TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

DOQQUZUNCU FƏSİL
Vəsl qədrin bilmədim hicran bəlası çəkmədən,
Zülməti hicr etdi çox mübhəm işi rövşən mana.
Zaur boğuq səslə:
— Bəli, mənəm, — dedi. — Gözləmirdin?
Təhminə çiynini çəkdi:
— Gəl içəri də, — dedi.
İçəri keçdilər. Otaqdan yavaş musiqi sədaları, mətbəxdən isə qovrulmuş şabalıd
iyi gəlirdi.
— Sən hardan gəlib çıxıbsan bura?
— Telefonu niyə götürmürsən?
— Xarabdır da telefonum. Dünəndən işləmir. Yəqin, pulunu gecikdirmişəm,
kəsiblər... Yaxşı, burda niyə dayanmışıq, gəl otağa.
Zaur ömründə birinci dəfə Təhminənin otağına girirdi. Təsəvvüründə çox
canlandırmışdı bu otağı.
İndi isə Təhminənin dəfələrlə, bütün təfsilatıyla təsvir elədiyi şeyləri görürdü –
standart rumın mebeli, div-arlarda Təhminənin iri fotoları, küncdə əlvan üfürmə
şar, təbiətin qəribə şıltağı – xırdaca əncir ağacı, ləng kəfgirli iri divar saatı –
bütün bunlar vardı otaqda, amma təsvir olunmamış və təsvir edilməyəcək, izah
olunmayacaq bir hava, nə isə xüsusi bir rövnəq, bir zövq də duyulurdu hər yerdə
– Təhminənin zövqü, Təhminənin şəxsiyyəti... Torşerin alaqaranlıq şöləsində,
kiçik dəyirmi masanın üstündə iki stəkan çay, konfet, mürəbbə və üç qədəh
vardı: qədəhlərin ikisi boş üçüncüsü dolu idi.
Təhminə:


— Əyləş, — dedi.
— Qonaqların var?
— Əşi, nə qonaq... Qonşumuzdur — Mədinə...
Bu konyakı onunla içirsiz?
— Bəli. İndi səni də qonaq edərik, — Təhminə bufeti açıb konyak şüşəsini
çıxartdı. Şüşənin yarısı boş idi.
— Yarım şüşə konyakı elə ikiniz vurmusuz? — Zaur sərt və kəskin danışırdı:
cinayətkarı ifşa edən müstəntiq ahəngi vardı səsində.
— Zaurik, bir az nəzakətli danış. Sənə konyak verirlər iç, nə borcuna butulkanın
yarısını kim boşaldıb.
— Belə de... Çox əcəb... Görürəm, ayrı qonağın da var. Tək bir qonşu Mədinə
deyil.
Təhminə təəccüblə:
— Ayrı kimdir? — deyə soruşdu.
Zaur özünü güclə saxlayaraq:
— Bax bu üçüncü qədəhin sahibi... Amma doğru buyurdun, nə borcuma kimdir
o, odur ki, soruş-muram da.
Təhminə elə bil üçüncü qədəhi yalnız indi gördü, bir müddət matdım-matdım bu
qədəhə baxdı, sonra birdən bərkdən güldü.
— Ceyranı lap gözündən vurdun, — dedi. — Doğrudan da bu qədəhin sahibi
mənim üçüncü qonağımdır.
Zaur dözmədi:
— Soruşmaq ayıb olmasın, bəs o kimdir belə? — deyə xəbər aldı.
— Kimdir? Necə kimdir? Sən.
— Mən? — “nədir, yəni Zauru açıq-açığına dolayır?”.
— Salaməleyküm. — Mədinə otağa daxil oldu, əlində iri bir boşqab vardı,
boşqabın içində də qovrulmuş şabalıd.


Zaur Mədinəylə görüşdü.
Təhminə:
— Doğrudan a, lap yadımdan çıxmışdı, — dedi. — Siz axı tanışsınız. — Zaura
“Ronson” alışqanını Mədinə gətirmişdi işə.
Təhminə:
— Görürsən, Mədinə — dedi. — Bilmirəm Zauru qayınanası çox istəyir, ya kim
çox istəyir, amma hər halda lap məqamında gəlib çıxıb. Axı o da qovrulmuş
şabalıdın dəlisidir.
Zaur düşündü ki, hər şey, hər şey Təhminənin yadındadır, bir dəfə, hələ
əlaqələrinin başlamasından çox qabaq Zaur nəşriyyata qovrulmuş şabalıd alıb
gətirmişdi. Təhminəni də qonaq eləmişdi, elə onda demişdi ki, çox xoşlayır
qovrulmuş şabalıdı...
— Yaxşı, əyləş görək. Mədinə.
Təhminə iki boş qədəhə konyak süzdü, üçüncü dolu qədəhi isə Zaurun qabağına
qoydu.
— Bilirsən nə münasibətlə içirik? — deyə Zaurdan soruşdu.
Zaur:
— Yox, — dedi.
Təhminə:
— Bir iş vardı onu qeyd eləyirik.
Zaur hiss edirdi ki, Təhminə bu axşam nə isə həyəcanlı, bir qədər çılğın və
əsəbidir, amma nə idi bunun səbəbi, bilmirdi – Zaurun qəfilcən gəlməsimi, ya
başqa bir hadisəmi? Ya bəlkə bir az artıq içmişdi Təhminə.
Təhminə əsəbi gülüşlə:
— Adətən adamlar xoş hadisələri qeyd edirlər, — dedi, — amma biz Mədinəylə
mənim boşanmağımı qeyd edirik.
Mədinə:
— Sən də keçdin bizim dəstəyə, — dedi.


Zaur bilirdi ki, Mədinə neçə il bundan qabaq ərindən ayrılıb, balaca bir oğlu da
var: Təhminə həmişə bu uşaq haqqında danışırdı...
Sükut çökdü... Sonra Təhminə:
— Bu gün məhkəmə oldu, Zaur, — dedi. — Rəsmən ayrıldıq.
Zaur bilmirdi nə desin: “Niyə? Nə səbəbə?” sualları da, təəssüf, ya təəccüb
hissləri izhar etmək də, sevinmək də, kədərlənmək də eyni dərəcədə yersiz idi.
Mədinə bu sıxıntılı vəziyyəti aradan qaldırmaq üçün içi şabalıdlı boşqabı Zaura
tərəf uzatdı. Təhminə başını aşağı dikib gözlərini qədəhinə zilləmişdi. İki damla
yaş gözlərindən yanaqlarına süzüldü. Zaur ilk dəfə idi ki, onu ağlayan görürdü.
Mədinə:
— Əşi, yaxşı görək, — dedi, ayağa durdu, Təhminənin çiyinlərini qucaqladı.
Təhminə bir dəfə, cəmisi bircə dəfə hıçqırdı və dərhal da özünü ələ aldı,
hıçqırığını boğub, yanaqlarındakı, gözündəki yaşı sildi və gülümsündü:
— Əşi, fikir verməyin, — qədəhini qaldırdı. — Gəlin
içək, — dedi, — hamınızın sağlığına.
İçdilər və Zaur xəbər aldı:
— Bəs niyə zəng eləmirdin?
— Nə bilim... elə istəyirdim... bəlkə sabah zəng vuraydım da... — yenə elə bil
çənəsi oynadı, ağlamsınan kimi oldu, səsi titrədi, amma yenə də dərhal öz
zəifliyindən utanırmış kimi gülümsündü. — Əsəblərim lap
pozulub, — dedi. — Bütün bu günlər elə bil qızdırma içində yaşayırdım... Nə
yaxşı, sən gəldin, Zaurik.
Mədinə çaydan bir qurtum içib:
— Yaxşı, mən gedim, — dedi. — Gecdir...
Təhminə:
— Hara tələsirsən, əşi? — dedi. — Bu qədər zəhmət çəkib, şabalıd qovurubsan...
Əntiqə qovrulubdu, hə, Zaur?
— Aha...


— Heç olmasa özün də bir dadına bax da, Mədinə. Elə bil öz malındır, — sonra
Zaura müraciətlə əlavə etdi: — Şabalıdları elə Mədinə alıb gətirib mənimçün.
Təsəllidir də hər halda...
Zaur:


— Mən də yaman nigaran qalmışdım, — dedi. — Bu gün eşitdim sənin
ayrılmağını... Zəng vururam, telefonun cavab vermir. — Zaur artıq üçüncü
qonaq haqqında düşünmürdü, indi mənzildə onlardan başqa heç kəs yox
idi, — şkafın içində gizlətməyiblər ki, onu. Bəlkə də Zaur gələnəcən çıxıb gedib
bu naməlum şəxs.
Təhminə Zaura deyil, Mədinəyə müraciətlə:
— Bilirdim ki, Spartak ağzında söz saxlayan deyil. Daha doğrusu, heç Spartak
özü də yox e, anası...
Mədinə başıyla təsdiq elədi.
— Məsələ ondadır ki, — indi Təhminə Zaura müraciət edirdi, — bizim rayonun
hakimi Spartakın canbir qəlb dostudur. Spartaka zəng elədim ki, dostuna desin,
day çox uzatmasın məsələni. Bilirsən də adamın lap ürəyini çəkirlər: “Bəlkə bir
də fikirləşəsiniz, ailənizi dağıtmayın, gedin, filan vaxtdan sonra gəlin” və sairə.
Görürsən uzandı məsələ neçə ay... Bizimki də belə idi ki, fikirləş, fikirləşmə,
onsuz da hər şey həll olunmuşdu, daha bunu çək-çevirə salmağın nə mənası var
axı... Spartak, Allah ondan razı olsun, doğrudan da, kömək elədi. Amma heç bu
sözü ürəyində saxlaya bilərdi Spartak? İndi yəqin aləmə car çəkib.
Val qurtardı. Təhminə durub cihazı keçirdi.
Mədinə:
— Yaxşı, gecdir, daha mən gedim, — dedi və bu dəfə Təhminə onu saxlamadı.
Qapıyacan ötürdü Mədinəni, dəhlizdə uzun müddət nə barədəsə pıç-pıç etdilər.
Zaur indi nə duyduğunu, nə düşündüyünü özü də dəqiq təyin edə bilməzdi,
döyükə-döyükə qalmışdı, – otağın divarlarına baxırdı. Oboylar çox zərif idi –
mavi fonda ağ narın çiçəklər...
Təhminə qayıtdı:
— Nə belə diqqətlə baxırsan divarlara?
— Qəşəng oboylardır. Çiçəklər çox zərifdir.
Təhminə birdən:
— Zaurik, — dedi, — sən gəlibsən, ona görə də bütün bu çiçəklər açıblar.
Birinci dəfədir sən mənim evimə gəlməsin, oboylar da çiçəkləyib, görürsən...


...və Zaur yenə də axıracan anlaya bilmirdi – doğrudanmı Təhminə səmimi deyir
bu sözləri, onu sevdiyindən deyir, ya dolayır, ələ salır...
— Nə yaxşı ki, gəldin, Zaurik, Allah yetirdi səni bu axşam. Elə pis idi ürəyim,
dünya gözümdə deyildi. Ağlıma gəlirdi ki, bax indi Mədinə çıxıb gedəcək, mən
də yəqin öləcəm.
— Bəs niyə axı mənə zəng eləmirdin? Niyə mənim bütün bu əhvalatdan xəbərim
olmasın? İndi nə olsun ki, tanış hakim dostum yoxdur, amma hər halda bəlkə
mənim də köməyim dəyərdi sənə.
— Çox sağ ol, Zaurik. Amma dünyada elə işlər var ki, onu gərək adam tək-
tənha, təkbaşına həll eləsin. Ayrı heç kəsi qarışdırmasın gərək belə işlərə... Sənə
zəng eləmirdim, çünki əlimi-ayağımı bağlamışdı bu boşanma məsələsi,
istəyirdim birdəfəlik qurtarsın bütün bu dəhşət... Bilsən bütün bu illər nə qədər
əzab, narahatçılıq içində yaşamışam, özüm-özümə nifrət edirdim bəzən... Nə
qədər yalan, riya olarmış... İlahi, çox şükür ki, qurtardı bütün hər şey, birdəfəlik
bitdi. Bilsən necə azad-asudə hiss eləyirəm özümü. Amma hər halda asan da
deyil bu azadlığa birdən-birə alışmaq... Həm də bütün bu günlərin gərginliyi...
Səhər durdum, məhkəmədən qabaq, gördüm bütün içim elə bil qırılıb tökülüb.
İstədim içəm gedəm məhkəməyə, sonra fikirləşdim, bunu da söz eləyərlər, ya
bəhanə edib ayırmazlar bizi, təxirə salarlar iclası. Bir söz, içmədim getdim,
ayırdılar bizi, gəldim evə, yıxıldım çarpayının üstünə, düz dörd saat üzüqoylu
qaldım beləsinə... Sonra durdum, başladım içməyə, əvvəlcə təkbaşına, sonra
Mədinə də işdən gəldi... Mədinə içən deyil, — mənəm pyanıska... Amma hər
halda o da mənimlə qədəh-qədəhə vururdu, necə deyərlər, “qaraltı” verirdi mənə.
Yarım şüşəni boşaltdıq. Vurduq bədənə, sən — demiş...
Zaur öz qədəhini göstərdi:
— Bəs bu qonaq kim idi? Spartak?
— Başına at təpib, Zaur? Spartak ömründə mənim evimin kandarına ayaq
basmayıb. Dedim ki, sənə, sənin qədəhindir bu.
— Necə yəni mənim? Axı mən gələndə masanın üstündə idi, həm də dolu idi.
Sən hardan bilirdin ki, mən gələcəm?
— Zaurik, axı sən mənə niyə inanmırsan?.. Lap təkbaşına içəndə də mən həmişə
bir qədəh artıq qoyuram, ürəyimdə tuturam ki, bu da Zaurun qədəhidir... Köhnə
bir anektod var e, eşitmisən? Bir pyanıska həmişə iki qədəhdən içirmiş — biri


özününkü, biri də guya dostununku... Arvadı danlayır, başlayır bir qədəhdən
içməyə, — mən içkini atdım deyir, dostumdur içir... Mən də bax belə. Axı bir az
dəliyəm mən, Zaur, indiyəcən başa düşməyibsən hələ? Səninlə ilk dəfə plyaja
getdik ha, bax o gündən haçan içməli olsam, bir qədəhi də doldurub deyirəm: bu
da Zaurun payı... Mədinə də bilir mənim bu dəliliyimi...
Zaur gülümsündü, nəvazişlə, qayğıyla, həm də bu gün ərzində ilk dəfə olaraq
dərin daxili bir arxayınçılqla gülümsündü. Və bu təbəssüm bir müddət – bəlkə də
çox qısa bir müddət – hər ikisinin qayğılarını, nigarançılıqlarını, irili-xırdalı
bütün qəm-qüssələrini unutdurdu, ürəklərini səadətlə olmasa da, xoş, ilıq
mehribanlıqla, sakitliklə doldurdu.
— Zaurik, axı niyə sən həmişə yalanımı çıxarmağa cəhd edirsən... Guya mən
cinayətkar-zadam, hansı qəbahətimisə səndən gizlətmək, ört-basdır etmək
istəyirəm, sən də min fənd qurub, min sorğu-suala tutub ifşa etmək istəyirsən
məni? — Təhminə başını Zaurun sinəsinə qoydu, sonra üzünü Zaurun sifətinə
tərəf çevirib əlavə etdi. — Başa düş, Zaur, əzizim, birdəfəlik başa düş, sevirəm
səni, sevirəm. Yalnız tək bir səni sevirəm... Bilirəm mənim deyilsən. Sənə heç
bir hüququm çatmır, sənin cavan həy-atını dağıtmağa da heç bir haqqım
yoxdur... bilirəm bütün bunları... Amma sənsiz dura da bilmirəm. Bütün bu
günlər dəli-divanə idim səninçün. Min dəfə sizin idarənin qabağından keçirdim
və özüm-özümə deyirdim: salam, Zaurik. Bilmirəm, Zaurik, nə olacaq, necə
olacaq, heç bir şey bilmirəm. Nə istəyirəm, onu da bilmirəm. Lap azmışam,
Zaurik, özüm öz içimdə azmışam...
Zaur bunu demək istəmirdi, amma qeyri-ixtiyari ağzından çıxıb bu söz:
— Mən elə bildim Spartak sizdədir. Maşını aşağıda day-anıb.
— Maşını aşağıdadır? Görürsən bu fırıldaqçını... Bir yandan mənə, doğrudan,
çox köməyi dəydi, amma o biri yandan belə murdar xasiyyətləri var da. Bilir ki,
ərimdən ayrılmağım camaata yayılacaq, qəsdən gətirib maşınını evimin altında
saxlayır... Dedim axı ona... O səfər telefonla danışanda söz düşdü, dedim
Spartak, niyə belə eləyirsən? Deyir, heç dəxli var? Bəlkə sizin evə yaxın mənim
başqa tanışlarım da olur. Deyirəm, kimdir axı tanışın? Hər şeyi deməzlər ki,
deyir... Bilirəm axı yalan deyir, gözünün içinəcən, tanışı-zadı yoxdur bu evdə...
— Susdu, sonra əlavə elədi, — amma nə deyim, vallah, bəlkə doğrudan da bir
dostu-tanışı bu tərəfdə olur, axı o qədər tanışı var ki, bu adamın... Nə belə
diqqətlə baxırsan mənə, Zaurik? — Təhminə də gözlərini düz Zaurun gözlərinin


içinə zillədi, sonra, — Zaurik, belə baxma, sən Allah, — dedi, — söndür
gözlərini, Zaurik... Bayaq gələndə də gözlərin od tutub y-anırdı, məni də
alışdırıb yandırırsan... Söndür gözlərini, Zaurik, — deyə sərxoş inadıyla təkrar
elədi.
Zaur Təhminədən aralanıb ayağa durdu, qapıya tərəf addımladı.
Təhminə təlaşla:
— Zaurik, hara belə? — deyə soruşdu.
— Bu saat gəlirəm, — Təhminənin narahatlığını görüb — zəng
eləməliyəm, — dedi, — avtomatdan zəng vurub qayıdıram.
Qapıdan çıxdı, pilləkənləri beş-beş atılaraq aşağı düşdü. Spartakın çəhrayı
“Volqa”sı əvvəlki yerində idi – bir tərəfi səkidə, o biri tərəfi küçədə, elə bil iki
təkəriylə küçəyə yiyəlik iddiasındaydı, iki təkəriylə də səkiyə.
Zaur cib bıçağını çıxartdı və “Volqa”nın dal təkərlərini deşdi, sonra tələsmədən
çevrilib pilləkənlərlə yuxarı qalxdı.
Təhminə pəncərənin qabağında dayanmışdı, uğunub gedirdi:
— Gördüm, — dedi, — Zaurik, səndən də işlər çıxır ha.
Zaur:
— Hələ sabah da bir onun dərsini verəm gərək, — dedi.
— Yox, işin olmasın, qurban olum sənə... Sən mənim igid cəngavərimsən...
hansı əsrdən gəlibsən, ey mənim igid cəngavərim? Hə, cavab ver?
Zaur:
— On altıncı əsrdən, — dedi.
— Düzdür, elə mən özüm də ya on beşinci əsrdən ya da on dördüncü əsrdənəm.
Amma görürsən iyirminci əsrdə görüşmüşük... Elə bütün işlər bundadır da...
Aşağıdan maşın səsi eşidiləndə gecə yarıdan keçmişdi. Spartak maşını işə saldı,
maşın yerindən tərpəndi, amma dərhal da dayandı, qapısı açıldı.
Zaurla Təhminə bərkdən güldülər.


* * *
Spartakla səhər həyətdə görüşdülər. Zaur öz “Moskviç”inə tərəf gedirdi, meşin
pencək və göy idman şalvarı geymiş Spartak isə öz “Volqa”sını yuyurdu. Zaura
həmişə elə gəlirdi ki, Spartakın özündən müştəbehliyi “Volqa”sına da sirayət
edib. Elə bil maşının da xasiyyəti varmış və məhz bu “Volqa” çox təkəbbürlü
xasiyyətliymiş. Bəlkə də bu təəssürat ondan doğurdu ki, Spartak hər yerdə,
həmişə “Volqa”sını burnu dik yuxarı saxlayırdı...
Zaur:
— Bura bax, Spartak, — dedi, — dünən axşam necə gəlib çıxdın evinizə?
— Necə bəyəm?
— Təkərin deşilmişdi axı.
Spartak təəccüblə:
— Sən hardan bilirsən? — deyə soruşdu.
— Hardan biləcəm, özüm deşmişəm də.
— Sən?
— Bəli mən.
Spartak səmimi təəccüblə:
— Niyə? — deyə soruşdu.
— Ona görə ki, bir də maşınıvı harda saxlamağın yerini biləsən.
Spartak dərhal hər şeyi başa düşdü və etinasızlıqla:
— Maşın mənimdir, kefim harda istədi, orda da saxlayacam, — dedi.
Zaur sakitcə:
— Özün bilərsən, — dedi. — Məndən deməkdir... Hələlik bircə təkərini
deşmişəm. Amma gələn səfər yenə bu maşını o yerdə görsəm, dörd təkərinin
dördünü də deşəcəm, üstəlik dal şüşəylə qabaq şüşəni də sındıracam. Bilirəm,
pulun çoxdur, təmir elətdirərsən, amma sonra sənin sir-sifətivi də elə günə
qoyacam ki, day heç kəs təmir edə bilməsin.


— Bilirsən nə var, çox qozqurablıq eləmə. Səndən qorxan-zad yoxdur burda.
Xox, qorxdum. Səndən qorxan-zad yoxdur burda...
Belə desə də, Zaur gözlərindən gördü ki, bir balaca qorxub Spartak, hələ uşaqlıq
oyunlarından Zaurun dəlisov xasiyyətinə, tərs damarına bələd idi axı.
Amma Zaur maşınına minib həyətdən çıxanda birdən başına ayrı bir fikir də
gəldi. Düşündü ki, Spartakın ona cavab qaytarmamasının, həsləməsinin səbəbi
yalnız qorxu deyil. Spartak, yəqin ki, ailələrinin planlarından agah idi, ucundan-
qulağından eşitmişdi ki, bacısını Zaura vermək istəyirlər. Spartak yəqin güman
edirdi, kim bilir, bəlkə də baş tutacaqdı bu sevda. Belə olan surətdə gələcək
yeznəylə pərdəni aradan götürməyin nə mənası vardı?
* * *
Zivər xanım:
— Mən day səninlə danışmayacam, — dedi. — Səninlə qoy dədən özü danışsın.
Heç utanıb eləmirsən, ə, heç qızarıb eləmirsən? Bir tikə abır-həya yox imiş sənin
sifətində, səhərüzü gəlmisən evə, utanıb yerə girmirsən heç... Tfu... Eyib eləməz,
day atan da hər şeydən agah oldu, səninlə nə tövr rəftar eləməyi özü bilər atan.
Axşam atası çağırdı Zauru otağına. Atası aramla, təmkinlə, yeknəsəq bir tonla
danışırdı, həm də çox uzun idi söhbəti və hər ikisi – atası da, Zaur da – bu
söhbətdən üzüldülər. Zaur bir daha yəqin elədi ki, insana ən ağır yaraları məhz
ən yaxın adamlar vura bilirlər. Əlbəttə, atasının danışığı anasının haray-
qışqırığından çox fərqli idi, amma mənası, məğzi eyni idi. Zaur bir də ona fikir
verdi ki, atasının nitqində durğu işarələri yoxdur – nə nöqtə, nə vergül, nə nida –
elə-belə, ardı-arası kəsilməyən, fasiləsiz, uzun, yeknəsəq bir monoloq... Nə
səsini qaldırırdı, nə həyəcanlanırdı, nə də nəfəsini dərmək üçün dayanırdı –
nöqsansız, vergülsüz, axırsız bir cümlə – lap axan çayın ağır ləngəri: “Əgər o
qadın belə düşünürsə ki, bizim çoxlu var-dövlətimiz, pulumuz var və bütün
bunlara da o sahib duracaq, çox yanılır”.
Atasının dediklərinin sadə və aydın məğzi bu idi ki, Zaur özü özlüyündə heç
nədir, heç kəsi cəlb etməyə qadir deyil və əgər kimsə onu cənginə keçiribsə,
burada mütləq başqa bir mətləb var, daha doğrusu, yalnız bircə mətləb – maddi
təmənna var, vəssalam. Bu fikri dönədönə müxtəlif şəkillərdə təkrar edəndən
sonra atası başqa bir mətləbə keçdi:


— Sən yekə kişisən, özün bilirsən həyatını qurmağı, istəsən, hətta ala bilərsən o
qadını, çünki mən eşitdim ki, o, ərindən də ayrılıb, amma bu halda sən bizim
oğlumuz deyilsən artıq, yeganə balamız olsan da, anan da, mən də belə hesab
edərik ki, heç yerli-dibli övladımız olmayıb, yaxud da olub və ölüb. Nə qədər
çətin olsa da, bu cür düşünmək, hər halda bu namussuzluqdan, biqeyrətlikdən
min pay yaxşıdır. Amma bir məsələ də var axı... Tutalım elə sən də vaz keçdin
bizdən, yəni biz səni oğulluqdan çıxardığımız kimi, sən də bizi ata-analıqdan
çıxartdın, saymadın bizi, elə hesab elədin ki, atan-anan yoxdur, ölüb. Çox əcəb.
Tutalım ki, aldın o qadını — yaxşı bəs necə dolanacaqsınız, harda, nə pulla?..
Həm də axı anan mənə danışıb, o qadın geyinib-kecinməyi də sevir, o şəhəri-bu
şəhəri gəzib-dolanmağı da sevir, vərdiş edib bu sayaq həyata, sən hansı
qazancınla bu ehtiyaclarını ödəyəcəksən onun? Ödəyə bilməyəcəksən, eləmi, o
da vərdiş etdiyi həyat tərzindən əl çəkmək istəməyəcək və onda deməli, — atası
üz-gözünü turşutdu, — bu barədə danışanda belə ürəyim qalxır. Deməli, belə
olan sürətdə sənin arvadın onun-bunun hesabına geyinib-kecinəcək, dolanacaq,
özgə kişilərin — başa düşürsən? Sənin qeyrətin bunu necə qəbul edər və sən
adamların gözünün içinə necə baxa bilərsən, — bu Zivər xanımın nitqləri idi,
amma indi cümlələr durğu işarəsiz və kişi səsiylə tələffüz olunurdu. — Sən deyə
bilərsən ki, xeyr, mənim heç evlənmək-zad fikrim yoxdur, elə-belə müvəqqəti,
keçəri bir əlaqədir bu. Çox əcəb, belə olan surətdə yenə nakişi hərəkətidir sənin
hərəkətin. Bəlkə onun da həyatı sənə görə qırılır, dağılır, onu da bir
düşünməlisən axı. Əlaqəniz müvəqqətidirsə, hər bir müvəqqəti şey gec-tez
qurtarır və bir gün bu əlaqə də qırılanda, onun halı necə olacaq, axı o da insandır,
onu da nəzərə al, onu da düşün.
Atasının fikrindəki bu çalar Zaurçün də gözlənilməz idi və indi ona elə gəlirdi ki,
atası, hətta müəyyən bir mülayimliklə, nəvazişlə danışır və hətta cümlələrinin
arasında pauzalar da verir, durğu işarələri də qoyur.
— Sözümə qulaq as, oğul, o qadın haqqında çox söz gəzir, mən bilmirəm hansı
düzdür, hansı yalan, mənim işim deyil bu. Amma mən bir şeyi bilirəm, o bizim
tayımız deyil. O tamam başqa yuvanın quşudur. Sənin rastına belə qadın
çıxmamalıydı... Ananla mən səni belə böyütməmişik... Biz — anan da, mən də
— ancaq sənin gələcəyini düşünürük, səni xoşbəxt görmək istəyirik və bundan
böyük məqsədimiz də yoxdur həyatda... Xoşbəxt olmağın isə bircə yolu var:
insan gərək həyatda qarşısına müəyyən dəqiq məqsədlər qoysun və onlara nail
olmağa can atsın... Bu məqsədlər nədir — iş, faydalı əmək, bir də təmiz,
möhkəm ailə... Ailə gərək səni işdən, fəaliyyətdən yayındırmasın, əksinə işinin,


əməyinin səmərəli olması üçün hər cür şərait yaratsın... Mən başa düşürəm
— cavanlıqdı-filan, amma sən cavanlığın kefini kifayətcə çəkibsən daha. Mən nə
sənin yaşında, nə də bütün ömrüm boyu sən görənləri görməmişəm... Amma hər
şeyin vaxtı, məqamı var... Sən indi gərək daha bütün bu keflərlə, əyləncələrlə
birdəfəlik vidalaşasan, gələcəyin haqqında ciddi düşünəsən. Birinci növbədə
namizədlik dissertasiyası haqqında ciddi düşünəsən... İndi bir il, il yarım nədir
ki, amma bu gecikmədən başlanır hər şey, namizədliyi gecikdirirsən, doktorluq
da filan qədər yubanır, gələcək elmi karyeran da filan qədər geri atılır... Elə ailə
də belədir... hər şey gərək öz vaxtında olsun. Bir aya mənzilin də hazırdır.
Ananla mənim arzum budur ki, bu mənzilinə sən yeni ailənlə birlikdə köçəsən,
təmiz, namuslu, ismətli bir qızla həyat qurasan.
Bəlkə də atasının bütün bu sözlərini bir vaxt unuda bilərdi, xatirələrin acısı da
yaddan çıxıb gedərdi, yaraların yeri də yavaş-yavaş qaysaqlanıb sağalardı, amma
atası bir cümlə də əlavə etdi və həmin bu cümlə hər şeyi həll elədi – gərək
deməyəydi, deməyəydi gərək atası bu cümləni:
— Mənə “Volqa” boyun olublar, — dedi atası, — maşını sənə toy hədiyyəsi kimi
alacam. Güman edirəm ki, toyunu da çox gözləməli olmayacağıq.
Gərək deməyəydi, deməyəydi gərək atası bu sözləri. Axı bilirdi ki, Zaur necə də
“Volqa” tamarzısıdır, hətta gecələr Zaurun yuxusuna da girirdi bu maşın. Gərək
atası deməyəydi bu cümləni. Təhminədən əl çəkməyin bahasına verilən rüşvəti
təklif etməyəydi gərək Zaura:
Zaur:
— Yenə bir sözün var, ata? — dedi.
— Nə sözüm?
— Deyirəm, daha ayrı bir sözün yoxdur ki, mənə?
Məcid şübhəylə:
— Yox, — dedi.
— Çox əcəb. — Atasının sevimli ifadəsini təkrar etdi. — Mən diqqətlə qulaq
asdım sən deyənlərə. Mən sizin oğlunuzam və hər ikinizi — anamı da, səni də
— çox istəyirəm. Amma nə etməli, görünür, qismət beləymiş. Kim nə deyir
desin, mənimçün heç bir dəxli yoxdur. Mənə “Volqa” təklif etdiyinçün çox sağ


ol. Amma mən sənin “Moskviç”ini də qaytarıram, bu da açarları... Əynimdəki
bir bu kostyumdan başqa heç bir şey götürmürəm... Salamat qalın...
Məcidin rəngi ağappaq ağardı, dili-dodağı təpə-təpə:
— Rədd ol, — dedi, — itil gözlərimdən, rədd ol o fahişənin yanına!
Zaur anasıyla görüşmədən qapıdan çıxdı...

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə