138
Hannibal həm də vətənindəki Barkid qrupunun rəhbərlərinə məlumat göndərdi ki,
onlar əvvəlcədən hazırlaşsınlar. Karfagen şurasında yalnız Barkidlərin köhnə
düşməni Qannon romalıların tələbini müdafiə etməyə cəhd etdi, lakin heç kəs ona
fikir vermədi.
Bütünlükdə Karfagenə səfər romalılara uğur gətirmədi. Karfagenlilər
Saquntu öz təbəələrinə qarşı qanunsuz hərəkətlərdə ittiham etdilər və müharibənin
saquntlular tərəfindən başlandığını iddia etdilər. Roma elçiləri bu cavabla geri
döndülər. Elə bu vaxt Saquntun mühasirəsi yeni fazaya daxil oldu. Bir qədər
istirahətdən sonra karfagenlilər yeni məntəqələrdə hücuma keçdilər. Divarların
uçan yerlərindən karfagenlilər yenə şəhərə daxil oldular və oradakı yüksəkliyi
tutdular. Şəhərin taleyi həll olundu. Saquntlular nə qədər gözləsə də, Roma
qoşunları gəlib çıxmadı. Şəhərdən çıxan hər kəs yalnız paltarını götürməli və
qalibin müəyyən etdiyi yerdə məskunlaşmalı idi. Onlara nə tale hazırlandığını
eşidən saquntlular özlərinin qızıl və gümüş şeylərini tonqala atdılar ki, onlar
düşmənə qismət olmasın. Adamların çoxu özünü də tonqala atırdı. Hannibal bütün
yaşlı şəhərliləri öldürməyi əmr etdi, lakin qaliblər az yaşlı uşaqlara da aman
vermirdilər. Şəhər Puniya kolonistləri ilə məskunlaşdırıldı. İndi şimala, İtaliyaya
yol açılmışdı.
Karfagen hökumətinin saquntluların işinə qarışmaqda Romanın hüququnun
inkarı barədə rəsmi cavab hazırlananda, elçilər onlara verilən tapşırığın ikinci
hissəsinin icrasına keçdilər. Karfagen hökuməti ya şəhərə hücumun günahkarlarını
verməli və bununla özünün bu qanunsuzluğa qatılmadığını sübut etməli, yaxud da
özlərinin bu cinayətin iştirakçıları olduğunu etiraf etməli idilər. Bu vaxt patetik bir
səhnə baş verdi. Elçi Kvint Fabi Maksim toqasının ətəyini əlinə elə yığdı ki,
burada
çökək əmələ gəldi və dedi: “Burada biz sizə müharibə və ya sülh gətirmişik,
onlardan sizə uyğun gələnini seçin!” İclasda sədrlik edən Suffet qışqırdı:
“Onlardan özün arzu etdiyini ver!” – “Mən sizə müharibə verirəm” – deyə Fabi
cavab verdi, toqasını aşağı saldı və yığıncaq iştirakçılarının ucadan “Qəbul edirik!”
qışqırıqları altında yoldaşları ilə birlikdə buranı tərk etdi.