Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 191. Zərər çəkmiş şəxsə dövlət hesabına kompensasiya verilməsi məsələsinin həlli qaydası



Yüklə 2,96 Mb.
səhifə16/39
tarix14.06.2018
ölçüsü2,96 Mb.
#49021
1   ...   12   13   14   15   16   17   18   19   ...   39

Maddə 191. Zərər çəkmiş şəxsə dövlət hesabına kompensasiya verilməsi məsələsinin həlli qaydası

 

191.1. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə kompensasiya verilməsi məsələsini zərər çəkmiş şəxsin ərizəsi ilə məhkəmə həll edir.



191.2. Zərər çəkmiş şəxsə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya verilməsi haqqında qərarı ittiham hökmündə əks etdirərkən məhkəmə həmçinin kompensasiya qismində ayrılan pul məbləğinin məhkum edilmiş şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını hökmdə göstərir.

 

XXI fəsil

 

Əməyin və çəkilmiş xərclərin ödənilməsi

 

//çıxarılıb//

 

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

 

Maddə 193. Müdafiəçinin hüquqi yardımının ödənilməsi

 

193.1. Müdafiəçi tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə göstərilən hüquqi yardım müdafiəçi ilə müdafiə olunan şəxs arasında razılaşdırılmış şərtlər əsasında müdafiə olunanın hesabına ödənilir.



193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

193.3. Məhkəmə şübhəli və ya təqsirləndirilən şəxsin orta aylıq gəlirini, maddi, əmlak və ailə vəziyyətini, habelə digər halları nəzərə alaraq həmin şəxsin müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir.

193.4. Şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə və bu imtina cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmədikdə, cinayət prosesində iştirak edən müdafiəçinin hüquqi yardımı göstərilən şəxslər üçün məhkəmənin qərarı əsasında pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

193.5. Bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

 

Maddə 194. Xüsusi ittihamçının nümayəndəsinin hüquqi yardımının dövlət hesabına ödənilməsi

 

194.1. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibindən imtina etdikdə, xüsusi ittihamçıya cinayət təqibini davam etdirmək üçün nümayəndəsi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi qaydası məhkəmənin qərarı ilə müəyyən olunur. Həmin cinayət təqibi üzrə ittiham hökmü çıxarıldıqda xüsusi ittihamçının nümayəndəsi tərəfindən göstərilən hüquqi yardımı ödəmək üçün xüsusi ittihamçının kifayət qədər vəsaiti olmadıqda, məhkəmə ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir.



194.2. Vəkilin xüsusi ittihamçıya göstərilmiş hüquqi yardımı bu Məcəllənin 193.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ödənilir.

 

Maddə 195. Tərcüməçi, mütəxəssis, ekspert tərəfindən görülmüş işlərin haqqının ödənilməsi

 

195.1. Cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işin haqqı aşağıdakı qaydada ödənilir:



195.1.1. xidməti tapşırıq qaydasında yerinə yetirildikdə — iş yeri üzrə əmək haqqı həddində;

195.1.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə yerinə yetirildikdə — Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına miqdarı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddə cinayət prosesini həyata keçirən orqanla şərtləşdirildiyi kimi;

195.1.3. müdafiə tərəfi ilə razılığa əsasən görüldükdə — həmin tərəflə şərtləşdirilmiş miqdarda.

195.2. Bu Məcəllənin 195.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda haqq tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən hesabat təqdim edildikdən sonra cinayət prosesini həyata keçirən orqanın qərarı ilə ödənilir.

 

Maddə 196. Cinayət prosesində iştirak edən şəxslərin çəkdikləri xərclərin ödənilməsi

 

196.1. Cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin aşağıdakı xərcləri ödənilməlidir:



196.1.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri;

196.1.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə daimi yaşayış yerindən kənarda yaşamaq məcburiyyətində qaldıqda gündəlik xərclər, bu xərclər idarə, müəssisə, təşkilat və ya işə götürən tərəfindən ödənilmədikdə;

196.1.3. idarə, müəssisə, təşkilat və ya işə götürən tərəfindən orta aylıq əmək haqqının saxlanıldığı hallar istisna olmaqla, cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət mühakimə icraatında iştirak etmənin bütün müddəti üçün orta aylıq əmək haqqı;

196.1.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə istintaq və ya digər prosessual hərəkətdə iştirak edərkən, xarab olan və ya itirilən əmlakın bərpa olunması və ya əldə edilməsinə çəkilən xərclər.

196.2. Dövlət orqanları, idarələri, müəssisələri və təşkilatları zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, habelə hal şahidinin, tərcüməçinin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət mühakimə icraatında iştirak etdiyi müddətdə onların orta aylıq əmək haqqını saxlamalıdırlar.

196.3. Mütəxəssisin və ekspertin gördüyü işlə əlaqədar sərf edilmiş kimyəvi reaktivlərin və digər materialların xərcləri, habelə bu məqsədlə avadanlıqdan istifadəyə, kommunal xidmətlərə görə çəkdiyi xərclər ödənilir.

196.4. Cinayət mühakimə icraatı zamanı çəkilən xərclər cinayət prosesini həyata keçirən orqan tərəfindən öz təşəbbüsü ilə və ya bu Məcəllənin 196.1-ci maddəsində göstərilən şəxslərin ərizələri üzrə cinayət prosesini həyata keçirən orqanın qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda ödənilməlidir. Göstərilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti və ya cinayət təqibi üzrə təqsirli bilinmiş şəxsin (şəxslərin) hesabına ödənilir.

 

XXII fəsil

 

Məhkəmə məsrəfləri

 

Maddə 197. Məhkəmə məsrəfləri

 

197.1. Məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:



197.1.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ;

197.1.2. zərər çəkmiş şəxsə, mülki iddiaçıya, onların qanuni nümayəndələrinə, şübhəli və ya təqsirləndirilən şəxsə, pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ;



//çıxarılıb//

197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ;

197.1.5. şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği;

197.1.6. maddi sübutların saxlanması, göndərilməsi və tədqiqi üçün çəkilmiş xərclərin məbləği;

197.1.7. cinayət işi üzrə istintaq eksperimenti və ya ekspertiza keçirilərkən korlanmış və ya məhv olmuş əşyaların dəyərinin və bu kimi digər məsrəflərin ödənilməsinə çəkilmiş xərclərin məbləği;

197.1.8. cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə icraat aparılması üçün zəruri olan digər tədbirlərə sərf olunmuş xərclərin məbləği.

197.2. Bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir.

 

Maddə 198. Məhkəmə məsrəflərinin tutulması

 

198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.6—197.1.8-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.



198.2. Məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər.

198.3. Cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır.

198.4. Yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər.

198.5. Xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır.

198.6. Hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar.

198.7. Məhkəmə məsrəflərinin tutulmasına dair məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) il keçərsə, müddətin keçməsi ilə əlaqədar həmin məsrəflərin tutulması hüququna xitam verilir. Göstərilən müddət keçdikdən sonra ödəniş kimi tutulmuş məhkəmə məsrəflərinin məbləği geri qaytarılmır.

 

Altıncı bölmə

 

Cinayət mühakimə icraatı zamanı-konfidensiallıq və müddət məsələləri

 

XXIII fəsil

 

Cinayət mühakimə icraatı zamanı konfidensiallığın qorunması

 

Maddə 199. Şəxsi və ailə sirrinin qorunması

 

199.1. Cinayət mühakimə icraatı zamanı şəxsi və ailə sirrini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.



199.2. Prosessual hərəkətlərin gedişində hər hansı şəxsin şəxsi həyatına aid məlumatların, habelə onun gizli saxlanılmasını lazım bildiyi digər şəxsi xarakterli məlumatların lüzumsuz toplanılmasına, yayılmasına və onlardan istifadə edilməsinə yol verilmir. Müstəntiqin, prokurorun və ya məhkəmənin tələbi ilə istintaq və məhkəmə hərəkətlərinin iştirakçıları bu məlumatların yayılmamasını öhdələrinə götürür və onlardan bu barədə yazılı iltizam alınır.

199.3. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə onun şəxsi həyatına aid məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə özünün və ya başqasının həyatına aid məlumatları bildirməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.

199.4. Şəxsi və ya ailə sirlərini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilməlidir.

199.5. Şəxsi həyatın toxunulmazlığının pozulması, şəxsi və ya ailə sirrinin yayılması nəticəsində hər hansı şəxsə vurulan ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir.

 

Maddə 200. Dövlət sirrinin qorunması

 

200.1. Cinayət mühakimə icraatı zamanı dövlət sirrini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.



200.2. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə, o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.

200.3. Cinayət prosesini həyata keçirən orqan dindirmə və ya digər istintaq hərəkəti protokolunda bunun qadağan edilməsi barədə qeydlər etməyibsə, dövlət qulluqçusu ona etibar edilmiş dövlət sirrini təşkil edən məlumatlara dair ifadə verməsi barədə dərhal müvafiq dövlət orqanının rəhbərinə yazılı məlumat verməlidir.

200.4. Dövlət sirrini özündə əks etdirən məlumatlarla bağlı cinayət işlərinin icraatı bu cür məlumatların yayılmaması barədə öhdəlik götürmüş müstəntiqlərə, prokurorlara və ya hakimlərə həvalə edilir. Öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. Dövlət sirrini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilməlidir. 

200.5. Məhkəmə və prokurorluq orqanlarında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət bu orqanların rəhbərləri tərəfindən təşkil edilir. 

 

Maddə 201. Peşə və kommersiya sirrinin qorunması

 

201.1. Cinayət mühakimə icraatı zamanı peşə və kommersiya sirlərini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.



201.2. Prosessual hərəkətlər aparılarkən peşə və ya kommersiya sirlərini əks etdirən məlumatların zərurət olmadan toplanmasına, istifadə və yayılmasına yol verilmir. Müstəntiqin, prokurorun və ya məhkəmənin tələbi ilə istintaq və məhkəmə hərəkətlərinin iştirakçıları həmin məlumatları yaymamalıdırlar və onlardan bu barədə iltizam alınır.

201.3. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə peşə və ya kommersiya sirlərini əks etdirən məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir.

201.4. Cinayət prosesini həyata keçirən orqan şəxsə peşə və kommersiya sirrini özündə əks etdirən məlumatların bildirilməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə, o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.

201.5. Cinayət prosesini həyata keçirən orqan dindirmə və ya digər istintaq hərəkəti protokolunda bunun qadağan edilməsi barədə qeydlər etməyibsə, dövlət qulluqçusu və ya hər hansı mülkiyyət formasına malik müəssisə və ya təşkilatın işçisi ona etibar edilmiş peşə və kommersiya sirrini təşkil edən məlumatlara dair ifadə verməsi barədə dərhal müvafiq orqanın, müəssisə və təşkilatın rəhbərinə yazılı məlumat verməlidir.

201.6. Peşə və ya kommersiya sirrini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq olunmalıdır.

 

XXIV fəsil

 

Cinayət mühakimə icraatında müddətlər

 

Maddə 202. Müddətlərin hesablanması

 

202.1. Cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır.



202.2. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır.

202.3. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır.

202.4. Cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempelihəbs yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir.

202.5. Cinayət mühakimə icraatı zamanı vəzifəli şəxslərin müəyyən olunmuş müddətlərə riayət etməsi prosessual sənədlərdə müvafiq qeydlərlə təsdiq olunur. Cinayət prosesində iştirak edən şəxslərə təqdim olunması nəzərdə tutulmuş sənədlərin onlar tərəfindən alınması həmin şəxslərin işə əlavə edilmiş qəbzləri ilə təsdiq olunur.

 

Maddə 203. Müddətin buraxılmasının nəticələri və onun bərpa olunması qaydaları

 

203.1. Cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır.



203.2. Cinayət prosesini həyata keçirən orqanın qərarından şikayət vermə müddəti bitmişsə, onun icrası göstərilən şəxsin vəsatəti və ya xahişi ilə buraxılmış müddətin bərpa edilməsi məsələsinin həllinədək dayandırıla bilər.

203.3. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir.

203.4. Təhqiqat və ya istintaq orqanının müddətin bərpasından imtina etməsindən prokurora şikayət verilə bilər. Məhkəmənin buraxılmış müddətin bərpasından imtina etməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin öz səlahiyyəti daxilində ona müraciət etmək üçün buraxılmış müddəti bərpa etmək hüququ vardır. Digər prosessual müddətlərin uzadılması və ya bərpa olunması məsələsi bu Məcəllədə nəzərdə tutulmuº hallarda və qaydada həll edilir. 

 

Xüsusi hissə

 

Yeddinci bölmə

 

Cinayət təqibi üzrə məhkəməyədək icraat

 

XXV fəsil

 

Cinayət işinin başlanması

 

Maddə 204. Törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları

 

204.1. Törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.



204.2. İstintaq hərəkətlərinin aparılması və ya məhkəmə baxışı zamanı, törədilmiş və ya hazırlanan cinayət haqqında verilmiş şifahi məlumat müvafiq olaraq istintaq hərəkəti və ya məhkəmə iclası protokoluna yazılır. Digər hallarda ayrıca protokol tərtib edilir. Protokolda məlumatı verən şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış və ya iş yerinin ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, habelə onun təqdim etdiyi vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd haqqında məlumatlar qeyd edilməlidir. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd təqdim edilmədikdə onun şəxsiyyəti haqqında məlumatların yoxlanılması üçün digər tədbirlər görülməlidir.

204.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs on altı yaşına çatmışsa, ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir.

204.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında və məlumat verən şəxsə onların məlum olduğu hallar barədə məlumatlar protokolda birinci şəxs adından qeyd olunur.

204.5. Protokolu törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxs imzalayırlar.

204.6. Törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma fiziki şəxs adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz.

204.7. Bu Məcəllənin 204.1, 204.2, 204.4 və 204.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar şəxsin təqsirini könüllü boynuna alma haqqında ərizə ilə müraciət etdiyi hallara da şamil edilir.

 

Maddə 205. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında hüquqi şəxslərin (vəzifəli şəxslərin) məlumatları

 

205.1. Törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır.



205.2. Törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi şəxsin (vəzifəli şəxsin) məktubuna cinayətin törədilməsini təsdiq edən sənədlər əlavə edilməlidir.

205.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi şəxsin (vəzifəli şəxsin) məktubunda hüquqi şəxsin tam adı, yaxud vəzifəli şəxsin soyadı, adı, atasının adı, ərizəçinin xidməti ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, eləcə də məktuba əlavə edilən sənədlər haqqında məlumatlar qeyd edilməlidir.

205.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma hüquqi şəxs (vəzifəli şəxs) adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz.

 

Maddə 206. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında kütləvi informasiya vasitələrinin məlumatları

 

206.1. Cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir.



206.2. Törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri tərəfindən bu Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər.

206.3. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları dərc etmiş və ya aidiyyəti üzrə göndərmiş kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, habelə həmin məlumatların müəllifləri onlarda olan və cinayət haqqında məlumatı təsdiq edən sənədləri təhqiqatçı ya, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə təqdim etməlidirlər.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə