılıb. Əhali Məruzələri üzrə on beş ölkədə keçirilmiş sorğuda işitrak edən respondentlər cinsi əlaqəyə girmək üçün tez-tez fiziki zorakılıqlarla üzləşdiklərini və ya/alçaldıcı və təhqiredici formada cinsi əlaqədə olduqlarını bildiriblər. Digərləri isə imtina edəcəkləri halda fiziki zorakılıqla üzləşəcəklərindən, iqtisadi dəstəyin itiriləcəyindən və ya xəyanətdə ittiham ediləcəklərindən qorxaraq cinsi əlaqəyə girdiklərini deyiblər. Məsələn Yeni Qvineyanın Papua şəhərində sorğuya cəlb edilmiş 95 qadından yarısı həyat yoldaşları tərəfindən zorla cinsi əlaqəyə girməyə məcbur edildiyini bildirib. Zorla məcbur edilənlərin üçdə-biri cinsi əlaqə zamanı döyüldüklərini və beşdə-biri isə buna sərxoş həyat yoldaşları tərəfindən məcbur edildiyini deyib. Hindistanda, Utar Pradeşdə sorğuya cəlb edilmiş 98 respondentin -üçdə-ikisi cinsi əlaqəyə həyat yoldaşı tərəfindən, - təxminən üçdə-biri isə döyülərək məcbur edildiyini deyib.


Bəzi yerlərdə cinsi zorakılıqla bağlı edilən şikayətlərin sayı artmaqdadır, çox güman ki, bu qadınlara qarşı zorakılıqla bağlı problemlərin təbliğatının artması ilə bağlıdır. Məsələn, 1993-cü ildə Polşada 1,313 zorlama hadisəsi ilə bağlı polisə şikayət edilib ki, bu da 1981-ci illə müqayisədə 40 faiz çoxdur.


Nəhayət araşdırmalar göstərir ki, qadınların əksəriyyəti onlara hücum edənləri tanıyırlar. Mərkəzi İsveçrədə yerləşən UNIFEM, Avropa Kilsələrinin Konfransı məlumatına əsasən “7 ölkədən əldə edilmiş statistik məlumatlara və informasiyalara əsasən cinsi zorakılığa məruz qalmış qurbanların 60%-dən çoxu onlara hücum edənləri tanıyır.” Amerika Birləşmiş Ştatlarında aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, cinsi zorakılığa məruz qalmış qurbanların səksən-dörd faizi onlara hücum edənləri tanıyır və bu cür halların əlli-yeddi faizi görüşlər zamanı baş verir. Zorakılıq edənlərin yalnız 17 faizi yad insanlardır, cinayəti törədənlərin 83 faizini isə tanışlar təşkil edir (ailə dostları, görüş təyin edənlər, oğlan dostları, qohumlar, səlahiyyətli şəxslər). Mənbə, Robin Uarşou, Mən Buna Heç Vaxt Zorlama Deməmişdim: Görüş və Tanışlıq Zorlamalarının Tanınması, Mübarizə Aparılması və Qurtulması üzrə Xanım Hesabatı, 1988, 11: Zorlama 101.com.


Bir çox qadınlar intim partnyorları tərəfindən zorlanır. Birləşmiş Ştatlarda sorğuya cəlb edilmiş qadınların təxminən 25 faizi hal-hazırda və ya keçmişdə birgə yaşadıqları partnyorları tərəfindən və ya həyatlarının müəyyən dövrlərində görüş zamanı zorlandıqlarını və ya/fiziki hücumlara məruz qaldıqlarını bildiriblər. Bu hesablamalara əsasən il ərzində Birləşmiş Ştatlarda təxminən 1.5 milyon qadın intim partnyoru tərəfindən zorlanır və ya /fiziki hücumlara məruz qalır.



Cinsi Zorakılığın Nəticələri

 

Cinsi zorakılıq fiziki, psixoloji və reproduktiv sağlamlığa ciddi təsir göstərə bilər. Cinsi zorakılıq qurbanın zorakılıqdan sonra uzun müddət əziyyət çəkəcəyi ağır fiziki zədələrə və psixoloji pozğunluqlara səbəb ola bilər. Cinsi zorakılıq ölümcül ola bilər; qurbanların özlərinə sui-qəsd etmək riski böyükdür və yaxud da onlar ailənin “şərəfini” qorumaq üçün öz ailə üzvləri tərəfindən öldürülə bilərlər. Cinsi zorakılığın cəmiyyətdəki təsiri də amansız ola bilər. Qadınlar “cəmiyyət ölümü” ilə üzləşə bilərlər - zorakılıqdan sonra onlar cəmiyyətdən sürgün oluna və ya yaşadıqları icma daxilində təcrid oluna bilərlər.



 

Cinsi zorakılıq qadınların səhhətində uzun müddət davam edən fəsadlarla nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir “erkən yaşlarda məcburi cinsi əlaqə qadının seksual həyatının öz nəzarətində olmasını hiss etmək qabiliyyətini azaldır. Nəticədə zorla cinsi əlaqəyə girməyə məcbur edilmiş bir qızın yetkinlik yaşına çatdıqda qoruyucu və ya hamiləliyin qarşısını alan vasitələrdən istifadə etməsi ehtimalı daha azdır və bu da onun hamilə qalmaq riksini artırır”.

Cinsi zorakılığın qlobal fəsadları da böyükdür. Cinsi zorakılıq qadınların cəmiyyətdə bütöv şəkildə iştirak etməsini təhlükə altına atır və cəmiyyətləri sağlamlığın qayğısına qalmaq kimi ağır yüklə üz-üzə qoyur.

Cinsi Zorakılığın Sağlamlığa Vurduğu Fəsadlar

Cinsi zorakılıq sağlamığa ağır təsir göstərə bilər. Cinsi zorakılığı müşayət edən fiziki hücumların nəticəsində yaranan zədələrdən əlavə zorla cinsi əlaqəyə girməyə məcbur edilmə qanaxma, yoluxma, xroniki çanaq ağrısı, çanaq iltihabı xəstəliyi və sidik yolunun infeksiyası kimi cinsiyyət orqanlarının zədələnməsi və ginekoloji fəsadlarla nitəcələnə bilər. Cinsi zorakılıq eyni zamanda qadını arzuolunmaz hamiləlik və HİV/ QİÇS kimi cinsi yolla keçən infeksiyalarla yoluxma riski ilə üz-üzə qoyur; arzuolunmaz hamiləliklər təhlükəli abortlara və ya hamiləliyin dayandırılması zamanı zədələrin yaranmasına səbəb ola bilər.

Cinsi zorakılığın qurbanları şok, həyəcan, depressiya, travmadan sonrakı stress, və ya zorlama travması sindromu və digər əqli sağlamlıq problemləri ilə bağlı olan müxtəlif psixoloji və emosional pozğunluqlara düçar ola bilərlər. Qurbanlar eyni zamanda yuxusuzluq, özünə hörmətin itməsi, cinsi disfunksiya, davranış və qida pozğunluqlarından əziyyət çəkə bilərlər. Psixoloji və emosional travma özünü mədə, baş və bel ağrıları kimi fiziki təsirlərlə göstərə bilər. Cinsi zorakılığın qurbanlarının sui-qəsdə cəhd və ya sui-qəsd etmək ehtimalı böyükdür.

 

Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalara əsasən əvvəllər cinsi zorakılığa məruz qalmış qadınların 33%-də və fiziki zorakılıqlara məruz qalmış qadınların 15%-də ruhi pozuntuların əlamətləri müəyyən edilib. Zorakılığa məruz qalmamış qadınların yalnız 6%-də ruhi xəstəliyin əlamətləri aşkar edilib.



Araşdırmalar göstərir ki, cinsi zorakılığın qurbanlarına çevrilmiş qadınların yüksək faizi travmadan sonrakı stress pozğunluğundan (TSSP) və ya “zorlama travma sindromundan” əziyyət çəkir. Fransa, Yeni Zenlandiya və Amerika Birləşmiş Ştatlarında aparılan tədqiqatların nəticələrinə əsasən “qadının zorlandınlan sonra TSSP -dən əziyyət çəkməsi ehtimalı 50% və 95% arasında dəyişir”.

Zorlama travması sindromu “cinsi zorakılıq zamanı qurbanın kəskin stressə olan çoxsaylı emosional reaksiyasıdır”. Bu reaksiyalara umidsizlik, nəzarətin itirilməsi, qəzəb və günahkarlıq eləcə də “nevroz, depressiya, cinsi çətinliklər, əvvəlki sosial və cinsi əlaqələri bərpa etmək iqtidarında olmamaq, işə qayıtmağa müvəffəq olmamaq, özünə qapılmaq, sui-qəsd fikrinə düşmək” kimi hisslər daxildir.

Bundan əlavə, cinsi zorakılığın qurbanlarına çevrilmiş qadınlar öz intim partnyorları və dostları ilə münasibətlərində də çətinliklərlə qarşılaşa bilərlər. Qadınlar başqalarına etibar etməkdə könülsüz ola bilərlər və sosial hadisələrdən geri çəkilə bilərlər. Cinsi zorakılığın qurbanları eyni zamanda cinsi pozğunluqdan əziyyət çəkə bilərlər; “onlar cinsi əlaqəyə girməkdən qorxa və bu əlaqədən yayına bilərlər; onların cinsi əlaqəyə girmək marağı və istəyi azala bilər”. (S. Orsillo)

Tez-tez qurbanlar zorakılığa görə özlərini günahlandırırlar. Özünü günahlandırma isə öz növbəsində qurbanlar üçün gələcəkdə ciddi və ağır psixoloji fəsadlarla nəticələnə bilər. Özünü günahlandırma qorxu, depressiya və narahatlıq kimi hisslərlə bağlıdır. Bir mütəxəssisin izah etdiyi kimi:

Zorlanıldığına görə nə qədər çox qadın özünü günahlandırırsa zorlamadan sonra sui-qəsd halları bir o qədər çox olur ki, bu da onların ruhi əsəb xəstəxanalarına düşmək ehtimalını artırır və özünə-hörmət hisslərini azaldır. Ümumilikdə, zorlama qurbanlarının təxminən üçdə biri travmadan sonrakı stress pozğunluğundan əziyyət çəkir və zorlama qurbanlarının on üç faizi özünə sui-qəsdə cəhd edir.
Tədqiqatlar göstərir ki, evlilik və görüş zəminində baş verən zorlamaların qurbanları qeyri-qurbanlardan on bir dəfə çox kliniki depressiyaya düşürlər və altı dəfə çox sosial nevroz keçirirlər. Qurbanlar eyni zamanda çıxış yolu kimi spirtli içkilərə alüdə olurlar. Aparılmış bir tədqiqatın nəticəsində müəyyən olunmuşdur ki, cinsi zorakılıq amili içkiyə alüdə olmaq halını 2.5 faiz artırır.

Qaçqın düşərgələrində olan qadınların cinsi zorakılığa məruz qalması və zorakılıq hədə-qorxusu təkcə onların fiziki və hissi sağlamlığına deyi, eyni zamanda onların özlərinin və uşaqlarının qida sağlamlığına da təsir göstərə bilər. Düşərgədəki şərait qadınların odun toplamaq və ya su gətirmək üçün getdikləri zaman təhlükəsizliyini təmin etmirsə, bu halda qadınlar bü cür fəaliyyətlərini məhdudlaşdırırlar və bu da onların və uşaqlarının qidalanmasına maneə yaradır.



Cinsi Zorakılığa Qurbanın Reaksiyası

Cinsi zorakılığın qurbanlarına çevrilmiş qadınların zorkılığa qarşı cavab reaksiyaları və zorakılığın təsirlərindən yaxa qurtarmaq üçün seçdikləri yollar müxtəlif ola bilər. Bəziləri dərhal cavab reaksiyası göstərə bilər, digərlərində isə bu hisslər bir qədər ləng baş verə bilər. “Şablon” cavab reaksiyası olmadığına görə qurbanların zorakılıqdan sonra keçirdikləri ümumi reaksiyaların və hisslərin bəzilərini təsvir etmək olar.


İlkin olaraq qurbanlar şok, çaşqınlıq, ümidsizlik, qəzəb, rüsvayçılıq, qorxu və duyğusuzluq hissi keçirirlər. Onlar hücuma məruz qaldıqları şəxsin xüsusən tanışları və ya həyat yoldaşları olduğu halda başlarına gətiriləni danır və ya əhəmiyyət verməməyə çalışırlar. Bəziləri yardım üçün müraciət etsə də əksəriyyəti geri çəkilir.

 

Geniş yayılmış mifin əksinə olaraq zorakılıq qurbanlarının heç də hamısı əsəbi deyil. “Əsəbi” qurban mifik təsəvvürünü belə bir mülahizə ilə bağlayırlar ki, əgər qurban zorakılıqlan sonra emosional və əsəbi deyilsə onda yəqin ki, onu doğrudan “zorlamayıblar”. Beləliklə, Britaniyada aparılan cinsi zorakılıq istintaqı və araşdırması üzrə hesabatda qeyd olunur ki, məhkəmə ədalət sistemi daxilində zorakılıqdan sonra qadının davranışı önəmlidir. Hesabata əsasən “zorlamadan sonra qurbanın aldığı zədə onun əsəbi və kədərli olmasında özünü göstərməsi daha çox gözləniləndir” və nəticə etibarilə “iddia edilən zorlama halından sonra şikayət edənin duyğusuz olması önəmlidir, bir halda ki, bu belə olmamalıdır…. bir çox qurbanlar öz cavab reaksiyalarına nəzarət edə bililər və maska altında öz hisslərini gizlətməklə sakit və soyuqqanlı görünürlər”.


Başqa sözlə desək bəzi qurbanlar emosional olsalar da başqaları öz hisslərini cilovlaya bilirlər. “Emosional” qurbanlar hadisəni təsvir edərkən ağlayıb və hıçqırsalar da “soyuqqanlı” qurbanlar maskalanır və ya öz hisslərini gizlətməklə sakit və məyus görünürlər.

Rebeka Kəmpbelin bildirdiyi kimi, müəyyən vaxt keçdikdən sonra qurbanlar “soyuqqanlılıq və ya yayınmaların dəyişən nəticələrini” hiss etməyə başlayırlar. Soyuqqanlılığa keçmiş xatirələr və kabuslar, yayınmalara isə “qurbanların emosional sarsıntıya düşməmək üçün travmatik hadisənin xatırlatmalarından özlərini təcrid etməsi” aid edilir. Yayınma vasitələrinə susma, inkar etmə, əhəmiyyət verməmək, geri çəkilmək və ya spirtli içkilərdən istifadə kimi yüksək riksli vərdişlərə alüdə olmaq kimi hallar aiddir. Baxmayaraq ki, bu cür “yayınma” rekasiyaları qurbanın zorakılıqla bağlı olan emosional problemlər üzərində işləməsi kimi şərh oluna bilər, əslində bu problemlər həll olunmur və özünü əsassız qorxu, narahatçılıq və ya pərişanlıq kimi formalarda büruzə verir. Bu halda güclü emosional soyuqqanlılıq vaxtaşırı təkrarlana bilər və qurbanlar xatırlamalar və kabuslar, depressiya və pərişanlıqdan yenidən əziyyət çəkə bilərlər.

Cinsi Zorakılığın İcma Üzərində Təsiri

 

Tədqiqatlar göstərir ki, cinsi zorakılıq qadınların cəmiyyətdəki iştirakına uzun muddətli ağır fəsadlar törədir. Dublində cinsi zorakılığın qurbanlarının təcrübəsi əsasında aparılan araşıdarmalar göstərdiyi kimi “ümumilikdə cinayət qorxusu və xüsusilə cinsi zorkılıq qorxusu qadınların həyat tərzinə və keyfiyyətinə birbaşa təsir göstərir”. Dublində aparılmış tədqiqat üzrə hesabata əsasən cinsi zorakılığın qurbanları təkcə “ümumilikdə cinayətdən qorxmurlar, onlar eyni zamanda kişi respondentlərdən fərqli olaraq öz fəaliyyətlərini daha çox məhdudlaşdırırlar”.



 

Cinsi zorakılığın qurbanları uzun və ya qısa müddətli fiziki, emosional, psixoloji və reproduktiv sağlamlıq problemləri yaşayırlar. Cinsi zorakılıq qurbanlarının tibbi müalicə xərcləri yüksəkdir; təkcə Qərbi Avropada cinsi və ailədaxili zorakılıq “ümumi sağlamlıq qayğılarnın 16%-ni təşkil edir”. Yenə də Dublində aparılmış digər bir tədqiqata əsasən qurbanların tibbi xərclərə, gəlirlərin itirilməsinə və qurbanlara yardımların göstərilməsinə il ərzində 105 milyard ABŞ dolları vəsait sərf edilir. Bura çəkilən əzabların dəyəri, uzun müddətli emosional zədə, həyat keyfiyyətinin aşağı düşməsi və qurbanların ölüm riskini də əlavə etsək onda Amerika Birləşmiş Ştatlarında törədilən şəxsi cinayətlərin dəyəri il ərzində 450 milyard ABŞ dollarına bərabər olar.

 

Ümumiyyətlə isə zorlama il ərzində qurbanların çəkdikləri xərclərə görə 127 milyard ABŞ dolları olmaqla birinci yerdədir, sonra 93 milyard ABŞ dolları ilə zorakılıq, daha sonra 61 milyard ABŞ dolları ilə qətl (qəsdən özünü yandırma və içkili vəziyyətdə maşın sürmək istisna olmaqla) və 56 milyard ABŞ dolları ilə uşaq istismarı gəlir”.



 

Dünya Bankı tərəfindən 1993-cü ildə aparılmış tədqiqatın nəticəsi göstərir ki, zorlama və ailə daxili zorakılıq “15-44 yaş arasında olan qadınların həyatlarının təxminən beşdə bir hissəsinin itirilməsinə səbəb olur”. Dünya Bankının araşdırmasına əsasən zorlama və ailə daxili zorakılığın nəticəsi olaraq yaranmış sağlamlıq problemləri inkişaf etməkdə olan və sənayeləşmiş ölkələrdə bərabərdir, lakin bu zorakılıq ümumi sağlamlıq qayğılarının kiçik bir faizini təşkil edir, çünki bu qayğılar inkişaf etməkdə olan ölkələrdə daha böyükdür. “Qlobal səviyyədə 15-44 yaş arasında olan qadınların gender zəminində baş verən zorakılıqlar səbəbindən yaranan sağlamlıq qayğılarını artıq dünyanın diqqət mərkəzində olan immun çatmamazlığı virusu, vərəm, uşaq doğumu zamanı sepsis, xərçəng və ürək-damar xəstəlikləri kimi digər risk amilləri ilə müqayisə etmək olar”.

 

Amerika Birləşmiş Ştatlarında yerləşən Xəsarətlərin Qarşısının Alınması və Nəzarət Üzrə Milli Mərkəzin yaydığı son hesabata əsasən evlilik zamanı baş verən zorlama hallarının qurbanlarının hər biri tibbi müalicəyə orta hesabla 2,084 ABŞ dolları sərf edir. Bu tibbi xərclərin təxminən yarısı sığorta tərəfindən qarşılanır və qurbanlar bu xərclərin dörddə-birindən çoxunu ödəyirlər.



 

Evlilik zəminində baş verən zorlama hallarının qurbanlarının hər biri əqli sağlamıq üzrə müalicəyə orta hesabla 978 ABŞ dolları xərcləyir. Evlilik zəminində baş verən zorlama qurbanlarının orta gündəlik gəlir itgisi 69 ABŞ dolları təşkil edir; ev işləri baxımından itirilən orta gündəlik dəyər 19.1 ABŞ dollarına bərabərdir. “Zorlama qurbanları hər il 1.1 milyon gün itirirlər ki, bu da 3, 872 şəxsi ilə bərabərdir”.



Cinsi Zorakılıq, HİV/QİÇS və digər CYİ

 

Cinsi zorakılıq HİV/QİSÇ və digər cinsi yoluxucu infeksiyaların müxtəlif yollarala yayılmasına şərait yaradır. Cinsi zorakılıq zamanı təhlükəsiz cinsi əlaqədə olmaq imkanından məhrum olmaq, cinsi zorakılığı müşayət edən fiziki xəsarətlərin yetirilməsi və cəmiyyətdən qovulmaq qorxusu qadınların HİV/QİÇS və digər CYİ-lara yoluxmasını artırmaqla onların cinsi sağlamlıqlarını müdafiə etmək qabiliyyətini təhlükə altına alır. Problemin kökündə dayanan gender qeyri-bərabərliyi zəminində yaranan problemlər virusun birbaşa və dolayı yolla yayılmasına şərait yaradır. “Cəmiyyətlərin kişi və qadınların üzərlərinə qoyduğu fərqli təyinatlar və rollar onların özlərini HİV/QİÇS-dən qorumaq və onun təsirləri ilə mübarizə aparmaq imkanlarına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu səbəbdən də HİV yayılmasının qarşısını almaq üçün qadınların hüquqlarının təmin olunması və həyatın bütün sahələrində səlahiyyət verilməsi tələb olunur”.



 

Məcburi cinsi əlqə zamanı qadınların təhlükəsiz cinsi əlaqəni razılaşdırmaq və ya hamiləliyin qarşısını alan vasitələrdən istifadə etmək imkanları olmur və belələiklə də yoluxma riski artır. UNAİDS görə qadınlar biologi cəhədən virusa daha həssasdırlar və müdafiəsiz cinsi əlaqə zamanı onların HİV-ə yoluxması ehtimalı kişilərə nisbətən iki-beş dəfə artıqdır. Zorakı cinsi əlaqə zamanı hamiləliyə qarşı vasitələrdən istifadə etmək imkanı olmayan qadınlar sonradan həmin vasitələrdən gizli şəkildə istifadə etməyə cəhd göstərməklə gələcəkdə əgər həyat yoldaşlarının bundan xəbər tutduğu halda öz həyatlarını təhlükəyə atmış olurlar.

 

Cinsi əlaqə zamanı müşayiət olunan fiziki xəsarətlərin yetirilməsi HİV/QİÇS və CYİ yoluxması riskini artırır. “Zorlama zamanı qurban qanaxmadan əziyyət çəkə bilər və cinsiyyət orqanları zədələnə bilər. Bu isə HİV-in qana keçməsinə şərait yaradır”.



Aparılmış son tədqiqatlar müəyyən etmişdir ki, cinsi zorakılıq qurbanının “seksual bağlılıqla artan intim münasibətə olan ehtiyacı onun yaxınlıq və istiliyi təkrar cinsi əlaqələr vasitəsilə axtarmasına gətirib çıxarır”. Cinsi zorakılıq qurbanları təsadüfi cinsi əlaqədə olmaq üçün bir ildə bir neçə cinsi partnyorlarla əlaqədə olurlar və hamiləliyə qarşı vasitələrədən istifadə etmirlər və bütün bunlar da planlaşdırılmamış hamiləlik və cinsi yolla xəstəliyə yoluxma riskini artırır.

Xüsusilə silahlı münaqişələr HİV/QİÇS yayılmasının artımasına münbit şərait yaradır. Dünyanın müxtəlif bölgələrində məcburi hamiləlik və cinsi köləlik məqsədilə zorlama və cinsi zorakılıqlar məqsədyönlü müharibə silahına çevrilib. UNAİDS qeyd edir ki, “Bosniya, Xorvatiya və Rvandada aparılmış tədqiqatlar zamanı müəyyən edilib ki, qadınların zorlanması və digər formada həyata keçirilən cinsi zorakılıqlar müharibə silahı kimi həyata keçirilib. Münaqişə aparan tərəflərin həyata keçirdikləri zorlama halları və bu vəhşilikdən əziyyət çəkmiş qadınların cəlb olunduğu fahişəxana şəbəkələrinin yaradılması ilə bağlı məlumatlar var. Dəqiq məlumatlar məhdud olsa da (xüsusilə keçmiş Yuqoslaviyada) zorlama və nəticə etibarilə sonda cinsi kölələrə çevrilən bir çox qadının HİV virusuna yoluxması ehtimalı böyükdür”.

 

Münaqişə vəziyyətləri yoxsulluğun artmasına səbəb olur və qadınları və qızları sağ qalmaq üçün seks alverinə qoşulmağa məcbur edir. Qadınlar cinsi əlaqəyə girmək müqabilində yemək, pul və ya sığınacaq təklif edən hərbçilər tərəfindən istismar edilirlər. Qaçqın düşərgələrində olan təhlükəli şərait qadın və qızların cinsi zorakılığa məruz qalması riskini artırır. HİV virusuna yoluxmuş əsgərlər isə evə qayıtdıqdan sonra öz partnyorlarını riskə atırlar. Münaqişədən sonra isə qadınlar yenidənqurma proqramlarında, qaçqın düşərgələrində və evlərinə qayıtdıqdan sonra zorakılıq və ayrı-seçkiliyə məruz qala bilərlər. Müharibə zamanı baş verən sosial və iqtisadi çevrilişlər qadınlara mənfi təsir göstərir və onların sağ qalmaq üçün seks alverinə qoşulmasına və ya insan alverinin qurbanlarına çevrilməsinə şərait yaradır ki, bu da virusun yayılmasına gətirib çıxarır.



 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2000-ci ildə 1308 saylı Qətnamə qəbul edərək HİV/ QİÇS və digər CYİ-ların yayılmasının beynəlxalq təhlükəsizliyə potensial təhlükə olduğunu bildirdi və bütün sülh yaratma fəaliyyətlərində HİV-in qarşısının alınması tədbirlərindən istifadə olunmasını tövsiyyə etdi. BMT Baş Assambleyası 2001-ci ildə HİV/ QİÇS üzrə Öhdəlik Bəyənnaməsini yekdilliklə qəbul etdi. Bəyənnamənin 75-78-ci bəndlərində təlimlərin keçirilməsi, humanitar və sülhməramlı fəaliyyətlərdə iştirak edən şəxsi heyətlərin məlumatlılığının artırılaması yolu ilə 2003-cü ilə qədər əldə olunması nəzərdə tutulan istiqamətlər əks olunub.

 

HİV/QİÇS və digər CYİ-lara yoluxduqdan sonra icmadan qovulmaq və zorakılığa məruz qalmaq qorxusu qadınları virusa qarşı mualicə almaq və müayinə olunmaqdan çəkindirir. Cinayət hüququ cinsi zorakılığı idarə edir və polis və istintaqçıların reaksiyalarını müzakirə edən veb səhifələrdə təsvir olunan səbəblər üzündən hər hansı qadın bir çox səbəbələrə görə zorlandığını açıq deməyə həvəs göstərmir. O, yaşadığı icmadan qovulmaqdan və ya polisin ona inanmayacağından qorxur. Qeyri-müvafiq müalicə və qurbanların dəstəklənməsi sisteminin olmaması zorlanma və cinsi zorakılıqdan sonra qadınların müalicə üçün müraciət etməsinə mane olur və yeni yoluxma halları barəsində məlumat əldə etmək çətinləşir.



 

UNİFEM-in bildirdiyi kimi, HİV virusuna yoluxmuş qadınlar yaşadıqları icma daxilində zorakılıqla üzləşməkdən qorxduqlarına görə öz xəstəliklərini açıb deməkdən çəkinirlər. “Epidemiya isə sonradan gender zəminində baş verən zorakılıqlara yol açır, seks ticarətinə cəlb edilən HİV virusuna yoluxmuş və ya yoluxması güman edilən qadınlar müalicə zamanı ayrı-seçkiliyə məruz qalır, ailələri və yaşadıqları icma tərəfindən tərk edilirlər, işdən qovulurlar, döyülürlər və hətta qətlə yetirilirlər”.

Kişilərdən daha çox qadınlar pandemiya yanğısından əziyyət çəkirlər və tələbkar olmadıqlarına görə danlanırlar. Nəticədə, çox vaxt qadınlar müayinə olmaq və özünü qorumaq üçün məlumat əldə etmək imkanından məhrum olurlar ki, bu da virusun ailə üzvlərinə ötürülməsinə səbəb olur. UNAİDS-in İcraçı Direktoru Piter Piotun bildirdiyi kimi qadınlara və qızlara qarşı zorakılıqla mübarizə digər sahələrədə olduğu kimi cinsi zorakılıq və QİÇS ətrafında olan sükutu da aradan qaldırır.

 

Cinsi zorakılıqla bağlı nəinki şikayət olunmur eyni zamanda bu cür hallar kifayət qədər araşdırılmır və tədqiqatlar az aparılır. Bütün qurbanlar zorakılıqla bağlı polisə şikayət edərkən problemlə və müqavimətlə rastlaşırlar; polis və təhqiqatçılar çox vaxt cinsi zorakılıq hallarının təhqiqatını aparmağa və ya təhqiqatı davam etdirməyə müvəffəq olmurlar; hətta istintaq başa çatdıqdan sonra belə təhqiqatçılar cinayət sanksiyalarını axıra qədər davam etdirməməyə qərar verə bilərlər. Bir hesabatda göstərildiyi kimi:



 

Maneələri saymaqla qurtarmaz. Cinsi zorakılıq qurbanları çox az hallarda cinayətlə bağlı polisə şikayət edirlər; şikayət olunduqda isə polis öz qərəzli sosial mövqeyinə və əqidəsinə görə hadisənin “aşkar olunmadığını” bildirir; təhqiqatçılar çox vaxt işdən imtina edirlər çünki bu cür məhkəmə işini udmaq çox çətindir; bir çox hallarda qurbanlar hökmün çıxarılmasını tələb etmirlər çünki iş məhkəməyə ötürüldükdə burada qurbanın çarpaz sorğu-suala tutulması və günahlandırılması amansız ola bilər.

 

Bir çox ölkələrdə qurbanlar təkrar sorğu-suallara tutulurlar. Məsələn, “çoxsaylı dinləmələrin qurbana psixoloji zərər vurduğu hamı tərəfindən qəbul olunsa da, Polşada qurbanları bir neçə dəfə sorğu-suala tuturlar: polis orqanlarının nümayəndələri qurbanların adətən iki-dörd dəfə dinləmələrə cəlb olunduğunu bildirirlər”. Qadınlar nadir hallarda qadın zabitlər tərəfindən sorğu-sual edilirlər və bir tərəfli güzgü ilə mühafizə olunmadan təqsirkarın şəxsiyyətini müəyyən etməyə məcbur edilirlər. Bundan əlavə “dindirilmələr çox vaxt qurbanlar üçün alçaldıcı olur, çünki hazırlıq görülmür, proses təcrid olunmuş otaqlarda aparılmır və sorğu-sualların digər polis nəfərlərinin iştirakı ilə aparılması geniş yayılıb”. Polis zabitləri eyni zamanda ‘tam zorlamanı’ (təqsirkar tanış deyil, qurban açıq-saçıq geyinməyib, spirtli içkidən istifadə olunmayıb və s.) “digər zorlamalardan fərqləndirirlər”.



Birləşmiş Ştatlarda polisin cinsi zorakılığa olan münasibəti ilə bağlı hesabatlar da oxşar qiymətləndirmələrə əsaslanır. Bir çox ədalət mühakiməsi sistemlərində hüquq mühafizə orqanı əməkdaşlarının cinayət hadisəsi ilə bağlı şikayətin “aşkar olunmadığını” bəyan etməsi qeyd olunmaqla bir hesabatda deyilir:

Səthi araşdırma apardıqdan sonra hadisənin müəyyən olunmadığı bəyan edilə bilər. Bu halda polis qanundan kənar halların və qərəzli mövqeyin təsirinə düşür və qurbanın etibarlılığını zorlama mifi ilə bağlı olan təsəvvürlər daxilində nəzərdən keçirir. Zorlama mifində olan təsəvvürlər isə bir çox şikayətlərin müəyyən olunmamasına gətirib çıxarır. Hətta əgər qurbanın bədənində əziklər varsa, gözlərinin altı göyəribsə, bədənində siqaret yanıqları varsa və döşləri dişlənibsə belə polis tərəflərin əvvəllər cinsi əlaqədə olmasına istinad etməklə bu cür halların müəyyən olunmadığını bildirir.

“Human Rights Watch” təşkilatının apardığı araşdırmalar müəyyən etmişdir ki, Rusiyada, polis cinsi cəhətdən fəal həyat tərzi sürən qadınların və ya zorakılıqla bağlı şikayətlərin gecikdirildiyi hallarda həmin müraciətləri qeydə almır. “Human Rights Watch” təşkilatına görə qurbanlar yalnız böyük səy və inadkarlıq göstərdikdən sonra cinsi zorakılıqla bağlı şikayətlərin polis tərəfindən qəbul olunmasına və qeydə alınmasına nail olurlar. Daha sonra isə polis qurbanla kobud rəftar edir və onu kəskin sorğu-suala tutur.

 

İstintaq prosesinin özü də bezikdirici olur. Təhqiqatçılar “şikayətçinin psixoloji təsvirini yaratmaq və ya ona qarşı olan hücuma nə dərəcədə müqavimət göstərdiyini müəyyən etmək üçün” qurbanın ailə üzvlərini, dostlarını və həmkarlarını sorğu sual edirlər.



Eyni qayda ilə Ukraynada da qurbanın psixoloji təsvirini müəyyən etmək və beləliklə də onun hücum edənə qarşı müqavimət göstərmək iqtidarında olub-olmadığını təyin etmək üçün “qurbanın ailə üzvləri, qonşuları və ya həmkarları sorğu-sual olunur”.

 

Hətta əgər şikayət qəbul olunursa belə təhqiqatçılar sonradan istintaqın davam etdirilməməsinə qərar verə bilərlər. Məsələn, Moskva şəhərində bir təhqiqatçının bildirdiyi kimi, “zorlama hadisəsinin istintaqında əsas problemlərdən biri odur ki, qurbanlar hücum zamanı özlərini uyğun aparmırlar və qadınlar polisin apardığı sorğu-sual zamanı kifayət qədər kədərli və narahat görünmürlər”. Digər bir istintaqçının sözlərinə görə isə “o, zorakılığın həqiqətən də baş verməsi ilə bağlı kifayət qədər sübut olmadığı halda istintaqa başlamır. İstintaqçının bildirdiyi kimi, sübutların az olduğu hallara adətən, tanışlıq zəminində və ya zorakılığın aşkar əlamətləri olmayan zorlama hallarında rast gəlinir”. Əslində, bir istintaqçının bildirdiyi kimi, əgər qurban öz ifadəsini dəyişirsə “o, şikayət edənin özünə qarşı saxta ifadə verdiyinə görə ittiham irəli sürür”.



İstifadə edilən ədəbiyyat:

Ümumdünya Səhiyyə Təşkilatı, Avropa üzrə Regional Komitə, Avropa Səhiyyə Hesabatı (EUR/RC51/Conf.Doc./4), 31, 19 İyul, 2001. Səkkiz müxtəlif ölkədə aparılmış ilkin tədqiqat zamanı məlum olmuşdur ki, cinsi zorakılıqların 24.7%-i görüş əlaqələri zəminində baş verib.

Radika Kumarasvami Ailədaxili Zorakılığa Qarşı Mübarizə: Dövlətlərin Öhdəlikləri , 6 Günahsızlıq İcmalı 10, 10 (2000).

Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçinin 1997-ci il Hesabatından, Birləşmiş Millətlər Sistemi Daxilində İnsan Hüquqları və Əsas Hüquqların Səmərəli Qorunmasının Alternativ Yanaşmaları, Yolları və Vasitələri (E/CN.4/1997/47), 12 Fevral, 1997.


Açıq Cəmiyyət İnstitutunun Qadınların Proqram Şəbəkəsi, Oxun Əyilməsi: Qadınların Hüquqları və İmkanlarının Nişan Alınması 23 (2002). Qadınların Proqram Şəbəkəsi Açıq Cəmiyyət İnstitutunun MŞA/MDB ölkələrində gender məsələləri ilə məşğul olan təşkilatlara texniki yardım göstərən proqramıdır.

Ümumdünya Səhiyyə Təşkilatı, Zorakılıq və Sağlamlıq Üzrə İlk Beynəlxalq Hesabat149-151 (2002).

Murrey A. Ştraus, Səkkiz Ölkədə Görüş Partnyorları Olan Universitet Tələbələri Tərəfindən Fiziki və Cinsi Zorakılıq (Toledo, İspaniyada 5 Sentyabr, 2002-ci ildə Avropa Kriminologiya Cəmiyyətində təqdim edilib). ÜST-nın təqdim etdiyi başqa bir hesabata əsasən qadınların iyirmi və iyirmi-beş faizi intim partnyorları və ya keçmiş partnyorları tərəfindən zorla cinsi əlaqəyə girmək cəhdləri ilə üzləşib və ya zorla cinsi əlaqəyə məcbur edliblər.

Ümumdünya Səhiyyə Təşkilatı, Qadınlara Qarşı Zorakılıq: ÜST Faktları No. 239 (İyun, 2001).

Fakt Vərəqi: Gender və HIV/QİÇS , BMT-nin HİV/QİÇS üzrə Növbədənkənar Sessiyası (25-27 İyun 2001).

İvana Basik, Katerin Mounsel və Syuzan Qoqan, Hüquqi Prosess və Zorlama Qurbanları 28-30 (Sentyabr 1998).

Şaron Hanter, Geyl Börns-Smis və Karol Uolş, Bərabər Ədalət? Cinsi Zorakılığın Qurbanları Üçün Hələ Yox (2000)

“Human Rights Watch” təşkilatı, Çox Az Çox Gec: Qadınlara Olan Zorakılığa Qarşı Dövlətin Reaksiyası, Cild 9, № 13 (D) (Dekabr 1997).

İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyası, Qadınlar 2000: Mərkəzi və Cənub-Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyində Qadınların Statusunun Araşdırılması 32, 59, 77, 262, 336, 487 (9 Noyabr 2000).

Beynəlxalq Əmək Təşkilatı, Cənub-Şərqi Asiya və Sakit Okean Üzrə Sub-Regional Ofis, Gender Üzrə Onlayn Təlim Modulu, Bölmə 2: Dünya İşində Gender Problemi, Gender Zorakılığının Sağlamlıq Fəsadları.

Başlıq 4, Ümumsünya Səhiyyə Təşkilatının Hesabatı 2002: Riskin Azaldılması, Sağlam Həyatın Dəstəklənməsi, Ümumdünya Səhiyyə Təşkilatı 34 (2002).

Qadınlara Qarşı Zorakılığın Dayandırılması Əhali Hesabatları, cild 7, №4 (Dekabr 1999).

UNAIDS, Qadınlar və QİÇS (Oktyabr 1997); Ümumdünya Səhiyyə Təşkilatı, Zorakılıq və Sağlamlıq Üzrə İlk Dünya Hesabatı (2002).

Elizabet Rehn və Ellen Conson Sirlif, Qadınlar, Müharibə və Sülh: Silahlı Münaqişələrin Qadınlar və Onların Sülhyaratma Prosesindəki Roluna Olan Təsirinin Müstəqil Mütəxəssislər Tərəfindən Qiymətləndirilməsi 49-50, 52 (2002).

Elizabet Rehn və Ellen Conson Sirlef, Qadınlar, Müharibə və Sülh: Silahlı Münaqişələrin Qadınlar və Onların Sülhyaratma Prosesindəki Roluna Olan Təsirinin Müstəqil Mütəxəssislər Tərəfindən Qiymətləndirilməsi 55 (2002).

UNİFEM, Hadisələrin Dəyişməsi: CEDAW və HIV/QİÇS Pandemiyasının Gender Ölçüləri (2001).

Piter Piot, UNAİDS İcraçı Direktor, Qadınların Statusu Üzrə Komissiya, Qadınlar və Səhiyyə Üzrə Qırx-Üçüncü Sessiya: HIV/QİÇS və Qadınlara Qarşı Zorakılıq (3 Mart 1999).

Şaron Hunter, Qeyl Börns və Karol Uolş, Bərabər Ədalət? Cinsi Zorakılığın Qurbanları Üçün Hələ Yox (2000).

“Human Rights Watch”, Çox Az Çox Gec: Qadınlara Olan Zorakılığa Qarşı Dövlətin Reaksiyası, Cild 9, № 13(D) (Dekabr 1997).

 

İnsan Hüquqları Üzrə Beynəlxalq Helsinki Federasiyası, Qadınlar 2000: Mərkəzi və Cənub-Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyində Qadınların Statusunun Araşdırılması 337 (9 Noyabr 2000).



UNAİDS, Gender və HİV/ QİÇS: Araşdırmalar və proqramlar Toplusu (UNAİDS /99.16E) (Mart 1999).

UNAİDS, HIV/QİÇS və Gender Zorakılığı.

Şarlotta Bunç, Dözülməz Status Kvo: Qadınlara və Qızlara Qarşı Zorakılıq, UNICEF, Dövlətlərin Tərəqqisi 41,42 (1997).

Piter Qordon & Keyt Krehan, Kədərdən Ölmək: Gender, Cinsi, Zorakılıq və HİV Epidemiyası, SEPED Konfransının Qeydlərindən.

Radika Kumarasvami & Liza M. Kois, Qadınlara Qarşı Zorakılıq, Qadınlar və Beynəlxalq İnsan Hüquqları Üzrə Qanun 1 177, 196 (Kelli D. Askin & Dorean M. Koinq nəşrləri. 1999). (Polşada Qadınların Vəziyyəti, QHT-nin Hesabatından iqtibas 50 (1995)).

Qadınlara Qarşı Zorakılığa Son Qoyaq, Əhali Hesabatları, Cild. 7, No. 4, Dekabr, 1999.

Cessika Haris və Şaron Qreys, Sübut Üçün Sual? 1990-cı İllərdə Zorlama Hallarının Təhqiqatı və Araşdırması, Daxili İşlər Nazirliyinin Tədqiqat Araşdırması 18 (1999).

Ann Uolbert Burqes və Linda Litl Houlmston, Öhdəsindən Gəlmək və Cavab Reaksiyası: Zorlama Zədəsi Sindromu, Cinsi Zorakılıq Üzrə Minesotta Birliyi.

ABŞ Ədliyyə Nazirliyi, İntim Partnyor Zorakılığının Yayılması, Təbiəti və Fəsadları: Tədqiqat Hesabatı (2000).

Dünya Əhalisinin Vəziyyəti 2000: Birgə Həyatlar, Ayrı Dünyalar: Kişi və Qadınlar Dəyişiklik Zamanında, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (2000); Qadınlara Qarşı Zorakılığın Dayandırılması, Əhali Hesabatları, cild 7, №4 (Dekabr 1999); Ümümdünya Səhiyyə Təşkilatı, Zorakılıq və Sağlamlıq Üzə İlk Dünya Hesabatı162 (2002).

Ümumdünya Səhiyyə Təşkilatı, Zorakılıq və Sağlamlıq Üzə İlk Dünya Hesabatı163 (2002).

Qadınlara Qarşı Zorakılığın Dayandırılması, Əhali Hesabatları cild 7, №4, Dekabr 1999.

Zorlama, Təsvirli Sağlamlıq Ensiklopediyası.

Syu Orsillo, Qadınlara Qarşı Cinsi Zorakılıq Milli PTSP Mərkəzi (2003). Digər bir tədqiqatın nəticələrinə əsasən “zorlanılmanın psixoloji təsirini işgəncə və adam oğurluğunun təsiri ilə müqayisə etmək olar”. Qadınlara Qarşı Zorakılığın Dayandırılması, Əhali Hesabatları, cild 7, №4 (Dekabr 1999).


Syu Orsillo, Qadınlara Qarşı Cinsi Zorakılıq, Milli TSSP Mərkəzi. (2003).

Professor Mişel J. Andersonun Pensilvaniya Ali Məhkəməsi qarşısında İfadəsi, Ədliyyə Sisteminin İrqi və Gender Təmayülü üzrə Komitəsi (6 Dekabr 2001).

 

Xəsarətin Qarşısının Alınması və Nəzarət Üzrə Milli Mərkəz, Zorlama Fakt Vərəqi: Yayılma və Əhatə.



Qadınlara Qarşı Zorakılığın Dayandırılması, Əhali Hesabatları, cild 7, №4 (Dekabr 1999).

Qadınlara Qarşı Zorakılıq Üzrə Xüsusi Məruzəçinin 1997-ci il Hesabatı, Birləşmiş Millətlər Sistemi Daxilində İnsan Hüquqları və Əsas Hüquqların Səmərəli Qorunmasının Alternativ Yanaşmaları, Yolları və Vasitələri (E/CN.4/1997/47) (12 Fevral,); Nil Miller, Cinsi Zorakılıq Üzrə Qanunların Nəzərdən Keçirilməsi: 1997 (7 Oktyabr, 1997).

Words 759

Ümumdünya Səhiyyə Təşkilatı, Zorakılıq və Sağlamlıq Üzə İlk Dünya Hesabatı 149, 162 (2002); Piter Qordon və Keyt Krehan, Kədərdən Ölmək: Gender, Cinsi Zorakılıq və HİV Epidemiyası, SEPED Konfansından Qeydlər.

 

İvana Basik, Katerin Maunsel və Syuzan Qoqan, Hüquqi Prosess və Zorlama Qurbanları (Sentyabr 1998).



Rebekka Kəmpbel, Zorlama Qurbanlarına Əqli Sağlamlıq Xidməti: Müalicə Praktikasında Cari Problemlər (Oktyabr 2001); Cinsi Zorakılıq Proqramları Üzrə Kentuki Assosiasiyası (2000); Syu Orsilo, Qadınlar Arasında Cinsi Zorakılıq, Milli TSSP Mərkəzi (2003).

Birləşmiş Ştatlarda Qadınlara Qarşı İntim Partnyor Zorakılığının Dəyəri , Zədələrin Qarşısının Alınması və Nəzarət, Xəstəliyin Nəzarəti və Qarşısının Alınması Üzrə Mərəkəzlər (Mart 2003). (PDF and HTML formatında, 64 səhifə).



“Human Rights Watch”, Çox Az Çox Gec: Qadınlara Olan Zorakılığa Qarşı Dövlətin Reaksiyası, Cild 9, № 13 (D) (Dekabr 1997).


Yüklə 102,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə