TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   2   3   4   5   6   7   8   9   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

ÜÇÜNCÜ FƏSİL
Yaxşı görünür surəti məhvəşlərin, əmma
Yaxşı nəzər etdikcə, sərəncamı yamandır!
Zaur valideynlərini çox istəyirdi. Həm də yaşa dolduqca daha artıq istəyirdi
onları. Daha doğrusu, yetkinlik yaşında o öz valideynlərini lap körpə vaxtında
sevdiyi kimi sevirdi – Təbii və təmənnasız bir məhəbbətlə... Körpəlikdə
yetkinlik yaşı arasında qısa bir dövrdə – beş-altı il çəkmişdi bu müddət – Zaurun
təqribən 14-15 yaşından 19-20 yaşına qədər – valideynlərinə münasibəti başqa
cür idi. Əlbəttə, sevirdi onları, amma bu sevgidə bir bəyənməzlik, üstüörtülü,
bəzən də açıqdan-açığa rişxənd, istehza da var idi – valideynlərinin yaşayış
tərzinə, köhnəlmiş anlayışlarına və zövqlərinə bir növ ağız büzərdi. Amma eyni
zamanda, bu bəyənmədiyi həy-at tərzinin — bütün niyaz-imtiyazlarından da
bolluca-bolluca istifadə edirdi, bahalı hədiyyələrdən – ali məktəbə daxil olduğu
il atası ona “Moskviç” bağışlamışdı – imtina eləmirdi. — O illər Zaurun bütün
marağı idmanla, caz musiqisiylə, rəqslərlə və qızlarla, xarici geyim-kecimlərlə
və xarici filmlərlə bağlı idi.
Valideynləri ev-eşiklərini ağır, zəhmli, tünd mixəyi rəngli köhnə mebellə
doldurmuşdular. (Belə mebel sonralar yenə dəbə mindi, amma o illər geriliyin,


pis zövqün rəmzi kimi görünürdü Zaura). Valideynləri bufetlərinin üstünü,
servantlarının içini bahalı qab-qacaqla doldurmuşdular, masanın, hətta royalın
üstünə də iri büllur güldanlar, mürəbbə vazları, külqabılar düzülmüşdü.
Valideynləri hind filmlərindən zövq alırdılar, atası saatlarla radiocihazı
qurdalayıb ərəb və İran musiqisinə qulaq asardı – ləzzətlə gözlərini də yumardı,
qulağını dirəyərdi cihazın dinamikinə, necə deyərlər, “çorta gedərdi” və yalnız
hərdən-birdən ağzını marçıldadıb “bəh-bəh” deyərdi. Valideynləri böyük cah-
calallı məclislər düzəldərdilər, bu məclislərdə uzun-uzadı, adamın ürəyini çəkən
duzsuz sağlıqlar deyilərdi və valideynləri elə bil iynə üstündə oturardılar:
amandır, birdən qonaqların yeri səhv düşər, başda oturmalı qonaq aşağı düşər,
aşağıda oturmalı adam başa keçər, amandır, birdən bir adam yaddan çıxıb qalar,
sağlığına badə qaldırmazlar, amandır, birdən siyahının sırası, ardıcıllığı pozular:
kiminsə ünvanına əvvəlcə sağlıq deyilər (halbuki onun sağlığı sonra
deyilməliydi), kiminsə sağlığı sonra deyilər (halbuki əvvəl deyilməliydi) və belə
məclislərdə tamadalığa məhkum olmuş bədbəxt, yumordan məhrum biçarə,
dəridən-qabıqdan çıxırdı ki, məzəli bir söz desin və dediyinə də bircə özü
gülərdi, amma qonaqlar da başa düşəndə ki, bu yerdə gülmək lazımdır, birtəhər,
zornan irişərdilər... Valideynlərinin bütün bu həyat sistemini Zaur öz-özlüyündə
“müsəlmançılıq” adlandırırdı və heç fikirləşməzdi ki, bədbəxt müsəlmanlar
haçandan sağlıq deyiblər görəsən, haçandan bəri tamada seçiblər?
Bir də ki, saysız-hesabsız qohum-əqrəbaları vardı və tez-tez onlara təşrif gətirən
bu yad adamlarla kəlmə kəsmək, xoş-beş eləyib, hal-əhval tutmaq məcburiyyəti
vardı... Bir də evlərinə gələnlərlə anasının daimi söhbətləri, qeybətləri vardı: kim
necə yaşayır, kimi hara qabağa çəkiblər və məlumdur ki, nə yolla çəkiblər, kim
kimin adamıdır, kim kimin arxası, dayağıdır, kim kimin yerlisidir, filankəs
filankəslə gəzir, filankəs də filankəslə, filankəs filan qədər qazanır, filankəs filan
şeyi alıb, filankəs arvadını döyür, ya filankəs ərinin başına min fırıldaq açır...
Bütün bunlar Zaurçün yad və yabançı idi, onun sevmədiyi, bəyənmədiyi, hətta
nifrət bəslədiyi başqa bir aləmin bəlirləri idi. Və bu aləmin təzahürləri Zaurun
canını lap boğazına yığan vaxtlarda o, hətta öz valideynlərinə də xor baxırdı.
Amma qəribədir, bu cür münasibətin nəticəsi tamam başqa olurdu. Zaur bu
anlarda valideynlərinə az qala ikrah hissi ilə yanaşsa da, onların sədəqələrindən
imtina etmirdi, əksinə, elə bil daxilində valideynlərinə qarşı bir növ ifrat,
təmənnaçılıq hissi oyanırdı: müxtəlif şəkillərdə, müxtəlif bəhanələrlə
valideynlərindən elə hey bir şey çəkib qoparmaq istəyirdi. Valideynlərindən
deyəndə – anası evdar qadındır, atası idi qazanan, amma atasına birbaşa müraciət


etməyə cəsarəti çatmırdı, atasıyla aralarında müəyyən pərdə saxlanırdı, odur ki,
tələblərini, istəklərini anasının vasitəçiliyi ilə edirdi: “palto, kostyum, almaq
istəyirəm”, “səfərim var” və sairə səbəblər gətirirdi. Bəzən ürəyinin sözünü
zarafata salıb deyirdi: “kiminçün saxlayırsız bu pulları, bilmirəm, tək bircə
balanıza da xərcləməyəndə kimə xərcləyəcəksiniz professorun var-dövlətini?”
Hər istəyinə, hər arzusuna əməl olunurdu Zaurun və qəribədir – valideynlərinin
oğullarına qarşı bu səxavəti, bu əliaçıqlığı oğullarında minnətdarlıq hissi
oyatmırdı, olsa-olsa içi istehza qarışıq məmnun bir təbəssüm qonurdu
dodaqlarına...
O illərdə Zaur su pərisinə oxşayan sarışın saçlı Tanya adlı bir qızla gəzirdi.
Tanya idmançı idi, yelkənli qayıqları sürmək üzrə çempion idi. Məlum deyil ki,
hansı yollarla Zaurun anası oğlunu kiminlə gəzdiyini iyləyib-çüyləyib bilirdi. Bu
əlaqə heç ürəyindən deyildi Zivər xanımım və nədənsə həmişə o qız haqqında
cəm halında danışardı:
— Yenə sənin Tanka-mankaların zəng eləmişdi...
Tanka-manka həmin elə o Tanya adlı qız idi, həmin o su pərisinə oxşayan qayıq
çempionu. Və həmin o su pərisinə oxşayan sarışın qayıqçı qız günlərin bir
günündə ata-anasıyla Lvova köçdü və Zaurun həyatından həmişəlik qeyb oldu...
Zaur az-az xatırlardı onu, hər dəfə xatırlayanda elə bil yaddaşına ilıq bir bahar
mehi əsirdi – uzun sarı saçları islanmış Tanyanı gözləri qarşısına gətirən kimi
dərhal xəyalında dənizin sonsuz maviliyi – qızın gözləri rəngdəydi bu mavilik –
bir də dalğaları yarıb aşan iri ağ yelkənli qayıqlar canlanırdı.
* * *
Zaurun atası, geoloji-mineroloji elmlər doktoru professor Məcid Zeynallı nə
qazanmışdısa öz əlinin zəhmətilə, uzun və çətin həyat mübarizələrində
qazanmışdı. 30-cu illərdə ucqar bir dağ kəndindən Bakıya gələndə Məcid
Zeynallının yamaqlı çəkməsi, bircə dəst boz şalvar-köynəyi və şalvarının cibində
cəmi-cümlətanı üçcə manat pulu vardı... Məcid mədənlərdə qara fəhlə işlədi,
vağzalda hambal işlədi, hətta bir müddət yeməkxanada aşpaz köməkçisi işlədi.
Rabfakın axşam şöbəsində təhsil aldı. Xüsusi bir qabiliyyətə malik olmasa da,
zəhmətsevərlik, yuxusuz gecələr, inad gücünə universitetə daxil oldu, oranı əla
qiymətlə bitirib Leninqrada aspiranturaya getdi... 1936-cı ildə Leninqradda
dissertasiya müdafiə elədi, elmlər namizədi oldu. Bakıya qayıtdı və elə həmin il


işə düzəldiyi institutun makinaçısı Zivərlə evləndi... Zivərgilin Dağlı
məhəlləsində dədə-baba evləri vardı. İkimərtəbəli evin ikinci mərtəbəsini kirayə
verərdilər, birinci mərtəbəsindəki iki otaqda isə Zivərin anası və bacılarıyla bir
yerdə Məcidlə Zivər düz bir il yaşadılar. Bir il sonra Məcidgil şəhərin
mərkəzində azad olunmuş mənzillərdən birinə köçdülər, sonralar qonşularındakı
iki otağı da mənzillərinə qatdılar və indiyəcən də burada yaşayırdılar...
Qırxıncı ilin sentyabrında Zaur dünyaya gəldi...
Dava düşdü və topçu-zabit Məcid Zeynallı Sevastopolda yaralandı, hospitaldan
sonra təcili Bakıya çağırıldı və bir dəstə geoloqla bir yerdə İrana göndərildi.
Davanın axırınacan İranda qaldı. İrandan gətirdiyi şeylər içində Zaurun ən çox
yadında qalan laklı çəkmələr və əlvan şokolad qutuları idi... Davadan sonra
Məcid Zeynallı doktorluq müdafiə elədi, kafedra müdiri təyin olundu və Qırmızı
Əmək Bayrağı ordeni aldı.
Təhminənin falında bir şey həqiqət idi: yaşa dolduqca Zaur, doğrudan da,
yumşalırdı, mülayimləşirdi. Əvvəla, valideynlərinə qarşı mehribanlaşmışdı. Elə
bil münasibəti daha təmənnasız olmuşdu. Doğrudur, yenə də hərdən-birdən
anasına: “yaxşı, bir əlinizi cibinizə atın görək, – deyirdi, – professorun pulları kif
atıb”, amma indi ata-anasından pulu da elə bil bir növ utana-utana, çəkinə-çəkinə
alırdı... İşə girəndən sonra özü də qazanırdı. Doğrudur, donluğu xərcinin onda
birini də ödəməzdi, buna baxmayaraq, hər dəfə anasından pul alanda deyirdi ki,
borc götürürəm, maaşda qaytaracağam: hər ikisi bilirdi ki, bu günü-gündən artan
borc heç bir vaxt ödənilməyəcək...
Bir dəfə isə lap pərt oldu. Əslində bu pərtlik də deyildi. Nə isə bir başqa hiss idi.
Zaur biləndə ki, atası onun adına üçotaqlı kooperativ mənzil yazdırıb və pulunu
da verib, həm bir qədər əsəbiləşdi – “kim bilir haçan hazır olacaq bu mənzil,
ondansa bu pulları verəydi, indi xərcləyəydim” – deyə düşündü, həm bir az
şəstinə dəydi – deməli, mənim gələcək mənzilim də atamın hesabınadır, amma
bir tərəfdən də sevindi – hər halda özünün ayrıca evi olacaq... Belə ayrıca otaq
həsrətində olurdu çox vaxt, tez-tez lazım olurdu ona belə bir məxsusi mənzil...
Amma hər halda... Bir dəfə atası özü bu barədə söhbət saldı. Bu söhbəti açmaq
üçün atası qəsdən elə vaxt seçmişdi ki, Zivər xanım evdə olmasın.
— Əlbəttə, — dedi atası, — biz istərdik ki, həmişə səninlə bir yerdə yaşayaq,
amma bilirsən özün də, — bunu gizlətməyin nə mənası var — ananın xasiyyəti
tünddür. Sənin gələcək arvadın lap məlaikə olsa da, ikisi bir yerdə yola


getməyəcəklər. Ailədə narazılıq, dedi-qodu nəyə lazımdır, ondansa bu başdan
işimizi elə tutaq ki, arada hörmət-izzət qalsın... Vaxtdır, sən də gərək evlənmək
barədə fikirləşəsən. Bizim də daha baba, nənə olmaq yaşımızdır. Əməlli-başlı
fikirləş, hər cəhətcə götür-qoy elə. O vaxta ev də hazır olar... İnşallah, o vaxta
gərək müdafiə də eləyəsən...
Atası heç bir vaxt onunla belə danışmamışdı. Ümumiyyətlə, az-az danışırdılar,
atası elminə – kitablar aləminə qapılmış qaradinməz bir adam idi, arvadıyla nadir
hallarda danışır, oğluyla isə demək olar ki, heç danışmazdı. Bu cür açıq sözləri
isə Zaur, ümumiyyətlə, birinci dəfə eşidirdi ondan. Elə buna da mat qalmışdı.
Amma bundan daha artıq başqa bir şeyə mat qalmışdı Zaur. Mat qalmışdı ki,
atası neçə illər bundan qabaq öz həyatını dəqiq qrafik üzrə qurduğu kimi, indi
onun, Zaurun da həyatını bu cür dəqiq planlaşdırmışdı: ali təhsil, dissertasiya,
mənzil, evlənmə, övlad... Doğrudur, bəzən görürsən gözlənilməz hadisələr də
olur, məsələn: İkinci Dünya müharibəsi. Qrafik müəyyən dərəcədə pozulur.
Amma hər halda İkinci Dünya müharibəsi də, ağır yaralanması da Məcid
Zeynallının çox gənc yaşlarında müəyyənləşdirdiyi həyat cədvəlini – qarşıya
qoyulmuş bir məqsəddən yeni bir məqsədə gedən dümdüz yolu dəyişə bilməzdi.
Və bu dümdüz yol üzrə gedən hərəkəti Məciddən sonra onun oğlu Zaur davam
etdirməli idi. Sonra isə, inşallah, Zaurun oğlu qədəm qoymalı idi bu yola...
Şam yeməyindən sonra atası öz iş otağına çəkildi, Zaur jurnalları vərəqləyirdi ki,
birdən Zivər xanım:
— Bura bax, — dedi, — qulağıma cürbəcür sözlər çatır ha...
Zaur “Oqonyok”dakı krossvordu gözdən keçirərək laqeydcəsinə:
— Nə sözlər? — dedi.
— Səni tez-tez bir xanımla görürlər.
“Oqonyok”u bir qırağa qoydu:
— Nə xanımla?
— Nə bilim, nədir onun adı — Nərminədir, Təhminədir... nədir... Sizin idarədə
işləyir...
Zaur hiss elədi ki, qızarıb pörtür və qulaqları od tutub yanır. Özünü ələ alıb:
— Nədir ki? — dedi.


— Yaxşıdır yenə sifətində bir az həya qalıb, — dedi anası, — bir gözümün içinə
düz bax görüm.
Zaur güclə gülümsündü və anasının gözlərinin içinə baxdı.
— Düzdür ki, onu maşınına mindirib bütün Abşeronu gəzdirirsən?
“Aman Allah, hər şeyi yerli-yataqlı çatdırıblar”.
— Bilmirsən ki, yerin də qulağı var?! Heç ağlın var, heç bir beynivə vurursan?
Ərli arvaddır axı... Sənin Tanka-mankalarından deyil...
— Kimdir bu xəbərləri sənə çatdıran? Camaatın işi-gücü qurtarıb...
— Yox, görünür, sənin işin-gücün qurtarıb... Heç əməllərindən utanıb
eləmirsən... Bura bax, gör nə deyirəm, sən day balaca uşaq deyilsən. Bığlı,
saqqallı yekə kişisən... Mən heç vədə sənin işlərinə qarışmamışam ki, hə, de də,
qarışmamışam, yox? Amma bu səfər, bax deyirəm, aç qulaqlarını yaxşı-yaxşı
eşit, gör nə deyirəm. Nə qədər ki atovun qulağına çatmayıb, biryolluq bu işdən əl
çək. Bildin?
Məsələnin bu cür qoyuluşu özündən çıxarırdı Zauru: nə ultimatumdur bu belə, o
südəmər körpə-zaddır bəyəm? Amma dinmədi... Bəlkə elə Zivər xanım da
söhbətini burada xətm eləyəydi. Sözünü bununla qurtarsaydı Zivər xanım, hər
şey bəlkə ayrı cür olardı. Amma Zivər xanım harın arvad idi, içində hikkəsindən
qaynayırdı və dilini dişləyib demək istədiklərini ürəyində saxlaya bilməzdi. Və
dediyi sözlər də bütün sonrakı hadisələr üçün təkan oldu... Zivər xanım üz-
gözünü elə turşutdu ki, elə bil çimçişirdi, iyrəndiyi murdar bir şey haqqında
danışırdı:
— İndi də sənə ilişib, — dedi, — idarənizin bütün kişiləriylə fırıldaq çıxarıb
doyub, indi növbə sənə çatıb?!
Zaur yerindən sıçradı:
— Bəsdir, — dedi, — ayıbdır, bu cür sözlər danışmaq... onun-bunun ara
söhbətlərini təkrar eləmək yaraşmaz- sənə...
Yəqin bunu çox sərt dedi, çox əsəbi dedi, anası elə bil barmağını dişlədi, sövq-
təbii bir hisslə elə bir şeyi duydu ki, o hələ Zaurun özünə də tam aydın deyildi. O
vaxt, Zaurla Təhminənin əlaqələri, Zaurun fikrincə, qeyri-ciddi, yüngül bir şey
olduğu vaxtda Zivər xanım qadınlıq və analıq intuisiyası ilə bu əlaqələrin


ciddiliyini dərk eləmişdi.
Kinayəylə:
— Ara söhbətləri?! — deyə təkrar elədi. Əcəb ara söhbətləridir! Bütün şəhər
danışır da bu söhbətləri... Bircə sənin kimi uşağı ələ salıb aldada bilərlər ki,
bütün bunlar ara söhbətləridir, boş qeybətlərdir... Bütün şəhər bilir ki...
— Bütün şəhər... Anket paylayıbsan bütün şəhərə?
— Anket-zad deyil... Hamı bilir də... Özü də onunçün təfavütü yoxdur kim
olsun... nə idi o kişi, o yaşlı kişi var e, dədəsi yerdədir, əşi sizin idarədə işləyir,
nədir o köpəkoğlunun adı, balaca dazbaş kişidir e, burnunda da ziyil var...
Bilirdi ki, anası kimi nəzərdə tutur, amma boğazına ip də salsaydılar Zaur
Dadaşın adını çəkməzdi...
Zivər xanımın özünün yadına düşdü:
— Hə, Dadaş, deyirəm axı, adı Dadaşdır. Utanıb yerə girmir, həyasızın qızı...
Denən, cavan gəlinsən... Sir-sifətdən də babatsan — bu, Zivər xanımın Təhminə
haqqında dediyi birinci və axırıncı yaxşı sözü oldu: “babatsan” — cavan ərin
var... Amma di gəl, gör kimnən eşqbazlıq eləyir — qoca idbar kişiynən...
Zaur dəqiqləşdirməyə çalışdı:
— Deməli, belə çıxır ki, eşqbazlıq eləməyi günah deyil, günahı ondaymış ki,
qoca idbar kişiylə eşqbazlıq eləyir?
— Sən mənimlə burda söz güləşdirmə... Kimnən eşqbazlıq eləyir — öz işidir.
Bir də o əri qurumsağın işidir. Kül onun başına ki, bu cür arvadı evində saxlayır.
Amma səndən əl çəksin. Yoxsa Allaha and olsun, onun başına bir oyun açaram
ki, öz adını da yadından çıxarar. — Zivər xanım Təhminəyə nə edəcəyini daha
da dəqiqləşdirərək əlavə elədi. — Gözlərini çıxararam o it qızının...
Zaur anasının xasiyyətinə bələd idi, bilir ki, anası dediyini eləyəndir, bütün bu
əhvalat da, görünür, Zivər xanıma möhkəm toxunmuşdur. Zaur məsələni daha da
gərginləşdirmək istəmirdi, odur ki:
— Sən Allah, boşla görək, ay ana, — dedi. — Aramızda heç nə yoxdur. Bir
idarədə işləyirik, tay-tuşuq, bəlkə işdən çıxanda bir-iki dəfə onu maşınla
aparmışam, vəssalam... Nə böyük bir məsələ imiş ki bu? Əgər belə ürəyinə


salırsansa, yaxşı, söz verirəm ki, bir də onu maşınıma mindirməyim, qoy
trolleybusla getsin. — Həmişəki kimi yarızarafat tərzində danışırdı, amma elə bil
daxili bir nigaranlıq hissi keçirirdi, nədənsə ona elə gəlirdi ki, Təhminəni bir növ
satır və məhz elə buna görə, özünə vicdanı qarşısında bəraət qazandırmaqçün
Təhminəni müdafiə eləmək istədi:
— O ki qaldı Dadaş, — dedi, — səni yüz faiz əmin edə bilərəm ki, bu, yalan
sözdür, böhtandır, vəssalam. Mən lap yəqin bilirəm, Dadaşla onun arasında heç
bir şey olmayıb, ola da bilməz.
— Sən hardan bilirsən? Özü sənə deyib?
— Yox, özü deməyib. İntəhası, mən də həmin o idarədə işləyirəm və çörəyi
burnuma yemirəm axı... Bu söhbət ağ yalandır...
Amma Zivər xanım heç cür razılaşmaq istəmirdi.
— Tək Dadaşdır bəyəm? Odey, bizim qonşu da neçə vaxt onunla “dostluq”
eləyib.
Zaur:
— Hansı qonşu? — deyə xəbər aldı və hiss elədi ki, bütün içi dönüb buz
bağlayır.
— Aylanın oğlu da... Spartak... Ayla danışırdı, deyir, yazıq gədəyə aman
vermirdi. Telefonumuzu, deyir, day yerindən çıxardırdı. Gecə bilməz, gündüz
bilməz, zəngi zəngə calayır... Ciyəriyanmış hardan zəng vururmuş görəsən, öz
evindən? Bəs əri balqabaq harada itib qalıbmış? .. Əh...
İçi elə bil don bağlamışdı Zaurun, elə bil beyni ağırlaşmış, qıc olub qalmışdı,
yavaş-yavaş özünə gəldikcə bircə istək hakim kəsilirdi qəlbinə: bu saatca
Təhminəylə görüşsün, lapdan, aman, macal vermədən soruşsun Spartak
barəsində və cavabından asılı olaraq ya münasibətləri — birdəfəlik qırılsın, ya
da... Sanki anasının səsini də artıq eşitmirdi. Anası elə hey üyüdüb tökürdü,
deyirdi ki, axır Alya dözməyib, özü işə qarışıb, amma Alya mənim kimi
oğluynan danışmayıb, axı oğlu da elə avaranın, yelbeyinin biridir, yox, Alya o
çərhəyanın özüylə danışıb, zəng eləyib hədələyib ki, bax, əl-ayağını yığışdır,
yoxsa gəlib saçlarını keçirdərəm əlimə, bircə-bircə yolub tökərəm tüklərivi. –
Zivər xanım güldü. – Saçları da deyir, heç özününkü deyil o lotunun, qoymadır,
parik taxır başına.


Zaur elə bil bu hədələri artıq icra olubmuş kimi görürdü, elə bil gözləri
qarşısında canlanırdı. Təhminənin gözlərinin Zivər xanım tərəfindən deşilməsi,
tüklərinin, (bu tüklər parik-zad deyildi, özününkü idi – bunu Zaur yaxşı bilirdi)
uzun saçlarını Alya xanım tərəfindən yolunmasını...
— Çıxıram bir az havaya — dedi Zaur.
Küçəyə düşən kimi avtomatdan Təhminəyə zəng elədi.
— Bəli... bəli, eşidirəm sizi. — Telefondan yumşaq kişi səs gəldi. — Manaf idi
— Təhminənin əri.
Zaur dəstəyi asdı...
Axşam düşmüş, hava qaralmışdı. Zaur şəhəri gəzirdi. İki dəfə də zəng elədi.
Manafın səsini eşidib asdı. Əlbəttə, salamlaşa bilərdi, öz adını deyə bilərdi və
xahiş edərdi ki, Təhminəni telefona çağırsın: axı hər halda, bir idarədə
işləyirdilər, neçə müddətdir tanışdılar. Amma belə etmək istəmirdi: əvvəla, ona
görə ki, ümumiyyətlə, Təhminənin əriylə danışmaq heç ürəyindən deyildi.
İkincisi, bəlkə Manafın qulağına da bir şey çatıb, həm də Manafın yanında
Təhminə necə ona izahat verəcəkdi – Spartakla “dostluq” eləyib, ya yox? Bütün
bu fikirləri beynində dolaşdıra-dolaşdıra şəhəri gəzirdi və gəzdikcə də elə bil
sakitləşirdi. Lap tutalım Dadaş, ya elə Spartak Təhminənin adamı olub? Mənə
nə? Nəyimdi mənim Təhminə? Arvadım, qızım, bacım? Tamam özgə bir
adamdır. Gözəldir, cazibəlidir, məni də cəlb edir, çəkir. Çox gözəl, mən ki
niyyətimə çatdım, yaxınlığımız oldu onunla... Xoş dəqiqələr, saatlar keçirdik...
İndi də, özünün dediyi kimi, ayrılmalıyıq. Çox əcəb... Daha iztirab keçirmək,
qısqanmaq niyə? Nəyimdir mənim? Heç nəyim... Onun qeyrətini mənmi
çəkməliyəm? Həm də bütün bu əlaqələri – əgər doğrudan da olubsa bu əlaqələr –
bizim münasibətlərimizdən qabaq olub... Mənə nə? Doğrudur, Təhminənin məhz
Spartakla olması fikri Zaurun təpəsindən tüstü çıxarırdı. Kim olur olsun, Spartak
olmasın. Spartakı görməyə gözü yox idi. Hələ uşaq yaşlarından, həyətdə bir
yerdə oynadıqları, dalaşdıqları vaxtlardan Spartakdan zəhləsi gedirdi. Spartak
satqın idi, daima onları satırdı, həm də qorxaq idi. Zaur uşaqlıqda o qədər
əzişdirmişdi ki, Spartakı. Alya xanım, əlbəttə ki, yalan danışır: Təhminə, dünya
gözəli Təhminə Spartak kimi bir dəyyusla “dostluq”mu edə bilər? .. Əlbəttə ki,
Spartak Təhminəyə heç yaxın da düşə bilməyib və məhz buna görə də ağzını
Allah yoluna qoyub artıq-əskik danışmağa başlayıb. Başqa səviyyədə Dadaş da
bu cür danvranmırdımı? Təhminə özü Zauru başa salmışdı ki, Dadaş necə edir


bunu və nə səbəbdən edir? İndi də Spartak? Yəqin söz düşsəydi, Təhminə
Spartak məsələsini də dəqiq-dürüst izah edərdi Zaura. Zaurun da ürəyində heç
bir şəkki-şübhə qalmazdı...
Axırıncı dəfə 12-nin yarısında zəng elədi, yenə də Manafın səsini eşidib dəstəyi
asdı... Evə dönərkən düşünürdü: Doğrudan, qəribədir, bax indicə bu saat
Manafın səsini eşitdim. Gecədir. Yəqin Təhminəgilin pəncərələri də
qaranlıqlaşıb. Onlar bir yerdədirlər, qaranlıq otaqda, gecəni bir yerdə
keçirəcəklər, ər-arvaddırlar. Amma bu fikir Zauru Spartak haqqındakı şübhələri
qədər — incitmirdi.
Yağış çisələyirdi, Zaur evlərinə tərəf addımlayarkən birdən ağlına gəldi ki, sabah
Təhminənin təzə iş yerinə zəng eləyə bilər. Telefonunu bilmirdi. Dadaşdan
öyrənə bilər. Bəlkə elə indi gecəyarısı Dadaşa zəng vurub öyrənsin? Məzəli bir
əhvalat yadına düşdü, bu əhvalatı Təhminə danışmışdı ona: bir gecə Nemət içib
dəm olub, gecə saat üçdə zəng eləyib Dadaşdan Təhminənin gözlərinin rəngini
soruşub.
— Yox, mən belə etməyəcəyəm, — deyə düşündü Zaur. — Gecə zəng
eləməyəcəyəm Dadaşa. Səhər idarədə xəbər alaram.
* * *
Sabahısı gün uzun zaman Dadaşa yanaşa bilmədi, otaq adamla dolu idi.
Təhminənin yerində təzə bir incə – qara bir qız oturmuşdu. Zaur Nemətlə bir-iki
kəlmə ordan-burdan danışıb çıxdı otaqdan. Fasilə zamanı gələndə gördü ki,
Dadaş otaqda təkdir... Dadaş iri şişman portfelini açmışdı, stolunun üstünə qəzet
salıb evdən gətirdiyi yeməyini çıxartmışdı. Toyuq yeyirdi, otaq istiydi və
Dadaşın sir-sifətindən tər axırdı, tər damcıları toyuğun yağına qarışırdı və bir an
Zaurun bu görünüşdən ürəyi qalxdı...
Dadaş Zauru görüb:
— Buyur, buyur, — dedi, — gəl çörək yeyək...
Zaur:
— Nuş olsun, — dedi, kənardakı stolun dalına keçdi. Dadaş başa düşdü ki,
Zaurun onunla işi var. Ağzındakı iri tikəni udub:
— Mənə sözün var? — dedi.


— Bəli. Təhminənin təzə işində telefonu-nu bil-mirsiz — ki?
Dadaş:
— Bilirəm, — dedi və barmaqlarının yağını silmədən əlini pencəyinin içəri
cibinə saldı, ordan balaca telefon dəftərçəsini çıxartdı, ovulub didilmiş vərəqləri
çevirdi, telefon nömrəsini tapdı və Zaura dedi, Zaur yazmadı. Bu nömrə də,
Təhminənin ev nömrəsi kimi yaddaşına həkk olunacaqdı.
Daha Dadaşla bir işi yox idi, öyrənmək istədiyini öyrəndi, həm də şahidsiz-
filansız, artıq söz-söhbət nəyə gərək? İndi gedə bilərdi, amma bir az yubandı,
nədənsə birdən soruşmağı qərara aldı:
— Bəs niyə getdi axı burdan Təhminə?
Dadaş ağzındakı loğmanı uzun zaman çeynədi, nəhayət, uddu, bundan sonra da
cavab vermədi, hələ bir müddət də tikəsini həzm eləyə-eləyə, udquna-udquna,
səssiz-səmirsiz başını buladı. Axır ki:
— Əşi, bu qızın işi uzun həngamədir, — dedi. — Elə ömür boyu belə olacaq
— kəpənək kimi ordan bura, burdan ora uçacaq... — Dadaş kəskin və sərt
danışırdı, amma sonra sakitcə əlavə etdi: — Yəqin köhnə məhəbbəti yadına
düşüb.
Zaur mat-məəttəl qalıb:
— Nə məhəbbət? — dedi.
— Nə bilim, nədir o oğlanın adı, Muxtardır deyəsən. Məhərrəmov Muxtar.
Televiziyada rejissordur nədir... Bilmirəm, aralarında nə haqq-hesab var, amma
yüz faiz əminəm ki, Təhminəni o dartıb apardı televiziyaya. Diktor eləyəcək
onu. Bu qız guya, filosofdur, diplomu var, universitet qurtarıb, indi gedib diktor
olacaq. Ay-hay... Nə olub deynən, nəyin əskikdir burda?! — Maaş kimi maaşın
vardı, qonorardan-zaddan da yazırdıq hərdən, kefin istəyəndə gəlirdin, kefin
istəyəndə gedirdin...
Dadaşın sözlərindən açıq hiss olunurdu ki, Təhminədən yanıqlıdır, möhkəm
inciyib onun bu gözlənilməz hərəkətindən. Yəni doğrudan Dadaş Təhminəni
sevirmiş ki, bu etibarsızlıq ona belə ağır təsir eləyib? İndi nə idi onu danışdıran?!
– İnciklik, yanıq, qısqanclıq, ya da sadəcə, himayədarlıq hissi, – heyifsilənirdi,
yanırdı bəlkə Təhminəyə ki, öz qədrini bilmir, həyatda yerini tapa bilmir... Ya da


elə bütün bu hisslərin hamısı bir y-erdə hakim idi Dadaşa? Yaxşı, bəs bu
Məhərrəmov deyilən kimdir belə, bu hardan çıxdı, bu nə yuvanın quşudur
görəsən? Köhnə məhəbbət... Bəlkə “köhnə tanışım dəvət eləyirdi məni
televiziyaya” deyəndə Təhminə məhz elə o Məhərrəmovu nəzərdə tuturdu.
Köhnə tanış. Elə hara baxsan bunun köhnə tanışlarıdır. Belə də qadın olar, ilahi?
Dadaş yeyib qurtarmışdı, toyuğun sür-sümüyünü yığışdırıb qəzetə bükürdü. Zaur
da ayağa durmuşdu ki, otaqdan çıxsın, amma bu vaxt Dadaş qəfilcə dedi:
— Zaur, bala, sənin atanı yaxşı tanıyıram, hörmətim var o kişiyə. Sən də elə
mənim oğlum, incimə sözümdən, amma mən sənə məsləhət eləyirəm. Bir əmi
kimi. O arvada baş qoşma.
Zaur heç belə söhbət gözləmirdi, bir an özünü itirdi elə bil. “ Deməli, belə, –
deyə düşündü. – Deməli, bu xəbər hamıya yayılıb. Anası düz deyirmiş, yerin
qulağı var. Yaxşı, əgər belədirsə, onda deməli, Dadaş həmin o Muxtar
Məhərrəmovdan söz salanda hər şeyi bilirdi, – bilirdi Zaurla Təhminənin
münasibətlərini. Elə çıxır ki, acıqcan deyirmiş bu sözləri Zaura, ondan hayıf
çıxmaq üçün, intiqam almaq üçün... Axı bütün bu şayiələr düzdürsə, — onda,
deməli, Zaur Dadaşın da rəqibidir, məqsədinə nail olmuş rəqibi”.
— Yaman afətdir o qız. İnan mənə. Mən hər şeyi başa düşürəm: gözəldir, həddən
ziyadə gözəldir, cazibəlidir. Sən də cavan oğlansan... Amma ondan mümkünsə
gen gəz. Səni lupp eləyib elə udar ki, heç ruhun da inciməz...
Zaur ifadə tərzinə mümkün qədər çox zəhər qataraq:
— Bəs mən elə bilirdim, siz ona yaxşı münasibət bəsləyirsiz, — dedi.
Bu səfər Dadaş tutuldu, amma dərhal özünü ələ aldı və sakit-sakit sözünə davam
elədi:
— Mən, doğrudan da, ona pis münasibət bəsləmirəm. Yazığım gəlir ona. Bir
insan kimi yaxşı cəhətləri də var. Amma nə olsun? Özünü məhv eləyəcək...
Onunçün heç bir qanun-kitab yazılmayıb, — kefi necə istəyir, elə də yaşayır.
Dünya-aləm vecinə deyil... Axı belə də olmaz... Qayda var, adət var...
“Yaxşı, ay kaftar haramzadə, bəs sən, sinli, həm də evli kişi altdan-altdan
Təhminəyə maz gedəndə – bu hansı qayda-qanuna, hansı adət-ənənəyə görə idi,
hə? Özü də sənin işçin idi, tabeliyində idi” – Zaur belə düşündüsə də dinmədi,
matdım-matdım Dadaşın sifətinə baxırdı. Dadaş isə get-gedə daha çox cuşa


gələrək danışırdı:
— Onunçün heç bir təfavütü yoxdur, kimiynən dostluq eləsin... Kimdir onun
tanış-bilişləri? Baza müdirləri, nə bilim alverçilər, filan... Nə var, nə var, təzə bir
parça alacaq, ya şuba, ya nə bilim, üzük-sırğa...
Zaur bu bulanıq söz selinin qarşısında tam bir köməksizlik duyurdu, axı hissə
qapılıb çılğın etirazlardan başqa nəylə – hansı dəqiq faktlarla, dəlil-sübutlarla bu
axının qarşısında dura bilərdi. Dadaş ancaq gülərdi onun çılğınlığına, “Ürəyi
təmiz uşaqsan, onunçün də aldanırsan, onunçün də səni aldadıb barmağına
dolay-a bilib” – deyərdi, deməsə də düşünərdi. Həm də axı Zaur özü əmin
deyildi ki, Dadaşın sözləri tək bir quru böhtandır. Təhminənin hər yerdə tanışları
vardı, – doğrudan da, beləydi bu – ən müxtəlif adamlar, cürbəcür peşə sahibləri
düşməzdi dilindən. Gərək paltarlarını Bakının ən yaxşı dərzisinə tikdirəydi,
gərək şəkillərini beynəlxalq konkurslarda mükafatlar almış məşhur fotoqraf
çəkəydi, bərbəri də gərək şəhərdə birinci bərbər olaydı, diş həkimi də. Nə
deyirsən de, belə şeylərin dəlisiydi Təhminə. Belə şeylər, bu cür həyat tərzi isə
müəyyən adamlarla, əksər hallarda kişi xeylaqlarıyla əlaqədar idi və belə olan
surətdə, bütün bu imtiyazları havayı qazanmırdı ki, Təhminə. Təmənnasız
olunurdu ona bu lütfkarlıq – tapılmayan geyimlər. Növbəsiz biletlər, qıt şeylər...
Dünəndən bəri ikinci dəfədir ki, Zaur Təhminə haqqında dəhşətli şeylər eşidirdi
və onu ağrıdırdı eşitdikləri. Amma üç ay bundan qabaq – yaxınlıqlarından əvvəl
də eşidib qulaqlarına vurmurdumu ara-sıra aralığa düşən bu cür söhbətləri?!
Onda niyə bu söhbətlər Zaurun zərrəcə vecinə deyildi? Əksinə, bəlkə bu
söhbətlər bir növ Zauru şirnikdirmişdi də. Bəlkə də haradasa, qəlbinin
dərinliklərində fikirləşmişdi ki, əgər Təhminə, doğrudan da, belə
“yüngülməcazdırsa”, ayağısürüşkəndirsə, mən niyə kənarda qalım? Zaur
istədiyinə nail oldu, daha indi ağrımaq, nəyisə ürəyinə salmaq neyçün? Olan
olub, keçən keçib... Mənim nə borcuma? Təhminə kimdir ki, mənimçün? Üç
ayın xoş xatirələri, vəssalam.
Belə düşünürdüsə də, haradansa xəstə diş kimi hovutqayıb zoqquldayan ağrını
da ovuda bilmirdi. Hər halda Dadaşın cavabını verməli idi:
— Mən heç bilməzdim ki, — dedi, — siz Təhminə haqqında belə pis danışırsız.
Dadaş quru bir tərzdə:
— Mən olanı deyirəm, — dedi. — Səni də xəbərdar edirəm. Çünki sən də


mənim oğlumsan. Əmin kimi — sənin...
Çox gülməli çıxdı: “Mən sənin əminəm, sən mənim oğlum” və Zaur qəhqəhə
çəkdi. Əsəbi bir gülüş idi bu, Dadaşın düz gözlərinin içinə baxa-baxa gülürdü.
Və gülə-gülə də:
— Nə siz mənim əmimsiniz, — dedi, — nə də mən sizin oğlunuz. Mən uşaq
deyiləm... Nə elədiyimi özüm bilərəm...
Düz üzünə dedi bunu Dadaşın və özünün də xoşuna gəldi ki, fikrini necə də açıq,
mərd-mərdanə bu burnu ziyilli kişinin üzünə çırpdı. “Mənimlə ömürlük düşmən
olacaq, cəhənnəmə ki, olur olsun. Əlindən gələni beş qaba çəksin” deyə düşündü
və xudahafizləşmədən şəstlə otaqdan çıxdı...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə