Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 229. Lal, kar, kor və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsi



Yüklə 2,96 Mb.
səhifə19/39
tarix14.06.2018
ölçüsü2,96 Mb.
#49021
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

Maddə 229. Lal, kar, kor və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsi

 

229.1. Lal, kar və ya kor şahidin dindirilməsi onun işarələrini başa düşən və ya onunla işarələr vasitəsilə danışan şəxsin iştirakı ilə aparılır. Həmin şəxsin dindirilmədə iştirakı dindirmə protokolunda əks etdirilir.



229.2. Şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır.

229.3. Lal, kar, kor və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsində onun qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilər.

 

Maddə 230. Şahidin dindirilməsi protokolu

 

230.1. Şahidin dindirilməsi haqqında protokol tərtib edilir. Həmin protokolda aşağıdakılar göstərilir:



230.1.1. dindirmənin tarixi, vaxtı və yeri;

230.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

230.1.3. şahidin soyadı, adı, atasının adı, habelə onun doğulduğu il, ay, gün və yer;

230.1.4. şahidin vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

230.1.5. şahidin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə münasibətləri barədə məlumatlar;

230.1.6. şahidə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi barədə qeyd;

230.1.7. dindirmənin aparılmasının xüsusiyyətləri, xüsusən şahidin dindirilməsi zamanı audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

230.1.8. şahidə verilmiş suallar və bu suallara onun cavabları, habelə şahidin cinayət işinin hallarının mahiyyəti üzrə sərbəst ifadələri.

230.2. Şahidin ifadələri və onun verilmiş suallara cavabları dindirmə protokolunda birinci şəxs adından və mümkün qədər hərfi şəkildə qeyd edilir.

230.3. Dindirmə zamanı şahid öz ifadələrini Azərbaycan Respublikasının dövlət dilində və ya özünün bildiyi dildə verir. Şahid dövlət dilini və ya ibtidai araşdırmanın aparıldığı dili bilmədiyi halda dindirmənin aparılmasına tərcüməçi cəlb edilir. Şahidin xahişi ilə ifadəsi onun bildiyi dilə tərcümə edilir. Bu protokol şahid və tərcüməçi tərəfindən imzalanır. Protokol iş materiallarına əlavə edilir.

230.4. Şahidin xahişi ilə ona ifadələrini əlyazma üsulu ilə vermək imkanı verilir və bu barədə dindirmə protokolunda müvafiq qeyd aparılır.

230.5. Dindirmə qurtardıqdan sonra müstəntiq şahidi dindirmə protokolu ilə tanış edir. Şahid müstəntiqdən dindirmə protokolunda əlavə və düzəlişlərin edilməsi barədə xahiş etmək hüququna malikdir.

230.6. Dindirmə protokolu müstəntiq və şahid tərəfindən onun axırında, habelə şahid tərəfindən əlavə olaraq onun hər səhifəsində imzalanır. Dindirmə tərcüməçinin iştirakı ilə aparıldıqda, tərcüməçi dindirmə protokolunu şahidlə bərabər və ilk növbədə imzalayır.

230.7. Şahid dindirmə protokolunu imzalamaqdan imtina etdiyi halda müstəntiq həmin imtinanın səbəbini araşdırır və protokolu öz imzası ilə təsdiq edir. Şahidin savadsızlığı və ya fiziki qüsurları üzündən dindirmə protokolunu imzalaması mümkün olmadıqda, müstəntiq bu halları protokolda əks etdirir və onu öz imzası ilə təsdiq edir.

230.8. Dindirmə protokolu işin materiallarına əlavə edilir. Dindirilmədə audio yazılan, video və kino çəkiliºdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazı, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir.

 

Maddə 231. Zərər çəkmiş şəxsin dindirilməsi

 

Zərər çəkmiş şəxsin dindirilməsi bu Məcəllənin 227—230-cu maddələrində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalara müvafiq aparılır.



 

Maddə 232. Şübhəli şəxsin dindirilməsi

 

232.1. Şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barәsindә qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır.



232.2. Şübhəli şəxsin tutulduğu halda o öz ifadələrini müdafiəçinin iştirakı ilə vermək hüququna malikdir. Şübhəli şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda şübhəli şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir.

232.2-1. Hüquqi yardım istədiyini bildirən tutulmuş şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir.

232.2-2. Müdafiəçidən imtina etməyən tutulmuş şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir.

232.3. Müstəntiq şübhəli şəxsi audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir.

232.4. Şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir.

232.5. Müstəntiq dindirməyə şübhəli şəxsə şübhə barəsində və onun mülahizələrinə görə iş üçün əhəmiyyətli ola bilən bütün digər hallar barədə ifadə vermək təklifi ilə başlayır. Qalan hallarda müstəntiq şübhəli şəxsin dindirilməsində təqsirləndirilən şəxsin dindirilməsi üçün bu Məcəllənin 233-cü maddəsində nəzərdə tutulmuş qaydaları rəhbər tutmalıdır.

 

Maddə 233. Təqsirləndirilən şəxsin dindirilməsi

 

233.1. Müstəntiq təqsirləndirilən şəxsin dindirilməsini ona ittiham elan edildikdən dərhal sonra aparmalıdır.



233.2. Təxirəsalınmaz hallar istisna olmaqla, təqsirləndirilən şəxsin dindirilməsi yalnız gündüz vaxtı aparılmalıdır.

233.3. Təqsirləndirilən şəxsin dindirilməsi ibtidai araşdırmanın yeri, zəruri hallarda isə onun olduğu yer üzrə aparılır.

233.4. Təqsirləndirilən şəxs iş üzrə digər şəxslərdən ayrılıqda dindirilməlidir. Müstəntiq təqsirləndirilən şəxsin iş üzrə digər şəxslərlə ünsiyyətdə olmaması üçün tədbirlər görür.

233.5. Təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. Təqsirləndirilən şəxsin dindirilməsində müstəntiq bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Bu Məcəllənin 92.12-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçinin iştirakı məcburidir.



233.5-1. Hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir.

233.5-2. Müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş təqsirləndirilən şəxsin müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz. Həmin ifadələrin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müdafiə tərəfinin vəsatəti əsasında sübut qismində qəbul edilməsinə yol verilir.

233.6. Yetkinlik yaşına çatmamış, habelə lal, kar, kor və digər ağır xəstəlikdən əzab çəkən təqsirləndirilən şəxsin dindirilməsi bu Məcəllənin 228.2 və 229-cu maddələrində nəzərdə tutulmuş qaydada aparılmalıdır.

233.7. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamın mahiyyəti, habelə iş üçün əhəmiyyətli olan hallar üzrə dindirilir.

233.8. Müstəntiq təqsirləndirilən şəxsi audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etməklə dindirmək hüququna malikdir.

233.9. Dindirmənin başlanmasından əvvəl müstəntiq təqsirləndirilən şəxsə onun müdafiəçinin köməyindən istifadə etmək və ifadə verməkdən imtina etmək hüququnu izah edir.

233.10. Dindirmənin əvvəlində müstəntiq təqsirləndirilən şəxsin ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib-bilmədiyini aydınlaşdırmalıdır.

233.11. Dindirmə zamanı təqsirləndirilən şəxsin susması onun özünü təqsirli bilməsi kimi qiymətləndirilə bilməz. Müstəntiq təqsirləndirilən şəxsə ona elan edilmiş ittiham üzrə və özünün mülahizələrinə görə cinayət işi üçün əhəmiyyətli olan digər hallar üzrə ifadələr verməyi təklif edir.

 

Maddə 234. Şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsi protokolu

 

234.1. Şübhəli və ya təqsirləndirilən şəxsin hər bir dindirilməsi haqqında müstəntiq tərəfindən protokol tərtib edilir və həmin protokolda aşağıdakı məlumatlar göstərilməlidir:



234.1.1. dindirmənin aparıldığı tarix, vaxt və yer;

234.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

234.1.3. şübhəli və ya təqsirləndirilən şəxsin soyadı, adı və atasının adı, habelə onun doğulduğu il, ay, gün və yer, onun vətəndaşlığı, təhsili, ailə vəziyyəti, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

234.1.4. şübhəli və ya təqsirləndirilən şəxsin məhkumluğu, dövlət təltifləri və şübhəli və ya təqsirləndirilən şəxsi səciyyələndirən və iş üçün əhəmiyyətli olan digər məlumatlar;

234.1.5. şübhəli və ya təqsirləndirilən şəxsə onun hüquqlarının və vəzifələrinin izah edilməsi barədə qeyd;

234.1.6. şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsinin xüsusiyyətləri, xüsusən dindirmə zamanı audio yazıdan, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

234.1.7. şübhəli və ya təqsirləndirilən şəxsə verilmiş suallar və onun bu suallara cavabları, habelə şübhəli və ya təqsirləndirilən şəxsin işin hallarının mahiyyəti üzrə ifadələri.

234.2. Şübhəli və ya təqsirləndirilən şəxsin ifadələri və onun verilmiş suallara cavabları birinci şəxs adından mümkün qədər hərfi şəkildə qeyd edilir.

234.3. Şübhəli və ya təqsirləndirilən şəxsə öz ifadələrini əlyazma üsulu ilə vermək imkanı verilir və bu barədə müstəntiq protokolda qeyd aparır. Şübhəli və ya təqsirləndirilən şəxsin yazılı ifadələri ilə tanış olduqdan sonra müstəntiq ona əlavə suallar verə bilər. Bu suallar və onlara cavablar protokola daxil edilir.

234.4. Dindirmə qurtardıqdan sonra müstəntiq şübhəli və ya təqsirləndirilən şəxsi protokolla tanış edir. Dindirilən şəxslər protokolda əlavələrin və düzəliºlərin edilməsini tələb etmək hüququna malikdirlər. Onların düzəlişləri və əlavələri mütləq protokola daxil edilməlidir.

234.5. Protokol şübhəli və ya təqsirləndirilən şəxs və müstəntiq tərəfindən imzalanmalıdır. Protokol bir neçə səhifədə tərtib edildikdə, hər bir vərəq şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən ayrıca imzalanır.

234.6. Şübhəli və ya təqsirləndirilən şəxsin dindirilməsi zamanı audio yazıdan, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildiyi halda müvafiq yazılar, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir.

 

Maddə 235. Üzləşdirmə

 

235.1. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir.



235.2. Üzləşdirmə şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müstəntiq həmin istintaq hərəkətinin aparılmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir.

235.3. Üzləşdirmənin əvvəlində aralarında üzləşdirmə aparılan şəxslərin bir-birini tanıması və onların münasibətləri dəqiqləşdirilir. Şahidlər ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmağa və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ barədə xəbərdar olunurlar.

235.4. Üzləşdirməyə çağırılmış şəxslərə aydınlaşdırılması üçün üzləşdirmənin aparıldığı işin halları üzrə növbə ilə ifadə vermək təklif olunur. Bundan sonra müstəntiq suallar verir. Üzləşdirməyə dəvət olunmuº ºəxslər müstəntiqin icazəsi ilə bir-birinə suallar verməklə dindirilmədə iºtirak edə bilirlər.

235.5. Üzləşdirmə iştirakçılarının əvvəlki dindirmələrdə verdikləri ifadələrin səsləndirilməsinə onların üzləşdirmə zamanı ifadə verməsindən və həmin ifadələrin protokola daxil edilməsindən sonra icazə verilir.

235.6. Bu Məcəllənin 228 və 229-cu maddələrində nəzərdə tutulmuş hallarda üzləşdirmənin aparılmasında müəllim, həkim, tərcüməçi və dindirilən şəxsin qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilərlər.

235.7. Müstəntiq üzləşdirməni video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etmәklә həyata keçirmək hüququna malikdir.

235.8. Üzləşdirmənin aparılması barədə müstəntiq protokol tərtib edir və protokolda aşağıdakı məlumatları göstərir:

235.8.1. üzləşdirmənin aparıldığı tarix, vaxt və yer;

235.8.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

235.8.3. üzləşdirmə iştirakçılarının soyadı, adı və atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, ailə vəziyyəti, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

235.8.4. üzləşdirmə iştirakçılarına onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi barədə qeyd;

235.8.5. üzləşdirmənin xüsusiyyətləri, xüsusən üzləşdirmə zamanı video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

235.8.6. üzləşdirmə iştirakçılarına verilmiş suallar və bu suallara onların cavabları, habelə işin hallarının mahiyyəti barədə onların ifadələri.

235.9. Müstəntiq üzləşdirmə iştirakçılarını üzləşdirmə protokolunun məzmunu ilə tanış edir. Dindirilən, habelə üzləşdirmədə iştirak edən şəxslər protokola əlavə və düzəlişlərin edilməsini tələb etmək hüququna malikdirlər. Üzləşdirmə protokolu müstəntiq, habelə dindirilən şəxs və üzləşdirmədə iştirak edən şəxslər tərəfindən imzalanır. Dindirilən hər bir şəxs öz ifadələrini və protokolun hər səhifəsini imzalayır.

235.10. Üzləşdirmə zamanı video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazı, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.

 

XXIX fəsil

 

Baxış, meyitin qəbirdən çıxarılması və şəxsi müayinə

 

Maddə 236. Baxış

 

236.1. Cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır.



236.2. Hadisənin aşkar edilməsindən sonra hadisə yerinin təxirə salınmadan baxışı halları istisna olmaqla baxış gündüz vaxtı aparılır.

236.3. Baxış cinayət işi başlandıqdan sonra və həmin iş üzrə təqsirləndirilən və ya şübhəli şəxs olduğu halda aparıldıqda, onun aparılmasında təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi iştirak edə bilər. Bu halda müstəntiq baxışın aparılmasında müdafiəçinin iştirakını əvvəlcədən təmin etməlidir. Hadisə yerinin baxışının aparılmasında hal şahidləri iştirak edə bilər. 

236.4. Müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. 

236.5. Baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür.

236.6. Baxış qurtardıqda müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:

236.6.1. baxışın aparıldığı vaxt, tarix və yer;

236.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

236.6.3. baxışda iştirak edən şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;

236.6.4. hal şahidlərindən hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibətləri barədə məlumatlar (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda);

236.6.5. hal şahidlərindən hər birinə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hadisə yerinin baxışında hal şahidlərinin iştirak etdiyi halda);

236.6.6. baxışın xüsusiyyətləri, xüsusən baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd;

236.6.7. müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar olunanlar.

236.7. Protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları və müstəntiq tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər vərəqi istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır.

236.8. Baxış zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə edilir.

236.9. Yaşayış yerinə, xidməti və ya istehsalat binalarına və orada görünən obyektlərə baxış bu Məcəllənin 243.3-cü maddəsində göstərilən əsaslar və hallar olduqda və bu Məcəllənin 177.2—177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır.

 

Maddə 237. Meyitin qəbirdən çıxarılması (ekshumasiya)

 

237.1. Meyitin qəbirdən çıxarılması zərurəti olduqda müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında meyitin qəbirdən çıxarılmasına icazə alınması üçün məhkəməyə təqdimatla müraciət edilməsi haqqında əsaslandırılmış vəsatət qaldırır. Meyitin qəbirdən çıxarılması yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.



237.2. Meyit müstəntiqin, məhkəmə təbabəti sahəsində mütəxəssisin, ölmüş şəxsin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin (onların istəyindən asılı olaraq) iştirakı ilə qəbirdən çıxarılır. Qəbirdən çıxarıldıqdan sonra meyit göstərilən şəxslərin müşayiəti ilə digər tədqiqatların aparılması üçün müvafiq tibb idarəsinə aparıla bilər.

237.3. Meyitin qəbirdən çıxarılmasında müstəntiqin göstərişi və ya icazəsi ilə foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.

237.4. Meyitin qəbirdən çıxarılması qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:

237.4.1. meyitin qəbirdən çıxarıldığı vaxt, tarix və yer;

237.4.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

237.4.3. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş məhkəmə təbabəti sahəsində mütəxəssisin vəzifəsi, soyadı, adı və atasının adı;

237.4.4. meyitin qəbirdən çıxarılmasında iştirak etmiş şəxslərin soyadı, adı və atasının adi, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;

237.4.5. meyitin qəbirdən çıxarılmasında ölənin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin iştirak etdiyi halda, onların soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, yer, habelə faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;

237.4.6. meyitin qəbirdən çıxarılmasının xüsusiyyətləri, xüsusən fotoçəkiliş və ya meyitin qəbirdən çıxarılması zamanı video və kino çəkilişdən və ya digər texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd;

237.4.7. müşahidə edilmə ardıcıllığı ilə meyitin qəbirdən çıxarılması zamanı bütün aşkar olunanlar.

237.5. Meyitin qəbirdən çıxarılması haqqında protokol ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanır.

237.6. Meyitin qəbirdən çıxarılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq olaraq fotoşəkillər və ya çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.

 

Maddə 238. Şəxsi müayinə

 

238.1. Məhkəmə-tibb ekspertizasının keçirilməsi tələb edilmədiyi halda şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidin bədənində cinayətin izlərini və ya xüsusi əlamətləri aşkar etmək məqsədi ilə müstəntiq onların şəxsi müayinəsini apara bilər.



238.2. Şəxsi müayinə aparılması haqqında məhkəmənin və ya müstəntiqin qərarı, barəsində qərar çıxarılmış şəxs üçün məcburidir. Şəxsin tutulması və ya həbs edilməsi halları istisna olmaqla insanın iradəsinə zidd onun şəxsi müayinəsi yalnız məhkəmənin qərarı əsasında aparılır.

238.3. Təqsirləndirilən və ya şübhəli şəxs üzərində şəxsi müayinənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir.

238.4. Zəruri hallarda şəxsi müayinə həkimin və ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə və ya qanunla müəyyən edilmiş hallarda həkim-narkoloq, həkim olmadıqda isə feldşer-narkoloq tərəfindən aparılır. Barəsində şəxsi müayinə aparılan şəxsin soyundurulması ilə müşayiət edilən şəxsi müayinə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. 

238.5. Əks cinsdən olan şəxsin soyundurulması zərurəti yarandığı halda müstəntiq, təqsirləndirilən və ya şübhəli şəxsin müdafiəçisi həmin istintaq hərəkətinin aparılmasında iştirak edə bilməz. Bu halda müstəntiqin tapşırığı ilə şəxsi müayinə həkimin və ya məhkəmə təbabəti sahəsində mütəxəssisin iştirakı ilə aparılır.

238.6. Şəxsi müayinə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və protokolda aşağıdakılar göstərilir:

238.6.1. şəxsi müayinənin aparıldığı vaxt, tarix və yer;

238.6.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

238.6.3. şəxsi müayinədə iştirak etmiş məhkəmə təbabəti sahəsində mütəxəssisin və ya həkimin vəzifəsi, soyadı, adı və atasının adı;

238.6.4. şəxsi müayinənin aparılmasında iştirak edən şəxslərin soyadı, adı və atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;

238.6.5. müşahidə edilmə ardıcıllığı ilə şəxsi müayinə zamanı bütün aşkar olunanlar.

238.7. Şəxsi müayinə protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanır.

 

XXX fəsil

 

Şəxsin və əşyaların tanınması

 

Maddə 239. Şəxsin tanınması

 

239.1. Hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tanınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir.



239.2. Müstəntiq təqsirləndirilən və ya şübhəli şəxsin tanınmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir.

239.3. Müstəntiqin göstərişi və ya icazəsi ilə şəxsin tanınması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.

239.4. Tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda, o, əvvəlcədən ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında xəbərdar edilir.

239.5. Tanınmalı olan şəxs tanıyana azı 3 (üç) nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə təqdim edilir.

239.6. Tanınma başlanmazdan əvvəl müstəntiq tanınmalı olan şəxsə digər şəxslər sırasında istənilən yeri tutmağı təklif edir.

239.7. Tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə və ya onun tələbi ilə şəxsin tanınmaya təqdim edilməsi tanıyan şəxsin tanınmalı olan şəxs tərəfindən vizual müşahidəsini istisna edən şəraitdə aparıla bilər. 

239.8. Tanıyan qeyri-müəyyənliyinə görə tanınanın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərmədikdə tanınma aparıla, aparılmış tanınma isə əsaslı hesab edilə bilməz. Şəxsin eyni şəxs tərəfindən və eyni əlamətlər üzrə təkrar tanınması aparıla bilməz.

239.9. Zərurət olduqda tanınma xarici görkəminə və geyiminə görə kəskin fərqlənməyən müxtəlif şəxslərin fotoşəkilləri üzrə də aparıla bilər.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə