TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   2   3   4   5   6   7   8   9   10   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

BEŞİNCİ FƏSİL


Degildim mən sənə mail, sən etdin əqlimi zail.
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?
Zaurun təqribi hesablamalarına görə Bakıda, Azərbaycan respublikasının başqa
şəhər, kənd, şəhər və kəndtipli qəsəbələrində onların yetmiş yeddi qəfər qohumu
vardı. Atasının və anasının hesablamaları etibarlı deyildi. Keflərinin kök
vaxtlarında bir-birlərinin qohum-əqrəbasını saymağa başlayanda atası ortalığa
bir rəqəm çıxarırdı, anası ayrı. Anasının hesablamalarına görə atasının qohumu
daha çox idi, atasının hesablamalarına görə əksinə. Anası: “Bibim nəvəsinin
ögey əmisi oğlu haradan mənim qohumum oldu ki...” – deyərdi, amma özü
Məcidin dayısı qızının baldızı oğlunu ərinə yaxın qohum sayardı. “Hər halda ali
məktəbə girəndə sənin yanına gəlmişdi ki, yaxın qohumusan, sən də kömək
elədin... Doğrudur, işi düzələndən sonra bir də üzünü görmədik, amma hər
halda...”.
Əslində, ata və ana qohumlarından başqa bir də vardı, Məcid demiş, “sezon
qohumları”. Məlum deyildi ki, onlar kimin tərəfindən, hardan qohum idilər,
amma elə ki, imtahan mövsümü başlanırdı, bu haradansa peyda olmuş “sezon
qohumları” qapılarını kəsirdilər. Nizamidən, Firdovsidən, Sədidən tutarlı
misallar gətirib isbat edirdilər ki, qohum-əqrəba dar gündə gərək olar və əgər
Məcid uşağa kömək eləməsə, deməli, böyük şairlərin hikmətli kəlamlarının bir
qəpiklik mənası yoxmuş... Adətən bu müdrik beytlər Məcidgilin evlərində yay
aylarında, sınaq imtahanları dövründə daha çox səslənirdi, amma başqa
mövsümlərdə də cürbəcür qohumların cürbəcür xahişlərindən, təvəqqelərindən
asudə deyildi Məcidin başı... Məcid ürəyiyumşaq adam idi, əlindən gələn
yaxşılığı qohumlarından da, qohum olmayan, tanıyıb-tanımadığı adamlardan da
əsirgəməzdi və heç bir vaxt da elədikləri yaxşılıqların müqabilində heç bir şey
gözləməzdi, heç quru “sağ ol”un da təmənnasında deyildi. Amma hərdən-birdən,
görürsən belə bir iş ki, yaxşılıq elədiyin adam, dar günündə qolundan tutduğu
şəxs, məqsədinə — çatan kimi birdəfəlik yox olurdu, ilim-ilim itirdi, nə izi, nə
tozu qalırdı, belə məqamlarda Məcid də görürsən, dodaqaltı zümzümə edərdi:
“Bağda ərik var idi, salam-məlik var idi, bağdan ərik qurtardı, salam-məlik
qurtardı”.
Bu, atasının əzbər bildiyi yeganə şeir misralarıydı və yeganə musiqi motivi idi,
professor bunu, özfəaliyyət iştirakçıları kimi, özü özüyçün, öz dilxoşluğu üçün


oxuyurdu. — Hər halda, bu müvəqqəti üzə çıxıb birdən-birə də qeyb olan
təmənnalı qohumlardan savayı əsl yaxın qohumları da vardı və bu qohumlarla
daimi sıx əlaqə saxlayırdılar. Belə yaxın qohumlar Zivər xanımın bacıları, xalası
və xalası qızlarından ibarət idi və bir də Məcidin Bakıda yaşayan yeganə yaxın
qohumu – məşhur cərrah, professor Bəhram Zeynallıdan. Şübhəsiz, Bəhram
Zeynallının ailəsi – arvadı Rüxsarə xanım, oğlu Rasim də yaxın qohumlardan
sayılırdı, amma Bəhramın davada həlak olmuş qardaşının oğlu Qiyasla gediş-
gəlişləri yox idi... Məcid bilirdi ki, Qiyas Dilarə adlı bir qızla evlənib, bir
oğulları var, amma nə özü, nə də Zaur Qiyasın ailəsiylə heç tanış da deyildilər.
Ömürlərində bir-birlərinin qapısını açmamışdılar, deyəsən Qiyasın əmisinin
Bəhramla gediş-gəlişləri vardı, amma Məcidgil Bəhramgildə tez-tez qonaq
olsalar da, bir dəfə də onlarda Qiyasgilə rast gəlməmişdilər... Adətən
Bəhramgillə, başqa qohumlarla görüşləri də müəyyən hadisədən-hadisəyə,
tarixdən-tarixə olardı – ad günlərində, toy-nişanda, ya, Allah eləməsin, hüzr
məclislərində... Bu gün – Zaurun ad gününə də beş-altı nəfər qohum gəlmişdi –
Zivərin iki bacısı, bir xalası qızı, (o biri xalası qızı gəlməmişdi, xalası xəstəydi,
qızı da onun keşiyini çəkirdi), Bəhram Zeynallı arvadı Rüxsarə xanımla, (onlar
da oğulları Rasimsiz gəlmişdilər...) Məcidin iş yerindən də iki nəfər gəlmişdi və
o cümlədən atasının kafedrasında assistent olan Şahin. Şahin Zaurla həmyaş idi
və onların ailələri üçün əvəzsiz bir adam idi – nə lazım olsaydı yerin deşiyindən
tapardı. – Bax, elə bugünlük məclisçün bütün gərək olan sursatı – sədri
düyüsündən, təzə balıqdan, kürüdən tutmuş hər cür xırım-xırdayacan – nə bilim
borjomu, yaşıl noxudu, mayonezi-filanı – hamısını Şahin “təşkil eləmişdi”...
Qonşularla elə mehribançılıqları yox idi, qonşulardan bircə Murtuzovgil idi
qonaqları – Murtuz özü – istefaya çıxmış polkovnik Murtuz Murtuzov bütün
orden, medallarını taxmışdı, – arvadı Alya və qızları Firəngiz. “Qızlarını
bizimkilərə – qohumlarımıza göstərməyə gətiriblər” – deyə düşünmüşdü Zaur.
Amma məsələ ondadır ki, Murtuzovlarla bir yerdə Zaurun tanımadığı başqa bir
ər-arvad da gəlmişdi, necə deyərlər, çağırılmamış qonaqlar. Alya xanım izahmı
eləyirdi, üzrmü istəyirdi, hər halda qeyri-müəyyən bir tonla:
— Tahirəylə Cabbar da gəlib çıxdılar bizə, dartdım onları da gətirdim, — dedi.
Tahirə Alyanın ortancıl bacısı idi. Çünki kiçik bacısı da vardı – Sürəyya,
Nemətin arvadı. Nemət təcrübəçi idi. Zaurla bir nəşriyyatda işləyirdi və Zaur
onu son dərəcə duzsuz-dadsız bir adam hesab eləyirdi.
Amma Cabbarla Tahirəni Zaur birinci dəfə — görürdü.


Tahirə də Zivər xanıma:
— Sən Allah, bağışlayın, — dedi. — Alya qır-qıc oldu ki, gərək siz də gedəsiz,
heç bilmirdim ki, Zaurun ad günüdür bu gün... Hədiyyə bizim
boynumuza. — Guya Tahirə üzrxahlıq eləyirdi, amma bu sözləri elə böyük bir
təşəbbüslə deyirdi ki, onların mənası tamam başqa cür çıxırdı: yəni sizin
minnətiniz olsun ki, biz təşrif gətirib sizə qonaq gəlmişik.
Zivər xanım:
— Eyib deyilmi, nə danışırsınız, öz evinizdir, xoş gəlibsiniz, — deyirdi.
Amma Zaur ona da fikir verdi ki, anası da tələffüz elədiyi sözlərə tamam başqa
məna verdi. Anası — da hiss eləmişdi Tahirənin forsunu, özündən
müştəbehliyini və imkan tapan kimi onu yerində — otuzdurasıydı...
Zaur bunu da başa düşürdü ki, qonşuların bu nümayəndə heyəti yalnız Firəngizi
göstərməkçün gəlməyib, həm də Zaura baxmaqçün gəlib. Daha doğrusu, yalnız
tək Zaura yox, oğlanın ailəsinə, qohum-əqrəbasına, evlərinə-eşiklərinə,
dolanacaqlarına və davranışlarına, bir söz, “bizim Firoçkanın” düşə biləcəyi
mühitə... Tahir, görünür, Alyanın yalnız bacısı deyildi, həm də ən yaxın
məsləhətçisi idi, odur ki, onun rəyi, fikri, təəssüratı vacib idi... Zaur, içində bütün
bu bayağı oyuncaqlara nəinki gülürdü, müəyyən ikrah hissi də duyurdu, bu
duyduqlarını ört-basdır etmək üzə çıxarmamaq, hamıya xoş sifət göstərmək,
mehribanlıq eləmək istəyirdi. Özü də bu halına təəccüb qalmışdı. Adətən bu
sayaq münasibətlər, ümumiyyətlə, ad gününün saxta şadyanalığı onu
əsəbiləşdirirdi. Zaur bu günün tez qurtarıb getməsini arzulayırdı. Amma bu gün
səhərdən bəri bütün içini doldurmuş ilıq, xoş bir duyğu, elə bil onun bütün
insanlara münasibətini də dəyişdirmişdi? Heç kəs onu əsəbiləşdirmirdi...
Dəqiqəbaşı əlini cibinə atır, “Ronson” alışqanını çıxarıb odlayırdı və ona elə
gəlirdi ki, onun sevincinə, fərəhinə — hamı şərikdir. Bu alışqanı bu gün işə
Təhminənin qonşusu Mədinə gətirmişdi. Təhminənin dünən dediyi hədiyyəsiydi
bu “Ronson” alışqanı, bir dəstə gül və üstündə təbrik sözləri yazılmış kağız...
Zaur elə bilir qəribə yuxu içində idi və ona müraciətlə deyilən sözləri də əməlli-
başlı eşitmirdi, nəzakətsiz görünməmək üçün arabir “bəli, əlbəttə”, yaxud “xeyr”
deyirdi, amma özü də bilmirdi ki, “bəli-xeyri” yerində deyir, ya yox. Tahirənin
əri Cabbar da nə barədəsə onunla qızğın söhbətə girişmişdi. Zaur da onu
dinləməyərək hey başını yelləyir, “bəli, bəli, əlbəttə” deyirdi, amma özü də
bilmirdi ki, nəylə razılaşır, nəyi belə qeydsiz-şərtsiz qəbul edir... Arabir diqqətini


toplayıb Cabbarın fikrini anlamaq, nədən danışdığını təyin eləmək istəyirdi.
Cabbar yanında oturmuşdu, amma elə bil səsi hardansa, çox uzaqdan gəlirdi:
— Başa düşürəm, atanızın işlədiyi institutda müdafiə eləmək yaxşı düşməz, söz-
söhbət ola bilər. Amma istəsən, mən danışaram, bizim institutda müdafiə edərsiz.
Zaur: “bəli, bəli, əlbəttə” deyirdi, özü də bilmirdi ki, Cabbar dəqiq surətdə ona
nə təklif edir. Cabbarın səsinə başqa səslər – atası Məcidin, anasının, xalalarının,
Murtuzun, Alyanın, Bəhram əminin, T-ahirənin, Rüxsarə xanımın, Şahinin
səsləri bir-birinə qarışırdı... Bircə Firəngizin səsi gəlmirdi... Firəngizin yanaqları
alışıb yanırdı. Zaur fikirləşirdi ki, doğrudan da, çox gözəl qızdır Firəngiz və elə
bil onun susub dinməməyini də qavrayır, sükutunu eşidirdi. Firəngizin sükutu,
yəqin ki, Zaur haqqında, onunla quracağı gələcək xoşbəxt ailə haqqında
təsəvvürlərlə dolu idi – ola bilməz ki, bütün bu xəyalları Alya xanım yavaş-
yavaş, altdan-altdan qızına təlqin eləməsin. Səslər bir-birinə qarışırdı, amma
ayrı-ayrı cümlələrə diqqət etsən, kimin nə danışdığını təyin etmək olardı.
— Əşi, mənim ştabımda idi, əlaltım idi, şunu götür, şunu qoy, indi bir gör nə
ağız bəhəm eləyib, küçədə görəndə adam-zad tanımır. — Murtuz deyirdi bunu...
— Apardı məni sklada, mama, dedi seç hansın bəyənirsən, vallah, Rüxsarə
xanım, nə gizlədim, gözüm dörd oldu, day könlün nə istəyir — nə rəng, nə
fason, nə biçimdə — hamısı var. — Alya deyirdi bunu. Həmişəki kimi oğlu
Spartakın şücaətindən basıb-kəsirdi. Spartak haçansa onu cürbəcür qıt mallarla
ağzınacan dolu olan qeyri-adi anbara aparıbmış, — bu əhvalatı Alya xanım azı
bir on dəfə danışıb Zivər xanıma və Zivər xanım da azı bir yeddi dəfə Zaura,
Spartak Alya xanımın sevimli mövzusu idi, amma yeganə mövzusu deyildi.
Spartak mövzusundan başqa iki daimi mövzu da var idi — əri Murtuzun xidməti
və qızı Firəngizin isməti...
— Lazım gəlsə mən elmi katiblə də danışa bilərəm, mənim xətrimi çox istəyir,
təşkil edərik və müdafiəyə buraxarlar. — Bunu Cabbar deyirdi və Zaur da:
— Bəli, bəli, əlbəttə, — deyirdi ona.
Zivər xanım mətbəxdən otağa gəldi:
— Ay Zaur, — dedi, — qonaqlarımız darıxmır ki, bəlkə televizoru qurasan...
Zaur televizoru qurdu və bir azdan sonra qonaqların canlı səslərinə televizorun
səsi də əlavə olundu. İdman şərhçisi:


— Voleybolçu qızlarımız inadla mübarizə aparıb layiqli qələbə
qazandılar, — deyirdi...
Bəhram Zeynallı:
— Praqada da mühazirə oxumalı oldum, — deyirdi.
Murtuz Murtuzov:
— O gün axır yaxaladım küçədə, — deyirdi.
Alya xanım anbardakı dublyonkalardan, Rüxsarə xanım komisyondakı
servizdən, Tahirə yayda dincəldikləri kurortdan danışırdı. Cabbar:
— İstəyirsiniz, lap rektorun özüylə danışaram, — deyirdi. — Məncə etiraz
eləməz...
— Praqadan daha qatarla gələsi oldum... Speranskiyə bir kupeyə düşmüşdük...
— Yapışdım yaxasından, adə, qırışmal, məni tanımırsan sən?
— Day bir şey götürmədim, bax bu paltarı, Firoçkayçün sapojki, iki dənə yorğan
örtüyü — Firoçkanın cehizliyi, bir də bir-iki xırda-xuruş. Spartak deyir, mama,
dünyanın axırı ha deyil, haçan kefin istəsə yenə gətirərəm səni bura...
— İstəyirəm alım o servizi, bizim bir dostumuz var — Şamxal, müstəntiqdir,
onun arvadı Tamaranın ad günüdür, ona hədiyyə aparmaq istəyirəm...
— Mən Krımda da olmuşam, Soçidə də... amma bura başqa aləmdir... Qum
mirvari kimi, dəniz tərtəmiz, korpuslar elə rahat, elə səliqəlidir ki...
— Kişi voleybolçular isə bu mövsümdə hələ ki, müvəffəqiyyət qazana
bilməyiblər...
— Rektor nə deyəcək ki? Bizim institutda, hətta Tiflisdən, Yerevandan gəlib
müdafiə edirlər. — Bu-yurun, stolun başına keçin!
— Şahin, zəhmət olmasa, badələri doldur.
— Bəs Spartak niyə gəlməyib?
— Allah bilir haradadır indi...
— Yaxşı, tamadamız kim olacaq?


— Murtuz Balayeviç, polkovnik Murtuzov...
— Xeyr, heç elə söhbət yoxdur, professor, professor yaxşıdır...
— Hansı professor, professor burda ikidir.
— Zeynallı...
— Zeynallı da ikidir.
— Yox, əlbəttə, professor Bəhram Zeynallı, Məcid day ev yiyəsidir tamada
olmaz ki...
— Çox sağ olun, Zivər bacı, deməli, mən ev yiyəsi deyiləm, mən özgəyəm?
— Yox, ay Bəhram qardaş, siz də ev yiyəsisiniz, əlbəttə, öz evinizdir bura, elə
ona görə də xahiş edirik ki, Zaurçikin məclisini siz aparasınız da.
— Yox, Murtuz yaxşıdır, — dedi Bəhram.
— Heç elə söhbət yoxdur, əsl tamada Bəhram müəllimdir, — dedi Murtuz.
— Onda içək Bəhramın sağlığına, — dedi Məcid.
— Yox, madam ki, mənim boynuma qoyduz tamadalığı, sözümə qulaq asın.
Zaurun sağlığına içək, — dedi Bəhram.
— Sağ ol, Zaur, — dedi Şahin.
— Sağ ol, bala. — dedi Məcid.
— Sağ olun, Zaur, — dedilər. Rüxsarə xanım, Alya xanım, Tahirə xanım...
Firəngiz heç nə demədi...
— Sizin sağlığınıza, Zaur, — dedi Cabbara.
— Добрый вечер, дорогие телезрители, — dedi Təhminə.
Zaur diksinib televizora tərəf çevrildi... Hamı qədəhlərini Zaura tərəf uzatdı,
hamı qədəhlərini bir-birinə vururdu, “sağ olun, sağ olun” deyib içirdi. Zaur isə
elə bil bütün məclisi duman içində görürdü və bu dumanın içində bircə sifət
durulub aydın seçilirdi – Təhminənin sifəti, bu hay-küydə bircə səs aydın
eşidilirdi – Təhminənin səsi:
— Мы начинаем программу азербайджанского телевиденийа. Мы привезли


Вам из нашего солнечнего Баку...
Zaur artıq sözlərin də fərqinə varmırdı. Təhminənin nə danışdığını da əməlli-
başlı qavramırdı, yalnız səsinin ahəngini dinləyir və dodaqlarına qonmuş xəfif
təbəssümü görürdü... Təhminə otaqdakıların da diqqətini çəkmişdi:
— Buna baxın, Moskvadan verirlər, bizim Bakı v-erilişidir.
— Hə, qəzetdə yazmışdılar da...
— Bu kimdir, təzə diktordur?
— Hə də, nədir onun adı?
Alya xanım quru bir tərzdə:
— Təhminə, — dedi, — indi də diktor olub...
Murtuz:
— Bu ki həmin o arvaddır, bizim...
— Hə, hə, — deyə Alya ərinin sözünü kəsdi və Zaur bilirdi ki, kəsməsəydi
Murtuz Balayeviç Spartakın adını çəkəcəkdi.
Təhminə danışırdı, gülümsünürdü, milyon-milyon tamaşaçıya gülümsünürdü,
tək bircə Zaura gülümsündüyü kimi, plyajda, maşının içində, Murtuzovların
bağlarında gülümsündüyü kimi...
Otaqda isə hamı bir ağızdan Təhminənin geyimini, sir-sifətini, durub-oturmasını,
bütün həyatını müzakirə edirdi. Kişilər dodaqaltı qımışırdılar, qadınlar paltarına,
saçının burumuna ağız büzürdülər, bir-birlərinin qulaqlarına əyilib nə isə
pıçıldaşırdılar və yeni məlumat almış hər adam “vay, vay, vay” deyə
məzəmmətlə başını bulayırdı... Kimsə dedi ki, Təhminənin əri Manafı tanıyır,
əməlli-başlı abırlı adamdır yazıq, indi başına nə kül töksün ki, bütün şəhərdə
biabır olub. Kimsə cavab verdi ki, qadam onun ağzına, o da adını kişi qoyub,
başına papaq geyir... Kimsə dedi ki, Təhminə elə bəzənib-düzənib, elə bil
bayram xonçasıdır... Kimsə dedi ki, bəs görəsən, adamı televizordan milyon
adamın qabağına çıxaranda bir maraqlanmırlar tərcümeyi-halıynan, kimdir,
nəçidir, nə yuvanın quşudur... Bu vaxt qapılarının zəngi çalındı. Şahin gedib
açdı, Spartak içəri girdi, salamsız-kəlamsız anasına:
— Qapını bağlayıb getmisiz, mənim açarım səndədir axı — dedi. Alya xanımın


tənbehindən sonra (“Zaurun yaşıdır, niyə təbrik eləmirsən”) çevrilib Zaura baxdı,
Zaurun əlindəki “Ronson”a xüsusi bir diqqətlə nəzər saldı, mənalı-mənalı
gülümsündü və hamının televizora tamaşa elədiyini görüb Spartak da ekrana
tərəf çevrildi:
— Oho, — dedi, — əhsən, Taxmuşa...
Sonra Spartak çıxıb getdi. Təhminə də ekranda yerini ifaçılara verdi, mahnılar
səsləndi və qonaqlar konserti dinləyə-dinləyə oxuyanlar-çalanlar barədə
danışmağa başladılar... Filan xanəndə Parisdən nə gətirib, filan bəstəkar ayda nə
qədər qazanır, filan rəqqasənin neçə yaşı olar...
Tahirə deyirdi ki, Emin Sabitoğlunun mahnılarını sevir, Caboş deyirdi ki, Zaur
mütləq onların institutunda müdafiə eləməlidir. Murtuz deyirdi ki, bütün bu
xanəndələr, oxuyanlar müftəxordurlar, ortada yeyib qıraqda gəzməyi sevirlər,
dava vaxtı çoxları ön cəbhədə getməkçün canını birinci qabağa dürtürdülər...
Bəhram deyirdi ki, indiki oxuyanlar dava vaxtı çoxları heç anadan olmamışdı,
olanları da südəmər uşaqlar idi.
Tahirə dedi ki, Polad Bülbüloğlunun mahnılarından çox xoşu gəlir. Rüxsarə
xanım dedi ki, paxlav-aya söz ola bilməz, bilmirəm niyə gizlədir Zivər xanım
bunun sirrini bizdən. Alya dedi ki, gərək bir xəlvət gəlib göz qoyam, öyrənəm
Zivər xanımın sirrini. Zivər xanım da güldü, dedi peşkəşdir sizə bütün reseptlər.
Murtuz Balayeviç də dedi ki, hə, nədir bu oxuyan gədə, bir belə saçın uzadıb qız
kimi, bu moddu, nədi yəni belə?! Cabbar dedi ki, yüz faiz arxayın olun, mən bu
müdafiə məsələsini boynuma götürürəm və Təhminə dedi:
— Наша передача окончена. До новых встреч. Bir az duruxdu və əlavə etdi:
— Мне хочется поздравить тех телезрителей, у которых сегодня день
рождения.
— Zaur bir an donub qaldı və nədənsə dərhal anasına baxdı. Anası da cəld ona
baxdı və Zaur başa düşdü ki, anasıyla Zaurdan başqa bu otaqda heç kəs
Təhminənin son cümləsinin fərqinə varmamışdı. Bircə anası bunun kimə aid
olduğunu başa düşmüşdü və Zaur bir buna görə anasını bağrına basıb öpmək
istəyirdi...
... Üç-dörd qədəh içmişdi Zaur, beyni dumanlanmışdı, ya nəydi, amma birdən
ona elə gəldi ki, Təhminəni sevir, heç kəsi heç vaxt sevmədiyi və sevməyəcəyi
kimi sevir.


Cabbar:
— Günü sabah elmi katiblə danışaram, — dedi...
* * *
Bütün gecəni gözünü qırpmadı Zaur. Səhər işə də hamıdan ertə gəldi. Mühasib
Səftər gəlib çıxanacan özünə yer tapa bilmirdi.
— Səftər dayı, bu gün maaş verəcəksən?
— Bəs necə? Günün ikinci yarısında...
— Bayramlarda növbətçi olmuşam, üç gün otqulum var, götürə bilərəm?
— Gərək direktor müaviniylə danışasan bu barədə.
Direktor müaviniylə danışdı. Müavin təəccübləndi, amma Zaurun ərizəsinə
dərkənar qoydu. Saat ikidə Zaur cədvələ qol çəkib 52 manat 30 qəpiyini aldı.
İndi cibində 95 manat vardı. Gedib aeroflotun kassasından gündüz reysinə bilet
aldı, sonra poçta girib teleqram vurdu: Москва. Центральное телевидение,
Тахмине Алиевой. Лечу к тебе в прямом и переносном смысле слова.
Завтра буду в Москве. Рейс 852, целую, Заур”.
* * *
— Mən bilirəm sən niyə Moskvaya gedirsən... Dünən sənə qaş-göz eləyirdi
televizordan, elə bilirsən — başa düşmədim... Heç hara getməyəcəksən... Yalan
deyirsən, heç bir işin-filan, heç bir komandirovkan-zad yoxdur... Guya bilmirəm,
zəng eləyib idarədən soruşaram bu saat, görüm, nə təcili işdir belə səni
əlimyandıda göndərirlər. Gördün, deməli, yalan deyirsənmiş, heç eyib etməz,
əlbət indi aton gəlib danışar səninlə. Necə, atovu da gözləməyəcəksən? Nə reys,
nə bilet, a gədə, bu saat biletivi də götürüb cıraram, nə mənim başımı toplayırsan
a virananın balası, bu saat mən atava zəng eləyim. Necə, onsuz da gedəcəksən,
deməli, vecinə deyil, atan da, anan da, deməli, o həyasız köpək qızı səninçün
atondan-anondan əziz olub. Budu bizim haqq-sayımız, bütün əzab-
əziyyətlərimizin, çəkdiyimiz zəhmətin əvəzi budu verirsən bizə, deməli, anavın
göz yaşı da səninçün bir qoz imiş, sən Allah; çərhəya deyil nədir, çərhəya da
deyərəm, ləçər də, ondan on qat betərini də, hələ sən məni yaxşı tanımırsan,
götürüb zəng eləyərəm onun o əri qurumsağa. Mənə yazığın gəlmir, barı xəstə
atava yazığın gəlsin. Sənin heç insafın-mürvətin yox imiş, ə, nə təhər


adamsanmış sən?! Yaxşı get. Lütkomun biri lütkom, get, görüm hansı pulla
gedirsən. Elə bilirsən elə əvvəlki kimi atan-anan cibinə xərclik qoyacaq, asta ye,
boğazında qalar, gedirsən elə get ki, bir də qayıtma, gözüm səni görməsin,
naxələf övlad... Gedirsən, ay oğul, ay bala, gözümün işığı, anan ayağının altında
ölsün. Necə yəni nigaran olma, axı ana ürəyidir, necə nigaran olmasın, bilmirəm
hara gedirsən, kimin yanına, nə olsun ki, üç günə qayıdacaqsan?! Bu üç günə
vacibdir o lotubeçənin yanına gedəsən?! Yaxşı, demirəm, demirəm onun
haqqında pis söz, amma görürəm axı, başını hərlədib sənin, dünya-aləm gözündə
deyil sənin bu saat, mən bu dərdə necə dözüm, ilahi?! Gəlib mənim meyitimi
görərsən, heç olmasa bu plaşı at çiyninə, şərfi dola boynuva, soyuqdur indi
oralar yəqin?! Aman Allah, bu nə müsibət idi bizim başımıza gətirirsən.
Öləydim bu günü görməyəydim, barı bir əlcə teleqram vur görüm necə gedib
çatdın? Cadu eləyib səni, Allaha and olsun cadu eləyib, görüm səni cadu
eləyənin əli-qolu qurusun, dili tutulsun. Görüm onu gözü ağlar qalsın, necə
mənim gözüm ağlar qalır balamın dalınca. Dayan görüm, adə, qoy bir su atım
barı dalınca... Allah, nə günahımız var ki, sən bizim başımıza belə müsibət
açırsan, teleqramı yaddan çıxartma ha...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə