TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

Papirosum yana-yana,
Od düşüb şirin cana.
Vallah, qoyub gedərəm, ay gülüm,
Qalarsan yana-yana...
Bu mahnıdakı hədə zarafatyana bir hədə idi, amma bu zarafatın dibində acı və
qaçılmaz bir həqiqət də var idi.
Axı necə olurdu, necə olurdu ki, haçansa, çox-çox qabaqlar yaşamış insanlar,
onların – Zaurla Təhminənin – bu gün duyduqlarını eynilə onlar duyduqları kimi
duymuş, belə gözəl və sadə sözlərlə, yanıqlı və əbədi melodiyalarla ifadə edə
bilmişlər?.. Hisslərin yaşı, tarixi yoxdur, insanlar həmişə, hər yerdə eyni cür
duyublar, eyni duyğular keçiriblər – məhəbbət, qısqanclıq, ağrı, sevinc, güman,
nisgil, ümid, həsrət duyğuları – və eyni cür nəticələrə də gəliblər: ağrıyla-acıyla
“səndən mənə yar olmaz” qərarını veriblər və bu qərarın özündə şıltaq bir yalan,


tərs bir işvə var, necə yəni səndən mənə yar olmaz, səndən başqa da mənim, ya
məndən başqa da sənin yarın ola bilərmi, mümkündürmü bu, əlbəttə, yox,
əlbəttə, biz bir-birimiz üçün yaranmışıq, kim bizi ayıra bilər, əlbəttə, biz bir-
birimizinik, əlbəttə, “səndən mənə yar olmaz...”
“Laçın” mahnısı səslənəndə isə Təhminə həmişə ağlayardı, bu mahnı qəlbinin
hansısa, Zaura belə məlum olmayan tellərini tərpədirdi, gözləri dolurdu, yaş
giləgilə yanaqlarına süzülürdü. Niyə, nədən bu sözlər Təhminəyə belə dərin təsir
göstərirdi: “Elçiləri qırılmış. Özü elçi düşən yar...”.
* * *
Təhminəgilə köçəndən bəri ilk dəfə maaşını alan kimi Zaur bazara getdi...
Maaşının tən yarısını xərclədi, – meyvə, qoz-fındıq, kişmiş, qərənfil və hətta ət
aldı. Nə isə indiyəcən yaşamadığı bir hiss – evdarlıq hissi duyurdu və
pilləkənləri fərəhlə, sevinclə, tələsə-tələsə- qalxırdı. Təhminə kefinə soğan
doğramadı? İki kilo əti o yan-bu yana çevirdi, üz-gözünü turşudub:
— Adam belə ət alar, — dedi, — başdan-ayağa sür-sümükdür, bir də çəntir.
Hardan ağlına gəldi bazarlıq eləmək? Heç olmasa mənə deyəydin, göndərərdim
səni Fazilin yanına, mənim tanışımdır, həmişə ətin yaxşı yerindən saxlayır
mənimçün... Evdə səni pis öyrədiblər, yəqin, ömründə bazarlıq eləməmisən, hə?
Zaur hirslə:
— Bəli, — dedi, — Bazarda tanış ətçim də yoxdur.
— Elə görünür ki, yoxdur, yoxsa belə uşaq kimi başını aldadıb zir-zibili
verməzdilər qoltuğuna.
Zaur dinmədi, qaşqabağını salladı və ta axşama kimi Təhminəylə kəlmə
kəsmədi.
Axşam televizorla filmə baxırdılar, yenə də dinib-danışmırdılar. Filmdə toy
səhnələri vardı... Təhminə birdən gözlənilməz bir tərzdə Zaura müraciət elədi:
— Zaurik, bilirsən necə istərdim ki, mənim də toyum olsun. Özü də lap elə
bizim bütün dədə-baba qaydalarıyla: əvvəl elçilər gəlsin, həri alsınlar, sonra
nişan, sonra toy... Uzun ağ paltar, çalğıçılar, gəlin havası, güzgü, şamlar...
Düz Zaurun gözlərinin içinə baxıb susdu, yenidən danışmağa başlayanda Zaur
mat qaldı ki, Təhminə necə də məharətlə onun ürəyindən keçən ən ani fikirləri,


düşüncələri açıq kitab kimi oxuya bilir – elə düşüncələri, elə fikirləri ki, Zaur
özü belə onları dəqiq müəyyənləşdirə bilmirdi.
— Zaurik, sənin başına gələcək bütün bunlar, bilirəm. Elçi də göndərəcəksən,
nişanın da, toyun da olacaq. Amma vallah, heç cür sənin Spartakla yeznə-qayın
olacağını təsəvvürümə gətirə bilmirəm.
Zaur başını buladı.
Təhminə ciddi tərzlə:
— Bilirsən nə var? — dedi. — Başını-zadı yelləmə. Nə olub, deyirlər, doğrudan
da, gül kimi qızdır. Minnətin olsun sənin. Ümumiyyətlə, başa düşmürəm nə
adətdir siz kişilərdə, dartıb özünüzü dağ başına qoyursunuz “evlənəcəm,
evlənməyəcəm, bəyənirəm, bəyənmirəm...” Guya ki, evlənməyinizlə qadınları
xoşbəxt eləyirsiz.
Zaur siqaret çıxartdı, kibrit çəkdi, kibritin qığılcımından bir qor kənara sıçradı,
divarın küncündə dayanmış iri, əlvan hava şarı üstünə düşdü. Təhminə:
— Vay, neylədin, — deyə yerindən sıçradı: şar partlamışdı...
* * *
Sonralar Zaur heç cür müəyyənləşdirə bilmirdi – haçan, axı haçan başladı bütün
bu şeylər. Bəlkə növbəti bir zəngdən sonra – Təhminə kimləsə uzun-uzadı
danışırdı. Zaur isə mətbəxdə papiros çəkir, hirsini içində boğur və Təhminənin
şən zarafatlar etməsinə, deyib-gülməsinə diqqət edirdi... Ondamı? Ya başqa bir
vaxtda – Təhminə özünü pis hiss eləyirdi, xəstələnmişdi, bazara Zaur getməli
oldu, hər şeyi alıb gətirəndən sonra isə Təhminə onun bazarlığını lağa qoymağa
başladı, “Əlindən heç bir iş gəlmir, – dedi, bu nədir belə alıb gətiribsən, deyirdim
sənə axı, Fazilə yanaş, mənim adımdan xahiş elə, ətin yaxşı yerindən versin...”.
Zaur ölsəydi də Fazilə yanaşmazdı. Təhminə onu nişan verəndən sonra göz
qoymuşdu bu yoğun peysərli, qırmızısifət, qarabığlı ətsatana, az-çox gözəgəlimli
qadınlara, qızlara ət verəndə Fazilin ağzının suyu axırdı.
Bəzən Zaura elə gəlirdi ki, Təhminə qəsdən onun yaralı yerlərini qurdalayır, zəif
damarlarını tutur... Küçədə Zaur hər hansı bir maşına baxdımı, Təhminə dərhal
masqaraya başlayırdı. “Hə, nədir, “Moskviç”in yadıva düşüb? Valideynləri dəcəl
oğlancığazlarını cəzalandırıblar – oyuncağını əlindən alıblar yazıq uşağın”. Bu


cümlələrin deyiliş tərzi. “Oğlancığaz, uşaq” sözləri Zauru cin atına mindirirdi.
Hiss edirdi ki, hiddət onu get-gedə daha artıq boğur, bütün işini çulğalayır və
belə dəqiqələrdə o, hətta Təhminəyə nifrət edirdi. Bəlkə də bu hiss başqa bir gün
başlamışdı. O gün ki, Təhminə Mədinənin yanında Zaurun anası barədə
danışmağa başladı, dedi ki, indi tək evdə yox, idarədə də Təhminəni də rahat
buraxmır, ora da zəng vurur. Mədinə dedi ki, kaş bircə dəfə Zivər xanım zəng
vuranda dəstəyi — mən götürəydim, dərsini verərdim onun. Zaur özünü güclə
saxladı, hiddət bütün içini çulğamışdı, o tək Mədinəyə yox, Təhminəyə də
ağzından çıxanı demək istəyirdi, – axı hər halda söhbət anasından gedirdi...
Doğrudur, anasının hərəkətləri də nalayiq hərəkət idi, amma hər halda
Mədinənin – tamamilə yad adamın borcu deyil, onların sırf ailə məsələlərinə
qarışsın. Yaxşı ki, Mədinə artıq-əskik söz demədi və heç bir vaxt bu söhbətə
qayıtmadılar, amma o gün Mədinə bircə kəlmə də desəydi anası barədə, – Zaur
aləmi dağıdacaqdı...
Bütün bunlardan xırda-xırda müəyyən bir fikir, bir hiss oyanırdı, necə deyərlər,
dama-dama göl olurdu və bir gün Zaur nədənsə, yaman darıxdı, qəribsədi
anasıyçün, Təhminənin səliqəli, təmiz mətbəxində şam yeyərkən anasının çirkli,
səliqəsiz mətbəxi gəldi durdu gözlərinin qabağında – fikri yayıldı, gözləri yol
çəkdi. Təhminə də dərhal bunu gördü, amma Zaurun imdadına yetməkdən,
təsəlli verib, ovudub, yenidən onu yanına qaytarmaqdansa, əksinə, elə bil tərs
damarı tutdu, rişxəndlə istehzaya keçdi:
— Hə nə olub, uşağın gözləri yenə yol çəkir? — dedi. — Olmaya “Moskviç”i
düşüb yadına?
Qəsdən belə deyirdi, qəsdən Zaurun intizarını, ata-ana həsrətini “Moskviç”lə,
Zaurun məhrum olduğu məişət rahatlığıyla, bayağı vərdişlərlə bağlamaq
istəyirdi.
Zaura elə gəlirdi ki, Təhminə onu yalnız “Moskviç”ə qısqanır. Ona qəribə
görünürdü ki, özü Təhminəni belə ağrıyla, əziyyətlə hamıya qısqandığı halda,
Təhminə Zauru heç kəsə qısqanmır. Zaur onu da bilirdi ki, Təhminə onun keçmiş
məhəbbət əlaqələrindən, hətta idmançı Tanyadan belə xəbərdardır, amma heç
vaxt Zauru nə keçmişə, nə indi, ya da gələcəkdə mümkün ola biləcək əlaqələrinə
görə zərrə qədər qısqanmırdı. Nə idi bunun səbəbi? Bəzən Zaura elə gəlirdi ki,
Təhminə əslində onu sevmir, ona görə də biganədir. Bəzənsə düşünürdü ki, yox,
Təhminənin xasiyyəti belədir, ümumiyyətlə, qısqanmağa qadir deyil.


Bu barədə söhbətləri düşəndə Təhminə zarafata saldı:
— Bilirsən, Zaur, — dedi, — mən o qadınlardanam ki, heç kəsə qısqana
bilmərəm, əksinə hamı mənə qısqanmalıdır kimisə... Lap tutalım sən başqasıyla
oldun, məni unudamı biləcəksən?
Zaur fikirləşirdi ki, yəqin doğrudan da belədir: deyirlər, kişini bir qadının
dərdindən yalnız başqa bir qadın qurtara bilər. Təhminənin dərdindən qurtara
bilən qadınmı vardı bu dünyada?
Bəzən onların ayrılacaqları barədə Təhminə soyuq və sərt bir dəqiqliklə
danışırdı... Bir axşam Təhminənin uzun-uzadı telefon söhbətlərindən sonra Zaur
yenə sorğu-suala tutdu: kimnən danışırdın, niyə belə uzun danışırdız, nə barədə
belə gülüşürdüz?
Təhminə lap özündən çıxdı:
— Bura bax, Zaur, — dedi, — lap təngə gətirdin məni. Bəsdir də... Canımı
boğazıma yığıbsan bütün bu şübhələrinlə... Nə istəyirsən məndən, canım?
Yaşayırıq səninlə, mənim evimdə qalırsan, həmişə yanındayam, daha nə lazımdır
sənə, başa düşmürəm... Bəlkə məni qıfılla bağlayasan, evdən bayıra
buraxmayasan, hə? Telefonu da kəsdirəsən biryolluq? Nə veribsən mənə, ala
bilmirsən? Bəlkə ailə qurubsan mənimlə, ya uşağımız var səndən?! Nə böyük
qurbanlar veribsən mənim yolumda ki, bu qədər çox şey tələb edirsən?
Evinizdən çıxıb getməyinlə çox qürrələnmə, bilirsən? Böyük fədakarlıqdır
— maşınından keçib! Darıxma, qayıdacaqsan evinizə, maşınını da qaytaracaqlar
sənə, evləndirəcəklər də səni halal süd əmmiş qızla. Zaur ömründə Təhminəni
belə acıqlı, zəhərdilli görməmişdi, elə bil gözü-başı od püskürürdü. Amma
birdən-birə susdu, elə bil sakitləşdi, süstləşdi və yorğun bir ədayla, yavaş səslə
sözünü tamamladı: — Çıxıb gedəndən sonra nə qalacaq səndən mənə? — Gözü
Zaurun kibritinin oduyla partlamış, atılıb bir qıraqda qalmış boş şara sataşdı:
bircə bu şar — deyə gülümsündü, — onu da yandırdın...
Zaurun matı-qutu qurumuşdu nə edəcəyini bilmirdi. Bilmirdi ki, indi, bu saat
necə hərəkət etsə daha düzgün olar: durub Təhminəni söysünmü, yaxud ondan
üzr istəsinmi, yaxud heç bir söz demədən çıxıb getsinmi bu evdən...
Təhminə siqaret yandırdı, dərin bir qullab vurub tüstünü buraxdı və Zaura tərəf
çevrilib:
— Bax bu tüstü kimidir bizim münasibətlərimiz, — dedi, əlini yelləyib tüstünü


qovdu, — görürsən, heç bir şey yoxdur...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə