Ümumi hissə Birinci bölmə Əsas müddəalar


Maddə 159-1. Həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi



Yüklə 2,96 Mb.
səhifə14/39
tarix14.06.2018
ölçüsü2,96 Mb.
#49021
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

Maddə 159-1. Həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi

 

159-1.1. İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti olduqda və onun hər gün gətirilib aparılması mümkün olmadıqda, həbs edilmiş şəxs məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun, məhkəmə icraatı zamanıməhkəmənin əsaslandırılmış qərarı ilə 1 ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilə bilər. Həbs edilmiş şəxsin vəsatəti əsasında həmin müddət məhkəmənin əsaslandırılmış qərarı ilə məhkəmə icraatının sonunadək uzadıla bilər. 

159-1.2. İstintaq təcridxanasının yerləşdiyi yaşayış məntəqəsindən uzaq yerdə istintaq hərəkətlərinin aparılması məqsədi ilə həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsini zəruri hesab edən müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi zərurəti ilə razılaşdıqda, müddəti göstərilməklə, təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi barədə əsaslandırılmış qərar qəbul edir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi üçün kifayət qədər əsas olmadığı qənaətinə gəldikdə, vəsatətin rədd edilməsi barədə qərar qəbul edir.

159-1.3. Həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi zərurəti ilə bağlı, onun istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məhkəmə baxışı zamanı tərəflərin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir.

159-1.4. Həbs edilmiş şəxsin məhkəməyədək icraat zamanı istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarından məhkəmə nəzarəti qaydasında şikayət verilə bilər.

159-1.5. Həbs edilmiş şəxs istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirildikdə və geri qaytarıldıqda tibbi müayinədən keçirilir.

159-1.6. Həbs edilmiş şəxsin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi qadağandır.

 

Maddə 160. Himayə və əmlaka nəzarət etmə hüququ

 

160.1. Valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır.



160.2. Həbsə alınma, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində əmlakı baxımsız qalmış şəxs onun əmlakına nəzarət edilməsi hüququna malikdir. Göstərilən orqan həmin şəxsin əmlakına nəzarət edilməsi barədə xahişini onun hesabına təmin etməlidir. Şəxsin əmlakına nəzarət edilməsinin təşkili barədə cinayət prosesini həyata keçirən orqanın göstərişi müvafiq dövlət orqanları, müəssisə, idarə və təşkilatlar üçün məcburidir.

160.3. Cinayət prosesini həyata keçirən orqan bu maddəyə uyğun görülmüş tədbirlər barədə həbsdə saxlanılan şəxsə və ya digər maraqlı şəxsə təxirə salınmadan məlumat verməlidir.

 

Maddə 161. İstintaq təcridxanasının müdiriyyətinin vəzifələri

 

161.1. İstintaq təcridxanasının müdiriyyətinin aşağıdakı vəzifələri vardır:



161.1.1. istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etmək və dərhal aşağıdakı məlumatları qeydə almaq:

161.1.1.1. adı, atasının adı, soyadı, anadan olduğu tarix və yer, yaşadığı ünvan;

161.1.1.2. şəxsin həbs edilməsinin əsası və onun həbs edilməsi barədə qərarı qəbul etmiş orqan;

161.1.1.3. istintaq təcridxanasına gətirilmənin tarixi və vaxtı;

161.1.1.4. həbs edilmiş şəxsə məxsus olan və saxlanılmaq üçün anbara təhvil verilən əşyaların siyahısı;

161.1.1.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayəti;

161.1.1.6. həkim sirrinə aid tələblər nəzərə alınmaqla, həbs edilmiş şəxsin özünün və ya digər şəxslərin saxlanılması şəraitinə təsir göstərə biləcək psixi və fiziki qüsurları barədə məlumatlar;

161.1.2. həbs edilmiş şəxs istintaq təcridxanasına gətirildikdən dərhal sonra ona həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmaq (istintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixi vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsü ilə verə bilməz) əgər həbs edilmiş şəxs əcnəbi, yaxud vətəndaşlığı olmayan şəxsdirsə, onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasında olan diplomatik nümayəndəliyinə və ya konsulluğuna bu barədə dərhal məlumat vermək və bu cür məlumatın verildiyini qeydə almaq;

161.1.3. həbs edilmiş şəxsin istintaq təcridxanasına gətirildikdən sonra təxirə salınmadan tibbi müayinədən keçirilməsini təmin etmək;

161.1.4. həbs edilmiş şəxsləri hüquq və vəzifələri, daxili intizam qaydaları, istintaq təcridxanasında saxlanılma rejimi, təklif, ərizə və şikayətlərin verilməsi qaydası ilə tanış etmək və onlara bu barədə izahat vermək;

161.1.5. həbs edilmiş şəxslərin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları ilə və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərini təmin etmək;

161.1.6. həbs edilmiş şəxslərin istintaq təcridxanasında şəxsi təhlükəsizliyini təmin etmək;

161.1.7. həbs edilmiş şəxslərin ünvanına daxil olan prosessual sənədlərin surətlərini həmin sənədlərin daxil olduğu gün, sənədlər gecə vaxtı daxil olmuşdursa, səhər saat 12-dək onlara vermək;

161.1.8. həbs edilmiş şəxslərin təklif, şikayət və ərizələrini qeydiyyata almaq;

161.1.9. həbs edilmiş şəxslərin məktub, teleqram, təklif, ərizə və şikayətlərinin qanunla müəyyən edilmiş qaydada göndərilməsini təmin etmək;

161.1.10. həbs edilmiş şəxslərin cinayət prosesini həyata keçirən orqana vaxtında çatdırılmasını təmin etmək;

161.1.11. eyni cinayət işi və ya əlaqəli bir neçə cinayət işi üzrə barəsində cinayət təqibi həyata keçirilən həbs edilmiş şəxsləri ayrılıqda saxlamaq, həbs edilmiş şəxsin digər həbs edilmiş şəxslərlə ünsiyyətinin qarşısını almaq, habelə həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş saxlanılma rejiminə zidd olmayan digər məsələlər barədə cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişlərini yerinə yetirmək;

161.1.12. həbs edilmiş şəxslərin istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsi barədə protokol tərtib etmək;

161.1.13. cinayət prosesini həyata keçirən orqanın yazılı göstərişinə əsasən, həbs edilmiş şəxslərin iştirakı ilə istintaq təcridxanasında istintaq hərəkətlərinin, yaxud digər prosessual hərəkətlərin aparılmasına şərait yaratmaq;

161.1.14. həbs edilmiş şəxsləri məhkəmənin qərarına əsasən digər istintaq təcridxanasına köçürmək;

161.1.15. həbs edilmiş şəxsin telefonla danışmaq hüququnun təmin edilməsinə şərait yaratmaq;

161.1.16. həbs edilmiş şəxsin həbsdə saxlanılma müddətinin başa çatmasına 7 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora bu barədə məlumat vermək;

161.1.17. həbs edilmiş şəxsin notariusun xidmətlərindən istifadə etməsinə şərait yaratmaq;

161.1.18. bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulmuş hallarda həbs edilmiş şəxsi dərhal həbsdən azad etmək.

161.2. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxs həbs yerinə gətirildikdən sonra keçirilmiş tibbi müayinənin nəticələrinin onun sağlamlığı barədə qeydə alınmış məlumatlara əlavə olunmasını təmin etməlidir.

161.3. Həbs edilmiş şəxsin prosessual hərəkətlərdə iştirak etməsi ilə əlaqədar onun barəsində aşağıdakı məlumatlar qeydə alınır:

161.3.1. prosessual hərəkəti həyata keçirən orqan;

161.3.2. prosessual hərəkətin yeri və vaxtı;

161.3.3. prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayət.

 

Maddə 162. Şəxsin həbsdən azad edilməsi

 

162.1. Şəxs məhkəmənin qərarına əsasən aşağıdakı hallarda həbsdən azad edilməlidir:



162.1.1. təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə;

162.1.2. məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirildikdə və ya ləğv edildikdə, habelə məhkuma təyin edilmiş cəza azadlıqdan məhrumetmə ilə bağlı olmadıqda; 

162.1.3. şəxsin həbsdə saxlanılmasına zərurət olmadığı müəyyən edildikdə.

162.2. Təqsirləndirilən şəxs müstəntiqin və ya prokurorun cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən də həbsdən azad edilə bilər.

162.3. Bu Məcəllənin 162.1.1 və 162.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda həbsdə saxlanılan şəxs məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır.

162.4. Həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarının surəti alındıqda, şəxs həbs yerinin rəisi tərəfindən dərhal həbsdən azad edilir.

162.5. Cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan həbs yerinin rəisi müvafiq protokol tərtib etməklə aşağıdakı hallarda şəxsi həbsdən dərhal azad edir:

162.5.1. məhkəmə qərarında müəyyən olunmuş həbsdə saxlanılma müddəti başa çatdıqda və bu müddət uzadılmadıqda;

162.5.2. bu Məcəllənin 159.7-ci maddəsində nəzərdə tutulmuş həbsdə saxlanmanın son müddəti başa çatdıqda;

162.5.3. cinayət prosesini həyata keçirən orqandan şəxsin həbsdən azad edilməsi üçün məhkəmənin təyin etdiyi girovun verilməsi barədə məlumat daxil olduqda.

162.6. Şəxs həbsdən azad edildikdən sonra cinayət prosesini həyata keçirən orqana yeni əhəmiyyətli hallar məlum olduğu və ya haqqında seçilmiş qətimkan tədbiri şərtlərinin pozulduğu hallar istisna olmaqla, həbsdən azad olunmuş şəxs həmin ittiham üzrə yenidən həbs edilə bilməz.

 

Maddə 163. Ev dustaqlığı

 

163.1. Ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir.



163.2. Ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər.

163.3. Ev dustaqlığını ayrı-ayrılıqda tətbiq olunan və ya mümkün məcmusu qaydasında aşağıdakı tədbirlər müşayiət edə bilər:

163.3.1. yaşayış yerindən tamamilə və ya müəyyən vaxtlarda çıxmağa qadağan qoyulması;

163.3.2. telefon danışıqlarına, poçt göndərişlərinə və digər rabitə vasitələrindən istifadəyə qadağan qoyulması;

163.3.3. müəyyən şəxslərlə ünsiyyətdə olmağa və evində hər hansı şəxsi qəbul etməyə qadağan qoyulması;

163.3.4. elektron nəzarət vasitələrinin tətbiqi, bu vasitələri gəzdirmək və onların işinə xidmət etmək vəzifəsinin qoyulması;

163.3.5. nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək, təhqiqat orqanına və ya təqsirləndirilən şəxsin davranışına nəzarət edən digər orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək vəzifəsinin qoyulması;

163.3.6. təqsirləndirilən şəxsin və ya onun yaşayış yerinin müşahidə altına alınması, habelə evinin, mənzilinin və ya yaşayış üçün ona ayrılmış digər yerin polis tərəfindən mühafizə edilməsi;

163.3.7. təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən natamam təcrid olunmasını təmin edən digər tədbirlər görülməsi.

163.4. Ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir.

163.5. Məhkəmə təqsirləndirilən şəxsin həbsdən azad edilməsi məsələsini həll edərkən ev dustaqlığının qətimkan tədbiri qismində seçilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və ya bundan imtina edilməsi barədə məhkəmənin qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. //çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

163.6. Ev dustaqlığı qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən xitam verilə bilər.

 

Maddə 164. Girov

 

164.1. Girov qismində qətimkan tədbiri böyük ictimai təhlükə törətməyən və ya az ağır, habelə ehtiyatsızlıq üzündən ağır cinayətləri törətməkdə ittiham olunan şəxsin həbsdən azad edilməsi, lakin onun cinayət prosesini həyata keçirən orqanın sərəncamında qalmasını təmin etmək məqsədi ilə məhkəmə tərəfindən müəyyən edilmiş pul məbləğini (qiymətli kağız) və ya digər qiymətli əşyaları dövlət bankında məhkəmənin depozitinə qoymaqdan ibarətdir. Məhkəmənin qərarı ilə girov qismində daşınmaz əmlak da qəbul edilə bilər.



164.2. Girovun qətimkan tədbiri qismində seçilməsi məsələsinə məhkəmə tərəfindən yalnız müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin seçilməsi haqqında qəbul olunmuş qərarın əvəz edilməsi kimi baxıla bilər.

164.3. Girovun qoyulması həm təqsirləndirilən şəxsin әmlakı və vəsaiti, həm də onun yaxın qohumlarının və ya digər fiziki və hüquqi şəxslərin əmlakı və vəsaiti hesabına həyata keçirilə bilər. Girovun dəyərini sübut etmə vəzifəsi girov qoyanın üzərinə düşür.

164.4. Bu Məcəllənin 155.1 və 155.2-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcuddursa, məhkəmə müvafiq motivlərə istinad edərək girov qoyulmaqla həbsdən azad etməni qeyri-mümkün hesab edə bilər.

164.5. Məhkəmə girovun məbləğini həddən artıq yüksək təyin etməməli, lakin onun məbləği aşağıdakılardan az olmamalıdır:

164.5.1. böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — beş min manat miqdarından; 

164.5.2. az ağır və ya ehtiyatsızlıq üzündən ağır cinayət törədilməsinə görə verilmiş ittiham üzrə — on min manat miqdarından.

164.6. Məhkəmə təqsirləndirilən şəxsin girov qoyulmaqla həbsdən azad edilməsi məsələsini həll edərkən girovun qətimkan tədbiri qismində tətbiq olunması və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Girovun qətimkan tədbiri qismində tətbiq olunması barədə qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. //çıxarılıb//

//çıxarılıb//

//çıxarılıb//

164.7. Məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini girovla əvəz etdikdə, girovun müəyyən edilmiş məbləği dövlət bankında məhkəmənin depozitinə köçürülməyənədək təqsirləndirilən şəxs həbsdə saxlanılır. Cinayət prosesini həyata keçirən orqan girovun qoyulduğunu təsdiq edən sübut əldə etdikdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra təqsirləndirilən şəxsin dərhal həbsdən azad edilməsi barədə həbs yerinin rəisinə məlumat verir.

164.8. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizləndiyi, onun icazəsi olmadan başqa yerə getdiyi və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırdığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror girovun dövlət nəfinə keçirilməsi barədə təqdimatla məhkəməyə müraciət edir. Girov qoyan bu girovun dövlətin nəfinə keçirilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət edə bilər.

164.9. Məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra, habelə bu Məcəllənin 164.8-ci maddəsində nəzərdə tutulmuş pozuntuların sübut olunmadığı və ya girov qətimkan tədbirinin ləğv edildiyi, yaxud dəyişdirildiyi bütün hallarda girov onu qoymuş şəxsə qaytarılmalıdır. Girovun qaytarılması barədə qərar məhkəmə tərəfindən hökmlə və ya qətimkan tədbirinin dəyişdirilməsi, yaxud ləğv edilməsi barədə qərarla bir vaxtda çıxarılır.

164.10. Bu Məcəllənin 164.8-ci maddəsində nəzərdə tutulmuş halda girovun dövlət nəfinə keçirilməsi ilə eyni vaxtda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə girovu həbslə əvəz edir.

164.11. Girov qismində qətimkan tədbirinin tətbiqinə bu Məcəllənin 157.8-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin və ya prokurorun qərarına əsasən xitam verilə bilər.

 

Maddə 165. Başqa yerə getməmək haqqında iltizam

 

165.1. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir.



165.2. Başqa yerə getməmək haqqında iltizamı şübhəli və ya təqsirləndirilən şəxsdən cinayət prosesini həyata keçirən orqan alır.

 

Maddə 166. Şəxsi zaminlik

 

166.1. Şəxsi zaminlik qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət edəcəyi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyi və digər prosessual vəzifələri icra edəcəyi də daxil olan müvafiq davranışlarına dair fiziki şəxslərin zamin durmaları barədə yazılı öhdəlikdən ibarətdir.



166.2. Şəxsi zamin kimi yalnız yetkinlik yaşına çatmış, etibar oluna bilən, götürdüyü öhdəliyi yerinə yetirmədikdə beş yüz əlli manat miqdarında tutula bilən cəriməni qabaqcadan dövlət bankında məhkəmənin depozitinə keçirmiş Azərbaycan Respublikasının vətəndaşları çıxış edə bilərlər. 

166.3. Şəxsi zaminlərin sayını cinayət prosesini həyata keçirən orqan 2-dən 5-dək şəxs həddində müəyyən edir.

166.4. Şəxsi zaminin hüquq və vəzifələri, habelə onların həyata keçirilmə qaydası bu Məcəllənin 168-ci maddəsində nəzərdə tutulmuşdur.

 

Maddə 167. Təşkilatın zaminliyi

 

167.1. Təşkilatın zaminliyi qətimkan tədbiri qismində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dövlət qeydiyyatından keçmiş etibar oluna bilən hüquqi şəxsin öz nüfuzu və şübhəli və ya təqsirləndirilən şəxsin ictimai qaydaya riayət edəcəyi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gələcəyi və digər prosessual vəzifələri icra edəcəyi də daxil olan müvafiq davranışına dair götürdüyü öhdəliyi yerinə yetirmədikdə min yüz manat tutula bilən cəriməni qabaqcadan dövlət bankında məhkəmənin depozitinə keçirdiyi pul məbləği ilə zamin durması barədə yazılı öhdəlikdən ibarətdir. 



167.2. Zamin kimi çıxış edən təşkilatın hüquq və vəzifələri, habelə onların həyata keçirilmə qaydası bu Məcəllənin 168-ci maddəsində nəzərdə tutulmuşdur.

 

Maddə 168. Zaminliyin həyata keçirilməsi qaydası

 

168.1. Zaminin etibarlı olduğunu, habelə şəxsi zaminlik və ya təşkilatın zaminliyi qismində qətimkan tədbirlərinin şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilməsinin mümkünlüyünü yəqin edən cinayət prosesini həyata keçirən orqan ərizəçini, o cümlədən hüquqi şəxsin nümayəndəsini şübhənin və ya ittihamın məzmunu ilə tanış edir, zaminə hüquq və vəzifələrini izah edir və zaminə məsuliyyət barədə xəbərdarlıq edir. Bundan sonra ərizəçi öz xahişini təsdiq və ya ondan imtina edə bilər.



168.2. Bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş prosessual hərəkətlər protokolda göstərilir. Şəxsi zaminlik və ya təşkilatın zaminliyi qismindә qətimkan tədbiri seçildiyi halda, zamin haqqında məlumatlar cinayət prosesini həyata keçirən orqanın qərarında göstərilir. Müvafiq qərarın surəti gecikdirilmədən zaminə verilir.

168.3. Zamin cinayət işi üzrə icraatın istənilən anında zaminlikdən imtina edə bilər. Zaminlikdən imtinanın səbəblərini şübhəli və ya təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş yeni və ya daha ağır əməldə ittiham edilməsi; zaminliyin qəbulu anında zaminin bilmədiyi və bilməsi mümkün olmadığı əhəmiyyətli halların aşkar olunması; özünün başqa yerə getməsi, yaxud ağır xəstələnməsi, habelə zamin durmuş təşkilatın fəaliyyətinə xitam verilməsi, şübhəli va ya təqsirləndirilən şəxsin başqa yerə getməsi və ya başqa təşkilata keçməsi üzündən, zaminin şübhəli və ya təqsirləndirilən şəxsin sonrakı davranışına görə cavab vermək imkanı olmayan hallarda, cərimənin təmin olunması üçün qoyulmuş pul məbləği cinayət prosesini həyata keçirən orqan tərəfindən zaminə qaytarılır.

168.4. Zamin tutula biləcək cərimənin tətbiqinin təmin olunması üçün qoyduğu pul məbləğini aşağıdakı hallarda da geri almaq hüququna malikdir:

168.4.1. Cinayət prosesini həyata keçirən orqan qətimkan tədbirini şübhəli və ya təqsirləndirilən şəxsin müvafiq davranış qaydalarını pozması ilə əlaqədar olmayan səbəbdən dəyişdirdikdə;

168.4.2. cinayət prosesini həyata keçirən orqan şəxsi zaminlik və ya təşkilatın zaminliyi qismində qətimkan tədbirini ləğv etdikdə;

168.4.3. zamin fəaliyyət qabiliyyətini itirdikdə.

168.5. Zaminin qoyduğu pul məbləği aşağıdakı hallarda cinayət prosesini həyata keçirən orqanın qərarı ilə dövlət nəfinə keçirilir:

168.5.1. şübhəli və ya təqsirləndirilən şəxsin müvafiq davranışının təmin olunmasına dair öhdəliyi yerinə yetirmədikdə;

168.5.2. zaminlikdən özbaşına imtina etdikdə.

168.6. Zaminin qoyduğu pul məbləğinin dövlətin nəfinə keçirilməsi barədə qərardan məhkəmə qaydasında şikayət verilə bilər.

 

Maddə 169. Polisin nəzarəti altına vermə

 

169.1. Polisin nəzarəti altına vermə qətimkan tədbiri qismində bu maddədə müəyyən olunmuş hüquqi məhdudiyyətlərin şübhəli və ya təqsirləndirilən şəxsə tətbiqindən ibarətdir.



169.2. Polisin nəzarətində olan şübhəli və ya təqsirləndirilən şəxs təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin icazəsi olmadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz. O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir. Şübhəli və ya təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirmək üçün istənilən anda polis orqanına çağırıla bilər. Bu məqsədlə polisin müvafiq əməkdaşları şübhəli və ya təqsirləndirilən şəxsin iradəsinin əksinə olduqda da onun mənzilinə gəlməyə haqlıdırlar.

169.3. Polisin nəzarəti altına vermə qismində qətimkan tədbirinin seçilməsi barədə cinayət prosesini həyata keçirən orqanın qərarı icra edilməsi üçün şübhəli və ya təqsirləndirilən şəxsin yaşayış yeri üzrə polis orqanına göndərilir. Polis orqanı göstərilən qərarı qəbul etdikdən sonra 24 saat müddətində şübhəli və ya təqsirləndirilən şəxsi çağırmalı, onu qeydiyyata almalı və nəzarətin tətbiqinə başlanması barədə cinayət prosesini həyata keçirən orqana məlumat verməlidir.

 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə