290
Üçüncü əsrdən başlayaraq Roma dünyası tənəzzül dövrünü yaşamağa
başladı. Generallar bir-birilə vətəndaş müharibələri aparırdılar. German tayfaları və
Persiya orduları imperiyaya müdaxilə edirdilər. Taun xəstəliyi yayılır, əhalinin
sayının azalması və iqtisadi problemlər baş verirdi. Yeni din olan xristianlıq bütün
imperiyaya yayılmışdı.
Köhnə Roma imperiyasının şərq hissəsi, mədəniyyətində yunan tipinin
artması və böyüməsi ilə Bizans imperiyası kimi öz varlığını davam etdirdi. Həmin
vaxt german çarlıqları Qərbdə kök salırdı.
Roma imperiyası Avqust hökmranlığının sonundan Trayan hakimiyyətinin
başa çatmasına qədər Avropada Qalliyanı, İspaniyanı, Dakiyanı, Britaniyanı,
Balkan yarımadasını, Afrikanın bütöv şimalını, Asiyada isə bütün Kiçik Asiya
ərazisini, Suriya, İudeya və Mesopotamiyanı əhatə edirdi. Onun şərq sərhədində
Parfiya və Ərəbistan yerləşirdi. IV əsrin başlanğıcından isə Köhnə Roma
imperiyası parçalanmışdı, Şərqdə Mesopotamiya itirilmişdi. Bu vaxt Roma
imperiyası şərqi və qərbi hissələrdən ibarət iki yerə bölündü. “Roma sülhü”
adlanan Pax Romana ərazilərində artıq imperator həmişə olduğundan daha böyük
hakimiyyətə malik idi. IV əsrin əvvəllərində hakimiyyətə gələn Konstantin tikinti
proqramları ilə xüsusilə maraqlanırdı. Əyalətlərdə böyük miqyasda inşaat işləri
aparıldığından Roma sadəcə simvolik paytaxta çevrildi. Bu vaxt sərhədlərdən uzaq
olan imperial mərkəz meydana gəldi. İmperator Konstantinin ən böyük proyekti
324-cü və 330-cu illər arasında Şərqdə yeni paytaxtın salınması idi. Bu,
“Konstantin şəhəri” və ya Konstantinopol adlanmaqla yunan şəhəri Vizantium
tərəfdə tikilmişdi, Bosfor boğazının sahillərində yerləşirdi. Konstantinopol (indiki
İstanbul) müdafiə məqsədləri üçün böyüdü, şəhər həm də çox mühüm strateji
nöqtədə yerləşirdi. Forumuna, iri meydanlarına və geniş amfiteatrına görə onu
“Yeni Roma” adlandırırdılar. Burada sonrakı illərdə yenicə qəbul edilmiş xristian
dininin kilsələri tikildi.
Lakin Konstantinin ölümündən sonra imperiya qərb və şərq hissələrinə
bölünməkdə davam edirdi. 395-ci ildən imperiyanın bu iki hissəsi faktiki olaraq
müstəqil dövlətlərə çevrildilər. V əsrdə Qərb imperiyası germanların hücumu ilə
süquta uğradı və german çarlıqları ilə əvəz edildi. 476-cı ildə german mənşəli
Odoakr Roma (Qərbi) imperatorunu devirdi və özünü german çarı elan etməklə,
Şərqi Roma imperatoruna nəzəri olaraq tabe olacağını bildirdi.
Əslində isə V əsrin sonunda Qərbdə Roma imperial hakimiyyəti başa çatdı
və onun intellektual, idarəetmə və mədəni ənənələri yeni german çarlıqlarında
yaşamasını davam etdirdi.
Roma imperiyası öz qüdrətinin zirvəsində olanda da ona qarşı qiyamlar,
mübarizə cəhdləri ara vermirdi, həm də Parfiya onun üçün ciddi təhlükəyə
çevrilmişdi. Ümumiyyətlə, romalılara nifrət güclü idi. Romanın özündə vətəndaş
müharibəsi baş verəndə düşmənlər onun hərbi və siyasi zəifliyindən istifadə
etməyə çalışırdılar. Pont çarı VI Mitridat Yevpator b.e.ə. 88-ci ildə Müttəfiqlər
müharibəsindən istifadə edib, Kiçik Asiyadakı bütün Roma ərazilərini tutmağa
çalışdı. Mitridatla müharibə Roma sərkərdələri Sulla və Mari arasındakı vətəndaş
müharibəsi ilə bir vaxta düşdü və bu müharibədə Mitridat mühüm uğurlar qazandı.
291
Bundan sonra o, Kiçik Asiya əhalisini romalılara qarşı üsyana çağırdı və bir günün
ərzində 80 min nəfər romalını və italiki öldürməyi əmr etdi. Böyük alman tarixçisi
Teodor Mommzen bu hadisəni belə qələmə alır: “Çar Efesdən ona tabe olan bütün
valilərə əmr göndərdi ki, bir gündə orada olan bütün italikləri, azad və ya qeyri-
azad olmalarından asılı olmayaraq öldürsünlər. Sərt cəza qorxusu altında, məhkum
olanlara xilas olmalarında kömək göstərmək qadağan olunurdu. Mitridat göstəriş
verdi ki, öldürülənlərin cəsədini yeyilmək üçün quşlara atsınlar, əmlaklarını
müsadirə edib, yarısını qatillərə versinlər, digər yarısını isə çara çatdırsınlar. Bu
dəhşətli əmrlər hər yerdə dəqiqliklə yerinə yetirildi. 80 min, başqa mənbələrə görə
150 min, əgər günahsız olmasalar da, ancaq silahsız olan kişi, qadın və uşaq bir
gündə Kiçik Asiyada soyuqqanlılıqla qətlə yetirildi”. Tarixçi hansısa qəribə hissin
təsiri altında bu dəhşətli qırğında asiyalıların cəllad rolunda sultana xidmət etmək
nümunəsini görür, bunun intiqam hissindən yuxarı olduğu qənaətinə gəlir. Əslində
isə o vaxtlar heç yerdə sultan ifadəsi işlənmirdi, bu titul yalnız türklərə məxsusdur
və onlar da o vaxtlar tarix səhnəsində hələ gözə dəyməmişdilər. Elə bil ki, Qədim
Romanın görkəmli tədqiqatçısına bu dövlətin məşhur sərkərdələrinin həm
Avropada, həm Asiyada, həm də Afrikanın şimalında axıtdığı qan çayları məlum
deyildi. Axı romalılar təkcə Karfageni qəddarlıqla məhv etməklə kifayətlənməyib,
şəhərin yerini şumlamış və ona duz səpmişdilər. Qay Yuli Sezarın özünün təsdiq
etdiyi kimi, səkkiz il ərzində 800-dən çox şəhəri hücumla tutmuş, romalılara qarşı
mübarizə aparan üç milyondan bir milyonunu məhv etmiş, bir milyonunu isə əsir
götürmüşdü. Təkcə qalların Aleziya şəhəri işğal edildikdən sonra o, hər bir
əsgərinə bir qul bağışlamışdı. Görən onda ömrü boyu müharibə allahı Marsa
xidmət göstərən Sezara haqq qazandırmaq mümkündürmü? Şərqdə həlak olan
nisbətən az sayda romalılarla, ümumiyyətlə onlarla aparılan müharibələrdə
öldürülən şərqlilərin kəmiyyəti arasındakı fərq olduqca böyük olduğundan, belə bir
müqayisəni aparmağa da ehtiyac qalmır.
İslam dininin və imperiyasının yaranması
VII əsrin əvvəlində Şərqdə, qarşıdakı dünya tarixinə mühüm təsir göstərəcək
bir hadisə baş verdi - Ərəbistanda islam dini meydana gəldi. Bu din özündən
əvvəlki dinlərlə: iudaizmlə, zoroastrizmlə və xristianlıqla bir sıra bənzər cəhətlərə
malik olsa da, onlardan həm də ciddi surətdə fərqlənirdi. Ən mühüm fərqlərdən biri
o idi ki, özünü onu yaradanın adı ilə deyil, ərəb dilindən tərcümədə “itaət”, yəni
“Allahın iradəsinə itaət” mənasını verən “islam” kimi adlandırmışdı. Əvvəlki
dinlər isə öz adlarını baniləri olan Buddanın, Zərdüştün (Zoroastrın) və Xristin
adından götürmüşdü. İslam dini həm də başqalarına nisbətən daha demokratik din
idi, ona sitayiş edənlərin hamısını qardaş elan edirdi. Bu isə islam dininə bütün
inanc gətirənlərin irqi, milli, dil fərqindən asılı olmayaraq bərabər olmasına şərait
yaratdı. İslamın dini mərkəzi yoxdur və o klerikal ierarxiyanı qəbul etmir. Ona
görə də müsəlmanlar hansısa dini xadim vasitəsi ilə deyil, özləri Allahla bilavasitə
əlaqə yaratmaq imkanına malik olurlar.
İslamın beş dayaq sütunlarında dinə sitayiş edənlərin bilavasitə vəzifələri
Dostları ilə paylaş: |