146
öyrənməli idi. Lakin Roma diktatoru yarırəsmi elçini Roma ərazisindən qovmağı
tələb etdi. Katalonun missiyasının belə uğursuzluğu Hannibal üçün ilk və yəqin ki,
ən bəd simptom idi: Roma müharibəni
uduzulmuş hesab etməkdən, Hannibalı qalib
kimi görməkdən və ondan aman və sülh diləməkdən imtina edirdi. Hannibalın
hesabı düz çıxmadı. Danışıqlar əvəzinə o, müharibənin yeni turuna hazırlaşmalı
idi.
Karfagenlilər Kann qələbəsi ilə bütün sahil zolağını və Böyük Yunanıstan
adlanan ərazini ələ keçirdilər. Hamı nəzərlərini karfagenlilərə tutmuşdu və ümid
edirdi ki, onlar asanlıqla Romanı da zəbt edəcəklər. Onlar Romaya xəyanət
etmişdilərsə, taleyin dönüşündə Hannibala da xəyanət edəcəkdilər. Venesiyada
Qay Terentsi Varron yanına Kapuyadan gəlmiş elçilərə mərdlik və cəsarət dərsi
verdi: “Romalılar hər şeyi – ordunu, ərzağı, pulu itirmişlər, belə ki, müttəfiqlərə
romalılara kömək etməkdənsə, onlarla birlikdə müharibəni aparmaq, ümumi vətəni
düşməndən qorumaq lazımdır... Düşmən, puniyalı... heç bir qanunu bilməyən insan
kimi yaşamağı bacarmayan, hətta insan dilinə də malik olmayan qoşuna başçılıq
edir. Təbiəti və xarakteri etibarilə qəddar və vəhşi olan bu adamları sərkərdə insan
bədənləri topasından körpülər və bəndlər tikməklə daha da qəddarlaşdırmışdır,
demək də adama pis gəlir, onları insan əti yeməyə öyrətmişdir”. Bu sözlərlə o,
kapuyalılarda Hannibala və onun ordusuna qarşı nifrəti qızışdırırdı. Hannibal isə
romalılardansa, onunla dostluğa üstünlük verən kapuyalılara minnətdarlığını
bildirib, vəd etdi ki, Kapuya tezliklə İtaliyaya başçılıq edəcək, başqa sözlə
Romanın yerini tutacaqdır, romalılar öz qanunlarını indi Kapuyadan alacaqdır.
Kapuya ilə ittifaqa baxmayaraq Hannibalın vəziyyəti ağırlaşırdı. Belə olan halda
Hannibal qardaşı Maqonu vətəninə göndərdi. Maqon əvvəlcə hər şeyi çəhrayı
rəngdə təsvir etdi, lakin sonra Hannibala əlavə kömək verilməsini, döyüşçülərə isə
ərzaq və pul göndərilməsini xahiş etdi. Lakin Hannibalın əleyhdarı olan Qannon
qəti olaraq müharibə əleyhinə çıxdı və Hannibalı romalılara verməyi təklif etdi.
Ona etiraz edildikdə dedi ki, Hannibalın əldə etdiyi qələbələr bəhrəsizdir. Qalib
yeni döyüşçülər, yenə ərzaq və pul tələb edir, elə bil ki, o, məğlub olmuşdur və heç
də qənimət ələ keçirməmişdir. Kömək barədə Hannibalın ümidləri doğrulmadı. 4
147
min atlı və 40 fil ayrıldı, bunu dənizə çıxışı olmayan Hannibala çatdırmaq da çətin
idi.
Kann yaxınlığındakı məğlubiyyət xəbəri Romanı sarsıtmışdı. Keçmiş
diktator Fabi şəhərdə sakitliyi bərpa etməyin, qadınlara ictimai yerlərə gəlməyi
qadağan etməyi, qohumların yas saxlamağı kəsməyi, şəhərdən heç kəsi kənara
buraxmamağı, vətəndaşlara evlərində oturub öz yaxınlarının taleyi barədə məlumat
gözləməyi məsləhət gördü. Belə hərəkət etməyi qərara aldılar. Lakin Varronun
məktubu fəlakətin miqyası barədə daha dürüst təsəvvür yaratdı. Romada hər cür
bədbəxtliyin baş verəcəyi gözlənilirdi.
Karfagen ordusunun Kapuyada qışı keçirməsi Hannibalın ən ciddi strateji
səhvlərindən biri hesab olunur. Tarixçi Tit Livi Puniya ordusunun pozulmasını belə
qələmə alır: “O adamları ki, heç bir məhrumiyyət məğlub etməmişdi, bol rahatlıq
və həddən çox həzzlər məhv etdi və bu, onlar adət etmədiklərindən acgözlüklə
bunların üstünə atıldıqca, artırdı. İş burasında idi ki, yuxu, şərab və qonaqlıqlar,
fahişələr, hamamlar, bekarçılıq günbəgün daha cazibədar olurdu, bədəni və ruhu
elə zəiflədirdi ki, onları sonralar mövcud gücdən daha çox keçmiş qələbələr
müdafiə edirdi”. Kasinina şəhərində mühasirədə olan əhali və Roma ordusu isə bu
vaxt aclıqdan
taqətdən düşərək dəri, ot və siçovulları yeyirdi.
Hannibal cənubdakı müharibə teatrında məqsədsiz yerdəyişmələrini edəndə
kampaniyada şəraitin inkişafına mühüm təsir göstərən iki hadisə baş verdi. Konsul
Fabi Maksim Kasininanı mühasirəyə aldı, karfagenli sərkərdə Qannon isə
Beneventuya yaxınlaşdı. Döyüş az sonra Karfagen düşərgəsinə keçdi. Romalılar
Qrakxın başçılığı altında qalib gəldilər. Ümumiyyətlə, bu müharibədə
xəyanətkarlığa və barbar metodlarına tez-tez rast gəlinirdi və hər iki tərəf bu
məsələdə bir-birindən geri qalmırdı.
Sonrakı hadisələr içərisində mühüm məsələ bu idi ki, 212-ci ildəki İspaniya
kampaniyasında Roma ordularından birinə Publi Korneli Stsipion, digərinə isə
onun qardaşı Qney başçılıq edirdi. Publi Stsipionun vəziyyəti ağırlaşırdı.
Karfagenlilərə döyüşdə ona iki tərəfdən Numidiya atlıları və karfagenlilər hücum
etdilər. Döyüş vaxtı Publi Korneli Stsipion öldürüldü və onun ölümü nəticəni həll