Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir



Yüklə 200,89 Kb.
səhifə22/59
tarix13.10.2023
ölçüsü200,89 Kb.
#127677
1   ...   18   19   20   21   22   23   24   25   ...   59
Sosiologiya sosiologiya c miyy t haqq nda elmdir

23. Fərd və şəxsiyyət
Fərdin mədəniyyət elementlərini, sosial norma və dəyərləri mənimsəməsi vasitəsilə cəmiyyətə, müxtəlif tipli sosial birliklərə qovuşma (birləşmə) prosesinə sosiallaşma deyilir.
Şəxsiyyətin sosiallaşması barədə söylənilən mülahizələrdə az-çox fərqli məqamlara rast gəlinsə də, əslində mahiyyətli fərqlər nəzərə çarpmır.
Şəxsiyyətin sosiallaşmasına fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesi kimi baxmaqdır. Bu proses fərdin mədəniyyət ünsürlərini, sosial norma və sərvətləri mənimsəməsi sayəsində mümkün olur. Həmin ünsürlərin, norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri formalaşır.
Fərdin cəmiyyətə, sosial qruplara, təsisatlara necə qoşulması - sosiallaşma prosesində vacib rol oynayır. Sosial qrupun, təsisatın, təşkilatın şəxsiyyətə təsir göstərmək qabiliyyəti, habelə şəxsiyyətin başqa adamların təsirinə məruz qala bilməsi də əhəmiyyət kəsb edir. O da reallıqdır ki, insan həm öz xüsusi vəziyyətinin, həm də bütövlükdə ictimai həyatın yeniləşməsinə spesifik təsir göstərə bilir. Onun fəaliyyəti üzvi surətdə müxtəlif sosial sistemlərin fəaliyyət mexanizmlərinə qoşulur. Deməli, şəxsiyyət qarşılıqlı sosial təsirin, fəaliyyətin həm obyekti, həm də subyektidir. Cəmiyyətdə sosial sistemlə şəxsiyyətin qarşılıqlı fəaliyyəti müəyyən təsir mexanizmlərinin köməyi ilə həyata keçirilir. Bu, həm sosial sistemlərin fərdin sosial keyfiyyətlərinə olan təsiridir, həm də əksinə olan təsirdir. Birinci halda fərdin sosiallaşması mexanizmindən, ikinci halda isə sosial sistemin dəyişilməsi mexanizmindən söhbət gedir. Şəxsiyyətin sosiallaşmasında iki mərhələni ayırd etmək olar:
1) sosial adaptasiya;
2) interiorizasiya.
Sosial adaptasiya fərdin sosial-iqtisadi şəraitə, rol funksiyalarına, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması kimi izah edilə bilər.
İnteriorizasiya sosial normaların və sərvətlərin insanın daxili aləminə qoşulması prosesidir. Xarici mühitin sosial normalarının, sərvətlərinin və digər komponentlərinin daxili «Mən»ə keçməsinin xarakteri hər bir konkret şəxsiyyətin strukturu ilə şərtlənmişdir. Bu struktur isə bütün əvvəlki təcrübə sayəsində formalaşır. Şəxsiyyət sosial mühitdə, əriyib yox olmur, o, həmin mühitlə az-çox müstəqil vahid kimi müəyyən münasibətə girir.
Beləliklə, sosiallaşma prosesi insanın daxil olduğu ictimai münasibətlər sisteminin genişləndirilməsinə, yaxud da daralmasına səbəb ola bilər. Bu proseslə bağlı olaraq sosiallaşma bir neçə pilləyə bölünür: ilkin sosiallaşma pilləsi (anadan olandan məktəbə daxil olanadək) təhsil pilləsi; sosial yetkinlik pilləsi, (məktəbi qurtarandan fəal əmək fəaliyyətinin bitməsinə qədər); həyat silsiləsinin tamamlanması (ictimai faydalı əməyin dayandırılmasından, yəni təqaüdə çıxış anından həyatının sonunadək). Fərdin sosiallaşmasının bir pilləsindən digərinə keçid qırılmaz surətdə onun sosial status sahəsinin genişlənməsilə, yəni ictimai münasibətlər sisteminə getdikcə daha tam qovuşması ilə bağlıdır. Sosiallaşmanın pillələrini sosial-psixoloji aspektdə tədqiq edərkən onların aşağıdakı səciyyəvi xüsusiyyətləri nəzərə çarpır.
Sosiallaşmanın ən qısa müddətli yetkinlikdən uzaq ilkin pilləsi şəxsiyyətin təşəkkül tapması üçün böyük əhəmiyyət kəsb edir. Məhz uşaq yaşlarından biliklərin, ünsiyyət normalarının, fəaliyyətin sadə təcrübəsinin mənimsənilməsi daha gərgin və səmərəli gedir. Bu mərhələnin ən əsas sosiallaşdırma institutu ailədir. Ailənin xeyli dərəcədə fərdin gələcəkdə mümkün olan sosial mənsubluğunu, onun fəaliyyətinin xarakterinin, dəyər meyllərini şərtləndirir.
Təhsil pilləsi müxtəlif dövrləri (uşaqlıq, yeniyetmə yaşları, gənclik) əhatə edir, lakin o sosial mənada fəaliyyətin əsas növlərinin vəhdətini – təlim və təhsili xarakterizə edir. Təhsil müddətində fərd şəxsiyyətin əsas keyfiyyətlərini əldə edir. Bu mərhələdə həyat yolunun hazırlıq dövrü qurtarır. Məktəbi qurtarmaq haqqında sənəd onun sahibinin praktiki fəaliyyətə başlanmasına hazır olduğunu sübut edir.
Təhsil pilləsində fərdin şəxslərarası münasibətlər sistemi də mürəkkəbləşir.
Sosial yetkinlik pilləsi insan həyatının ən əsas pilləsidir. Bu mərhələdə əmək əsas fəaliyyət forması olur və bu ünsiyyət sahəsini, biliyin daima yeniləşməsini genişləndirir. Lakin əməyin müxtəlif xarakteri müxtəlif fərdlər üçün şəxsiyyəti inkişaf etdirdikdə qeyri-bərabər imkanlar yaradır.
Həyat silsiləsinin tamamlanması pilləsində fərdin həyat fəaliyyəti sahəsinin bir qədər daralması baş verir. Lakin sosial təcrübənin qazanılması prosesi davam edir, yəni cəmiyyət əvvəlki kimi şəxsiyyətə təsir göstərir. Yəni sosial vəziyyət (təqaüdçü) şəxsiyyətin sosial-psixoloji səviyyəsini dəyişir. Bu dövrdə insanın bir çox fiziki və psixoloji funksiyaları zəifləyir. Lakin əldə edilmiş həyat təcrübəsi, yaradıcı fəaliyyət vərdişləri çoxdan təqaüd yaşını aşmış adamlara çoxlu əmək və ictimai-siyasi funksiyaları yerinə yetirmək imkanı verir. Bu vəziyyəti əmək qanunçuluğu da nəzərə alır.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə