TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   10   11   12   13   14   15   16   17   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

ON BİRİNCİ FƏSİL
Könüldə min qəmin vardır ki, pünhan eyləmək olmaz.
Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.
Nə müşkül dərd olursa, bunlar aləmdə dərmanı.
Nə müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.
— Neçə yaşındasız?
— Bunun nə dəxli var?
— Dəxli çoxdur. Uşaq deyilsiz, öz hərəkətlərinizə nəzarət eləməlisiniz, cəmiyyət
qarşısında məsuliyyət duymalısız.
— Cəmiyyətin nə dəxli var? Biz cürbəcür siqnallar alırıq. Gərək bu siqnallardan
müəyyən nəticələr — çıxaraq. Bizim komsomol təşkilatı, hətta sizin məsələnizi
büroya çıxarmaq istəyirdi... Siz özünüz də deyəsən, axı büronun üzvüsünüz?
— Bəli.
— Görürsünüz. Siz komsomol bürosunun üzvüsüz özgələrə nümunə olmaq
yerinə özünüzü bu cür nalayiq aparırsız. Yalnız komsomolçular deyil, idarəmizin
başqa mötəbər işçiləri də sizin hərəkətlərinizdən çox narazıdırlar.
Zaur dərhal “Dadaş” deyə düşündü.
— Yoldaşlar belə hesab edir ki, sizin özünüzü belə aparmağınız kollektivimizin
üstünə kölgə salır, gənclərin əxlaq tərbiyəsinə mənfi təsir göstərir, ümumən
bizim əxlaq kodeksimizə ziddir.
— Mən ərizə verib çıxa bilərəm işdən.
— Yaxşı-yaxşı, özünüzdən çıxmayın. Mən kollektivin fikrinə biganə qala
bilmərəm... Siz də hələ cavansınız. Bütün ömrünüz qabaqdadır, parlaq


gələcəyiniz ola bilər, əgər indidən ağlınızı başınıza yığsaz, lazımsız hərəkətlərə
yol verməsəz, əgər siz...
Zaur onun sözünü ağzında yarımçıq qoyub otaqdan çıxdı.
* * *
Zaur qapını öz açarlarıyla açıb içəri girdi, indicə yazıb verdiyi ərizənin – işdən
çıxmaq ərizəsinin – hər sözünü bir də beynində götür-qoy edirdi... Yaxşı, bəs
hara işə düzələcək? İşə düzəlmək üçün ona kömək edə biləcək tanış-bilişini
yadına salmaq istəyirdi... Geoloji ekspedisiyanın birinə qoşulmaq olardı, bu
barədə fikirləşən kimi Azər Mərdanovu xatırladı. Universitetdə bir yerdə
oxumuşdular, o vaxtdan bəri dost idilər. Azər indi, deyəsən, haradasa Filizçay
tərəfdədir. Əgər bu iş düzəlsə, Zaurun taleyi tamam dəyişə bilər və Təhminəylə
münasibətlərində də müəyyən bir dəyişiklik əmələ gələr: axır günlər Təhminənin
evində – nə deyirsən de – hər halda bir vaxt Manafın mənzili olan evdə –
yaşamaq onunçün ağır idi... Manaf, əlbəttə, Zaurun orada yaşamasından
xəbərdar idi, amma bir dəfə də olsun Təhminəni evi dəyişmək haqqında qərarı
icra etmək üçün tələsdirməmişdi. Təhminə də bunu qiymətləndirirdi və özü
tələsirdi, tezliklə mənzilini iki ayrı-ayrı otağa dəyişmək istəyirdi, amma olunan
təkliflərdən heç birini bəyənmirdi. Bu məqsədlə də çox zaman uzun-uzadı
telefonla danışar, cürbəcür mənzilləri gəzirdi və hətta hansı mənziləsə – Zaur
bunu biləndə lap dəli olmuşdu – Spartakla birlikdə getmişdi. Özü demişdi bu
barədə Zaura...
Zəng oldu, Zaur telefonu götürdü:
— Zaur? Salam. Muxtardır.
Zaur:
— Tanıdım, — dedi. — Təhminə evdə yoxdur.
— Haçan gələcək?
— Bilmirəm.
— Bağışlayın.
Zaur divanın üstündə uzanıb papiros çəkirdi, tavana baxırdı. Harda ola bilər
Təhminə? Hər halda işdə deyil, yoxsa Muxtar evə zəng eləməzdi. Bəs hardadır?
Bu barədə fikirləşmək mənasızdır. Soruşsan deyəcək ki, dərzidəydim, ya


çəkməçidə, ya diş həkiminin yanında, ya rəfiqəmgildə, ya mənzilə baxmağa
getmişdim – yüz cür variantı vardı və bu variantların heç birinin düz olub-
olmamasını yoxlaya bilməzdi, yoxlamaq istəməzdi Zaur, amma heç birinin yüz
faiz doğru olduğuna inana da bilmirdi.
Telefon zəng çaldı. Zaur dəstəyi qaldırdı:
— Bəli.
Dəstəyi dərhal asdılar: du, du, du...
Zaur fikirləşdi ki, yəqin yenə zəng vuracaqlar, hər dəfə divandan qalxıb telefona
yanaşmağa ərinirdi, — odur ki, dolabçanı divana tərəf çəkdi, indi uzandığı
yerdən əlini uzadıb dəstəyi qaldıra bilərdi...
Yarım saat da keçdi və yenə telefon səsləndi. Zaur dəstəyi qaldırdı, elə bildi yenə
asacaqlar, amma Muxtarın səsini eşitdi:
— Siz Allah bağışlayın, Zaur, Təhminə hələ gəlməyib?
— Yox.
— Bəs hardadır görəsən?
— Bilmirəm.
— Xahiş edirəm gələn kimi mənə zəng vursun. Vacib işim var. Özüm də arabir
zəng vuracam...
Zaur heç nə demədi...
Balaca əncir ağacına baxırdı. Təhminə hey bu ağacdan danışardı, daha doğrusu,
bu ağacı onlara hədiyyə gətirmiş alpinist dostlarının söhbətlərini təkrar edərdi;
haradasa Naxçıvanda, dağlarda tapmışdılar bu ağacı. Gəmiqayanın yanında.
Gəmiqaya adlı yerdə, rəvayətə görə, Nuhun gəmisi lövbər salıbmış və oralarda
alpinistlərin dediklərinə görə qayaların üzərində maraqlı şəkillər var. Qobustan
qaya rəsmləri kimi...
Telefon zəng vurdu:
— Bəli.
Yenə asdılar: du, du, du...


Zaur səhərdən dilinə bir şey vurmamışdı, amma yerindən durub mətbəxə
keçmək, naharı qızdırmaq istəmirdi. Heç bir şey istəmirdi. Ümumiyyətlə, yalnız
bax beləcə uzanmaq, papiros çəkmək və heç bir şey haqqında düşünməmək
istəyirdi. Hətta geoloji ekspedisiya barəsində, Filizçay partiyası, Mərdanov Azər
barədə belə, düşünmək istəmirdi. Ona elə gəlirdi ki, əslində heç yoxdur da belə
geoloji partiya və varsa da, hər halda, Zaurun ora düşməsi qeyri-mümkün bir
xəyaldır... Ümumiyyətlə, ona elə gəlirdi ki, həyatında heç bir çıxış yolu yoxdur,
indiki həyatını qaytarmayacaq üçüncü bir yol, üçüncü bir variant yoxdur və hər
şey bitib-tükənib onunçün, bütün yollar bağlanıb, bütün qapılar örtülüb, bütün
pəncərələr qapanıb...
Yenə də zəng oldu. Zaur gülümsündü ki, bu cavabsız zənglər dəqiq və müəyyən
bir ardıcıllıqla səslənir, düz yarım saatdan bir...
— Alo.
Asdılar.
Saat doqquzdan sonra Zaur nigaran olmağa başladı. Axı bilirdi: Təhminə bu gün
işləmir və işləməyən günlərdə heç vaxt belə gec gəlmir evə. Bəlkə cədvəli
dəyişiblər. — Təhminə kimisə əvəz eləyib. Bunu öyrənmək çox asan idi, durub
televizoru qura bilərdi, amma ayağa qalxıb otağın o biri küncünə keçməyə,
televizoru yandırmağa həvəsi yox idi. Həm də ki, işdə olsaydı, Muxtar onu evdə
axtarmazdı... Pəncərədən Mədinəgilə boylandı, onun da işıqları yanmırdı...
Saat onu keçəndə ciddi nigaran oldu, qorxdu ki, birdən Təhminənin başında bir
qəza olar. Düz saat 11-də bir də zəng elədilər, asdılar. Muxtar daha zəng
eləmirdi. Əlbəttə, dəstəyi asan Muxtar deyildisə... Yəqin ki, o deyildi, belə
xasiyyətli adam deyildi Muxtar. Əgər o deyildisə, “vacib bir iş üçün” daha zəng
vurmurdusa Muxtar, deməli, Təhminəni tapmışdı və Zaur da daha nigaran
olmamalıydı. Təhminənin başında qəza-filan yox idi.
On ikinin yarısında gəlib çıxdı Təhminə və dəhlizdə paltosunu çıxaran vaxt yenə
telefon səsləndi.
Zaur:
— Telefonu götür, — dedi.
Təhminə:


— Sən götür, — dedi.
Zaur:
— Mən götürəndə asırlar, — dedi.
Təhminə yorğun-yorğun:
— Bilirəm, — dedi. Çox əzgin görünürdü Təhminə.
Telefon isə hey səslənirdi.
Zaur:
— Muxtar zəng eləmişdi, — dedi, — dedi ki, vacib işi var.
Bu sözlərdən sonra Təhminə aramla telefona yanaşdı, dəstəyi qaldırdı, nə isə
eşidib dərhal asdı və ağır-ağır kürsüyə çökdü.
Zaur diqqətlə ona baxırdı.
— Hardaydın? — dedi.
Təhminə:
— Canımı götürüb sənin ananın əlindən qaçmışdım, — dedi və birdən hönkürüb
ağladı.
Zaur yerindən durdu, Təhminəyə yanaşdı, əllərini onun çiyninə qoydu:
— Nə olub sənə? — dedi.
— Bacarmıram day, Zaur, bacarmıram... Təngə gəlmişəm. Hər gün mənə zəng
vurub küçə söyüşləriylə söyür, çirkab qalmayıb başıma tökməsin... Mənim
günahım var ki, sən işdən çıxmaq barəsində ərizə yazmısan, hə? Mənim heç
xəbərim də yox idi bundan. Amma anan məni hədələyir ki, məhkəməyə verəcək,
milisə xəbər eləyəcək, daha nə bilim nə... Mənim nə təqsirim var, ilahi? Sən
Allah, sən ölülərinin, dirilərinin canı, qayıt evinizə, Zaur, mənim də canım
qurtarsın. Rahat buraxın məni, sən Allah, sən də, sənin anan da. Daha səbrim
çatmır, çatmır səbrim, vallah...
Qaçıb vannaya girdi...
Zaur divarın oboylarına baxırdı... Həmin oboylara ki, Təhminənin dediyinə görə,
Zaur gələn gün çiçək açmışdılar, indi torşerin alaqaranlıq işığında bu boyalar


tamam başqa cür görünürdü... — Zaur siqaret çəkirdi, cürbəcür fikirlər gəlirdi
başına — özü barədə, Təhminə barədə, anası barədə düşünürdü.
Təhminə vannadan çıxdı, əynində mavi xələt vardı və həmişəki kimi hamamdan
sonra sifəti sakit, arxayın, tərtəmiz idi; elə bil bütün qayğılarını, dərd-qəmini,
əzab-iztirablarını yuyub atmışdı.
Telefon səsləndi, Zaur telefona tərəf atıldı, dəstəyi qaldırdı və indi asılacağını
bildiyi üçün tələsik özü:
— Ay ana, axı sən niyə belə edirsən? — deyə bircə cümlə dedi. Xəttin o biri
başında susmuşdular, bir müddət bu sükut davam etdi. Zaur yenidən sözə
başlamaq istəyirdi ki, qəflətən dəstəkdə bərkdən güldülər — kişi səsiylə bərkdən
qəhqəhə çəkdilər...
Zaur dəstəyi asdı və Təhminəyə heç nə demədi. Nə mənası vardı bir şey
deməyin. “Mən nə bilim kim idi bu, – deyəcəkdi Təhminə, – mən bütün telefon
xuliqanlarını tanıyıram bəyəm?”.
Bir də ki, son, son günlərin bütün iynələrindən, ti kanlarından küsüşmə-
barışmalarından, tənəli söz-lərin- dən, zəhərli atmacalarından, şübhələrindən,
əsəbiliyindən sonra ilk dəfə idi ki, Zaur Təhminəni belə sakit, arxayın halda
görürdü. Hamamdan sonra həmişəkindən on qat gözəl idi. Şampunla yumuşdu
saçlarını, hansı meşə bitkilərininsə, hansı ağac yarpaqlarınınsa ətri vardı bu
şampunda və qoxu Təhminənin saçlarına, bütün bədəninə hopmuşdu.
Zaur onu öpüşlərə qərq edirdi, elə bilirdi ki, ilıq bir bahar günü meşədədirlər,
ətraf yaşıllığa, sərinliyə, sıx yarpaqlar arasından düşən günəş şüalarına qərq
olub, onlar məhəbbətlərinin uzaq ilk günləri qədər bəxtiyar və hər şeydən
asudədirlər... Təhminəni sığallayırdı, oxşayırdı – bu nəvazişlər, tumarlar, öpüşlər
qurtarmaq bilmir, uzandıqca uzanırdı və elə bil hər ikisinin ürəyinə dammışdı ki,
bütün bu çılğınlığın axırına az, lap az qalıb...
* * *
— Səkinə, ərizəmi direktora verdin?
— Yox, Dadaş aldı məndən.
— Dadaş? Dadaşın bura nə dəxli var?
— Dedi ki, direktorla özüm danışacam. Bir də xahiş elədi ki, onun yanına


gələsən. Dadaşın...
Dadaş:
— Əşi, sən bir toxta görək, — dedi və küncdəki masanın arxasında oturmuş
Qurban tərəfə əyri-əyri baxdı. — Ərizən burdadır, budu ey, məndədir.
— Mən axı sizə yazmamışam bu ərizəni.
— Bilirəm, bilirəm, ancaq səninlə bir balaca söhbətim var mənim. — Bir qədər
tərs-tərs Qurban tərəfə baxdı. Qurban başını aşağı salıb, guya ki, işiylə məşğul
idi, amma qulağı darı dənləyirdi. Dadaş ərizəni Zaura uzatdı. — Ala bax, budur
ərizən, haçan istəsən, müdirə apara bilərsən. Amma səndən kiçik bir xahişim var,
səninlə balaca bir söhbət edək, sonra haçan istəsən gir direktorun yanına,
direktor qaçıb eləmir ki, işin axırınacan burda olacaq — Dadaş birbaşa Qurbana
müraciət elədi. — Qurban, — dedi, — bir neçə dəqiqəliyə zəhmət çək çıx
otaqdan, mənim Zaurla xudmani söhbətim var.
Qurban qaşqabağıyla yer süpürə-süpürə otaqdan çıxdı, amma çıxmamışdan
qabaq bir xeyli masasının siyirtmələriylə əlləşdi – açdı, bağladı, kağızları
səliqəyə saldı, götürdü-qoydu, bir söz, xeyli onların, illah da Zaurun əsəbləriylə
oynadı. Nəhayət, çıxdı otaqdan, qapını da örtdü arxasınca.
Dadaş:
— Bilirəm, Zaur, — dedi, — mənimlə o qədər də aran yoxdur. Səbəbini də
bilirəm. Amma inan ki, mən ancaq sənin yaxşılığını istəyirəm, tez-gec özündə
bunu görəcəksən. Mən ərizəni anavın xahişiylə götürmüşəm. O, təsadüfən
haradansa bilib və mənə zəng eləmişdi. Məsələ ondadır ki, atan xəstələnib.
Zaur həyəcanla yerində qurcuxdu.
— Yox, yox nigaran olma, elə ciddi bir şey yoxdur. Bir az təzyiqi qalxıb, amma
mən özüm həkimlə danışdım, deyir, qorxulu bir şey deyil. Əsəbdəndir, vəssalam,
bir-iki gün dincələr, hər şey öz qaydasına düşər. İndi səndən də xahişim budur ki,
bir-iki gün səbir eləyəsən, atan eşitməyib bu məsələni, amma eşitsə, bir az da
əsəbiləşəcək, indiki vəziyyətində isə, özün başa düşürsən, əsəbiləşmək olmaz
ona... Anan da elə bu barədə xahiş eləmişdi məndən. Qoy atan sağalsın, sonra
ərizəni apar, çıxırsan işdən çıx, özün bilərsən.
— Atam yatır?


— Yox, anan deyir ki, evdə gəzir, amma işə çıxmağa həkimlər icazə vermirlər.
Sabah dəyəcəm ona... İstəyirsən, qoy bu ərizə də məndə qalsın. Heç olmasa
bazar ertəsinəcən gözlə. Mən danışdım direktorla, o müavin də bir az zırı
adamdır, səninlə kobud danışıb bir az, bilirəm, direktora da çatdırdım bu
məsələni, dedim, axı olmaz belə, bu tərzdə danışmaq olmaz belə incə mətləblər
barəsində, özü də yeniyetmə gənclə. Axı yaşı-filanı da gərək nəzərə alasan.
Zaur:
— Yaşın bura heç dəxli yoxdur, — dedi.
— Yox, dediyim odur ki, özgənin işinə belə kobud şəkildə müdaxilə etmək
ədəbsizlikdir, qanacaqsızlıqdır. Bəyəm belə məsələni kobud, qaba inzibatçılıq
yoluyla həll etmək olar? Neyləyəsən, belə zatıqırıq adamlar da var da...
Köynəyinin tərli, kirli boyunluğu, ora-bura dığırlanan göz bəbəkləri – bu
adamların bütün görkəmi Zaurun ürəyini bulandırırdı. Əlləri necə də gödəkdir,
barmaqları necə də qısadır, ilahi, elə bil ilk dəfə idi görürdü onun gödək
barmaqlarını.
Zaur ayağa qalxdı:
— Yaxşı, — dedi, — bazar ertəsinəcən gözləyərəm.
Dadaş:
— Otur, — dedi, — sənə bir neçə kəlmə sözüm də var. Amma xahiş eləyirəm
axıracan dinləyəsən... Dünən Təhminəylə danışmışıq. — Bu cümləni birnəfəsə
dedi, elə bil qorxurdu ki, Zaur ağzından vurar, durub çıxıb gedər, söhbətləri
yarımçıq qalar. — Dünən bütün axşamı Təhminəylə söhbət eləmişik. Amma
ürəyinə ayrı bir şey gəlməsin, ha...
Zaur, nədənsə, ancaq Dadaşın gödək barmaqları haqqında, gödək əlləri haqqında
düşünürdü, belə gödək əllərlə Təhminəni necə qucaqlamaq olardı, ilahi?
— Sən bilirsən ki, mənim ona münasibətimi. Nə olur olsun, mənim ona
müəyyən rəğbətim var və bir çox yaxşı cəhətlər görürəm onda.
“Gödəkdir əlləri də, barmaqları da, yaman gödəkdir”. Zaur bir kəlmə dinib
danışmırdı.
— Hə, sözüm odur ki, dünən Təhminəyə zəng elədim, görüşdük və hər şey


barəsində ətraflı danışdıq... Zaur, inan mənə, sizin aranızda nə olubsa, olub
keçib, hər şey bitib, hər şey qurtarıb. Təhminə artıq başa düşüb bunu, sən də bir
azdan başa düşəcəksən, amma bir az gec başa düşəcəksən, həm də başqalarına, o
cümlədən atanla anana əziyyət verəcəksən... Xahiş edirəm sözümü kəsmə,
axıracan dinlə məni. Mən hər şeyi başa düşürəm, — rast gəlmisiniz bir-birinizə,
bəyənmisiniz bir-birinizi, bağlanmısınız bir-birinizə, məhəbbət deyirsən buna,
sevgi deyirsən, nə deyirsən de, sözüm yoxdur. İkiniz də cavansınız, sağlamsınız,
gözəl-göyçəksiniz, bir-birinizi cəlb etmisiniz, nə günah var ki, bunda?! Bilirəm,
hamısını bilirəm. Moskvada da olmusunuz bir yerdə, indi Bakıda da bir
mənzildə yaşayırsınız. Amma oğul, inan mənə, bir gün hər şey sona yetir, ən
çılğın ehtiras belə bitib tükənir və əgər kişiylə qadını ehtirasdan başqa heç nə
bağlamırsa — yəni ailəylə, uşaqlarla, nikahla bağlı deyillərsə — onda bu cür
əlaqə elə bir dəhşətli işgəncəyə çevrilir ki, gəl görəsən.
Zaur Dadaşın nitqindəki hər çaları yaxşıca duyurdu; eşqdən, məhəbbətdən
danışanda – rişxəndini, gənclikdən, gözəllikdən danışanda – həsədini, aralarında
hər şeyin bitib-tükənməsindən danışanda – duyduğu ləzzəti – hər şeyi, hər şeyi
qavrayırdı. Zaur onu da bilirdi ki, bu ağsaqqal təmkini, bu həlim danışıq, bu
öyüd-nəsihət – hamısı eyni bir məqsədə yönəlmişdi: Zauru sındırmaq, qırmaq,
ram etmək – hədələrlə, tənələrlə, inzibati tədbirlərlə nail ola bilmədiklərinə
Dadaşın xəbis müdrikliyilə, mötəbər məqsədlərilə, mülayim rəftarıyla çatmaq
istəyirdilər. Ən dəhşətlisi bu da deyildi. Ən dəhşətlisi o idi ki, qəlbinin
dərinliklərində Zaur, Dadaşın sözlərindəki həqiqəti duyurdu, bilirdi onun
dedikləri düzdür, doğrudur, amansız, çılpaq və yeganə həqiqətdir. Bircə şeyi
bilmirdi – bütün bunları, ehtirasın bitib-tükənmədiyini, birgə həyatlarının
işgəncəyə çevrildiyini Dadaşa Təhminə özümü danışmışdı, yaxud Dadaşın öz
gümanları, çin çıxmış fərziyyələri idi? – Hər halda dünən Təhminənin Dadaşla
görüşməsinə şəkk-şübhə ola bilməzdi.
— Hər şey sənə belə dəhşətli faciə kimi görünməsin e, — dedi. — Dünyanın
axırı bilmə hər şeyi. Sənin ömrünün sonu deyil ki bu, olsa-olsa ancaq bir
epizoddur. Həyat bilirsən nə uzundur. Zaur, yalan deyirlər, qısa deyil ömür, biz
çox yaşayırıq, lap çox, o qədər, o qədər şey görüb bilirik, o qədər bərkə-boşa
düşürük, dünyanı, necə deyirlər, əməlli-başlı dişimizə vururuq. İndi ayrılsanız,
ömrünüzün bu günlərini həmişə xoş bir təəssüflə, yüngül bir qüssəylə yad
edəcəksiniz, şirin bir yuxu kimi, amma əlaqəniz davam etsə, bu, əməlli-başlı
əzab-əziyyətə çevriləcək... Tıx deyincə yeyib toxluq eləməkdənsə, hər şeydən bir
balaca doymamağın özgə ləzzəti var, inan mənə. — Bu sözlərdən sonra Dadaş


gülümsündü və bu sözlərdən sonra Zaurun gözləri qarşısında haçansa gördüyü
bir səhnə canlandı: Dadaş toppuş, gödək barmaqlarıyla soyutma toyuğu
paralayır, ağzının içinə basır, hav ada istidir, tər və yağ bir-birinə qarışıb axır
çənəsindən boğazına, çirkli boyunluğunun ardına, boğazına, döşünə, sinəsinə...
Zaur ayağa durur, yenə də kəlmə kəsmədən qapıya tərəf addımladı. Dadaş onun
arxasınca:
— Bugündə, sabahda bir atana baş çək, — dedi. — O saat bütün azar-bezarı
keçib gedəcək...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə