TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə8/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   4   5   6   7   8   9   10   11   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

ALTINCI FƏSİL
Canlar verib sənin kimi cananə yetmişəm
Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.
— Наш самолет пошел на снижение. Прошу вас застегнуть ремни и
воздержаться от курения.
Leysan yağışdan sonra Moskva səması tərtəmiz və açıq idi. Havada saflıq
duyulurdu. Yağış elə bil dərbədər buludları süpürüb, göy üzünü tərtəmiz yuyub
silmişdi və ətrafa çökmüş mavilik aerovağzalın şüşə qalereyasını da əhatə
eləmişdi: şəffaf qalereyanın içində adamlar görünürdü, uçub gəlmişdilər...
Təyyarədən düşüb qalereyanın içiylə gedən sərnişinlər içində Zaur da
addımlayırdı və qalereyanın o biri başında, qarşılayanlar içində Təhminə
dayanmışdı. Zaur onu lap uzaqdan gördü, əl elədi. Təhminə də Zauru gördü və
ona tərəf atılmaq istədi, — amma tünd-göy rəngli xidmət paltarı geymiş qız
təbəssümlə onu saxladı – qarşılayanların qalereyaya keçməyə ixtiyarı yox idi...


Zaur bunu gördü, qaçdı Təhminəyə sarı, yeddi-səkkiz metrdən sonra Təhminə
onun boynuna atıldı:
— Zaurik, — dedi, — nə yaxşı ki, gəldin...
Çox-çox illər sonra, qoca yaşlarında, hərdənbir ömrünün acı və xoş xatirələrini
fikrində arıtlayanda, şadlıq və kədərini yada salanda Zaur düşünürdü: əgər həyatı
boyu bəxtiyar illəri, ayları, günləri, saatları, dəqiqələri olmuşdusa – xoşbəxt
dəqiqələrinin ən xoşbəxti bax bu bir neçə an idi – Domedova aeroportunun şəffaf
qalereyasında – uzaqdan Təhminəni görəndə, ona tərəf qaçanda, Təhminəni
qolları arasına alanda və Təhminə deyəndə:
— Zaurik, nə yaxşı ki, gəldin...
* * *
— Baqaj nədir, dəli olubsan? Elə beləcə gəlmişəm. Gedək. Taksilər harda
dayanır?
Təhminə:
— Yox, — dedi, — mən bura tez gəlmişəm, — sənin təyyarəni gözləyən vaxt
meşədə gəzdim. Bilirsən nə gözəl meşədir... Gedək göstərim sənə...
Şosedən çıxıb şam meşəsinə girdilər. Zaur Təhminəni öpmək istədi, amma
Təhminə barmaqlarını dodaqlarına qoyub:
— Sss, dayan, bir qulaq as... — dedi.
İnanılası deyildi, amma Zaur həqiqətdə də eşitdi... Adamın ağlına sığışmırdı ki,
burada, təyyarə uğultus-undan qulaq batan müasir aerovağzalın yaxınlığında,
üstündən vıyıltıyla elədən-belə maşınlar keçən şosenin lap böyründə – quşlar
cəh-cəh vururdu, elə bil bütün bu hay-küyü vecinə almırdılar...
Zaur:
— Lap bülbül kimi cəh-cəh vururlar, — dedi.
— Doğrudan, adam heç inana bilmir, hə? Gül-bülbül, aşiq-məşuqə gülməlidir
eləmi?.. Orta əsr qəzəllərindən çıxıb gəliblər elə bil... Amma Zaurik, bu ki, yalan
deyil, əzizim, doğrudan da, elə bil bülbül oxuyur. Özü də zalım gör nə baş alıb
gedib, gör necə cəh-cəh vurub... Bizimçün oxuyur, e, Zaur, eşidirsən.


Qollarını Zaurun boynuna doladı. – Qulaq as, Zaurik. – Təhminə indi pıçıltıyla
danışırdı. – Gərək mən sənə bu sözü deməyəydim. Bilirəm bunu demək düz
deyil, gərək deməyəm... amma... sevirəm səni, Zaurik... dəli kimi sevirəm...
Sənsiz dura bilmirəm... Səndən başqa heç kəs lazım deyil mənə... bilirəm gərək
deməyəydim bütün bunları sənə... – güldü. – İndi quduracaqsan yəqin, dartıb
özüvü qoyacaqsan dağ başına... amma neyləyim, demək istəyirdim bunları
sənə...
Zaur da pıçıltıyla dedi:
— Təhminə, yəqin, mən də sənə deməməliyəm bu sözləri, amma mən də
deyəcəyəm: ölürəm səninçün, Təhminə... Sənsiz bir saat, bir dəqiqə qala
bilmirəm... Bax, indi bu saat yıxılıb ölə bilərəm xoşbəxtliyimdən. İstəyirsən
çıxım şoseyə, özümü atım maşının altına, bax bu saat, bu dəqiqə...
— Dəli, maşının altına niyə atırsan özünü?!
Onlar meşənin içiylə gəzirdilər və Zaur elə hey danışırdı. Təhminəni televizorda
görməsindən, öz ad günündən, qonaqlardan, qonşulardan, hətta Firəngizi ona ərə
vermək niyyətlərindən... Zaur indi yaşadıqları anların səadətiylə o dərəcədə
sərxoş idi ki, bu xəbərin Təhminəni ağrıda biləcəyini heç ağlına da gətirmirdi: içi
bəxtiyarlıqla limhalim elə dolmuşdu ki, bu bəxtiyarlığın bütün ətrafdakılara da
sirayət edəcəyinə, onları da xoşbəxtlik dəryasına qərq edəcəyinə şübhəsi
yoxdur... Doğrudan da, bu xəbəri eşidəndə ani bir kölgə keçdi Təhminənin
sifətindən, amma o dərhal gülümsündü və Zaurun Firəngizlə evlənməsini
zarafata saldı.
Təhminə onu öpdü. Moskvaya gəlmələrindən, verilişdən danışırdı, deyirdi ki,
burada yaman bəyəniblər verilişi də, Təhminənin verilişi aparmasını da...
Meşədən çıxıb getmək istəyirdilər, – Moskvaya isə yetmiş kilometr qalırdı...
Zaur indi sevdiyinə də əmin idi, sevildiyinə də və sevgi onu elə qüvvətli bir
xoşbəxtlik duyğusuna bürümüşdü ki, heç bir şey bu səadəti yaralaya bilməzdi və
ona görə də Zaur Spartak söhbətini də elə-belə, sözarası saldı, dedi ki, bu
qeybətlər neçə gün məni dəli-divanə eləmişdi... neçə gecə yuxumu —
qaçırmışdı.
Təhminə:
— Ay səfeh, gör bir kimə qısqanırsan, — dedi. Adam da hər axmaq sözə, hər
iyrənc qeybətə inanar?.. Spartak gicbəsərin biridir... heç ağlıva sığışdıra bilərsən


ki, onunla mənim aramda bir şey ola bilər? Yəni heç məni tanımırsan? Ya onu
tanımırsan bəlkə? Demişəm sənə ki, məsələ necədir. Spartak mənim rəfiqəmlə
görüşürdü və həmin o rəfiqəmin xahişi ilə bir-iki dəfə zəng eləmişəm
Spartakgilə, bu, düzdür! Anası da yəqin sonra bilib ki, zəng eləyən mənəm...
Amma mənimlə ömründə iki kəlmə kəsməyib anası, o da ki qalsın davamız ola...
Mən yəni o günə qalmışam ki, onun anasıyla ağız-ağıza verim?! Əcəb
fikirdəsənmiş mənim haqqımda.
Zaur indi, Spartak sarıdan tam bir arxayınçılıq duyarkən Dadaşın dediyi o
televiziya rejissoru haqqında da soruşmaq istədi, heç olmasa bilsin görək o da
burada, Moskvadadırmı. Amma bunun nə mənası vardı, madam ki, Təhminə
Zauru bura, yanına çağırmışdı və Zaur gəlmişdi, – onda deməli, həmin o
rejissorun Moskvada olub-olmamağının Təhminəyçün heç bir təfavütü yox
imiş... Yaxşı, bəs Dadaşın dediyi o baza müdirləri, alverçilər – Təhminənin tanış-
bilişləri, o barədə necə, söz salsınmı? Amma Təhminə, sanki Zaurun fikirlərini
oxuyubmuş kimi özü danışmağa başladı:
— Zaurik, — dedi, bunu bil: mənim barəmdə çox şey danışırlar və bundan
sonra, məhz bax elə sənə daha çox iftiralar uydurub deyəcəklər... Əgər ürəklərinə
damsa ki, biz səninlə doğrudan-doğruya xoşbəxtik, bunu heç bir vaxt
bağışlamayacaqlar bizə... Yüz çirkab tökəcəklər başımızdan və çalışacaqlar ki,
bunların hamısı sənin qulağına çatsın. Amma mən istəyirəm ki, sən bir neçə şeyi
dəqiq biləsən, Zaur. Birincisi odur ki, məlaikə-zad d-eyiləm, bu barədə heç bir
illüziyan olmasın. Amma bu da həqiqətdir ki, mən hələ heç kəsi səni sevən kimi
sevməmişəm və indiyəcən hələ heç kəsə də deməmişəm ki, onu sevirəm... Bax
ən böyük, ən əsas həqiqət budur... Zaurik, dünyada bir həqiqət, bircə həqiqət var
— qəlbin həqiqəti və səadət, xoşbəxtlik də elə budur, vallah... Bax bu axşam var
dünyada, bu meşə var, quşlar oxuyurdu bu meşədə, sən varsan, mən varam, bir-
birimizi sevirik, bir yerdə olanda bəxtiyar oluruq, — budur bax həqiqət və
bundan başqa heç bir ayrı həqiqət yoxdur. Sən uçub Moskvaya gəlmisən, orada
aerodromun qalereyasında uzaqdan səni görüb bilirsən necə sevindim! Bəs sən?
Bəs sən?..
— Mən də...
— Görürsən... Bax bu dəqiqələr var e, bu şoseylə Moskvaya gedirik ikimiz
— sən və mən, — Bəxtiyarlıq budur, Zaurik, həqiqət, ən böyük həqiqət də
budur... Ayrı bir həqiqət arama bizim münasibətlərimizdə... Bir yerdə olduğumuz
dəqiqələrin xoşbəxtliyi ilə yaşa... Budur əsl həqiqət...


... düz deyirmiş Təhminə...
* * *
Uzun zaman şoseylə piyada getdilər, sonra yoruldular avtobusa mindilər, avtobus
adamla dolu idi – balıq ovundan qayıdan tilovlu adamlar da çox idi avtobusun
içində. Nogin meydanında düşdülər... Moskva çayının sahili ilə addımladılar...


Təhminə:
— Bu da mənim iqamətgahım, — dedi. “Rossiya” otelinin pəncərələrindən
axşam işıqları şölələnirdi, çəhrayı pərdələr işıqları öz rənginə boyayırdı...
Frunze sahilinə çatdılar, damında aeroflotun reklamı yanan üçmərtəbəli evin
həyətindən keçib Krım körpüsünə çıxdılar...
Onları heç kəsin tanımadığı böyük və şən şəhərdə azadlıq, asudəlik
duyğularından məst kimiydilər; qol-boyun olub halay-valay vura-vura gəzirdilər.
Elə bil illərin yükünü də atmışdılar üstlərindən, – elə bil on altı-on yeddi, ən
çoxu on səkkiz yaşındaydılar, tanımadıqları adamlarla salamlaşırdılar və bu
adamlar da təəccüblə onlara cavab verirdi, gül alırdılar və cavan oğlanlarla
qızlara bağışlayırdılar, telefon-avtomatlara girib Bakı nömrələriylə Moskva
abonentlərinə zəng vururdular və Dadaşın nömrəsinə cavab verən boğuq səsli
kişidən Dadaşı xəbər aldılar. Mübahisə edirdilər: eyni telefon nömrələrinin
Bakıdakı və Moskvadakı sahiblərinin səsləri oxşayır bir-birinə, ya yox...
Oteldəki liftlərin üstündə də mərc çəkirdilər. Hansı tez gələcək. Zaur ikinci,
Təhminə üçüncü deyirdi. Üçüncü əvvəl gəldi və Zaur Təhminəyə bir manat
uduzdu... Məlumat kioskunun qarşısında növbəyə durdular, növbələri çatanda
soruşdular: “Moskv-ada ən xoşbəxt adamın ünvanını verə bilərsinizmi”,
məlumatçı qız mat-mat onlara baxırdı və hər ikisi: “Soruşsalar, bizim ünvanımızı
verin”, – dedilər... Tirə gərdilər... Zaur sərrast nişan atıb ətir uddu, Təhminəyə
bağışladı. Təhminə dedi ki, mütləq bu ucuz ətri də bahalı fransız ətirlərinin
tərkibinə qatacaq, – onun qoxusunun sirri lap açılmaz olacaq – səadət qatılacaq
bu qoxuya – deyirdi... Dondurma satan arvaddan dondurma alarkən ona Mixail
Vasilyeviçdən çoxlu salam dedilər... Arvad gözünü döydü, hansı Mixail
Vasilyeviç?.. Küçəni düz keçmədilər, milis saxladı onları, üç manat cərimə
istədi. Zaur pulu uzadandan sonra milis qəbz verdi... Təəccüblə qəbzi aldılar,
serjant Trofimovun imzasından, cərimənin səbəbindən və məbləğindən başqa
orada bugünkü tarix də yazılmışdı – 25 sentyabr. Zaur qəbzi cırıb atmaq
istəyirdi. Təhminə qoymadı, səliqəylə büküb çantasına atdı...
— Heç bunu cırmaq olar? — dedi. — Bu, bizim ən xoşbəxt günümüzün
qəbzidir. Serjant Trofimov özü təsdiq edib bu tarixi... Qoy yadigar qalsın...
Dünyada yeganə təqsirimizin — Kutuzov prospektini düz keçməməyimizin
şəhadəti kimi qalsın.
Zaur:


— Yaxşı, — dedi.
— Gedək mənim nömrəmə...
— Sənin nömrənə?
— Məni buraxarlar?
— Növbətçiylə danışmışam... Dost olmuşuq onunla, məni görübmüş
televizorla...
Elə bil nə isə sancdı Zaurun ürəyində. Təhminənin belə asanlıqla növbətçiylə dil
tapıb yad adamı nömrəsinə gətirməsi isə pis təsir bağışladı ona.
Təhminə elə bil onun ürəyindəkiləri oxuyaraq:
— Amma sən Allah, yenə ilan-qurbağa gəlməsin fikrinə, — dedi: — İntəhası,
mən bu gün gündüz sənin teleqramını göstərdim növbətçiyə, hər şeyi olduğu
kimi dedim və arvad məni başa düşdü.
* * *
— Dayan, elə yox, yavaş, dayan, özüm soyunum... İşığı keçir... Gəl bura...
darıxmışam səninçün yaman... Canımsan mənim... Ay Allah, dəli olacağam
mən... Zaurik, mənsiz necə dözürdün bu qədər vaxt... əzizim mənim, canım...
Gecənin ən gizlin, ən isti sözlərini deyirdi Təhminə, ən çılpaq sözlərini.
Nömrədəki reproduktordan musiqi eşidilirdi. Qadın müğənni həzin və yorğun
səslə kədərli bir mahnı oxuyurdu...
Sonra onlar sakit uzanıb siqaret çəkəndə Təhminə dedi:
— Bilirsən bu nə mahnı idi, Zaur?
— Yox.
— Qədim gürcü mahnısı.
Bütün bu gün bu gecə ərzində ilk dəfə olaraq yavaşdan və qəmli-qəmli əlavə
etdi:
— Mən olmayanda birdən bu mahnını eşitsən hər şey yadına düşəcək. Moskva,
bu gecəmiz...


“Mən olmayanda”, – deyə Zaur onu yamsıladı. – Yenə başladın?
— Bilirsən, həyatdır, hər şey ola bilər. Sən başqa qadınlarla da ola bilərsən və
lap yəqin olacaqsan da... Amma bu cür olmayacaq Zaur, heç kəslə olmayacaq bir
də... mən bilirəm... Ayrı cür ola bilər, bəlkə bundan da yaxşı ola bilər, amma bu
cür yox... Ola bilməz ki, hər şey bax beləcə təkrar olunsun. Domodedovo
meşəsindəki quşlar da, o küçədəki cərimə də, bu qədim gürcü mahnısı da... Bu
bizimdir, ancaq bizim... Başqa heç kəsin... Onunçün də mən arxayınam...
... düz çıxdı Təhminənin sözləri...
* * *
Səhər saat 10-da Moskovski metrosunun yanındakı yeraltı keçiddə Bakı
təyyarəsinə bilet aldı... Aşağıda, perronda ayrıldılar. Təhminə telestudiyaya
getdi, məşqi vardı...
— Axşam 9-da, Şabolovkada, televiziyanın qabağında gözlə məni, — dedi və
uzaqlaşan qatarın pəncərəsindən Zaura əl elədi...
Zaur eskalatorla yuxarı qalxdı. Mayakovski meydanına çıxdı, Qorki küçəsiylə
Baş Teleqrafa tərəf addımladı... Dünəndən bəri heç nə yeməmişdi, yatmamışdı,
amma nə yorğunluq hiss eləyirdi, nə yuxusuzluq... Qısamüddətli səhər yağışının
yuyub islatdığı səkilərlə yeriyir və bir saat, beş saat, səkkiz saat bundan qabaqkı
kimi yenə də Təhminənin pıçıltılarının təmasını duyurdu... Moskvanın bütün
gözəl qadınları – payız küçəsinin bütün qadınları Təhminəni xatırlatdı Zaura və
heç biri ona tay ola bilməzdi... Zaur dünən Təhminəylə keçdiyi yerlərdən indi
tək keçmək istəyirdi, amma bu təkliyində tənha deyildi, Təhminə də onunlaydı –
sözləri, nəvazişləri, pıçıltıları, ən çılğın məhəbbət anlarında gah yumşaq, gah
ehtirasdan boğulmuş kəsik gülüşləri, dodaqlarının istisi, uzun incə barmaqlarının
sərinliyi, küçədə, liftin, eskalatorun, ya avtobusun basabasında qeyri-ixtiyari,
qəsdənmi, təsadüfənmi Zaurun köksünə qısılması, belinin, dizlərinin toxunuşu
yalnız fikrində, xəyalında deyil, bədəninin hər hüceyrəsində yaşayan, nəbz kimi
döyünən xatirələr – Zauru indiyə qədər heç bir vaxt duymadığı, y-aşamadığı bir
səadət burulğanına qərq edirdi və bu burulğan içindən yenə də Təhminənin sifəti,
gülüşü, danışıqları durulub çıxırdı. Nə qədər söhbətlər etmişdi Təhminə bu gecə.
Elə bil indiyəcən dəniz sahilindəki yay görüşlərində demədiyi, danışmadığı,
ürəyində saxladığı bütün sözləri, bütün söhbətləri bu ilıq Moskva gecəsində
deyib qurtarmaq istəyirdi... Uşaqlığından danışırdı ən çox. Pirşağıdakı


bağlarından, yayın son günlərindən, çimərlikdə düzülmüş əlvan pioner
dəstələrindən, bazar günləri həmişə saat ikidə verilən muğamat konsertlərindən –
aram melodiya dənizin, qızmar sahilin, odlu qumların üstündən tüstü kimi uçub
gedirdi. Uşaqlığından əbədi tərk olunmuş diyar kimi danışırdı, elə bil, didərgin,
itkin düşmüşdü bu diyardan... Qızmış qumlar günortaçağı yalın ayaqlarını,
axşamlar isə qumlar soyuq və nəm idi. Gecə qonşularıgildən evlərinə qayıdanda
üzüm meyvələrinin arasından hoppanarkən qorxurdu ki, birdən gümüşü ayın
ziyasında, boz qumların içində görünməz olmuş ilanı basdalar, ilan qayıdıb çalar
onu. Qonşularıgildə aşiq olmuş ilanlar haqqında əfsanələr danışırdılar, hətta and
içirdilər ki, ilanın bir qıza bənd olub onu təqib etməsini öz gözləriylə görən
olub... Qonşuda onun tay-tuşları balaca uşaqlar çox idi... cürbəcür oyunlar
oynayırdılar, bir-birinə qorxulu əhvalatlar danışırdılar, gecəyarısı balaca
Təhminə evlərinə qayıdanda bu qorxulu nağılların vahiməsindən xoflanardı, aylı
gecədə qarışıq kölgələrdən eymənərdi, əti ürpəşərdi... Eyvanlarına ayaqlarının
ucunda qalxardı ki, atasını və nənəsini oyatmasın, ehmallıca miçətgənin altına
girərdi, amma yuxulamazdı, iri ulduzlarla bəzənmiş açıq yay səmasına baxar və
uzaqdan – Neftçilərin istirahət evindən eşidilən musiqi səslərinə qulaq verərdi.
Orada rəqs edərdilər. Cürbəcür musiqi havaları çaldırardılar, amma hər gecə ən
axırda eyni tanqoyla bitirərdilər bu konserti, həmin tanqo indiyəcən Təhminənin
qulaqlarındadır, sözlərini də xatırlayır... Bu tanqoda deyilirdi ki, batan günəş
həzin-həzin dənizlə vidalaşır. İndinin özündə də təsadüfən bu tanqonu eşidəndə
gözləri dolur, uşaqlığı, bağları, atası yadına düşür. Neftçilərin istirahət evində
Təhminədən on-on iki yaş böyük oğlanlar və qızlar rəqs edərdilər, onların aləmi
özgə bir aləm idi, musiqi, tanqolar, aylı gecələrdə sahil gəzintiləri, görüşlər və
ayrılıqlar, sevgi və şirin ağrılar vardı bu aləmdə. Təhminə sevinirdi ki, bu aləm
onunçün hələ irəlidədir...
Anası yadına gəlmirdi, yaş yarımında itirmişdi anasını, onu yalnız köhnə,
saralmış fotolarına görə xəyalında canlandırırdı, lap uşaq yaşlarında möcüzəyə
inandırmışdı özünü ki, anası ölüb eləməyib, hardasa uzaq bir yerdədir, bir gün
gəlib çıxacaq. Təhminəyə iri, yaraşıqlı kukla, çoxlu konfet və – nədənsə bunu
həmişə düşünürdü – sarı, güllü iri çətir gətirəcək... Anasını uzun ağappaq
paltarda təsəvvür eləyirdi həmişə, özü də həmişə onu lalələrlə dolu olan ucsuz-
bucaqsız bir düzənlikdə görürdü. Anasının səsini, danışıq tərzini heç cür
xəyalında canlandıra bilmirdi, odur ki, anası haqqında düşünəndə onun səsini
tanış qonşu qadınlarından birinin səsi, danışıq tərzi kimi qavrayırdı. İllər
keçdikcə, yaşı artdıqca Təhminə bu xəyalların puçluğunu başa düşürdü. Nənəsi


bir dəfə ona anasının qəbrini də göstərmişdi. Artıq dərk edirdi ki, anası
doğrudan-doğruya ölüb və heç zaman gəlməyəcək. Amma buna baxmayaraq,
ulduzlu yay gecələrində yenə də anası, haqqında düşünürdü, indi daha gələcək
zaman yox, keçmiş zamanda... Anasının bir gün diriləcəyini, qayıdıb gələcəyini
fikirləşmirdi, anasının bir vaxt necə, nə sayaq diri olduğunu, yaşadığını
təsəvvüründə yaşatmaq istəyirdi... Xəyalında canlandırırdı anasının və atasının
cavanlıqlarını – lap gənc vaxtlarını. O çağı ki, o vaxt heç Təhminə də yer üzündə
yox imiş, hələ atasıyla anası təzə-təzə gəzməyə başlayıblarmış. — Təhminə
gözlərini yuman kimi aylı gecə, dəniz sahilini görürdü və cavan atasıyla cavan
anası məhz bu sahildə görüşürdülər, ay da məhz bax elə indiki kimi
işıqlandırırdı- qumları, suları, uzaqdan da məhz elə bu musiqi – bu kədərli tanqo
eşidilirdi və atasıyla anası – ikisi – boş sahildə onlardan başqa heç kəs yox idi –
uzaqdan gələn musiqi sədaları altında tanqo rəqsini oynayırdı və ikisi də bilirdi
ki, bu son rəqsləridir, indi, bu an – xoşbəxtdirlər, amma bu xoşbəxtlik bitməyə,
qurtarmağa, bir daha qayıtmamağa məhkum olmuş bir bəxtiyarlıqdır. Sonra
Təhminə dedi ki, lap bu yaxınlarda, bir ay bundan qabaq yenə yuxuda ata-
anasını görmüşdü, anası uzun ağ paltarda, atası isə yaxası açıq apaş köynəkdə
idi, aylı gecədə, həmin o sahildə rəqs edirdilər. Yuxuda həmin tanqonu da
eşidirdim: “Утомленное солнце нежно с морем прощалось...”, “Yuxuda elə
ağlayırdım, hıçqırıq boğurdu məni, bütün yastığım göz yaşlarından islanmışdı –
bir an susub, əlavə etdi. – Manaf oyatdı məni ki, nə olub sənə belə”...
İlk dəfə Manafın adını çəkdi, amma heç bir şey danışmaq istəmirdi əri haqqında.
Qonşusu Mədinə haqqında danışırdı, deyirdi ki, Mədinə əsl dostdur, qadınlar
arasında bu cür etibarlı dost tapmaq çətin məsələdir. Mədinə heç bir vaxt məni
satmaz, deyirdi. — Dadaş haqqında danışırdı, deyirdi ki, Dadaşdan qurbağadan,
siçandan çimçişən kimi çimçişir, o idarədə stollarının yaxın olmasına belə güclə
tab gətirirdi, çünki belə məsafədə də Dadaşdan həmişə tər iyi gəlirdi, lap ürəyim
bulanırdı... Nemətdən danışırdı, deyirdi ki, bir dəfə Nemət gecə saat dörddə
mənə zəng eləmişdi, yox, ay axmaq, əlbəttə, eşq elan eləmək üçün zəng vurar,
yox, ürəyinin dərdlərini danışırdı. Nemət deyirdi ki, həyat onu sıxır, boğur, mən
nə bilim nə, insandır da... Spartak? Əşi, nə yapışmısan bu Spartakdan? Axmağın,
yelbeyinin biridir Spartak... Amma deyim sənə, o qədər də axmaq deyil ha, hər
halda yaxşıca pul qazanmağın fəndini bilir... Bilirsən heç necə dövlətlidir
Spartak? Atasının pulu! Ayhay, atası pensiyayla dolanan adamdır, atasının o
qədər pulu hardandır, əksinə, Spartak dolandırır atasını da. Anasını da, elə
bacısını da geyindirib-kecindirən Spartakdır, hə, tamam yadımdan çıxmışdı, axı


onun bacısı sənin gələcək adaxlındır, bəxtin kəsib, Zaurik, Spartak bacısıyçün bir
cehiz verəcək, gəl görəsən, bütün ömrün boyu Spartakın hesabına kefnən yaşaya
bilərsən, yaxşı, yaxşı, qaşqabağını sallama, zarafat eləyirəm də, zarafatdan
inciməzlər ki, sənə qurban olum. Spartak kimdir? Spartak sənin dırnağına da
dəyməz, o niyə səni saxlasın ki... Amma zarafat bir yana qalsın, Spartak — pula
pul demir... Moskvaya gələndə üç-dörd oteldə nömrə saxlayır. Niyə? Nə bilim
niyə, harınlıqdan, varlığa nə darlıq. “Rossiya”da da həmişə beşotaqlı lüksdə
qalır, bir dəfə bərk pərt idi ki, həmin o beşotaqlı lüksə düşə bilməyib. Spartak
zəncir çeynəyirdi lap.
— Yaxşı, soruşmaq ayıb olmasın, sən bütün bunları hardan bilirsən?
— Özü danışıb... Rəfiqəmə danışırmış, o da mənə söhbət eləyib... Əlbəttə,
Spartak gopçudur, birinin üstünə beşini qoyub danışır, amma hər halda dili varsa,
dilçəyi də var... Pul olandan sonra...
— Yaxşı, hardandır axı bu qədər pulu?
— Demişəm sənə, alverçidir də...
— Bəs qazamata düşməkdən qorxmur?
— Əlbəttə, gec-tez ilişəcək... Amma dindirsən gör sənə nə cavab verir. Onsuz da
hamı ölüb gedəcək, deyir. Dünya beş gündür, nə qədər imkan var, kef çəkəcəm,
harda qırıldı-qırıldı...
— Görürəm, sən Spartakın həyat fəlsəfəsinə əməlli-başlı bələdsən.
— Zaurik, yəni doğrudan sən belə səfehsən ki, məni Spartak kimi bir əyyaşa
qısqana bilərsən?
— İnanmıram ki, fikri pul və qadın olan bu əyyaş sənin kimi gözələ biganə
qalsın... Yəni heç sənə girişməyə cəhd eləməyib?
— Necə yəni, əlbəttə, eləyib... Lap sinov gedirdi mənimçün... Nə vədlər
vermirdi, ilahi, şuba, daş-qaş, nə bilim daha nələr... Amma çox tez başa düşdü ki,
mən o deyən yuvanın quşu deyiləm, belə-belə şeylərlə mənim başımı tovlamaq
olmaz. Onda... ilahi, sən özün saxla. — Təhminə qəhqəhə çəkib güldü
— Spartak ayrı üsula əl atdı. Mənə şeir oxumağa başladı... Allahü-əkbər... ha,
ha, ha...
— Nə oldu bəs?


— Necə nə oldu? Şeirlərinin təsiri də elə şuba, daş-qaş vədləri kimi... Spartak da,
baxma, o qədər də axmaq deyil, — başa düşdü ki, bir şey çıxmayacaq, amma
onda da... başladı ağzını boş qoyub orda-burda danışmağa, guya ki, mənimlə
arasında nə isə var... Bax, sən bayaq danışanda da, anası belə deyir, mən o saat
barmağımı dişlədim, lap yəqin anasının beyninə bu fikri Spartak salıb. Anası axı
onun məhəbbət macəralarıyla bərk fəxr eləyir... Elə ki Manaf Bakıdan bir yerə
getdi, Spartak o saat gətirib maşınını bizim evimizin qabağında saxlayır, bəzən
gecənin yarısınacan, səhərə qədər maşını orda durur. Özü, Allah bilir, hara gedir,
bəlkə də elə evlərində yuxulayıb yatır... Bir anektod var e, eşitmisən hərəmxana
haqqında... Hərəmxana sahibi arvadlarının hər birinə deyir ki, o biri arvadımın
yanına gedəcəyəm bu gecə, özü də gedib tək yıxılıb yatır.
— Niyə?
— Nə niyə? Hərəmxana sahibi niyə tək yatır?
— Yox, Spartak niyə maşını sizin evin qabağında qoyur?
— Məlumdur niyə... Şəhərdə hamı onu tanıyır axı, maşınını da tanıyırlar. Hamı
da bilir ki, o evdə mən yaşayıram və ərim də bu vaxt Bakıda yoxdur... İndi gecə
bizim evin qabağında Spartakın maşınını görəndə nə düşünəcəklər... Bir yandan
da özünün dili bir belə...
— Yaxşı, sən niyə buna son qoymursan, demirsən ona?
— Nə deyəcəm? Zaurik, neçə dəfə demişəm ki, sənə: mənim barəmdə nə
danışırlar qoy danışsınlar, vecimə deyil. Mən elə hesab edirəm ki, insanın öz
daxili əxlaqı olmalıdır və əgər bu əxlaq varsa, insan öz daxili əxlaqına
sadiqdirsə, bütün zahiri şeylərin heç bir əhəmiyyəti yoxdur — kim nə bilim nə
dedi, nə fikirləşdi.
— Yaxşı, bir şeyi başa düşmürəm: bütün bunları biləbilə Spartakla haqq-salamı
niyə kəsmirsən?
— Nə haqq-salam, əşi? İldə-ayda bir dəfə rast gəlirəm ona... Hərdən görürsən
Spartakdan da adama xeyir dəyir, — bir şey-zad lazım olanda deyirəm, o saat
tapıb gətirir. Bax, məsələn, elə sənin bu “Ronson”unu o tapıb gətirdi mənə.
Zaur ad günündə Spartakın alışqana mənalı-mənalı baxmasını yada saldı, bu
baxışın səbəbini indi başa düşdü və pərtləşdi.


— Əgər mən bilsəydim...
— Yaxşı, yaxşı özündən çıxma. Öz puluma almışam bu hədiyyəni, intəhası
tapmağına Spartak tapdı. Pulunu almaq istəmirdi, gücnən verdim... Adamın
Allahı var: Spartak nə cür həllöyüş olsa da, hər halda xəsis adam deyil.
“Xəsis olmaz da, – deyə Zaur fikirləşdi. – Bu qədər müftə qazancın olanda,
səxavətli olmağa nə var ki. İllah da gözəl qadının yanında...”
Spartakın əliaçıqlığı, ciblərinin dolu olması, Təhminənin bu barədə ağızdolusu
danışması Zauru incidirdi, əlbəttə... Zaur deyəndə ki, Spartak atasının pullarını
xərcləyir, Təhminə gülmüşdü də, əksinə, demişdi, bütün ailə Spartakın hesabına
dolanır, Spartakın puluna, Spartakın səxavətinə. Bu da dəyirdi Zaura. Təhminə
qeyri-ixtiyari onun zəif damarına toxunurdu, axı Zaur özü, 24 yaşında ali təhsilli
gənc olsa da, hələ də atasının hesabına geyinib-kecinirdi, gəzib-dolanırdı. Amma
hər halda bütün bunlara baxmayaraq, Təhminə Zauru sevirdi... Spartakın var-
dövləti, səxavəti, hətta şeir oxuması da Təhminəni cəlb eləməmişdi, bu Moskva
gecəsində, otel nömrəsində Təhminə məhz Zaurun boynunu-boğazını öpüşlərə
qərq edir:
— Sevirəm səni... sən hamıdan yaxşısan... mənim canımsan,
əzizimsən, — deyirdi...
İndi gündüz Moskva küçələrini dolaşıb bütün gecəki sözləri, xatirələri bir daha
yaddaşında oyatdıqca, çək-çevir elədikcə Zaur ancaq və ancaq bəxtiyarlıq hissi
keçirirdi, heç bir xalla, heç bir fikirlə ləkələnməmiş tam bir xoşbəxtlik duyğusu.
Və bu duyğu o qədər qüvvətli idi ki, aşıb-daşıb içindən çıxırdı, başqalarına,
küçədən keçən yad adamlara da yoluxurdu. Zaura elə gəlirdi ki, bu hissin gücü
qarşısında heç nə dayana bilməz, bu hiss hamını inandırmağa və bütün maneələri
dəf etməyə qadirdir. O əmin idi ki, hətta ata-anası belə, bu hissin şiddətini
bilsələr, heç bir etirazları qalmaz. Məgər öz oğullarının düşmənləri idi ata-anası,
məgər arzuları onu xoşbəxt görmək deyildi və əgər belədirsə, Zaur ömründə
birinci dəfə olaraq sözün əsl mənasında xoşbəxt ikən nə deyə bilərdilər axı? Bu
xoşbəxtlik nəinki ata-anasına, hətta qonşularına, Alya xanımgilə də sirayət
etməliydi. Zaur inanırdı ki, Murtuzovlar belə, Firəngizi nə qədər Zaura ərə
verməyi arzulasalar da, onun indiki xoşbəxtliyi qarşısında çəkilməliydilər,
“qismət- bu imiş” deyib Zaurla Təhminəyə — uzun birgə ömür arzulamalıydılar.
Və bütün tanış-bilişlər də belə... və o cümlədən Təhminənin əri Manaf da belə...
“Mənimlə xoşbəxt olmadı, barı Zaurla xoşbəxt olsun” deyə qırağa çəkilməliydi


Manaf və ümumiyyətlə, bütün adamlar bu dünyada belə nadir şey olan həqiqəti
səadəti görüb ona qibtə eləməliydilər. Firəngiz, doğrudan, yaxşı qızdır, fağır...
Evlənmək olardı onunla, ala bilərdim onu, yaxşı ailə qura bilərdik. Amma nə
edəsən ki, bu dünyada Təhminə var və Zaurun bəxtinə də məhz belə qəliz və
xoşbəxt sevgi düşüb.

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə