Tülkü balası



Yüklə 37,2 Kb.

tarix02.01.2018
ölçüsü37,2 Kb.


 

 

 

Tülkü balası 

Biri vardı, biri yoxdu, iki qardaş vardı. Uşaq vaxtlarından ata-anaları ağır sətəlcəm 

xəstəliyindən öldüklərinə görə onlar tək qalmışdılar. Onlar artıq böyüyüb boya-

başa çatmışdılar. Ev işləri görmək onları lap təngə gətirmişdi. Birinci. böyük 

qardaş dilə gəldi.  

Böyük qardaş Əhməd bir gün kiçik qardaşı Məmmədlə məsləhətləşdi ki, qardaş, 

belə olmaz bizim üçün çox çətindir, biz evlənməliyik. Sonra da qərar gəldilər ki, 

axtarsınlar, xoşlarına gələn qızı alsınlar. Bu fikirlə oğlanlar başladılar altdan-altdan 

qızlara göz qoymağa.  



Əhməd belə bir fikirlə gəzib, dolaşmağa başlayır. Bir səhər bulaq başında bir qıza 

rast gəlir, qızı bəyənir və fikrini öyrənəndən sonra qardaşı ilə birgə elçi gedib qızı 

ata-anasından istəyir. Razılıq alandan sonra toy edib gəlini evinə gətirir.  

Məmməd isə utandığından başını qaldırıb qızlara baxa bilmir. Kənddə Səlbi adında 

evdə qarıyıb qalmış bir qız var idi. O Məmməd evdə tək olanda gəlir Məmmədgilə. 

Yaşmağını çəkir ağzına güya ki, utanır və deyir: 

-Eşitmişəm ki, evlənmək istəyirsən, bir yaxşı qız tapıb, qardaşın kimi toy eləmək 

istəyirsən. Mən də ərə getməmişəm. Məndən sənə çox yaxşı arvad olar. Əgər 

istəyirsənsə mənimlə evlənək. Özümün də azdan-çoxdan gözəlliyim var.  

Məmməd utandığından qızın üzünə baxmırdı. Elə ki, qız bu sözü dedi, başını 

qaldırıb qızın üzünə baxdı, amma qızın üzündə gözəllikdən əsər-əlamət belə 

görmədi. Məmmədin sifətində qız həyası var idi. Utandığından başını da 

qaldırmadan, razıyam dedi.  

Axşam hamı yeməyə oturanda Məmməd dedi ki, mənim də gözaltı etdiyim qız var. 

Əhməd tez dilləndi: 

-Nə yaxşı oldu qardaş, de görüm kimdir o? 

Məmməd qızla olan söhbətini heç bir kəlməni yayındırmadan onlara danışdı. 

Qardaşı arvadı tez dilləndi: 

-O qız ki, sənin evinə gəlib sənə elçilik edib, ondan sənə gəlin olmaz. 

Əhməd arvadına gözünü ağartdı: 

-Məgər Məmməd uşaq zaddır? Ürəyi tutubsa, özüm elçi gedəcəyəm. Qəlbini 

sındırma. 

Həmin günü elçi gedib, qıza fikirlərini söylədilər. Toy gününü təyin eləmək 

istədilər. Qız durub düşdü gələnlərin qabaqlarına ki, tay gəlmisiniz, mən istəmərəm 

ki, siz bir neçə dəfə əziyyət çəkib gedib gələsiniz. Azca gözləyin mən paltarlarımı 

yığışdırım, sizinlə gedim.  

Hamının ağzı açıla qalmışdı. Qız tezcə paltar boğçasını vurdu qoltuğuna, düşdü 

qabağa ki, mən hazıram, gəlin gedək.  

Gəlin gəldiyi gündən heç iki gün keçməmişdi ki, Səlbinin dili çıxdı, nə çıxdı. Əlini 

ağdan qaraya vurmayaraq, əli belində bütün günü böyük gəlin Fatmanı işlətməyə 

başladı. Fatma da abırına sıxılıb işlərin hamısını görürdü. 

Elə ki, Fatmanın oğlu oldu, Səlbi hikkəsindən bilmirdi neyləsin. Uşağın səsi gələn 

kimi Səlbi hirsindən başını tutub qiyyə çəkirdi ki, başım partladı. 



Axırda Əhmədin əlacı kəsildi, kəndin qırağında özünə bir ev tikib, ailəsi ilə 

birlikdə ora köçdü.  

Məmməd isə çar-naçar hər şeyə dözürdü. Arvadının bir sözünü iki eləmirdi. Amma 

Əhməd fikir verib görürdü ki, pis arvad Məmmədin gününü qara eləyib, özünü də 

dost tanış içərisində hörmətsiz edib.  

İllər gəlib keçdi. Artıq beş il idi ki, Məmməd evlənmişdi, amma uşaqları olmurdu 

ki, olmurdu. 

Bir gün qardaşı Əhməd Məmmədgilə gəlmişdi. Qonağı görən kimi Səlbi 

hikkələndi, evdəki qab-qacaqları sındırmağa başladı. Qardaşının bu gününü görən 

Əhməd ürəyi dözməyərək dedi: 

-Qardaş, bu arvad sənin günüvü qara edib. Sənin isə ömrün keçir, bircə uşağın da 

yoxdur ki, onunla təskinlik tapasan. Sən gəl bir arvad da al, bəlkə allah-tala sənə 

bir uşaq verdi.  

Məmməd heç vaxt böyük qardaşının sözündən çıxmazdı. Düzdü, arvadından 

qorxurdu, ancaq qardaşı deyəndə də həqiqət var idi. Qorxa-qorxa qardaşının 

dedikləri ilə razılaşdı.  

Əhməd Səlbini çağırıb dedi: 

- Sən bilirsən ki, bizim elin qaydası var. Hər hansı bir kişinin övladı olmursa, ikinci 

arvada siğə etməsinə şəriət icazə verir. Sən də gərək bu işdən agah olasan ki, biz 

Məmmədə ikinci arvad almaq istəyirik.  

Səlbi bilirdi ki, qayda doğrudan belədir. Ona görə də heç nə deyə bilmədi. Amma 

Əhmədin getməsini gözlədi. Sonra bir şivən saldı ki, gəl görəsən.  

Məmməd susub heç nə deməsə də, artıq bezmişdi. Elə səhər açılan kimi, qardaşı ilə 

bərabər kənddəki qızlardan bir sakit, başıaşağı, Gülər adında ağıllı bir qızı siğə 

elətdirib, evlərinə gətirdi. 

Səlbinin qara günləri başladı. Gülər yaxşı-pis nə iş gördü, bütün günü 

donquldanırdı. Elə ki, Məmməd çaşıb Gülərlə zarafat eləsəydi, Məmməd işə gedən 

kimi basıb, yazıq gəlini doyunca döyərdi. Gülər də abırına qısılıb heç kəsə bu 

haqda bir söz deməzdi. 

Elə ki, doqquz ay, doqquz gün, doqquz gecədən keçdi, Gülərin totuş bir oğlu oldu. 

Məmmədin sevincinin həddi-hüdudu yox idi. O oğluna Afər adı verdi. Atasından 

ona yadigar qalmış, üstündə tənha canavar əks olunmuş qızıl bazubəndi isə onun 

qoluna taxdı. Gülərin isə xoşbəxtlik üzündən yağırdı. Amma artıq Səlbinin səbr 

kasası dolmuşdu. Bütün bunlara o necə dözürdü, bir allah bilirdi. İki günlük 

südəmər körpənin məcaraları da bundan sonra başladı.  



Səlbi Məmmədə və onun «gülməşəkərlərinə» cəzanı çoxdan fikirləşib tapmışdı. 

Onun fikrincə körpə mütləq canavarlara yem olmalıydı. Bunun üçün Səlbi kəndin 

yaxınlığındakı meşəni yox, kənddən çox-çox uzaqda olan, cəngəlliklərlə əhatə 

olunmuş, sıx meşəni seçmişdi. Bu meşənin hər tərəfi tikanlı mamırlarla 

örtüldüyündən görünürdü ki, bura insan ayağı dəyməyib.  

İfritə Səlbiyə də elə bu lazım idi. O gecə ikən şirin-şirin yatmış körpəni yatağından 

götürüb, düz həmin qorxulu meşəyə yollandı. Gecə yarıdan keçənə qədər yol 

gedib, gəlib həmin qorxulu meşəyə çıxdı. Rəhmsizcəsinə uşağı yerə qoyub, 

qayıtmaq istəyirdi ki, qarşısına bir qara ayı çıxdı. Ac ayı istədi arvadı parçalayıb 

yesin, gördü ki, yanında körpə balası var, ona dəymədən yoluna düzəlib getdi. 

Səlbi də vaxt itirmədən meşəni tərk edib götürüldü evə. Günün çıxmağına azca 

qalmış çatdı evlərinə. Evə gəlib yatağına girdi. Səhər özünü elə göstərdi ki, güya 

səhərə qədər daş kimi yatıb.  

Səhər tezdən həmişə hamıdan tez oyanmağa adət etmiş Gülər birinci körpəsinə baş 

çəkdi. Gecəni qarmaqarışıq dəhşətli yuxular görən ana, uşağını beşikdə 

görməyəndə qışqırıb ərini yuxudan oyatdı. Səlbidən soruşdular. O saat Səlbi and 

içməyə başladı ki, dünəndən körpəni görməyib. Sonra da başladı hay-küy salmağa 

ki, siz mənə şər atırsız. Yazıq ata-ana uşaqlarını axtarmaq əvəzinə başladılar hay-

həşir salmış Səlbini sakitləşdirməyə.  

Məmmədin qardaşı Əhməd, bütün kənd camaatı başladılar Afəri axtarmağa. Amma 

binəva körpədən xəbər verən olmadı. On-on beş gün Afər axtarandan sonra biçarə 

valideynlər yorularaq, ümidsiz oturdular yerlərində.  

İndi görək körpənin aqibəti necə oldu. 

Meşədə ana tülkü balalarına yem axtarırdı. Bir də gördü ki, qabaqda, ağacın altında 

nəsə ətli bir şey var. Sevinə-sevinə onun yanına götürüldü. Yaxınlaşıb gördü ki, 

nəsə canlı bir şeydir. Tülkü fikirləşdi ki, tapdığı yem bükülü olduğundan, balaları 

onu yeməkdə çətinlik çəkəcəklər. Ona görə də körpəni bələkdən açmağa başladı. 

Bələyi birtəhər dartışdıra-dartışdıra açdı. Heyvanların əksəriyyəti tapdıqları ovu 

əvvəlcə iyləyirlər. Ona görə də tülkü başladı körpəni iyləməyə. Körpə acmışdı 

deyə, tülkünün südlü döşü körpənin ağzına dəyən kimi başladı döşü əmməyə. 

Tülküdə elə bir hiss baş qaldırdı ki, elə bildi körpə onun öz balasıdır. O körpəni 

qolundakı bazubənddən tutub, sürüyə-sürüyə balalarının yanına gətirdi. Tülkü 

balaları uşaqla oynaşmağa başladılar. Körpə yeyib doymuşdu deyən onun da kefi 

kök idi Buna görə də o qığıldanır, əl qol atıb tülkü balaları ilə oynayırdı. Bu 

gündən körpə tülkü balalarına qarışdı.  

Artıq bir neçə ay keçmişdi. Artıq Afər yaşadığı həyata öyrəşmişdi. Ana tülkü daha 

körpələrinə süd vermirdi. O əlinə yeməli nə düşürdüsə, balaları arasında 

paylaşdırırdı. Hansı gün ki, ana tülkü ov şikarlayıb gətirirdi, körpələr arasında 

qapa-qap düşürdü. Ana tülkü onların payını birtəhər ayırıb, bir güclə onları 

ayırırdı. Afər artıq iməkliyir, o biri tülkülərlə bir yerdə gəzirdi. Amma hara 




gedirdilərsə, o hamıdan geri qalırdı. Ana tülkü də eləməyib tənbəllik, onu harada 

olsa axtarıb tapırdı. Ana tülkü neçə dəfə öz balaları ilə bərabər Afər də 

canavarların pəncəsindən qurtarmışdı. 

Tülkü çoxbilmiş, hiyləgər olduğundan, meşədə başqa heyvanlara yem olmurdu. 

Afər tülkü anasından və tülkü balalarından, yəni süd qardaşlarından hiyləgərliklər 

öyrənirdi. Artıq üç yaşı olmasına baxmayaraq Afər yerimir, ancaq o biri heyvanlar 

kimi dördayaqlı gəzirdi.  

Bir dəfə ovçular Afər olan meşəyə tülkü ovuna gedirlər. Onlar nə qədər tələ 

qururlarsa da, Afər analıq etmiş ana tülkünü tuta bilmirlər. Amma günlərin birində 

ovçular pusqu qururlar, ana tülkü balaları ilə öz yuvalarından çıxdıqları vaxt onları 

tora salıb, hamısını tuturlar. Tutduqları ova baxanda nə görsələr yaxşıdır? 

Tülkülərin arasında balaca, qəşəng bir oğlan uşağı var. Tülkü balalarına əl vuranda 

adamı necə dişləyirdilərsə, uşaq da eləcə mırıldanıb, adamı dişləyirdi. Ovçular 

ovlarını kəndə apardılar. Bütün kənd əhli həmin uşaqdan danışırdı. Ovçulardan biri 

deyəndə ki, uşağın qolunda qızıldan bazubənd var idi və onun üstündə canavar əks 

olunmuşdu, Əhməd bunu eşitdi. O tez qaçıb qardaşına xəbər verdi ki, 

muştuluğumu ver, oğlun sağ-salamat tapılıb.  

Tez hamı qaçaraq gəldi Tülkülər və uşaq saxlanan qəfəsin yanına. Uşaq başına 

yığılanların hamısına nifrətlə baxırdı. Sanki onu doğma meşəsindən ayırdıqlarına 

görə hamıya nifrət edirdi.  

Məmməd uşağı görən kimi tanıdı və bağrına basmaq istədi, Afər onu elə dişlədi ki, 

yerindən qan çıxdı. Bir təhər uşağı tülkülərdən ayırıb, evlərinə apardılar. 

Yuyundurub yedirtdilər, içirtdilər, paltar geyindirdilər. Evdə demək olar ki, toy-

bayram idi. Hamı sevinirdi. Səlbi də sevinirdi, amma yalandan. Ürəyində isə 

uşağın ölmədiyinə kədərlənsə də vəhşiləşməyinə sevinirdi. Bununla belə uşağı yox 

eləmək üçün yollar da axtarırdı. Çünki uşaq sağ qalsaydı, gələcəkdə var dövlətin 

bir hissəsi də onun olmalı idi.  

Gecəni yatdılar. Uşaq gecəni hamını yuxuya verib, gəldi ana tülkü və balaları 

saxlanan tövləyə. Qapının arxasına taxtadan dirək vurmuşdular ki, tülkülər 

qaçmasın. Başı ilə vurub həmin dirəyi itələyib yıxdı. Ana tülkü və balaları xilas 

olub qaçmağa başladılar. Uşaq da onlara qoşuldu. Həmişə olduğu kimi uşaq 

onlardan geri qalırdı. Tülkülərin qaçmağından duyuq düşən ovçular ayağa 

qalxanda artıq tülkülər meşəyə çatmış, qaranlıqda gözdən itmişdilər. Amma Afər 

isə qaçıb gizlənməyə çatdırmamışdı. Ovçular uşağı götürüb təzədən gətirib verdilər 

evlərinə. Afər yolda hamının üz-gözünü cırıq-cırıq elədi. Ovçular Afərə «tülkü 

balası» deyirdilər. 

Afəri bir müddət zəncirləyib evdə saxladılar ki, qaçmasın. Elə ki, Afər həyətə 

öyrəşdi, zənciri atdılar bir qırağa. Təkcə meşə tərəfdən tülkülərin səsləri gələndə 

Afər heyvan səsi çıxararaq onlara hay verirdi. 



Afər yavaş-yavaş insan dili öyrənir, ayaqları üstə gəzməyi də öyrənirdi. Hamı ona 

mehribanlıq göstərsə də, tülkü çoxbilmişliyi onda güclü olduğundan Səlbidən 

zəhləsi gedirdi. Artıq evə hamını çox istəyir, onları incitmirdi. Anası verən 

yeməkləri hərisliklə yeyir, Səlbi verəndə isə ya dağıdır ya da yemirdi.  

Səlbi görürdü ki, uşaq günü-gündən ağıllanır, ləyaqətli uşaq olur. Tez buna bir 

əncam çəkməyi qərara aldı. Fikirləşdi ki, bir zəhərli ilanla bu uşağı bircə anda 

məhv etmək olar. Onlar yaşayan kənd sərin meşə qırağı olduğundan bu yerlərdə 

zəhərli ilan çox az idi. Ona görə Səlbi üç gün hər gün meşəyə gedib-gələndən sonra 

axır ki, bir yekə zəhərli bir ilan tutub gətirdi evə. Aparıb onu gizli bir quyuda 

gizlətdi. Hamı yatanda gətirib ilanı saldı uşaqcığazın yatağına. Uşaq ilan ona dəyən 

kimi başladı onunla oynamağa. Gecədən xeyli keçənə qədər ilanı tumarladı, axır 

ki, yuxuya getdi. İlan darıxdığından durub evi sürünməyə başladı. Əvvəlcə 

Məmməd yatan evdə bir xeyli sürünüb keçdi o biri evə - Gülər yatan evə 

yaxınlaşdı. Hər ikisinin yatdığı otaqdan xeyirxahlıq, xoş niyyət hiss elədi. Ən 

axırda Səlbinin otağına girən kimi kin-küdurət, xəbislik, ifritəlik, pislik xofu ilanı 

bir anda vəhşiləşdirdi. O bütün zəhərini Səlbinin iyrənc bədəninə yeritdi. Səhər 

hamı yuxudan duranda Səlbini qapqara qaralmış və şişmiş gördülər. İlan isə 

zəhərini tökəndən sonra gəlib sakitcə Afərlə uzanıb yatdı. Hay-bağıra Afər səsə 

oyandı, gördü hərə bir tərəfdən nə isə qışqırırlar. O başa düşmürdü ki, camaat nəyə 

qışqırır. Yanındakı ilan da cammatın səs küyündən qorxub, sarıldı Afərin boynuna. 

Afər bir də baxdı ki, kiminin əlində külüng, kiminin əlində xəncər, hərə bir 

tərəfdən gözləyirlər ki, ilan düşən kimi öldürsünlər. Afər istəmirdi ki, ilanı 

öldürsünlər. Ona görə də əl atdı tülkülərdən öyrəndiyi hiyləgərliyə. Hamını işarə 

ilə başa saldı ki, yavaşca çıxsınlar bayıra. Hamı çıxdı bayıra. Afər tez ilanı 

boynundan açıb pəncərədən bayıra saldı. İlan sürüşüb gözdən itdi. Evə girənlər 

ilanı soruşanda çiyinlərini çəkdi ki, yəni bilmirəm. Nə qədər axtardılar ilanı tapa 

bilmədilər. 

Bu gündən belə bu kiçik ailənin xoşbəxtliyinə kimsə mane ola bilmədi. Afər 

böyüdü, ağıllı və güclü bir oğlan oldu. O hərdən gizlicə tülkü analığına da baş 

çəkir, onlara yemək aparırdı. Tülkülər Afəri paltarda görəndə qorxudan qaçıb, 

gizlənirdilər. Afər isə hər dəfə onların yuvasına çatanda gərək soyunaydı ki, 

tülkülər onu tanısınlar. Afər onlarla əvvəlki kimi oynayır, gətirdiyi çiy əti onlarla 

dartışdırıb yeyirdi. Bu ona ləzzət edirdi.  

Sizə Afər və onun başına gələnlər haqqında danışdım. Nağılımız da burada 

qurtardı. Göydən üç alma düşdü. Biri sənin, biri mənim, adam görməmiş olmaz, 

biri də əziyyət çəkib nağıl danışanın. 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə