137
müharibə elan etmək üçün formal bəhanə verilməsin. Bu göstərdi ki, Hannibal
təkcə istedadlı sərkərdə deyildir, həm də məharətli siyasi xadimdir. Hannibal
Karfagen şurasını da öz qərarlarını qəbul etməyə sövq edirdi. Burada o,
sərkərdədən daha çox mürəkkəb avantyura oyunu aparan siyasətçi kimi özünü
aparırdı. Saqunta qarşı ona hərəkət sərbəstliyi verməklə Karfagen şurası, hamının
yaxşı anladığı kimi Roma ilə müharibə barədə əvvəlcədən qərar vermiş oldu.
Beləliklə, Hannibalın əl-qolu açıldı. Lakin saquntlular Karfagenin ali
hakimiyyətini tanımaqdan imtina etdilər. Hannibal onlarla danışığı kəsdi,
saquntluları öz düşərgəsindən qovdu, Saquntun ərazisinə girdi, onun ətrafını viran
qoydu və qoşunlarını üç yerə bölüb şəhəri mühasirəyə aldı.
Hannibal Saqunta hücuma hazırlaşanda, saquntlular Romanı ispan işlərinə
qarışmağa həvəsləndirmək üçün coşqun diplomatik fəaliyyət başladılar. Romalılar
Hannibaldan Saquntdan geri çəkilməyi və İber çayını keçməməyi tələb etdilər.
Vaxtilə Hasdrubalın andında bu nəzərdə tutulmuşdu. Elçilərə cavab verən
Hannibal romalıları Saquntun işlərinə qarışmaqda məzəmmət edirdi, onlar yerli
kübarlardan bir neçəsini edam etmişdilər. O, deyirdi ki, karfagenlilər intiqam
alınmamış bu cinayətləri cavabsız qoya bilməzlər. Hannibal Saquntun
mühasirəsinə 219-cu ildə başladı. Şəhərdən kənara çıxan saquntlular Hannibal
qoşunlarına ciddi zərbə vururdu, komandan özü bu toqquşmaların birində ağır yara
almışdı və bu mühasirəçilər arasında panika yaratmışdı. Sonra o, şəhər divarlarının
bir neçə yerdə dağıdılmasına girişdi və birdən üç qüllə böyük səs-küylə uçdu.
Lakin puniyalılar şəhərlilərin müqavimətini dəf edə bilməyib, geri çəkildilər. Bu
vaxt yenidən Roma elçiləri gəldilər.
Roma senatı siyasi vəziyyəti müzakirə edib, İspaniyaya elçilər göndərməyi
qərara aldı ki, onlar hansı nəticə ilə gəlsələr, bundan sonra qəti qərar qəbul edilsin.
Onlar Saqunta getməyi, Hannibaldan şəhərdən öz qoşunlarını geri çəkməyi və o,
bu təklifi rədd etsə, Karfagenə yollanmağı və köhnə italik qaydasına uyğun olaraq
müqaviləni pozduğuna görə cəzalandırılması üçün Hannibalın verilməsini tələb
etməyi tapşırdılar. Hannibal elçilərin gəldiyini eşitdikdə cəsarətli bir addıma əl atdı
və onları qəbul etmədi. Bu təhqir danışıqların pozulmasına gətirib çıxardı.
138
Hannibal həm də vətənindəki Barkid qrupunun rəhbərlərinə məlumat göndərdi ki,
onlar əvvəlcədən hazırlaşsınlar. Karfagen şurasında yalnız Barkidlərin köhnə
düşməni Qannon romalıların tələbini müdafiə etməyə cəhd etdi, lakin heç kəs ona
fikir vermədi.
Bütünlükdə Karfagenə səfər romalılara uğur gətirmədi. Karfagenlilər
Saquntu öz təbəələrinə qarşı qanunsuz hərəkətlərdə ittiham etdilər və müharibənin
saquntlular tərəfindən başlandığını iddia etdilər. Roma elçiləri bu cavabla geri
döndülər. Elə bu vaxt Saquntun mühasirəsi yeni fazaya daxil oldu. Bir qədər
istirahətdən sonra karfagenlilər yeni məntəqələrdə hücuma keçdilər. Divarların
uçan yerlərindən karfagenlilər yenə şəhərə daxil oldular və oradakı yüksəkliyi
tutdular. Şəhərin taleyi həll olundu. Saquntlular nə qədər gözləsə də, Roma
qoşunları gəlib çıxmadı. Şəhərdən çıxan hər kəs yalnız paltarını götürməli və
qalibin müəyyən etdiyi yerdə məskunlaşmalı idi. Onlara nə tale hazırlandığını
eşidən saquntlular özlərinin qızıl və gümüş şeylərini tonqala atdılar ki, onlar
düşmənə qismət olmasın. Adamların çoxu özünü də tonqala atırdı. Hannibal bütün
yaşlı şəhərliləri öldürməyi əmr etdi, lakin qaliblər az yaşlı uşaqlara da aman
vermirdilər. Şəhər Puniya kolonistləri ilə məskunlaşdırıldı. İndi şimala, İtaliyaya
yol açılmışdı.
Karfagen hökumətinin saquntluların işinə qarışmaqda Romanın hüququnun
inkarı barədə rəsmi cavab hazırlananda, elçilər onlara verilən tapşırığın ikinci
hissəsinin icrasına keçdilər. Karfagen hökuməti ya şəhərə hücumun günahkarlarını
verməli və bununla özünün bu qanunsuzluğa qatılmadığını sübut etməli, yaxud da
özlərinin bu cinayətin iştirakçıları olduğunu etiraf etməli idilər. Bu vaxt patetik bir
səhnə baş verdi. Elçi Kvint Fabi Maksim toqasının ətəyini əlinə elə yığdı ki, burada
çökək əmələ gəldi və dedi: “Burada biz sizə müharibə və ya sülh gətirmişik,
onlardan sizə uyğun gələnini seçin!” İclasda sədrlik edən Suffet qışqırdı:
“Onlardan özün arzu etdiyini ver!” – “Mən sizə müharibə verirəm” – deyə Fabi
cavab verdi, toqasını aşağı saldı və yığıncaq iştirakçılarının ucadan “Qəbul edirik!”
qışqırıqları altında yoldaşları ilə birlikdə buranı tərk etdi.
139
Hannibal öz məqsədinə nail olmuşdu. Pireney yarımadasındakı bir sıra
əməliyyatlarla, xüsusən Saquntun mühasirəsi və işğalı ilə o, romalıları məcbur etdi
ki, 218-ci ildə Karfagenə müharibə elan etsinlər. İndi o, İtaliyaya yürüşə hazırlaşa
bilərdi. Yeni Karfagendəki qaldıqları qışı buna hazırlığa sərf etdi. İtaliyaya
ekspedisiya əsgərləri qorxuzurdu, yol olduqca uzun və təhlükəli idi. Yolda onlar
vəhşi barbar tayfaları ilə qarşılaşmalı idilər. Belə rəvayət vardır ki, Hannibalın
dostlarından biri olan Monomax ləqəbli adam ciddi surətdə inandırırdı ki, İtaliyaya
çatmağın yeganə yolu əsgərləri insan ətini yeməyə öyrətməkdir və ona nail
olmaqdır ki, onlar bu qidaya adət etsinlər. Hannibal guya ki, şüurlu qaydada öz
döyüşçülərini adam yeməyə öyrədirdi. Burdan da “kannibalizm” məfhumu
meydana gəlmişdir. Yəqin ki, bu ittiham daha çox Roma siyasi təbliğatının
məhsullarından biri idi və Hannibala qarşı düşmənçiliyi qızışdırmaq məqsədini
güdürdü.
İspaniyadakı Puniya qoşunlarına komandanlığı isə Hannibal öz qardaşı
Hasdrubala tapşırdı. İtaliya yürüşünə 90 min piyada və 12 min süvari götürəcəkdi.
Əsgər toplantılarında, Hannibal özünün necə onlara verilməsi barədəki romalıların
həyasız tələblərindən, İtaliyanın necə məhsuldar və varlı ölkə olmasından, yol
üstündəki qalların – Romanın köhnə düşmənlərinin ona necə dostcasına
yanaşmalarından danışırdı. O gələcək müharibəni əsgərlərinə bahalı ov arxasınca
aparılan yüngül gəzinti kimi təqdim edirdi.
Romalılar müqavimət göstərməyə hazırlaşırdılar. Lakin Roma ordusu
piyadalar üzrə 1,5 dəfə, süvarilər üzrə 2 dəfə sayca kiçik idi. Onlar Qalliyada şəhər
divarları tikməyə başladılar. Lakin artıq 218-ci ilin yazı başlamışdı və Hannibal öz
hazırlıqlarını başa çatdırıb dəniz sahili ilə gedərək İber çayını keçdi. Qalliyaya
daxil olduqdan sonra Hannibalın elçiləri təkrar-təkrar onlara deyirdi ki, o,
Qalliyaya düşmən kimi deyil, dost kimi gəlmişdir və qallar istəyirsə öz qılınclarını
yalnız İtaliya ərazisinə girdikdə qınından çıxara bilərlər. Hannibalın Şimali
İspaniya və Qalliya ilə uğurlu irəliləməsi Şimali İtaliyadakı Roma mülkiyyətinə
birbaşa təhlükə yaradırdı. Alp dağlarını keçərkən Hannibal bu çətin yürüşə çox
diqqətlə hazırlaşırdı. Nəhayət, puniyalılar İtaliyaya yol açan dağ keçidinə gəlib
Dostları ilə paylaş: |