TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

ONUNCU FƏSİL
Ey, məh, mənimlə dustlarım düşmən eylədin,
Düşmən həm eyləməz bu işi kim, sən eylədin.
Torpağın altından, yerin dərinliyindən işığa can atan ot kimi, bitki kimi Zaur da
yuxunun qaranlıq və qatı zəminindən səhərə doğru boylanırdı...
Tül pərdəli pəncərələrdən çəpəki günəş şüası olub otağın döşəməsinə düşmüşdü
səhər... Mətbəxdən ləzzətli iylər olub otağa süzülürdü səhər... Haradasa
yarıpıçıltılı, gülüşlü, sevincli səslər qatma-qarışığıyla, radionun ertə konsertiylə
mənzilə dolurdu. Təhminə idi yarıpıçıltılı danışan, gülən... Səhər açılmşıdı,
Təhminə mətbəxdə qayğanaq bişirir, çay dəmləyir, Mədinəylə laqqırtı vururdu
və Zaurdan danışırdılar. Səsinin hər xalında sevinc vardı Təhminənin, gülüşünün
hər çalarına bəxtiy-arlıq hopmuşdu Təhminənin və bütün bu səhər sevincləri
Zaurla bağlıydı...
— Tənbəlin böyüyüymüş Zaur, — deyirdi, — heç cür oyanmaq istəmir, — otağa
gəldi. — Tənbəl, tənbəl, a tənbəl, yatsan olar iş əngəl, dur Zaurik, gün çıxıbdı
günortanın yerinə.
Hələ də gözləri qapalıydı Zaurun, tamam ayılmamışdı, amma yuxulu da deyildi,
qəribə bir orta vəziyyətdə idi – məkanı, harda olduğunu, ayın tarixini, öz
vəziyyətini dəqiq təyin edə bilməzdi indi, amma eyni zamanda, xoş bir səhər
hissi, qayğısız bir erkənlik, təzəlik, saflıq ovqatı duyurdu, bir yüngüllük, işıq
vardı içində, elə bil içində xoş bir mahnı oxunurdu. Təhminənin səsi yenə
uzaqlaşdı, yenə mətbəxdən gəldi:
— Müsibətlə durub yuxudan, elə birtəhər əl-üzünü yuyub küçəyə cumur ki, işə


gecikməsin. Uşaq kimidir lap. Gərək uşaq kimi qeydinə qalasan, özbaşına
qoysan, səhər heç çay-çörək də yeməz... — səsi yenə yaxınlaşdı və otaqdan
gəldi. — Xan həzrətləri buyurub dursunlar, yemək-içmək hazırdır.
Zaur gözlərini açdı, gülümsünüb, gərnəşdi.
— Yox, çox pis öyrədiblər, ərköyün böyüdüblər, — yenə də mətbəxdə Zaurdan
Mədinəyə şikayət edirdi.
Məhəbbətlərinin ilk çağlarında – adamın bütün içini çapıb-talayan görüşlərin xoş
qarətindən sonra Zaurda qəribə bir istək oyanırdı – Təhminədən ayrıldıqdan
sonra dostlarıyla, sırf kişi məclisində oturmaq, yeyib-içmək, deyib-gülmək
istəyi. Bəzi kişilərin öz eşq macəralarından açıq-saçıq söhbət eləmələrindən
zəhləsi gedirdi Zaurun. Heç bir vaxt özü heç bir şeyi heç kəslə bölüşməz, —
qürrələnməzdi. Amma məhəbbət görüşlərindən sonra sırf kişi məclislərinin
asudəliyi Zauru cəlb edirdi, çünki bura – öz zarafatları, ümumi məzəli söhbətləri,
müştərək xatirələri olan dostların məclisinə – Zaurun içini limhalim dolduran bir
sirlə, sehrlə, heç kəslə bölüşməyəcək duyğularla gəlirdi. O da söhbətlərdə,
mübahisələrdə, zarafatlarda iştirak edirdi, amma fikri-xəyalı buralardan
uzaqlarda – Təhminənin yanındaydı və fərəhlə düşünürdü ki, yəqin Təhminə də,
harada olursa olsun, Zauru yada salır, keçmiş görüşlərinin xoş anlarını bir də
fikrində canlandırır, yaşadır. İndi Zaur başa düşmüşdü ki, Təhminə də təqribən
belə bir hiss keçirirmiş və Zaurla görüşlərindən sonra mütləq Mədinəylə
ünsiyyət, təmas ehtiyacı duyurmuş. Aşiq olan insan eqoistləşir, ona elə gəlir ki,
keçirdiyi xoşbəxtlik, səadət dəmləri başqalarına da yoluxa bilər. Halbuki
başqasının sevinci insanı çox nadir hallarda eyni dərəcədə sevindirə bilir,
əksərən, hər bir insan başqasının sevincinə biganə qalır, bəzən hətta qısqanır, ya
həsəd çəkir bu özgə sevincinə. Məhəbbət – iki nəfərin şəxsi işidir, deyirlər ki,
üçüncü artıqdır, amma bəzən məhz bu üçüncü gərək olur iki sevişənə –
səadətlərinin şahidi kimi. Bu şahid güzgü kimi lazımdır onlara – güzgüyə baxıb
öz xoşbəxtliklərini görmək üçün. İndi Zaurla Təhminənin xoşbəxt günlərinin
belə bir güzgüsü, belə bir şahidi peyda olmuşdu və adı Mədinə idi... Mədinə
gündə neçə dəfə keçirdi Təhminəgilə – lap səhər erkən də, gecənin bir yarısında
da. Çox vaxt gəzməyə də bir yerdə çıxardılar – Təhminə, Zaur, Mədinə...
Küçədə təsadüfən rastlarına çıxan bir adam – ümumi xatirələrin qəhrəmanı
olurdu: “Yadında, “Azərbaycan” kinosunun yanında o axsaq vəkilə rast gəldik:
öz-özüylə danışırdı, yəqin məhkəmədəki nitqini məşq edirdi... “O qoca arvad
yadında, parapetin yanında itlə gəzməyə çıxmışdı, iti nə yaman özünə oxşayırdı,


ay Allah!”
Bir dəfə gecəyarısı kinodan qayıdırdılar. Cavan bir oğlana rast gəldilər, oğlan
evlərin tinində elektrik qutularının qapaqlarını açır və işıq reklamlarını keçirirdi.
Əmanət kassaları, sığorta, yeni filmlər haqqında iri şəhər reklamlarının hərfləri
bir-bir sönürdü. Belə qəribə bir peşə varmış – gecələr şəhərin reklam işıqlarını
söndürmək peşəsi... Mötəbər ailə başçısı ailə üzvləri yatandan sonra mənzilin
bütün işıqlarını yoxladığı, söndürülməmişini söndürdüyü kimi bu oğlan da
şəhərin çıraqlarını keçirirdi. Təhminə, Zaur və Mədinə uzun zaman bu romantik
peşədən danışdılar və Təhminə dedi ki, bir başqa romantik peşə sahibini də
tanıyır – o da bulvardakı fontanları səhərlər işə salır və gecələr yatırır. Bir gün
xəstələnib işə çıxmasa, bulvardakı fontanlar o gün fəvvarə vurmayacaqlar.
— Amma ən maraqlı peşə bilirsiniz hansıdır?
— Təhminə əvvəl Zaura, sonra Mədinəyə baxdı. — Hava məlumat idarəsində
işləmək. Mən özüm bir vaxt yaman metroloq olmaq istəyirdim. Təsəvvür edirsiz,
yağışdan, küləkdən xəbərdar olacaqsan, buludlar hardan gəlir, qasırğa harada
qopacaq, ildırım harada çaxacaq...
Bəzən bu gəzintilər zamanı tanışlarına rast gəlirdilər və tanışlar hər üçünü –
Təhminəni, Zauru, Mədinəni diqqətlə süzürdülər. Və həmin o şəxslər ki,
Təhminənin hər hərəkətini Zaurun anasına yetirərdi, indi Zaurla Təhminənin və
Mədinənin gecə gəzintiləri haqqında arvada yerli-yataqlı xəbərlər çatırdı,
yarasına duz basırdılar. Cin vururdu Zivər xanımın təpəsinə və o telefonu qapıb,
Təhminəyə zəng edir, dişinin dibindən çıxanı deyirdi... Zaur bu barədə ancaq
üçüncü, ya dördüncü zəngdən sonra bildi...
Bir dəfə gördü ki, Təhminə telefona yanaşdı, dəstəyi qaldırdı: “Bəli, mənəm”, –
dedi, amma birdən-birə ağappaq ağardı, dili-dodağı əsdi və bir müddət lal-
dinməz qulağında saxlayıb asdı.
Zaur:
— Kim idi? — deyə xəbər aldı.
Təhminə:
Düz düşməyiblər, – dedi. Zaur başa düşdü ki, yalan deyir, amma nə illah elədisə
də, Təhminə bir şey demədi. Zaurun heç ağlına da gəlməzdi ki, anasıymış zəng
vuran. Onun ağlına tamam başqa şeylər gəlirdi: yenə də qısqanırdı Təhminəni,


yenə də elə bilirdi ki, Təhminə ondan nə isə gizlədir. Axı doğrudan da,
Təhminəyə çox tez-tez zəng vururdular, özü də dəstəkdən gələn səslərin çoxu
kişi səsi idi... Təhminə telefonla çox mehriban danışırdı, sonra isə mısmırığını
sallayan Zaura:
— Sən də qəribə adamsan e, Zaurik, — deyirdi, — dərzimdir də. Demişdim ki
sənə, paltomu vermişəm qısaltsın. Axşam primerkaya getməliyəm.
— Nə danışırsan, Zaur, diş həkimidir də, görmürsən dişlərimi müalicə
elətdirirəm, zəng eləmişdi ki, bu gün gəlməyim, işi var, gələn həftə gəlim.
Amma ikinci, ya üçüncü dəfə idi ki, bax beləcə telefonu götürür, nə isə eşidib
susur və dinməzcə dəstəyi yerinə qoyurdu və bundan sonra da bir müddət halı
özündə olmurdu.
— Yenə ayrı yerə düşüblər? — deyə soruşdu Zaur.
Təhminə:
— Hə, — dedi və tələsik vanna otağına keçdi... Zaura elə gəldi ki, oradan
hıçqırıq səsləri eşidilir, amma yarım saatdan sonra Təhminə vannadan çıxdı,
sifəti tərtəmiz və açıq idi, üzü də qayğısız gülümsünürdü.
Səhərisi gün yenə zəng olundu və Təhminə dəstəyi qaldırıb pərişan bir halda
susduqda Zaur bildi ki, zəng vuran həmin adamdır, ehmallıca arxadan
Təhminəyə yanaşdı, birdən kəskin hərəkətlə dəstəyi qapıb öz qulağına tutdu.
Dəstəkdən hiddətli qadın səsi və elə bil zəhərlə yoğrulmuş bir nəfəs gəlirdi:
— Ay qəhbə, ay üç manatlıq şortu, sən elə bilirsən uşağımızı əlimizdən ala
biləcəksən? Ay sənin o həyasız sifətini! — Zaur dərhal dəstəyi qoydu, bu səsi
dünyada heç bir başqa səslə dəyişik sala bilməzdi — anasının səsiydi bu.
Təhminə qolu-qanadı sanki qırılıb yanına düşmüş Zaura baxdı, qəmli-qəmli
gülümsündü:
— Di sakit oldun? — dedi.
Zaur xəcalətindən nə edəcəyini bilmirdi, bilmirdi nə desin, nə etsin və güc-
bəlayla yalnız:
— Dünən də o idi? — deyə soruşdu.
Təhminə ağır-ağır başını yellədi, sonra yavaş səslə əlavə elədi:


— Hər gün zəng eləyir. Sən bura köçəndən bəri hər gün.
Bir ay idi Təhminəgildə yaşadığı. O soyuq noyabr günü atasıyla danışdıqları,
evlərindən çıxıb getdiyi axşam yadında idi. Atasıyla o ağır söhbətdən sonra,
anasıyla görüşmədən qapını çırpıb evlərindən çıxmış, bura gəlmiş və hər şeyi
Təhminəyə danışmışdı... Təhminə:
— Zaurik, — dedi, — yəqin ki, mən yaxşı adam, nəcib qadın olsaydım, gərək
sənə deyəydim: yox, yox, əzizim, cavan həyatını mənə qurban vermə, qayıt
evinizə, ata-ananı bədbəxt eləmə. Amma mən yalan danışmaq istəmirəm.
İstəyirəm qalasan mənimlə. Hətta belə ağır şeylərin bahasına olsa da qalasan...
Yəqin mən çox pis adamam və çox amansız qadınam... Neyləyəcəksən?..
* * *
Yalnız Təhminənin yanında qalandan sonra Zaur uzun gecələrin Təhminəyçün
nə qədər əzablı olduğunu başa düşdü. Təhminə yata bilmirdi, yuxusuzluq
bəlasına düçar idi və səhəri açmaq onunçün həyatın ən ağır işgəncələrindən idi.
Təhminə bu dəhşətli tənhalıq gecələri haqda çox danışırdı Zaura və deyirdi ki, ən
dəhşətli tənhalıq – gecə tənhalığıdır və əriylə yaşadığı vaxtlar o bu dəhşətli gecə
tənhalığını bəlkə daha da ağır hiss edirdi, “indi isə sən – canlı, isti bir varlıq –
burdasan, yanımdasan və mən özümü tənha hiss eləmirəm” – deyirdi...
— Xan, barı bir gözünüzü açın, yeməyinizi yatağa gətiriblər.
Sinidə qayğanaq, qəhvə və xırda-xırda doğranmış kəllə qənd gətirmişdi... Dünən
axşam kəllə qəndləri yox idi, Zaur axşam çay içəndə dedi ki, biri qəndi xoşlamır
və Təhminə səhər tezdən durub dükana düşmüşdü, Zaur yuxudan oyananacan
kəllə qənd alıb gətirib, xırda-xırda doğramışdı. İndi Zaur bütün bunları yadına
salıb, sonsuz bir məmnunluqla kəllə qəndi ağzına qoyur və gülümsünürdü.
Təhminə onun bu məmnun gülüşünə baxıb qəhqəhə çəkdi:
— Aman Allah, kişilər lap uşaq kimidirlər e... Xırda bir arzunuzu yerinə yetirən
kimi ağzınız gedir qulağınızın dibinə. Madam ki, hər xırda istəyinizə əməl
edirik, elə bilirsiniz ki, day sizin yolunuzda sinov gedirik. Odur ki, tez tora
düşürsüz də.
Zaur qəndi uddu, qəhvədən bir qurtum aldı, udqundu və:
— Bəs əslində belə deyil, sinov getmirsən mənimçün? — dedi.


Təhminə cavab vermədi, dilini göstərdi ona və otaqdan çıxdı.
Zaur addımlarını dinləyirdi Təhminənin. Təhminə mətbəxə gedirdi, otağa
qayıdırdı, əynindəki paltar təki sadə və yüngül bir melodiya zümzümə edirdi,
hardan düşmüşdü bu melodiya dilinə? Bu melodiyada işıqlı bir səhər erkənliyi
vardı, divara düşmüş çəpəki günəş şüaları, sabundan üfürülən şüalar vardı,
apaydın, apaçıq mavi səmada uçan rəngbərəng çərpələnglər vardı – qayğısız
uşaqlığın bütün işığı, buludsuzluğu vardı və ilıq dekabr gününün gözlənilməz
bol günəşi pəncərələrdən otağa dolub oboyların çiçəklərini də elə bil doğrudan
çırtdatmışdı... Qəhvə də isti idi, çörək də isti və təzəydi, qayğanaq da ləzzətliydi,
Təhminə də sadə melodiyanı hey zümzümə edirdi və bütün bunlar elə cavab idi
də...
* * *
Səhərlər Təhminənin səliqəli mətbəxində yemək yeyərkən bəzən öz evlərini
yada salardı. Təhminənin mətbəxi həmişə tərtəmiz olardı, döşəməsi qara-yaşıl
kvadratla döşənmişdi, masanın üstündə də dördkünc Vyetnam salfetləri
düzülmüşdü, elə bil pəncərədən düşən işıq da dəqiq kvadratlara bölünmüşdü. Bu
mətbəxin səliqəsi-sahmanı nədənsə Zaurun xəyalında mətbəx masasının üstü
həmişə qalaq-qalaq yemək istəyəndə bu çirkli-yağlı boşqabları aralayıb masanın
üstündə kiçicik bir yer açardı, çayını-çörəyini orda yerləşdirib, birtəhər yeyərdi.
Tələsik yeyərdi, çünki ətrafdakı yağlı qabları, illah da hardansa gəlib bu
boşqabların arasına düşmüş anasının iri darağına baxanda ödü ağzına gələrdi.
Darağın üstündə də həmişə bir cəngə tük olardı...
Mətbəxin, evin, üst-başının təmizliyinə, səliqəsinə Təhminə o qədər vaxt sərf
edərdi ki, Zaur, hətta təəccüblənirdi də. Təhminə: “Bəs necə, – deyərdi, – evdə
təmizlik ən vacib şərtdir, adamın kefi-əhvalı da, özünü necə hiss eləməsi də
hamısı bundan bağlanır. Evin təmizliyini gərək uşaqdan böyüyə hamı gözləsin.
Özü də lap körpəlikdən tərbiyə etmək lazımdır bu hissi”.
Uşaqların tərbiyəsi haqqında saatlarla danışa bilərdi... oğlu olsaydı onu necə
tərbiyə etməsindən (idmanla məşğul olardı mütləq, ən kiçik yaşından üzmək
öyrənərdi), qızı olsa onun necə böyütməsindən (gəlin kimi geyindirib
bəzəndirərdim onu, üç yaşından balet məktəbinə verərdim ki, bədəni mütənasib
olsun) elə hey söz açardı və deyərdi ki, onun uşaqları dünyada ən səliqəli və ən
gözəl uşaqlar olardı yəqin.


Amma bəzən tamam başqa şeylər deyərdi... İstərdim ki, deyirdi, çoxlu uşağım
olsun, hamısı da səliqəsiz, murdarçı, bütün bu mənzili çirkləndirib batırsınlar və
həm də bu uşaqlar Zaurun uşaqları olsun. Hər ikisi – Zaur da, Təhminə də –
bütün günü onların çirklərini, zibillərini təmizləsinlər, his-paslarını yusunlar,
dallarıycan zibillərini təmizləsinlər, yorulub əldən düşsünlər, amma bütün
bunlara baxmayaraq yenə də bir-birini sevsinlər. Bütün günü uşaqlarla əlləşib
axır ki, onları yatırsınlar və onları yatırandan sonra yenə də bir-birlərinə
qovuşsunlar – bax əsl məhəbbət bu olardı – məişətin, gündəlik həyatın hər cür
xırda-para qayğılarından, əzab-əziyyətlərindən, çirkindən, hisindən-pasından
keçib, əvvəlki çılğınlıqda qalan məhəbbət doğruçu məhəbbətdir, yoxsa ki, elə-
belə “quru-quru qurbanın olumun” nə qiyməti var?
— Sən heç bilirdin, Zaur, demə uşaqlar ana bətnində yuxu görürlərmiş... Bircə
biləydim nə görürlər yuxularında, axı hələ dünyadan xəbərsizdirlər, nə xəyalları,
nə təsəvvürləri ola bilər ki, onu da görsünlər yuxuda. Amma elmi, tibbi surətdə
təsdiq olunub ki, özləri də bilirsən nə cür yuxuya gedirlər — ana ürəyinin
döyüntüsü altında... yəqin orada... bu səs təbil səsi kimi gəlir. Belə bir
eksperiment eləyiblər: ana ürəyinin döyüntüsünü maqnitofona yazıblar və yenicə
dünyaya gəlmiş uşaqların qulağının dibində səsləndiriblər, o saat yuxuya gedib
uşaq... Eh, Zaurik, heyif ki, mən ana ola bilməyəcəyəm heç vaxt.
— Nə əcəb bəs uşaq götürmürsən? — dedi Zaur. “Götürmürük” yox, məhz
“götürmürsən”. Bu barədə hər ikisi — Zaur da, Təhminə də eyni anda
fikirləşdi...
Təhminə bir qədər susduqdan sonra:
— Bilirsən, — dedi, — mənim də ağlıma gəlib. Amma qərara gəldim ki, heç bir
vaxt eləməyim bu işi. Axı Zaurik, mən dəliyəm, xasiyyətimi bilirsən necədir, üç
günə, bir həftəyə, bir aya o uşağa elə bağlanardım ki, doğma balamdan da artıq
istərdim. Amma hər an, hər dəqiqə onu da düşünərdim ki, mənimki deyil.
Qorxudan ürək-göbəyimi yeyərdim, birdən uşağın əsl ata-anası çıxdı və nə cürsə
tanıdılar uşağı — nağıllardakı kimi, məsələn, kürəyindəki bir xala görə. Yaxud
lap elə ata-anası olmasın, hər halda kimsə bir mərdimazar bir gün həqiqəti açıb
deyəcək uşağa. Tutalım oğlan olsun, bir vaxt evlənəcək, o zaman arvadı mütləq
açacaq bu sirri ona — sənin anan doğma deyil ki, deyəcək... Ya arvadı olmasın,
başqa adam olsun, nə çoxdur belə “xeyirxahlar”, mənim o qədər istəməyənlərim,
düşmənlərim var ki, biri elə tutalım sənin anan — Zaur qızardı — ya başqası,
məni yandırmaqçün, məndən intiqam almaqçün mütləq açacaqlar həqiqəti uşağa.


Təsəvvür eləyirsən, deməli, mən bütün ömrümü gərək iynə üstündə oturam, hər
dəqiqə, hər gün qorxam ki, bu gün, ya sabah uşaq həqiqəti biləcək... Deməli, o
tam mənimki olmayacaq. Mən isə istəyirəm ki, kim isə tam mənasında mənim
olsun, ancaq mənim... — Yenə bir müddət susdu, sonra qətiyyətlə əlavə etdi:
— Yox, özgə uşağı elə özgə uşağıdır. Mənimki deyil... Sənin kimi Zaurik... axı
sən də mənimki deyilsən... Gectez itirəcəm səni... bilirəm axı...
Bu söhbət Zaurun Təhminənin yanına köçdüyü lap ilk günlərdə olmuşdu. Zaurun
haradasa ürəyinin lap dərinliklərində gizlətdiyi bir hissi, ürəyinə dammış bir
duyğunun Təhminə tərəfindən belə dəqiq ifadə olunması qəribə idi. Mat-məəttəl
qalasıydı... Onlar ikilikdə içki içəndə belə Təhminə həmişə — stolun üstünə bir
qədəh də qoyurdu: bu sənin, bu mənim, bu da bizim ayrılığımızın... Görüşlərinin
ilk günündən gələcək ayrılıqları da onlarla birgə yaşayırdı, gündən-günə
böyüyərək gündən-günə yaxınlaşırdı.
* * *
Söhbət tamam kənar məsələdən düşmüşdü – həqiqi və yalançı kübarlıqdan – nə
bilim, babanın babasının kim olmasından, əsil-nəcabətdən, qandan-filandan asılı
deyil... – deyirdi Təhminə. Həqiqi kübarlıq insanın gözütoxluğunda, özünü
tutmasında, daxili ləyaqətindədir. Həqiqətən kübar və ziyalı adamı mən
addımlarından tanıya bilərəm, insanın necə yeriməsi onun varlığı, mənliyi,
insanlığı haqqında çox şey deyir. Məsələn, götürək Muxtarı.
Muxtar haqqında söhbətlər birgə yaşadıqları günlərdə Zaurun ən çox qanını
qaraldan şey idi. Muxtar haqqında söhbətlər, bir də telefon zəngləri. Elə hamıdan
çox zəng eləyən də Muxtar idi.
Zaur təəccüblə:
— Bütün günü idarədə bir yerdəsiniz, söhbətinizi eləyib qurtarmırsınız ki, evə
gələn kimi yenə bir saat Muxtarla telefonla laqqırtı edirsən?
Təhminə gülə-gülə:
— Zaurik, niyə başa düşmürsən, — deyirdi, — idarədə hamı ancaq işlə
məşğuldur, qeybətə macal qalmır. Amma telefonla qeybət qılırıq. Axı Muxtarın
da qeybətlə arası kökdür. Nə deyirsən de, öz aramızdır, arvadların adı çıxıb,
kişilər qeybəti arvadlardan çox xoşlayırlar. Mənim dostlarımın çoxusu...


Zaur onun sözünü a yarımçıq kəsib:
“– Mənim dostlarım, mənim dostlarım”, – deyə Təhminənin ağzını əydi, –
yaman çoxdur sənin dostların... Yadında saxla, adam istəyəndə ki, dostu çox
olsun, axırda bir nəfər də həqiqi dostu qalmır.
Təhminə soyuq bir tərzlə:
— Nədir, yəni özünü nəzərdə tutursan?.. Hədələyirsən məni? Ya xəbərdarlıq
edirsən?
Zaur:
— Necə istəyirsən o cürə başa düş, — dedi. İLk dəfə onda toqquşdular.
Təhminə dinmədi. Kirimişcə geyindi, heç nə demədən çıxıb getdi... Zaur onun
hara getdiyini bilirdi, axşam verilişi vardı, yarım saatdan sonra Zaur televizoru
qurdu və ekranda Təhminəni gördü. O axşam bütün verilişlərə baxdı və
verilişlərin arasında elan edən Təhminəni gördü... Axırıncı verilişin qurtarmasına
iyirmi dəqiqə qalmış Zaur geyinib küçəyə düşdü, maşın tutdu, televiziyanın
qabağına gəldi. Birinci mərtəbədəki mənzillərin pəncərələrindən televiziya
ekranının mavi şüası görünür və Təhminənin səsi gəlirdi... Təhminə verilişin
qurtardığını elan etdi, hamıya “gecəniz xeyrə qalsın” dedi... Beş-on dəqiqə də
keçdi və Zaur Təhminənin tələsik addımlarla trolleybus dayanacağına tərəf
qaçdığını gördü. Zaur çağırdı, Təhminə onu gördü, gülümsündü. Onlar
qucaqlaşdılar, adamsız gecə avtobusuna mindilər və avtobus onları Təhminənin
evinə – onların evinə tərəf apardı...
* * *
— Sən gərək məni qısqanmayasan, Zaurik, — qaranlıqda onun pıçıltıları sanki
sözlərə xüsusi bir siqlət verir, həqiqət aşılayırdı; bu sözlərə inanmamaq olmurdu
— qısqanmaq bilirsənmi nə deməkdir, deməli, sən özün öz zəifliyini etiraf
edirsən. Amma heç kəsə qısqanmamaq hamıdan güclü olmaq deməkdir. Mən
istəyirəm sən güclü olasan, Zaurik, hamıdan güclü... Özünə inanasan... Bir də
mənə inanasan, Zaurik... İnan mənə... Mən sənə xəyanət etmərəm... Nə qədər ki
biz bir yerdəyik...
* * *
Axşamlar tez-tez musiqiyə qulaq asardılar. Təhminənin çoxlu lent yazıları vardı,


amma bu yazıların toplanmasında heç bir dəqiq prinsip, ya sistem yox idi.
Müxtəlif musiqi parçalarını yazdırmışdı – yalnız özünün sevdiyi musiqiləri. Çox
vaxt yalnız klassik musiqini və “Leyli və Məcnun” operasını dinləmək
istəyirdi... Hər axşam bir qədər rəqs etmək də xoşlayırdı, ağır ritmli caz
musiqisi-blüzləri çaldırırdı və otağın dar sahəsində Zaurla qol-boyun olub, uzun
zaman rəqs edirdilər. Gözlərini yumar, uzun saçlarını Zaurun çiynindən onun
kürəklərinə sallayar, qollarıyla Zaurun boynunu qucaqladı.
Çox vaxt xalq mahnıları çaldırardı: xatirəsində hər mahnı nə iləsə bağlı idi...
Musiqiyə xüsusi bir münasibət bəsləyirdi və deyirdi ki, Zaur onu atıb gedəndən
sonra musiqi sonuncu və yeganə pənahı olacaq. “Onda musiqi qurtaracaq məni,
– deyirdi, – yoxsa ölərəm, ya da içkiyə qurşanaram”, “Səndən mənə yar olmaz”,
“Aman ovçu”, “Pəncərədən daş gəlir”, “Girdim yarın bağçasına”, “Papirosun
yana-yana”, “Qaragilə” mahnılarına, ən çox da “Laçın” mahnısına qulaq asardı...
Qəlbinin ən dərin, ən gizli hisslərini, — söz tapıb ifadə eləyə bilmədiyi
duyğularını elə bil bu mahnıların melodiyalarında, sözlərində tapırdı. Bu sözlər –
məhəbbət, ayrılıq, nisgil, ümid haqqında mahnı sözləri – dünya qədər qədim və
əbədi sözlər – elə bil Təhminənin ürəyinin, varlığının dibindən, ən dərin, ən gizli
guşələrindən qopub gəlirdi.
— Zaurik, gör bir nə qədər sadədir və gözəldir: “Küçələrə su səpmişəm, yar
gələndə toz olmasın”. Gör necə sevərlərmiş bir vaxtlar, Zaurik, indi gör necə
sevirlər. Məsələn, sən mən keçən küçələrə heç su səpərsənmi, toz olmasın deyə?
Zaur:
— Bakıda mümkün deyil bu, — deyirdi, — küçənin bir başına su səpənəcən
xəzri o biri başını yenə toza qərq eləyəcək.
— Eh, ruhun yoxdur sənin.
Ayrı mahnı səslənirdi və Təhminə də indi başqa sual verirdi: “Qoy məni
öldürsünlər bir alagöz qız üstə”. – Zaurik, sən heç razı olarsanmı ki, səni bir
alagöz qız üstündə öldürsünlər? Öldürmək yox, e, Allah iraq eləsin, öldürmək-
zad nədir, amma bax, məsələn, sevdiyin alagöz qızın üstündə razı olarsanmı ki,
bir qədər çətinliyə, əzab-əziyyətə dözəsən?
— Məlumun olsun ki, mən çox çətinliklərə, əzab-əziyyətlərə dözürəm, bir
qaragöz qız üstdə...
— Eh, Zaurik, heç nə başa düşmürsən sən. Ürəyin genişliyinə bax e: “Qoy məni


öldürsünlər, bir alagöz qız üstə”. Bəs bu sözləri bilirsən, qulaq as, fikir ver: “Bir
evdə ki, sən tək gözəl olmadı, o ev viran olub, talanmaq gərək”. Zaurik, bu
sözlər xalqın təfəkkürünü yüz dənə qalın elmi kitabdan daha gözəl ifadə edir...
Maqnitofondan mahnı səslənirdi: “Səndən mənə yar olmaz” – və Təhminə
Zaurun düz gözlərinin içinə baxabaxa bu sözləri təkrar edirdi: “Səndən mənə yar
olmaz”. Zaur, doğrudan da, təəccüblənirdi. Təəccüblənirdi ki, sevdiyi, amma
indiyə qədər belə diqqət vermədiyi xalq mahnılarını onun və Təhminənin
münasibətlərindəki ən dərin, ən mübhəm duyğuları bu qədər səlis və dəqiq ifadə
edə bilirlər. “Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax, xumar gözdən yaş gəlir,
ay bəri bax, bəri bax. Səni mənə versələr, ay bəri bax, bəri bax, Allaha da xoş
gələr, ay bəri bax, bəri bax...”.
Təhminə bu sözləri də təkrar edir:
— Doğrudan da, Zaurik, səni mənə versəydilər, Allaha da xoş
gələrdi, — deyirəm, amma nə olsun ki, verməyəcəklər səni mənə, dünyasında
verməzlər, bilirəm axı...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə