Tərbiyənin yaranması və inkişafı haqqında



Yüklə 34,67 Kb.
səhifə1/6
tarix01.06.2023
ölçüsü34,67 Kb.
#114868
növüYazı
  1   2   3   4   5   6
tərbiyənin yaranması və inkişafı


Tərbiyənin yaranması və inkişafı haqqında

Tərbiyənin necə əmələ gəlməsi haqqında məsələni aydınlaşdırmaq çox mühümdür. Insan cəmiyyətinin ilkin inkişaf dövrü - ibtidai icma cəmiyyətində yazılı mənbələrin olmaması bu dövr tərbiyə sisteminin öyrənilməsində bir sıra çətinliklər


yaradır. Ancaq maddi və mənəvi mədəniyyət abidələrinin, dil və şifahi xalq
ədəbiyyatının öyrənilməsi insanın yarandığı ilk çağlarda tərbiyənin meydana gəlişi ilə
bağlı müəyyən fikirlər irəli sürməyə imkan verir. Ibtidailiyini indi də mühafizə edib
saxlayan qəbilələrin həyatı haqqında etnoqrafik məlumatlar (əmək və məişət əşyaları,
qayaüstü rəsmlər və s.) ibtidai icma dövründə tərbiyənin necə yarandığını təsəvvür
etməyə imkan yaradır. XII-XVIII əsrlərdə alim və səyyahların Avstraliya, Afrika,
Polineziya, Sibir və Cənubi Amerikanın hələ də ibtidai inkişaf dövrünü yaşayan
aborigenlərin həyatını təsvir edən əsərləri də böyük maraq doğurur. Ilk pedaqoji
təsəvvürlərin təşəkkülü ayrı-ayrı xalqların, o cümlədən Azərbaycan xalqının qədim
adət və ənənələri, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlı olmuşdur.
Kökləri əsrlərin dərinliklərinə gedib çıxan xalqın həyat müşahidələrinin məhsulu olan
atalar sözləri, zərb-məsəllər, mərasimlər, xalq oyunları, əyləncələr qədim insanların
tərbiyəsi ilə bağlı fikirlərinə parlaq sübutdur.
Insanın mənşəyilə bağlı konsepsiya düzgün müəyyənləşdirilmədiyindən
tərbiyənin yaranması haqqında bir neçə müddəa mövcuddur. Ənənəvi müddəalar
arasında Ş.Leturno, J.Simpson, A.Espinas və başqalarının təmsil etdikləri təkamülbioloji
və P.Monronun əsasını qoyduğu psixoloji nəzəriyyələr mühüm yer tutur.
Təkamül – bioloji nəzəriyyənin müəlliflərinin fikrinə görə ibtidai insanların tərbiyəvi
fəaliyyətləri adi heyvanların öz balalarına göstərdikləri instinktə əsaslanan qayğıya
bənzəyir. Onlar heyvanlar aləmində də tərbiyənin mövcud olduğunu söyləyirlər. Bu
alimlər tərbiyənin şüurlü səciyyəsini inkar etməklə onu qeyri-mütəşəkkil, kortəbii bir
hadisə hesab edirlər.
P.Monro tərbiyənin yaranmasını yalnız uşaqların böyükləri şüursuz surətdə
təqlidində görürdü. Insanın mənşəyi və tərbiyənin yaranması ilə bağlı dini təlimlərdə
dəyərli fikirlər vardır. Bu gün insanın meymundan əmələ gəlməsini əsas götürən
təkamül nəzəriyyəsi qətiyyətlə rədd edilir. Bu, genetik cəhətdən də təsdiq olunur.
Tədqiqatçı alimlərin fikrincə, insan elə insan olaraq yaranmış, öz qabiliyyət və
keyfiyyət imkanları hesabına inkişaf edib, təkmilləşmişdir.
Insanın tərbiyə fəaliyyəti onun əmək fəaliyyətinin zəruri bir hissəsi olmaqla
insanın öz nəslini davam etdirməsinə xidmət edir. Bu, əməyin nəticəsi olan yaxşı
təhsil və tərbiyə almış insandır. Tərbiyə mənəvi istehsal sahəsinə aid olan
məfhumdur.
Tərbiyənin xüsusi fəaliyyət növü kimi meydana gəlməsi 35-40 min il əvvələ
təsadüf edir. Tərbiyənin tamamilə bəsit xarakter daşıdığı ibtidai icma dövründə
uşağın tərbiyəsi, onun bəslənməsi və böyüdülməsində yaşlı nəslin qazandığı
təcrübənin böyüyən nəslə verilməsindən ibarət idi. Tərbiyənin ən bəsit və sadə
məqsədi ən sadə şəkildə yaşamağa və dünyanı dərk etməyə hazırlıqdan ibarət idi.
Ibtidai insanların tərbiyəsi kortəbii və sistemsiz idi. Bu dövrdə tərbiyənin
inkişafına təsir göstərən amillərdən əsası insanlar arasında maddi əlaqələrin
genişlənməsi idi. Bu yolla əmək təcrübəsi bir adamdan başqasına, nəsildən-nəsilə
ötürülürdü.
Bu dövrdə uşaqların tərbiyəsi ümumi xarakter daşıyırdı, bütün uşaqlar kollektiv
şəkildə tərbiyə olunurdular. Bu tərbiyə onları icmanın ümumi əmək həyatında
müstəqil iştirak etməyə hazırlayırdı. Tərbiyədə fərq cinslərarası fərqə əsaslanırdı.
Oğlanlar kişilərlə birlikdə ov etmək, balıq tutmaq və silah düzəltməkdə iştirak edir,
qızlar isə qadınların rəhbərliyi altında paltar hazırlayırdılar.
Əmlak bərabərsizliyinin getdikcə güclənməsi, xüsusi mülkiyyətin yaranması,
ibtidai icma quruluşunun dağılmasını sürətləndirdi. Bu zaman ailə cəmiyyətin iqtisadi
və sosial özəyinə çevrildi. Qəbilədən fərqli olaraq uşaqların tərbiyə edilməsi vəzifəsi
ailə üzvlərinin (ata və ana) üzərinə düşürdü. Ailə tərbiyə işi kütləvi şəkil alırdı.
Ailədə uşaqlar valideynlərin nümunəsində tərbiyə olunurdular. Ümumi, bərabər,
nəzarəti olmayan icma tərbiyəsi silki - ailə tərbiyəsinə çevrildi. Ailələr arasındakı
təbəqələşmə orada böyüyən uşaqların tərbiyəsində özünü biruzə verirdi. Müxtəlif
təbəqənin nümayəndələrinin – başçıların, kahinlərin, döyüşçülərin, icmanın digər
üzvlərinin tərbiyəsində nəzərə çarpan fərqlər yarandı. Yüksək təbəqəyə məxsus
ailələrdə uşaqlara tərbiyə məqsədyönlü və sistemli şəkildə verilirdi.
Ibtidai icma dövrünün insanları təcrübənin ötürülməsi zamanı müəyyən
didaktik üsullardan istifadə edirdilər. Tərbiyənin ilkin formaları bəsit və kortəbii
xarakter daşıyırdı. Uşaqların əsas işi böyüklərin fəaliyyətini mexaniki surətdə
təkrarlamaqdan ibarət idi. Tərbiyənin mütəşəkkil formalarının rüşeymləri meydana
gəldi. Tədricən tərbiyə işi xüsusi şəxslərin əlində cəmləşməyə başladı. Tərbiyənin
müddəti qısa idi, 9 yaşdan başlayır, 11 yaşadək davam edirdi.
Kiçikyaşlı uşaqlar qadınların nəzarəti altında əmək vərdişlərinə yiyələnirdilər.
Uşaqlar böyükləri təqlid etməklə vaxtlarının çoxusunu oyunda keçirirdilər. Onlar
böyüklərin işində iştirak etməklə, hər gün onlarla ünsiyyətdə olmaqla tərbiyə olunur
və öyrənirdilər. Uşaqlar böyüklərlə birlikdə əmək fəaliyyətinə, kollektiv əməyə və
məişətə hazırlanırdı. Eyni zamanda onlar qəbilənin adətləri ilə, müvafiq mərasimlərin
keçirilməsi qaydası ilə tanış olurdular. Uşaqlar özlərinin bütün vəzifələrini tamamilə
bütün qəbilənin mənafeyinə və tələblərinə uyğunlaşdırırdılar. Ağsaqqallar və din
xadimləri uşaqların müəyyən edilmiş qaydalara necə riayət etmələrinə nəzarət
edirdilər.
Erkən ibtidai icma dövründə tərbiyənin təsiri aşağı səviyyədə idi. Icmanın kiçik
yaşlı üzvlərinə nəzərə çarpacaq dərəcədə davranış sərbəstliyi verilir, sərt cəzalar
tətbiq olunmurdu. Ən pis halda fiziki cəza veriləcəyilə qorxudulurdu. Sonralar
vəziyyət dəyişdi, icmanın təbəqələşməsi və sosial ziddiyyətlərin artması tərbiyəni
sərtləşdirdi. Fiziki cəza tez-tez tətbiq olunmağa başlandı.
Ibtidai icma dövrünün sonunda indiki məktəblərin ilk rüşeymi olan “gənclər
evi” yarandı. Burada uşaq və yeniyetmələrə əmək vərdişləri, bacarıqlar, mərasim
ayinləri öyrədilirdi ki, burada başlıca tərbiyə forması oyun və məşğələlər idi. Ata
xaqanlığı dövründə isə oğlanların tərbiyəsi bütünlüklə ağsaqqalların və kahinlərin
ixtiyarına keçdi. Əmlak bərabərsizliyinin yaranması ilə bağlı kasıblar və varlılar ayrıayrı
“gənclər evi”ndə tərbiyə almağa başladılar. 10-15 yaşına çatmış həm oğlan, həm
də qızlar özünü böyüklərə təqdimetmə mərhələsindən keçirdilər. Oğlanlar ovçu,
əkinçi, döyüşçü üçün zəruri olan bilik və bacarıqlarını, qızlar isə ev təsərrüfatının
idarə olunması ilə bağlı vərdişləri necə mənimsədiklərini nümayiş etdirirdilər.
Ibtidai icma quruluşunun sonlarında ailə tərbiyəsi tərbiyə işinin geniş yayılmış
formasına çevrildi, tərbiyənin məzmunu genişləndi və mürəkkəbləşdi.
Tərbiyənin ümumiləşmiş kateqoriya olması. Tərbiyənin mahiyyəti, məzmunu,
məqsədi, vəzifələri, tərkib hissələri, növləri, həyata keçirildiyi sahələr, iştirakçıları,
mərhələləri, üsulları, qanunauyğunluqları, prinsipləri, təlimin tərbiyəvi imkanları, bu
imkanların reallaşdırılması və s. məsələlər həmin kateqoriyaya daxildir. Bundan əlavə
real həyatda tərbiyə ya əxlaq tərbiyəsi, ya əmək tərbiyəsi, ya fiziki tərbiyə və s.
formada özünü göstərir. Yaxud, tərbiyə ailədə, uşaq bağçasında, tədris müəssisəsində
və s. ictimai yerlərdə təşkil edilir. Tərbiyənin tərkib hissələrindən hər hansı biri, öz
növbəsində xeyli sahələri əhatə edir. Məsələn, əxlaq tərbiyəsi, halallıq tərbiyəsi,
insanpərvərlik tərbiyəsi, yaşlılara hörmət tərbiyəsi, vətənpərvərlik tərbiyəsi,
təvazökarlıq tərbiyəsi, qənaətcillik tərbiyəsi və s. sahələri vardır. Bütün bu sahələrə
görə deyirik: tərbiyə ümumiləşmiş kateqoriyadır.
Xarici ölkələrin pedaqoqlarına görə tərbiyə nə deməkdir? Suala cavab tarixən
müxtəlif olmuşdur. Mütəxəssis alimlər tərbiyə kateqoriyasının mahiyyətini bağqabağqa
istiqamətdə şərh etmişlər. Məsələn, ingilis filosofu, sosioloqu və pedaqoqu
Spenserin fikrinə görə, gənc nəslin mövcud mühitə alışdırılması tərbiyə deməkdir. Öz
fikrini inkişaf etdirən Spenser çalışmışdır ki, uşaqların yaşadıqları kapitalizm
mühitinə uyğunlaşmalarına kömək göstərsin. Yaxud, məşhur alman pedaqoqu
İ.Herbarta görə, tərbiyə məşqdən başqa bir şey deyil; tərbiyə uşaqların idarə olunması
və prosesidir. Bu cəhətdən də o, tərbiyədə tərbiyə olunanlara təsir göstərəni fəal şəxs,tərbiyə olunan uşaqları isə təsir göstərilən passiv şəxslər hesab etmişdir. Bu səbəbdən
də o, sübut etməyə çalışmışdır ki, uşaqlar böyüklərin sözlərinə sözsüz əməl
etməlidirlər.
Azad tərbiyə nəzəriyyəsinin tərəfdarları, o cümlədən J.J.Russo əksinə
düşünmüşdür ki, uşaqların təbiətinə uyğun gələn vasitələrlə onlara təsir göstərmək
prosesi tərbiyədir. Onun əqidəsinə görə uşaqlara öyüd-nəsihət vermək, uzun-uzadı
izahat vermək, məruzə oxumaq, cəza vermək, məzəmmət etmək onların təbiətinə,
mənliyinə toxunmaq, şəxsiyyətin əleyhinə getmək deməkdir.
Praqmatizm (tərbiyə işində nəzəriyyəni yox, təcrübi işləri əsas götürənlər)
pedaqogikasının ABŞ-da məşhur nümayəndəsi Con Dyui isbat etməyə çalışmışdır ki,
həyat əhəmiyyətli əməli təcrübənin uşaqlar tərəfindən qazanılması prosesi tərbiyədir.
Bu səbəbdən də praqmatizm pedaqogikasının tərəfdarları tərbiyə işində nəzəriyyəyə,
əməli işin nəzəri əsaslarına, nəzəri məsələlərə laqeydlik göstərmişdir.
Digər pedaqoji cərəyanlar da tərbiyə anlayışının mahiyyətinə dair öz
mövqelərini bildirmişlər. Məsələn, eksistensializm (şəxsiyyətin formalaşmasında
tərbiyəni inkar edənlər, irsiyyəti əsas hesab edən) pedaqogikasının tərəfdarları, o
cümlədən Uayt Ceyms güman etmişdir ki, insan təbiəti dəyişməzdir, anadangəlmədir;
guya hərislik, acgözlük, dalaşqanlıq, mənəm-mənəmlik, paxıllıq kimi keyfiyyətlər bu
və ya digər dərəcədə hamıya xasdır. Guya bu cür keyfiyyətləri dəyişdirmək mümkün
deyil. Buna görə də onlar tərbiyə işini şəxsiyyət üzərində zorakılıq kimi
qiymətləndirirlər.
Tərbiyə ilə bağlı tədqiqat tarixində tərbiyə məfhumuna tamam başqa
yanaşmalar da mövcuddur. Elə mənbələr var ki, orada açıq-aşkar təlimi və təhsili
tərbiyənin tərkib hissələri kimi nəzərdən keçirirlər. Məsələn, B.Lixaçov yazır:
“İnsanın təlim və təhsili hissələr kimi tərbiyəyə daxildir” (7, səh.6). Lixaçovun
sonrakı mühakimələrindən belə bir nəticə çıxarmaq olur ki, iqtisadiyyat, istehsal
münasibətləri, ideologiya, siyasət, din və s. ictimai şüur formaları da tərbiyədir.
Insanı əhatə edən nə varsa hamısının ona təsirini tərbiyə hesab edən
mütəxəssislər də az deyil.
Deməliyik ki, ətraf mühitin insan şəxsiyyətinə göstərdiyi təsiri həqiqi mənada
başa düşülən tərbiyə kateqoriyasına aid etmək düzgün deyil. Nə üçün? Çünki, insan
şəxsiyyətinə tərbiyəvi təsir məqsədyönlülüyü, planlılığı ilə fərqlənir. Mühit amilləri
də tərbiyəyə təsir göstərir. Lakin insanı əhatə edən mühit amillərinin ona təsiri
məqsədyönlü, planlı və mütəşəkkil olmur, kortəbii və təsadüfi səciyyə daşıyır. Lakin
bununla belə, mühit amillərindən, məsələn, heykəltəraşlıq və tarixi abidələrdən,
mədəniyyət və incəsənət əsərlərindən, zövqlə salınmış parklardan və sairədən bir
vasitə kimi gənc nəsildə şəxsiyyətin formalaşmasına məqsədyönlü, planlı və
mütəşəkkil şəkildə istifadə etmək mümkündür. Bu halda həmin mühit amilləri tərbiyə
vasitələrinə çevrilmiş olur.
Bəzi mütəxəssislər, metodist alimlər tərbiyə deyəndə təlim prosesindən,
təhsildən kənarda cərəyan edən, necə deyərlər, xalis tərbiyəni, həyata keçirilən fərdi,
qrup və ya kütləvi tədbirləri nəzərdə tuturlar. Bu cür mütəxəssislər unudurlar ki,
tərbiyə həm də daha çox və daha müntəzəm təlim zamanı – dərsdə və təlimin digər
təşkili formalarında həyata keçirilir.
Tərbiyə kateqoriyasının başa düşülməsində və şərhindəki bu cür qeyrimüəyyənliyin
səbəbini nə ilə izah etmək olar? Fikrimizcə bunun iki əsas səbəbi var.
Əvvəla, tərbiyə kateqoriyası ilk baxışda adamlara çox sadə görünür, əslində bu
kateqoriya xeyli mürəkkəb və çoxcəhətli kateqoriyadır. Bu, səbəblərdən biridir.
Ikincisi, tərbiyə və təhsil kateqoriyaları arasında fərqə nisbətən oxşarlıq xeyli
üstünlük təşkil edir. Bu cəhət də əlavə olaraq mütəxəssisləri xeyli çaşdırmış, təhsilə
nisbətən tərbiyə kateqoriyasının spesifik xüsusiyyətlərini üzə çıxarmaq işini xeyli
çətinləşdirmişdir.

Yüklə 34,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə