www.kitabxana.net
– Milli Virtual Kitabxana
21
- Onda yaxşı-yaxşı qulaq as. Çünki bu çox maraqlı hekayətdir. Bəli, bəli, maraqlı
hekayətdir.
- Ekzellənt, - dedim, - dinləməyə hazıram. Amma bilmək istəyirəm ki, sənin
söhbətin çoxmu çəkər? Çünki sabah tezdən işdə olmalıyam.
- Azını-çoxunu bilmirəm. Yorulanda gedərsən. Bildin, yorulanda gedərsən.
Bu sözlərdən sonra o, bədəninin hər yerini qaşımağa başladı.
«Bircə qoturumuz çatmırdı», - deyə ürəyimdə fikirləşdim. İstədim ona yenə də
etiraz edəm, amma düşündüm ki, İmranbəylə mübahisəyə girişsəm, onun səfeh
fəlsəfəsinə qulaq asmalı olacam, ona görə də susdum, tale yüyənimi İmranbəyin
əlinə verdim. İndiyə kimi arvadlar yüyənimi dartırdı, qoy indi də uşaqlıq dostuma
etibar eləyim.
- Razıyam, - dedim.
- Ekzellənt, - İmranbəy dedi və daha yeni bir söz əlavə elədi, - veri fayn, yəni əcəb
gözəl, çox gözəl.
* * *
İmranbəy söhbətinə başladı. Mən onun danışdıqlarını bir neçə fəsilə bölməyə
məcburam. Çünki o özü danışdıqlarını fəsillərə bölmüşdü.
Beləliklə, aldı görək nə dedi.
Bəyim hey!!!
İmranbəyin Kaliforniya həyatı
- Mən Kaliforniya universitetinin bioloji tədqiqatlar laboratoriyasına praktikant
kimi işə götürülmüşdüm, bəli, praktikant kimi, özü də harda? Kaliforniya
universitetində, Amerikanın düz göbəyinin ortasında - deyə İmranbəy söhbətə
başladı, - əvvəllər canlılarda hüceyrə toxumalarının artırılması problemlərilə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
22
məşğul olurduq. Bu elə də çətin iş deyildi. Biz bir neçə qoca siçovullar üzərində
tədqiqat aparırdıq. Onların bədənində ölmüş hüceyrə toxumalarını vaksinlər
vasitəsilə bərpa edirdik. Vaksinlər gizli şifrələrlə müəyyən olunmuşdu. Bəli, bəli,
şifrələr gizliydi... Heç bizim özümüzə də onun adını və tərkibini demirdilər. İşimiz,
təcrübə keçənləri nəzərdə tuturam, vaksinləri vaxtlı-vaxtında təcrübə altında olan
siçovullara peyvənd eləmək, onları nəzarətdə saxlamaq və nə dərəcədə səmərəli
olub-olmaması barədə hesabat yazmaq idi. Bilirsən niyə siçovullar? Çünki onlar
çox ağıllıdırlar, bir az elə bizə oxşayırlar.
- Doğrudan, heç bilmirdim, - deyə yalançı təəccübümü gizlətmədim.
- Hesabatlar anbaan, dəqiqəbədəqiqə yazılırdı. Yadında saxla: anbaan və
dəqiqəbədəqiqə. Bu hesabata siçovulların özünü aparması, hərarəti, kardioloji
ölçüləri, psixoloji durumu daxil idi.
Altı ay bu işlə məşğul olandan sonra məni başqa bölməyə keçirdilər. Çünki eyni
bir işlə məşğul olmaq bezikdiriciydi, həm də mən yeni bir mərhələyə daxil
olmalıydım. Sonradan başa düşdüm ki, bir alimi eyni bölmədə çox az saxlayırlar.
Qorxurlar ki, dərmanların tərkibini öyrənər. Bu, çox vacibdir. Sənin bütün bunları
yadında saxlamağını deyirəm...-İmranbəy sözləri təkrarlayarkən hər dəfə şəhadət
barmağını işə salırdı, vacib məqamları təkrarlayırdı və sanki başıma taqqıldatmaq
istəyirdi ki, dediklərini unutmayım. Əlbəttə, bütün bunlar müvəqqətiydi və
İmranbəy transa girdikdən sonra yadından çıxdı... -Yeni işim ölmüş siçovulların
hüceyrələrinin canlandırılması ilə bağlıydı. Biz hüceyrə toxumalarını xüsusi
kimyəvi məhlul doldurulmuş şüşələrə yığırdıq və onun hərarətinin eyni dərəcədə
qalmasına nəzarət edirdik.
Mən öncələr bu eksperimentlərin mahiyyətini anlamırdım. Çünki heyvanların
hüceyrə toxumalarının canlandırılması, özü də iyrənc məxluqların, kimə lazım idi.
İyrənc də ki nə iyrənc... Tfu… Düzdü, mən elə də sadəlövh deyildim və dünyada
klonlaşdırma deyilən yeniliklərdən də xəbərim vardı, nəinki xəbərim vardı, hətta
ondan dərs də keçmişdim, təcrübə aparılan laboratioriyalarda ötəri olmuşdum da.
Amma bu başqa bir elm sahəsiydi. Klonlaşdırma elə də çətin məsələ deyil.
Klonlaşdırma da!? Yəqin eşitmisən!? - deyə suallı baxışlarını üzümə zillədi. -
Başımla təsdiqlədim. - Canlı hüceyrələri çoxaltmaqla, onları xüsusi məhlullarda və
rejimdə saxlamaqla istədiyini əldə edə bilərdin. Bu eksperimentlər isə tamam başqa
məqsədlər üçün idi.
Onların mahiyyətilə maraqlanmaq, bu eksperimentlərin tərkibini öyrənmək
qadağan idi. Buna cəhd edənləri laboratoriyadan qovurdular, lap dərinə gedənlərin
başını əkirdilər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
23
Laboratoriyadan çıxış yolu, demək olar ki, yoxuydu. Çünki burada işləyənlər
əsasən yaşlılar idi. Onlar uzun illər idi ki, burada çalışırdılar. Ailə də
qurmamışdılar. Heç kimlə, hətta öz aralarında da münasibət saxlamırdılar. Sanki
onlar bir-birilərindən çəkinirdilər.
Biz xüsusi şəhərcikdə yaşayırdıq. Ora «klozd zon», yəni qapalı zona hesab
olunurdu. Ətraf mühitlə əlaqədən söhbət gedə bilməzdi. Əslində, bizim kimi iddialı
alimlərə, yəni bəşəriyyətin başlanğıc nöqtəsini axtaranlara bu cür həyat şəraiti sərf
edirdi. Axı, biz bəşəriyyətin başlanğıc nöqtəsini axtarırdıq... Başlanğıc nöqtəsini!..
Söhbətin bu yerində hövsələm daraldı:
- Olmaz ki, sözü bir dəfə deyəsən!? Təkrar nəyə lazımdır. Dedin, eşitdim də!
- Məyər, mən sözləri təkrarlayıram?
- Təkrarlayırsan. Özü də tutuquşu kimi! Həm də tez-tez danışırsan…
- Bir də belə eləmərəm. Həm də məndən asılı deyil. Sebinayla elə buna görə
ayrıldıq də.
- Sebina kimdir?
- Vaxtı gələndə deyəcəm. İndi isə qulaq as... Laboratoriyadan çıxmaq üçün ya
morqa, ya da dəlixanaya getməliydin. Sənin dəliliyinə tam əmin olandan sonra da
nəzarətdə qalacaqdın. Mən bütün bunları lap sonralar, illər keçəndən sonra başa
düşdüm. İmam övladı olasan, özü də bunu bilməyəsən? Ay hay!.. - Gözləri yol
çəkdi, köksünü ötürdü. - Eh, gör üstündən nə qədər keçib!..
İndilikdə sakit dayanmaq fikrində deyildim. Nəyin bahasına olursa-olsun, həmin
məhlulun tərkibini öyrənməliydim. Bu, məni heç kimin bilmədiyi mətləblərə
gətirib çıxara, üstüörtülü sirlərdən agah edə bilərdi. Bilirsən, - söhbətin bu yerində
o səsini yavaşıtdı, - o zaman başa düşdüm ki, mənim ayrıca bir missiyam var. Tanrı
məni bu missiyanı yerinə yetirmək üçün göndərib. Mən seçilmişlərdənəm. Düzdü,
başımda şeytan nömrəsi-filanı yoxdu, amma bədənimdə çoxlu xallar var, baxa
birəsən - dedi və köynəyini yuxarı qaldırdı.
Mənə elə gəldi ki, onun bədənindəki xallar qoturluq əlamətidir. Amma heç nə
demədim, eləcə başımla təsdiqlədim və bir hmmm…
- Elmi rəhbərim zahirən qılıqlı, daxilən xəbis yəhudiydi. Hə, yəhudiydi...- O sözləri
təkrarlamaqdan yorulmurdu. - Nə ürəkdən gülə, nə də qəmlənə bilirdi. Amma
üzündən təbəssüm əskik olmazdı. Gözləri sopsoyuq idi və heç nə ifadə eləmirdi,
Dostları ilə paylaş: |