- 14 -
- Bəy əfəndi, - deyir və gözlərindən bilaixtiyar yaş tökülür, - bəy əfəndi, biz ədalətli
məhakimə deyə qapuya gəldik, sən isə heç də ədalət ilə məhakimə etmədin. Bunu bilməlisən ki,
əmucam olacaq bu kor şeytan bir dəfə məni Allah yolunda saxlıyıb böyütmədi, babam və anam
vəfat etdikdən sonra mənim evimdə epeyicə sərvətim, malım, davarım var idi. Evim anbar yapıldı,
ev əşyam, mal-davarım bu alçaq hərif tərəfindən yağma edildi. Ərazim (torpağım) bu günə qədər
onun əlindədir : əkir, biçir, istifadə edir. Səkkiz yaşından haçana kimi bunun evində, tarlasında bir
kölə kibi çalışdım, şimdi söylə, bakalım, babasının xeyrinəmi bu xayin hərif bəni sakladı, böyütdü?
Kocaya verdiyi vakt bəndən bir kərrə sordumu? Kim ona çok para verəcək olursa idi, ona satacaq
idi ; bu, məlumdur. İştə çok para verən Bəkir ağa oldu”.
Lakin insani hisslərdən, ədalət duyğusundan uzaq olan Mürsəl bəy bütün bunları laqeydliklə
qarşılayır, şikayətçiləri başından edərək qazinin yanına göndərir. Kəndlilər gedərkən Məkbulənn
niqabı təsadüfən sürüşüb açılır, onun gözəlliyini görən bəy qızı ələ keçirmək üçün yollar arayır.
Təhkiyənin davamında dramatik hadisələr bir-birini əvəz edir. Oxucu süjeti maraqla izləyir. Bəlli
olur ki, qazi şikayətçiləri dinləmiş, şəriətin hökmünə görə, Məkbulənin Məhəmmədin evinə
dönməsinin vacibliyini bildirmişdir. Lakin qətiyyətli Məkbulə bununla heç cür razılaşmamış,
nəticədə ağösaqqallar qan düşmənşiliyi olmasın deyə ortaya sülh qoymuşlar. Belə ki, Osman Mə-
həmmədin atası Bəkir ağaya iki yüz manat verərək Məkbulənin nigahını geri oxutdurmuş, kəbinini
özünə kəsdirmişdir. Zahirən belə görünür ki, konflikt aradan qalxıb, lakin şərəfsiz Mürsəl bəyin
hadisələrə növbəti müdaxiləsi aranı yenə qatır. O düşünür ki, Məkbuləyə sahiblənmək üçün əri
Osmanı aradan götürmək gərəkdir. Bu məqsədlə o, Məhəmmədi qızışdırıb Osmanı öldürməyə
təhrik edir.
Sonra Tiflisə gələn Mürsəl bəy burada yenə də firqələr davasının şahidi olur. Hər firqənin
yerli təşkilatının sədri özünə tərəfdar yığmağa cəhd göstərir. Müəllif səciyyəvi epizod kimi Tiflisdə
Kerenskinin təbliğatı ilə məşğul olan Bertanovun canfəşanlığını önə çəkmişdir. Belə bir şəraitdə
hansı firqəyə üz tutacağını yəqinləşdirə bilməyən Mürsəl bəy rayona dönür. O artıq vəziyyətin
qarışdığını görüb komissarlıqdan da istefa verir. Müəllifin təsvirləri göstərir ki, mənəviyyatsız bəyin
səpdiyi fitnə toxumları cücərmiş, Məkbulənin əri Osman öldürülmüşdür. Bəyin niyyətindən
xəbərsiz olan Məkbulə son ümid yeri kimi onun evinə şikayətə gələrək baş vermiş fəlakəti anladır.
Bəy isə bu kimsəziz qadını ələ keçirməyin vaxtı çatdığını düşünür. Məkbulə onu qətiyyətlə rədd
edir. Səs-küyə bəyin həyat yoldaşı Rüxsarə xanım gəlir, Məkbuləni təpikləyərək ona ciddi xəsarət
yetirir. Mürsəl bəy isə onu möhkəm vurur. Beləliklə, hər iki qadın ciddi zədə alır. Bu əsnada xid-
mətçi Şərifoğlunun gətirdiyi təcili xəbər əslində Mürsəl bəyin cismani və mənəvi sonluğu kimi mə-
nalanır:
“ – Paşam, - Şərifoğlu kəkəliyir və bir dəqiqə dayanıb nəfəs alır, - paşam, çapuq ol. Qaçalım,
şəhərdən şapar gəlmiş, səni görmək istiyir, deyir, geçən gecə qəza komissarı bəyi, Abastumandakı
yaylasında həbs etmiş, Tiflisə götürmüşlər, bir azdan səni də həbs etməyə gələcəklərmiş... Atları
əyərliyəyimmi?...
- Sus, çık dışarı, atları əyərlə, həm də çapık ol!”
Artıq canının hayında olan Mürsəl bəy huşsuz halda yerə yıxılmış Rüxsarə və Məkbuləni
orada qoyaraq nökəri ilə birlikdə qaçır.
Göründüyü kimi, maraqlı bir süjet daxilində Ələkbər Qərib 1918-1920-ci illərin mürəkkəb
ictimai-siyasi mühitinin dolğun mənzərəsini, bu burulğanlar fonunda müxtəlif təbəqə adamlarının
talelərini məharətlə, bəzək-düzək vurmadan təsvir etmişdir. Xüsusilə qiymətlidir ki, 1920-ci illər
Azərbaycan nəsrinin çoxsaylı nümunələrində sosializm, sovet hakimiyyəti uğrunda mübarizə,
bolşevik inqilabının xilaskar gücü son dərəcə şişirdilmiş və reallıqdan uzaq formada mədh
edilirdisə, Ə. Qəribin “Əfi ilan” hekayəsində bolşevik inqilabı, onun xilaskarlıq missiyası barədə
xüsusi heç nə deyilmir. Yazıçı tarixi gerçəkliklərə uyğun olaraq 1918-1920-ci illərin mürəkkəb,
qarma-qarışıq hadisələrini real şəkildə təsvir etmiş, nəticə çıxarmağı oxucuların öhdəsinə
buraxmışdır. Nəticə isə aydındır: Hay-küylə, zorakılıqla baş verən xaotik inqilablar xalqa əsl səadət
gətirə bilməz.
- 15 -
Sonrakı illər yazıçının nə qədər uzaqgörən və müdrik olduğunu göstərdi. Başqa sözlə deyilsə,
Ə. Qəribin bu hekayəsi vulqar sosioloji təsirlərdən uzaq olan, gerçəkliyə güzgü tutan bir nəsr
əsəridir.
Hekayənin bədii məziyyətləri də təqdirəlayiqdir. Yazıçı mükəmməl kompozisiya qurmuş,
süjeti lüzumzuz əlavələrlə yükləməmiş, obrazların zahiri və daxili portretlərini vəhdətdə
yaratmışdır. Əsərdə sosial-siyasi məsələlərlə insan taleləri bir-biri ilə qovuşuq şəkildə verilmiş,
onların qarşılıqlı uzlaşması uğurla təmin olunmuşdur. Müəllifin yaratdığı peyzajlar, işlətdiyi bədii
təsvir və ifadə vasitələri də razılıq doğurur. Məsələn, Məkbulənin zahiri görünüşünü yazıçı belə
canlandırmışdır: “Mərmər kibi bəyaz və uzunsav çöhrəsi, uzun kirpiklərinin kölgəsi altında pa-
rıldayan, dəryalar kibi mavi, dərin və sehrkar gözləri, bahar səhəri açılmış olan qızılgülə bənzəyən
tazə və qırmızı dodaq və yanaqları, alnına pərakəndə halda tökülmüş olan şahbalut rəngli tükləri
qızın çöhrəsinə öylə bir məlahət və nəzakət bağışlayırdılar ki, onu valeh qalmadan görmək imkanı
yok idi”.
Yazıçının təsvir və təqdimlərində nəzərə çarpan yumor qatı da yerinə düşmüşdür. Müəllif
ayrı-ayrı detalları müxtəlif epizodlarda müvəffəqiyyətlə bədii vasitə məqamına yüksəldərək
işlətmişdir. Məsələn, Mürsəl bəyin əhvalından, durumundan asılı olaraq onun buğlarının da müva-
fiq formalarda və görünüşlərdə təsviri bu qəbildəndir. İnqilab baş verməsi barədə xəbərdən
pəjmürdə olub kefi pozulan Mürsəl bəyin zahiri görkəmində buğların öz əzəmətli mövqeyini,
əvvəlki duruşunu itirməsini yazıçı belə təsvir edir:“Mürsəl bəy inqilab xəbərin eşidən kimi tələsik
Tiflisə gəldi, burada ta martın axırına kibi böyük qorxu içində yaşadı...Bir ayın içində arıxladı, yüzü
uzunladı, alt dodağı sallandı, buğları da daha əvvəlki kibi “Vilhelm” buğlarına bənzəmirdi, imdi
bu buğlar döyülmüş köpək quyruğu kibi aşağı sallanır və dayima bəyin ağzına girirdilər”.
Bir müddət keçir. Mürsəl bəy Axısxa qəzasının naçalnikindən teleqram alır. Teleqramda
bildirilir ki, bəy qəzanın rayonlarından birinə komissar təyin olunduğundan gəlib işə başlamalıdır.
Kefi kökəlmiş bəyin bu dəfəki durumunun, görünüşünün canlandırılmasında digər faktorlarla
yanaşı, onun buğlarının təsviri də bədii detal kimi öz yerini tutur: “İmdi buğlar yenə Vilhelmvari
yuxarı dingələrək, bəyin simasına fövqəladə iyitlik süsü verirlər”.
Ümumiyyətlə, hekayənin bəzi məqamlarında Mirzə Cəlil Məmmədquluzadə və Əbdürrəhim
bəy Haqverdiyev nəsrinin möhtəşəm ənənələrindən yaradıcı şəkildə bəhrələnmə duyulur. Məsələn,
hekayənin başlanğıcı Ə. Haqverdiyevin məşhur “Şeyx Şəban” əsərini xatırladır. Ə. Qərib də əsəri,
Ə. Haqverdiyev kimi, oxuculara xitabla başlayaraq onlardan əsas obrazı tanıyıb-tanımadıqlarını
soruşur, sonra isə həmin surətin müxtəlif əməlləri barədə məlumat verməyə başlayır :
Mürsəl bəyi tanıyırdınızmı? Yox, əşi, necə tanımırdınız? Gürcüstanın çox yerlərində və
bilxassə Tiflisdə onu tanımayan yox idi. May ayını o, həmişə Tiflisdə keçirərdi ... Bu ayı Veradakı
Fantaziya bağında, Qocur yolundakı “Pulermo” və “Verden” restoranlarında, Ortacala bağlarında,
Misxetdə “Bədni Sandronun duxanı”nda eyş-işrət edən, qışda isə üç ay Tiflisdə “Noy” oteli
yanındakı şantanda, “Nadkura” restoranının xüsusi kabinələrində, zerzəmilərdəki duxanlarda gürcü
knyazları ilə bir yerdə qoz sındıran “duşka” Mürsəl bəyi necə tanımırsınız?..
İndi siz də deyirsiniz ki, onu tanımırık. Doğrusu, bu, insaf dəyil.
Yəqin unutmuşsunuz, öylə isə, qoyun, tərif edim ki, bəlkə, yadınıza düşsün”.
Yaxud, yazıçı əzazil bəyə kəndlilərin öz aralarında “Əfi ilan” adı verməsini yumoristik
şəkildə, adı çəkilən ustadlarının yaradıcılıq ənənələrinə uyğun tərzdə belə təqdim etmişdir: “Mürsəl
bəyi səvən bircə bəylər, qınyazlar dəyil idi. Axısxa kəntçiləri içində də onun şöhrəti böyük idi, hamı
onu səvərdi. Əgər kəntçilər Mürsəl bəyin adını “əfi ilan” qoymuş idilərsə də, bu da onların
qanmamazlığını göstərir. Boş, mənasız söz idi da, deyirdilər”. Aydındır ki, Mürsəl bəyə bəylərin,
knyazların sevgisi ilə kəndlilərin “sevgisi” bir deyil. Yazıçının mənalı ironiyası göz qabağındadır.
Hekayədə canlı danışıq dilinə məxsus bir sıra söz və ifadələrdən də uğurla, yerli-yerində
istifadə olunmuşdur. Həmçinin təsvir olunan hadisələrin Axısxa qəzasında baş verdiyini nəzərə alan
müəllifin yeri gəldikcə, xüsusən şikayətçi kəndlilərin nitqində Osmanlı türkcəsinə məxsus bəzi
leksik və qrammatik vahidlərdən istifadə etməsi (əmuca, koca, bakalım, şimdi, şenlik, kəndi və s.)
də koloriti, təbiiliyi gücləndirən faktorlardandır. Həmçinin bəzi rusdilli obrazların dilində rusca
sözlər işlənməsi də nəzərdən qaçmır. Məsələn, Es-er partiyasının Tiflis təşkilatının rəhbəri