70
funksiyalasını həyata keçirdilər. Hansı pərdə altında gizlənməsindən asılı
olmayaraq işğalçıya təcavüzkara umduğu fayda əvəzinə, haqq kimi nifrət və kin
payı düşür. Ölkəyə demokratiya bəxş etmək vəzifəsi elan edilsə də, İraq xalqı
çoxlu itkilər vermək, bədbəxtliklərə sahib olmaqdan başqa bir şey əldə etmədi.
Himayəyə aldığı ərazilərə dinclik bəxş etdiyi düşünülən Pax Americana-nın əbədi
yaşayacağı düşünüldüyü halda, bu hərbi yürüş «soyuq müharibədən» sonra
yaranan zəfərdarlıq əhval-ruhiyyəsinə son qoydu, təsirin gücünün gücün təsiri ilə
əvəz edilməsi isə dövlətə baş ucalığı gətirmədi. Bu addımın taktiki qiyməti olduqca
şübhəli idisə, strateji qiyməti isə əvvəlcədən yox idisə, olduqca baha başa gəlməsi
(həm çox sayda insan həyatının itirilməsi, həm də xərclərin astronomik səviyyəsi
etibarı ilə), onun başlanğıcdan səhv olduğunu göstərir. Bu səhvi ört-basdır etmək
cəhdləri də uğursuzluqla nəticələnir, iri məğlubiyyəti, qoy bu döyüş səhnəsində
deyil, siyasət aləmində olsun, gizlətmək mümkün deyildir. Dövrün reallıqlarını
anlamamaq və ya onlara məhəl qoymamaq heç də siyasət məharəti hesab olunmur.
ABŞ-ın beynəlxalq siyasətdəki səhvləri həm də qloballaşmanın nüfuzuna və
genişlənməsinə «ayı xidməti» göstərmiş olur. Bibliyanın «Zərb məsələlər»
kitabında deyildiyi kimi «Sahib haram tərəzi işlədən adama nifrət edir. O, halal
ölçü ilə xoşbəxt olur. » Axı birləşən, vahidləşən dünya da özünə dəyən hansısa bir
xətəri haqsızlığın və ədalətsizliyin nişanəsi kimi qəbul edir və onlarla barışmaq
istəmir.
Təəssüf ki, müasir Amerika siyasətinin sükançıları bəzən öz böyük tarixi
şəxsiyyətlərinin vaxtilə etdikləri xəbərdarlıqları, onların müdrik vəsiyyətlərini
qulaq ardına vurur, bu isə ölkəni mürəkkəb problemlərlə üzləşdirməyə gətirib
çıxarır. 1821-ci ildə Dövlət katibi, gələcək prezident Con Kvinsi Adams bu günki
siyasətçilərə də yol göstərən qiymətli sözlər söyləmişdir: «Azadlıq və müstəqillik
normaları harada olmağından asılı olmayaraq pozulsa, Amerikanın ürəyi öz xeyir-
duası və duaları ilə birlikdə orada olacaqdır. Lakin o heç vaxt yad ölkəyə
yollanmayacaqdır ki, orada əjdahanı məhv etmək üçün onu axtarsın. Hamı üçün
azadlığın və müstəqilliyin xeyirxahı. Ancaq yalnız özünün müdafiəçisi və
qoruqçusu .» Yaxşı olardı ki, İraqa ən muasir silahlarla silahlanmış ordu
göndərənlər bu məşum qərarı verməmişdən əvvəl öz mənəvi əcdadlarının
müraciətini bir daha dinləyəydilər. Deyəsən, təbiətin daim açıq saxlanmağa
məhkum etdiyi qulaqlar bu dəfə hansısa saxta şöhrət axtarışı ehtirasının təsiri ilə
bağlı qalmışdı.
Qloballaşma zamanın uca dalğalarını ram edərək, can atdığı sahilə
yaxınlaşacaqdır. Lakin bu gəmini idarə edənlər səhvə yol versələr, özləri tufanlar
axtarsalar, vaxt itiriləcək, qəzalar isə onun hərəkətini zəiflədəcəkdir. Ancaq onu
dayandırmaq mümkün olmayacaqdır. Bu gün ona müqavimət göstərənlər, mane
olanlar bəlkə də hələ qüvvətlidirlər, lakin onlar məntiqin qanunlarını dəyişdirə
bilməzlər, bir
müdrikin dediyi kimi, heç Allah da bunu etmək qüdrətində deyildir.
“525-ci qəzet”.19-20.01.2007
İngiltərə: təəssüratlar və düşüncələr
71
Ada dövləti olan Böyük Britaniya təkcə öz tarixi keçmişi ilə deyil, həyat
tərzi, özünəməxsus qaydaları ilə sehrli, bir qədər də müəmmalı bir ölkə təsiri
bağışlayır. İki min il əvvəl (b.e.ə.55-ci ildə) Roma sərkərdəsi Yuli Sezar buraya
hücum edərək, ölkənin cənubunu işğal etmişdi. O vaxta qədər isə ada işğallardan
yayına bilmişdi. XVII əsrdə dəniz dövlətinə çevrilmiş İngiltərə ayrı-ayrı qitələrə
ayaq açmağa başladı, müxtəlif yollarla əsasən koloniyalar yaratmaq və iqtisadi
asılılığa
salmaq vasitəsi
ilə müstəmləkələrə malik olub, böyük imperiya yaratdı. Artıq XIX əsrdə
Böyük Britaniya imperiyası insan yaşayan bütün qitələrdə öz müstəmləkələrinə
sahib idi, bu kraliça Viktoriyaya, vaxtilə İspaniya imperiyası barədə deyilən
“Mənim imperiyam üzərində günəş batmır” sözlərini təkrar etmək hüququnu
verirdi. İndi də ingilis dilli xalqlar Şimali Amerikanın nəhayətsiz sərvtələrinə
nəzarət edirlər. Bunlarla yanaşı İngiltərə dünyanın sürətli tərəqqisinə yol açan
Sənaye inqilabının beşiyi olmaqla bəşəriyyət üçün əvəzolunmaz xidmət
göstərmişdir.
Bu ölkə ilə qiyabi tanışlıq nə qədər
uzun çəksə də, hətta dərin xarakter daşısa
da, əyani ünsiyyət daha çox şey vəd edirdi. Maraqlandığın bir diyarı və xalqı
yaxından müşahidə etmək, onların müxtəlif cəhətləri ilə təmasda olmaq heç də
adicə həvəs adlandırıla bilməzdi. Təyyarə Londonun Qatvik hava limanına
yaxınlaşdıqda aşağıda yamyaşıl çəmənliklər, əkin tarlaları gözə dəyir. Şair Cerard
Hopkinskin vaxtilə yazdığı “Şirin, xüsusi nəzərə çarpan kənd mənzərəsi”in həqiqət
olduğuna yəqinlik tapırsan. Sonralar addımbaşı müşahidə etdiyimiz və
xoşladığımız bu mənzərə ingilis ədəbiyyatında və peyzaj rəssamlığında layiqli
yerini tutmuşdur.
Təyyarə meydanında qarşılamağa çıxmış iyirmi beş il əvvəl ailələrimizin
qonşuluq etdiyi, hazırda Londonda yaşayan İlqarla və bir qədər əvvəl tələbə
uşaqları ilə görüşə gəlmiş Milli Məclisin bir neçə çağırış deputatı olan yerlimlə
mehriban görüşürük. Gənc və köhnə dostumun idman maşınına bənzər
“Mersedes”ində paytaxta yola düşürük. Yolların hamarlığı, güzgü səthi kimi
düzlüyü o qədər də təəccübləndirmir, mən hətta ekvatorial Afrikada belə rahat və
səliqəli magistralları görmüşəm. London ətrafında isə yol şəbəkəsi olduqca
mürəkkəbdir. Çünki ölkənin paytaxtı milli nəqliyyat sisteminin bəbəyidir. Elə bil
ki, İngiltərədə bütün yollar Londona aparır, başlıca dəmiryol şəbəkəsi də burada
birləşir, həm də bu şəhər iri və kommesiya nöqteyi-nəzərindən ən mühüm su
nəqliyyatının mərkəzidir. Ona görə paytaxt ətrafında yolların bir-birini kəsib
keçməsinə, müasir viadukların çoxluğuna heyrətlənmək lazım gəlmir. Lakin bu
mürəkkəbliyə çox sayda nişanlar asanlıqla baş çıxarmaq xüsusiyyəti ilə yanaşı
başgicəlləndirici çətinliyə bir sadəlilik verir.
Sonrakı müşahidələrim də bir daha təsdiq etdi ki, deyəsən aramlı həyat
tərzinə alışmış İngiltərədə və Şotlandiyada heç kəs sürətlə hərəkət etmək barədə
düşünmür, cıdırdakı at qaçışına göstərdikləri həvəsdən fərqli olaraq avtomobil
derbisini o qədər də sevmirlər, idarə etdikləri nəqliyyatı sakit, mən deyərdim ki,
ifrat ehtiyatlılıqla sürürlər. Elə bil ki, maşın sürətlə getmir, yavaş-yavaş üzür,