TəHMİNƏ VƏ zaur və ya. BeşMƏRTƏBƏLİ evin altinci məRTƏBƏSİ



Yüklə 0,86 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix28.11.2023
ölçüsü0,86 Mb.
#135189
1   ...   14   15   16   17   18   19   20   21   ...   27
Anar - Təhminə və Zaur @kitabchi

ON BEŞİNCİ FƏSİL
Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?
Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan
Əhd bünyadın mürüvvətdirmi viran etdiyin
Hanı, ey zalım, bizimlə əhdü-peyman etdiyin?
Cürümümüz noldu ki, bizdən eylədin bizarlıq?
Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq.


Sizdə adət budurmu? Böylə olurmu yarlıq?
Hanı, ey zalım, bizimlə əhdü-peyman etdiyin?
Birdən-birə arıqlamış adam köhnə pencəyinin genliyini duyan təkin Zaur da
sürdüyü maşının dəyişmiş ölçülərini hiss edirdi. Qarajdan həmişəki kimi
“Moskviç”i deyil, təzə “Volqa”nı çıxararkən, maşının böyürləriylə qarajın qapısı
arasındakı məsafəni elə ölçüb-biçməliydi ki, par-par parıldayan maşınını —
cızmasın. Odur ki, sol tərəfdən – sükan tərəfdən az, o biri tərəfdən isə çox
məsafə saxlayırdı. Qarajın qapısı, doğrudan da, “Volqa” üçün bir az darısqal idi,
metal çərçivəyə sürtülüb cızıla bilərdi maşın, amma bir yandan baxanda “Volqa”
qarajın içinə elə bu qapıdan girmişdi də, özü də cızılıb-eləməmişdi. Görəsən,
kim salıb onu qaraja? Birdən ağlına gəldi: Spartak. Əlbəttə, Spartak. Axı anası
deyirdi ki, Spartak köhnə “Moskviç”i satmağa (təbii ki, öz qiymətinə, mağaza
vasitəsilə) kömək eləmişdi atasına. “Volqa”nı da gedib Spartakla birlikdə
seçmişdi atası. Maşını həyətlərinə Spartak sürüb gətirmişdi, qaraja salmışdı,
nömrə almaqda da fəal iştirak etmişdi.
Zaur şəhər küçələrini bir-bir keçdikcə böyük və güclü maşına get-gedə daha çox
alışır, hətta isinişirdi. Doğrudur, hələ tam ram etməmişdi bu maşını, “Moskviç”in
vərdişi hələ hakim idi əllərinə, ayaqlarına. “Moskviç”dəki pedallara, sükanlara
bənzəyən pedalları, sükanları “Moskviç”ə vərdişli ayaqları, əlləriylə idarə edirdi,
amma eyni hərəkətlərdən daha sürətli, daha güclü nəticələr alınırdı. Zaur onu da
bilirdi ki, qısa müddətdən sonra bu maşınına da tamamilə məhrəm olacaq, onun
hər sirrinə, xüsusiyyətlərinə, hər cür cəhətinə bələd olacaq və gələcək həyatının
ən böyük sevincləri də məhz bu “Volqa”yla bağlı olacaqdı.
“Moskviç”i sürərkən ona bu qədər tanış görünən küçələr indi elə bil birdən-birə
darısqal və qısa olmuşdu və Zaur bilmirdi: bu tinə çəpəki, kəsə yolla burulsa
“Volqa”nın quyruğu səkidəki qəzet köşkünə ilişməz ki, görəsən? Şəhər
küçələrinin, döngələrinin, dalanlarının torundan qurtulmağa can atırmış kimi,
bivec piy-adaların, xam sürücülərin, qırmızı işıqforların, qadağan işarələrinin
hökmündən xilas olmağa çalışaraq maşını şəhər civarına tərəf yönəltdi. Get-gedə
maşını daha çox öz iradəsinə tabe etdiyini böyük şövqlə duyur və açıqlığa,
gediş-gəliş az olan geniş yollara çıxdıqca sürəti hey artırır, başqa maşınları bir-
birinin ardınca ötüb keçirdi. Geniş, rahat aerodrom yoluyla sürdükcə fərəh və
asudəlik hissi onu daha artıq çulğalayırdı və özü də hiss etmədən şəhərdən
uzaqlaşdıqca uzaqlaşır, Abşeronun uzaq sahillərinə tərəf üz tuturdu. Ağlına gəldi


ki, çoxdandır – daha doğrusu, yay aylarında Təhminəylə birgə çimərliklərə
getdiyi vaxtdan bəridir – bu yolla getməyib. Son həftə ərzində ilk dəfə idi ki,
Təhminə haqqında sakit, həyəcansız, ağrısız düşünürdü. Dünənki müdrik
qərarını bir də götür-qoy edir və bir də əmin olurdu ki, doğrudan da, çox ağıllı
fikrə gəlib – Təhminəylə əlaqəni, münasibətləri tamam kəsmək düzgün deyil,
amma məbada əvvəlki dəli-divanəliyə, məcnunluğa qayıdasan ha. Hər şey
əndazəsində, dəqiq ölçüb-biçilmiş olmalıdır; hərdən-birdən zəng eyləyər
Təhminəyə, arabir görüşərlər, hər ikisiyçün yaxşı olar belə bir əlaqə. Yəni
əslində elə münasibətləri də bu cür başlamışdı da – hər şey necə də xoş idi, sakit
idi, ta o vaxtacan ki, Zaur özü öz axmaqlığı və əbləhliyi ucundan xam xəyallara
düşdü, başını cürbəcür səfeh fikirlərlə doldurdu: nə bilim, əsl məhəbbətdir bu,
həqiqətən sevirəm. Qısqandı, ağrıdı, başı daşdan-daşa dəydi. Hardan axı beyninə
batdı ki, səadətə çatıb? Və sonra da qorxmağa, əsməyə başladı ki, bəlkə bu
səadət deyil, aldanmışam, ya aldanmamışam. Axı səadət yalnız tək bir xoş anlar
deyil ki... Səadət həm də dəhşətli qorxu anlarıdır – həmin bu səadəti itirmək
qorxusundan müc olub qaldığın dəhşət dəqiqələri...
Bir neçə xoşbəxt dəqiqələrin qorxusunu, nigarançılığını saatlarla, günlərlə,
həftələrlə, aylarla çəkməkdənsə tamam səadətsiz-filansız yaşamaq yaxşıdır.
Əvvəllər elə-belə görüşəndə və bu görüşlərdən sonra ayrılanda, bir-birləriyçün
mövcud olmurdular artıq. Amma sonralar – bütün bu dolaşıq duyğular onun
qəlbinə hakim kəsiləndə Təhminəni görmədiyi hər saat, Təhminənin harada
olduğunu bilmədiyi hər dəqiqə min bir qara-qura şübhələrlə, bəd-bəd gümanlarla
dolu olurdu..
Sahil qəsəbələrinin içiylə sürürdü maşını. Dəvə belinin donqarlığını xatırladan
cütbacalı yastı damlar, yel dəyirmanları, kələ-kötür daşlardan hörülmüş hasarlar,
tikan kollarından qurulmuş çəpərlər, talvarlara dırmaşdırılmış meynələr, küləyin
süpürüb divar dibinə yığdığı qum dənəcikləri – bütün bu qərib, həzin payız
mənzərələri keçib getmiş günləri xatırladırdı – onların ilk görüş çağlarını –
közərmiş ehtiraslarsız, itkilərsiz, uçqunlarsız xoş günləri...
Uzaqda Murtuzovgilin bağları, evlərin əyri eyvanı görünürdü. Bir dəfə
Təhminəylə bura gəldikləri, içəri girdikləri yadına düşdü, hasarın yanından
buruldu və dərhal əyləci basdı; az qala alaqapının ağzında dayanmış başqa bir
maşınla – çəhrayı “Volqa”yla toqquşacaqdı. Bir an sonra Zaur dərk elədi ki,
Murtuzovgilin qapıları — qabağında dayanmış bu çəhrayı “Volqa” Spartakın
maşınıdır... Zaur ehmallıca öz maşınını dar küçədə Spartakın “Volqa”sının


yanından keçirtdi:
Dar dalandan burulub gen yola çıxandan sonra fikirləşdi ki, ilin bu vaxtında
Spartakın bağda nə işi var, görəsən. Sonra ağlına gəldi ki, bəlkə Spartak tək
gəlməyib bağa, saysız-hesabsız cananlarından biriylə gəlib... Zaur dəniz sahilinə
çıxdı... Hava tutqun deyildi, amma dekabr dənizi, adamsız sahil payızın son
nəfəsindən, qışın əvvəlindən xəbər verirdi. Haradasa sahilin bir tərəfində balıqçı
komaları vardı və Zaur düşündü ki, indi bu komaların içində olmaq ayrı ləzzətdir
– sahil soyuq olsa da, komalarda yəqin isti soba qalayıblar, pəncərələrdən
baxırlar dənizə... Zaur maşınını sahil boyu sürəndən sonra yenidən şoseyə çıxdı.
Qumlu sahilin təhlükəli yumşaqlığından sonra beton avtostradanın möhkəmliyi
arxayınlıq hissi aşılayırdı, sürəti artdıqca artırmaq istəyi oyanırdı. Yol, demək
olar ki, boş idi, təkdənbir maşınlar keçirdi. Yolun hər iki tərəfində plakatlar,
çağırışlar, şəkilli diaqramlar vurulmuşdu. Şəkillərdən birinin üstündə eyni boylu,
eyni biçimli, eyni cür ağaclar çəkilmiş, ”Qəsəbəmiz nümunəvi olsun” sözləri
yazılmışdı... Zaur qarşısında uzanmış geniş yolu seyr edir və get-gedə sürəti
artırırdı – uzaqdan ona tərəf gələn maşına diqqət verdi, maşın get-gedə
yaxınlaşırdı və bu andan etibarən elə bil hər şey Zaura yuxu kimi, ləng sürətlə
nümayiş etdirilən filim kimi gəldi – elə bil vaxt başqa ölçülərlə, başqa sürətlə
axmağa başladı, gerçəklik ayrı cür, ayrı rənglə, ayrı işıqda qavranıldı – qarşıdan
gələn maşın Spartakın çəhrayı “Volqa”sı idi. Sükanın arxasında Spartak
oturmuşdu, onun yanında qadın oturmuşdu və çəhrayı “Volqa” Zaurun maşınının
yanından ötüb keçəndə Zaur bu qadının kim olduğunu da təyin etdi... Zaur bir
müddət də getdiyi istiqamətdə getdi, ürəyi çırpınıb yerindən çıxacaqdı elə bil,
hələ hər şeyi sanki axıracan dərk eləməmişdi və nə edəcəyini, nə etmək lazım
olduğunu da bilmirdi hələ. Yalnız iki yüz – üç yüz metr keçəndən sonra kəskin
saxladı maşını, döndərdi və geriyə sürdü – əks istiqamətə.
Çəhrayı “Volqa” xeyli uzaqlaşmışdı, dəmir yolu keçidi həndəvərində idi. – Zaur
başa düşdü ki, Spartak da, əlbəttə ki, onu tanıyıb və sürəti artırıb. Hər halda
yarım dəqiqə ərzində Zaur onları haqlayardı, amma Spartak dəmiryol keçidini
ötən kimi şlaqbaum bağlandı və Zaur uzun çoxvaqonlu qatarın keçib-getməsini
gözləməli oldu. Artıq hər şey Zaur üçün aydın idi. Çəhrayı “Volqa”nın nə
səbəbdən ilin bu vaxtında bağ qapısında dayanmasının səbəbini də bilirdi. Zauru
görən kimi sürəti artırıb ondan qaçmasının səbəbini də bilirdi. Şlaqbaum
düşhadüşdə altından keçib uzaqlaşmışdılar, niyyətləri, məqsədləri bir idi –
qaçmaq, vaxtı udmaq, məsafəni udmaq, bir sözlə, hər şeyi udmaq. Həyat adlanan
bu oyunda Zauru udmaq, ona qalib gəlmək. Qalib gəlmək və gülmək Zaura –


sadəlövh, hər şeyə inanan axmaq Zauru doyunca lağa qoyub gülmək – onun
sadədilliyinə gülmək – “ay nə bilim, Zaurik, sən bizə gələn gün oboylar çiçək
açdı, ay Zaurik, səni belə sevirəm, sənə sadiqəm, mən nə bilim nə”. Hər şey, hər
şey, hamısı, bütün sözləri, nəvazişləri, göz yaşları – hamısı yalan imiş, pozğun,
əxlaqsız qadının mahir işvələri, fəndləri, tələləri və hiylələriymiş, vəssalam...
“Çərşənbə axşamı məşqdəyəm”. Çərşənbə axşamıdır bu gün, bu imiş demə
bunun məşqləri – Spartakla bağa getmək. Hər çərşənbə axşamı məşq adıyla bu
bağa gəlirmiş yəqin, axmaq Zaur da divanın üstündə uzanıb onu gözləyirmiş, ay-
hay... Əcəb olur sənin kimi axmağa. Sən orada divanda uzanıb siqaret çəkirdin,
onlar isə burda, bu bağda həmin otaqda ikisi... Təhminəylə Spartak... bu
fikirlərdən, xəyalında canlanan bu səhnələrdən dəli olurdu Zaur və bu an
maşınının qarşısından taqqataraqla ötən qatarın üstünə sürmək, toqquşmaq,
əzilmək, parçalanmaq, həlak olmaq istəyirdi, amma eyni zamanda o iki nəfərdən
heyfini çıxmamış bu dünyadan köçmək də istəmirdi heç cür. Qatarın vaqonları
qurtarmaq bilmirdi. Zaur bu vaqonlara baxıb, yenə də həmin o bağ otağını,
Spartakın qolları arasında çırpınan Təhminəni görürdü və bilmirdi ki, bu qatar
haçan keçib qurtaracaq, Zaur haçan bu keçidi adlayacaq, onları haqlayacaq. Hər
şeyin, bütün yaralarının, təhqirlərinin, ona elədikləri bütün yamanlıqlarının
heyfini çıxacaq, hiddəti, əsasən, Təhminəyə aid idi. Qəribədir ki, Spartak
haqqında, hətta kinsiz düşünürdü. Spartak Zaurdan daha dünyagörmüş adam
imiş, daha bic, daha fərasətli, daha təcrübəli imiş, vəssalam. Spartak kimisini hər
cürə yağlı dillərlə aldatmaq — olmaz. Zaur təki axmaq deyil ki, hər sözə inansın,
hər saxta mehribançılığı həqiqət bilsin, hər hiyləni doğru saysın. Təhminənin
bütün fəndlərinə, pişik tumarlarına, nəvazişli pıçıltılarına Spartak ancaq gülərdi,
“mən yox, mənə gəlmə” deyərdi və əcəb də edərdi, afərin Spartak, Spartak kimi
olmaq lazımdır belə Təhminələrlə... İndi Zaur Təhminənin hər bir hərəkətini, hər
sözünü, evdə olmadığı hər saatı – yalanla, fırıldaqla, saxtakarlıqla və riyakarlıqla
bağlayırdı və yaddaşı qəsdən ona müxtəlif sübutlar, faktlar, xatirələr təqdim
edirdi.
Bu lənətə gəlmiş qatar, nəhayət ki, keçib getdi...
Qalın sırıqlı pencək geymiş dolu bədənli qadın yorğun kəndirdən çarxı
hərləməyə başladı, şlaqbaum yavaş-yavaş qalxdı. Zaur maşını hərəkətə gətirib,
qalxmaqda olan şlaqbaumun altından keçdi. Sürət göstərici saatda 130-la 140
kilometr arasında gedib-gəlirdi. Bir azdan çəhrayı “Volqa”nı qabaqda, aeroporta
dönən yolun ayrıcında gördü. İndi əmin idi ki, çatacaq onlara, görünür, onlar da


Zaurun maşınını görmüş və sürəti artırmışdılar, elə bil məsafə azalmırdı iki
maşının arasında, elə bil bir ölçüdə donub qalmışdı aralarındakı məsafə... Zaur
qızı tam dibinəcən basdı və artıq onların maşınları bir-birlərinə toxunacaq
dərəcədə yaxınlaşmışdı. Zaur düşündü ki, indicə sükanı bir balaca sağa əysə,
belə dəhşətli sürətlə çəhrayı “Volqa”ya ilişdirsə maşınını, hər iki maşın kəllə-
mayallaq aşacaq və hər üçü lap yəqin həlak olacaq. Bu üçlükdə ölüm
tragikomediyanın məntiqi sonluğuydu.
... Ancaq baş vermədi bu sonluq... Spartakın əsəbləri tab gətirmədi, sürəti aşağı
saldı. Zaur onların maşınını keçdi, təqribən iki yüz metr qabağa çıxıb sürəti
kəskin azaltdı, sonra tamam saxladı maşınını və yanböyrü qoyaraq yolu kəsdi.
Spartak da kəskin saxladı və çəhrayı “Volqa” lazlarla sürüşüb Zaurun maşınının
lap yanında day-andı.
Zaur maşından çıxıb, onlara tərəf getdi. Spartak da maşından düşdü, amma
yerindən tərpənmədi, “Volqa”sının qanadına dirsəklənib dayandı. Paltosuz idi,
əynində mixəyi kostyum vardı, köynəyinin yaxası açıq idi. Günün qürub çağında
Zaur Spartakın bütün qızıllarını aydın görürdü – qızıl saat, qızıl üzük,
boynundan tüklü sinəsinə sallanmış qızıl zəncir... İki qabaq dişi də qızıl idi...
Spartakın rəngi qaçmışdısa da, üzündə təbəssüm vardı, cibindən qızıl portsiqar
çıxardı, siqaret qoydu damağına, alışqanla yandırdı. Zaur alışqana da fikir verdi:
“Ronson” idi – bəlkə bu da Təhminənin hədiyyəsidir. Zaur özü də təəccüblənirdi
ki, indi, bu anlarda ən xırda təfərrüat da yayınmırdı diqqətindən... Təhminə
tərəfə baxmırdı, amma gözünün qırağıyla onu görürdü. Təhminə maşının içində
hərəkətsiz oturmuşdu, donub qalmışdı sanki.
Spartak siqareti diliylə yuxarı dişlərinin arasında tutmuşdu, ağzı da açıq idi. Bir
az təlaşlı, amma həmişəki kimi sitizə təbəssümlə:
— Nə oldu? — dedi. — Sınadın təzə maşınının sürətini? Əntiqə maşındı,
doğrudan... Çox mübarək, sağlığına qismət olsun.
Zaur bu sözlərdə murdar bir istehza duydu və yanaşıb Spartakın çənəsinə bir
yumruq ilişdirdi: Spartak səndirlədi, amma yıxılmadı, dişləri bir-birinə dəyib
siqareti qırıldı, siqaretin közərən başı Spartakın köynəyinin açıq yaxalığından
sinəsinə düşdü, köz sinəsini, qarnını yandırdı. Spartak əlini tələsik yaxasından
içəri salıb siqareti axtarmağa başladı: çox məzəli idi onun bu hərəkətləri.
Spartakdan odekolon iyi gəlirdi. Nəhayət, siqareti tapdı, çıxartdı ordan, kənara
atdı. Daha təbəssümdən əsər-əlamət qalmamışdı sifətində, tez maşının qapısını


açdı, əlini paltosunun cibinə saldı. Həmin andaca maşının o biri qapısı açıldı və
Təhminə bayıra sıçrayıb, tələsik addımlarla Zaura tərəf qaçdı. Zaur Təhminəyə
tərəf baxmırdı, paltosunun cibindən bıçaq çıxarıb gələn Spartaka baxırdı. Bıçaq
fin bıçağı idi, tiyəsi uzun və iti idi. Zaur fikirləşirdi ki, Spartak zərbə vurmağa
cəhd etməmişdən bir an qabaq təpiklə onun qarnından ilişdirmək lazımdır və elə
bu an özüylə Spartakın arasında Təhminənin mavi paltarını gördü. Moskvada
Kino evinin restoranında həmin bu paltarda idi və bu paltarı Təhminənin bütün
başqa paltarlarından daha çox sevirdi Zaur.
Təhminə Spartakı bərk-bərk qucaqladı, onun bıçaq tutmuş əlindən yapışdı və
kəsik-kəsik:
— Qurban olun, Spartak, qurban olum sənə, — deyədeyə maşının qapısına tərəf
itələməyə başladı.
Zaur düşündü ki, əlbəttə, Spartak çox istəsəydi Təhminənin əllərindən qurtula
bilərdi, itələyə bilərdi bir qırağa Təhminəni, amma özü də buna cəhd eləmirdi:
düzdür, — özünü elə göstərirdi ki, guya Zaurun üstünə cummağa çalışır... Sağ
əliylə Spartakın bıçaq tutan əlindən bərk-bərk yapışmışdı Təhminə, sol əliylə isə
maşının qapısını açırdı. Qapını açan kimi yenə də sol əliylə Spartakı oxşaya-
oxşaya, sığallaya-sığallaya və tələsik-tələsik ona nə isə deyə-deyə maşına
dürtmək istəyirdi. Sözləriylə, əlləriylə Zauru qoruyan tarım bədəninin bütün
qüvvətiylə Spartakı birtəhər maşına saldı və dərhal qapını çırpdı. Başını
qaldırmadan, bir kəlmə dinib danışmadan Zaurun qabağından keçdi, sağ qapıdan
maşına mindi, oturdu. Maşının içində də nə isə danışırdılar hələ. Zaur isə
durduğu yerdəcə dayanmışdı, gözləyirdi, onlardan qabaq çıxıb getmək istəmirdi.
Nəhayət, Spartak motoru işə saldı, maşını çevirib əks istiqamətdə sürdü – dənizə
tərəf, sahilə tərəf – bəlkə də əyri eyvanlı bağ evinə sarı...
* * *
“Əcəb axmağammış, ilahi, adam da belə axmaq olarmış!”. Şəhərə yaxınlaşdıqca
fikirlər, sözlər Zaurun beyni içində qaynam-qaynam qaynayırdı. “Belə bir
fahişənin üstündə mən iztirab çəkirdim, ürəyimə salırdım hər şeyi... Nəyimə
lazım idi mənim o? Haradan beynimə salmışdım ki, bu cür qadını sevmək olar?
Bütün o şirin dilləri, o yağlı sözləri, vədləri – hamısı başdan-ayağa fırıldaq
imiş... Gör özü də kimlə — Spartakla!!! Aman Allah, Spartakla ha... Gör bir
fırıldaqçılığa bax, sən Allah, necə də yalanlar tapıb deyirdi e... ”maşınını qəsdən
mənim evimin qabağında saxlayır...” Ay səni... heç eybi yoxdur. Atamın oğlu


deyiləm, bu hayfı onda qoysam... Necə eləyəm, onu elə yandıram, elə yandıram
ki, cızdağı çıxsın... Spartakı qucaqlamışdı, guya məni onun bıçağından qoruyur,
tüpürüm onun özünə də, bıçağına da. Amma ənginə əntiqə qoydum Spartakın,
siqareti də qarnına düşdü, ləzzət elədi mənə... O gün elə Təhminəyə də yaxşı
çəkmişəmmiş, yerində lap... İtin qızı, it... heç eybi yoxdur... İndi mənə gülürlər
yəni... gediblər bağa, mənə gülürlər, daha da cuşa gəlirlər... kef çəkirlər... gülün,
heç eybi yoxdur, görək axırda kim güləcək... Məni demək aldatdınız da öz
aləminizdə?! İndi görək axırda kim-kimi aldadacaq...
Zaur xəyal elədi, uzaq gələcəyi gətirdi fikrinə, bir gün haçansa, çox-çox illər
sonra Təhminəyə rast gələcək, Təhminə lap qoca və eybəcər olacaq, amma
qəmli-qəmli Zaura baxıb: “Zaurik sən bizim hamımızdan bic çıxdın, – deyəcək,
– hamımızı aldadıb hamımıza doqquz qoydun”, – deyəcək... Zaur da belə
yuxarıdan aşağı baxacaq ona, etinasız gülümsünəcək, yəni ki, bəs sən nə
bilmişdin Zauru? Amma bu çox-çox illər sonranın işiydi hələ, indi, bax indi
neyləsin ki, Təhminəni yandırıb, yandırıb-yaxsın, kabab eləsin, hə?
Şəhərin küçələriylə sürürdü artıq. Şəhərə gecə düşmüşd-ü.
* * *
Təəccübdən Zivər xanımın ağzı açıla qalmışdı.
— Ciddi deyirsən?
Zaur:
— Əlbəttə, ciddi deyirəm, — dedi. — Heç bu boyda da zarafat olar? Axır
vaxtlar çox fikirləşmişəm bu barədə, çox götür-qoy eləmişəm... Mənzil də
hazırdır... Odur ki, başlayın görək fəaliyyətə.
Zivər xanım:
— Çox gözəl, — dedi. — Elə günü sabah elçi göndərərik. Amma sonra fikrini
dəyişməzsən ki? — Zivər xanım bir qədər ehtiyat edirdi: axı Zaurun qərarı çox
gözlənilməz idi.
Zaur:
— Uşaq-zad deyiləm ki, fikrimi dəyişəm, — dedi. — Belə şeylərlə zarafat
eləmək olmaz.


Anası tələsik mətbəxə keçdi, geri qayıtdı... Nə isə axtarırdı, amma heç özü də
bilmirdi ki, nə axtarır – sadəcə olaraq, karıxmışdı arvad, başını itirmişdi elə bil,
nə edəcəyini bilmirdi... Nəhayət, Zaura yanaşdı, diqqətlə, uzun-uzadı oğlunun
gözlərinə baxdı və onu öpdü:
— Sən mənim ağıllı balamsan, — dedi. — Mən elə bilirdim ki, Allah insafsızlıq
eləməz bizə qarşı, hər şey yaxşılıqla qurtaracaq... Sənin boyuna qurban olum
mən... Atan da, bilirsən, necə sevinəcək... Day qızgili demirəm, əməlli-başlı
bayram olacaq onlarçün. Alyanın ən böyük arzusuydu da bu.
Zaur televizorun qabağında əyləşib, xokkey oyununu gözləyirdi... “Amma bunu
doğrudan əntiqə fikirləşdim ha, – deyə öz-özünə düşünürdü, – bomba kimi
Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə