49-cu maddəyə müvafiq olaraq, 1990-cı il sentyabrın 2-də qüvvəyə minmişdir
Preambula
Bu Konvensiyanın iştirakçısı olan dövlətlər,
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan edilmiş prinsiplərə uyğun olaraq,
cəmiyyətin bütün üzvlərinin ləyaqətlərinin, bərabər və ayrılmaz hüquqlarının tanınmasını Yer
üzündə azadlığın, ədalətin və sülhün təmin edilməsinin təməli hesab edərək,
Birləşmiş Millətlər Təşkilatının üzvü olan xalqların onun Nizamnaməsində insanın əsas
hüquqlarına, insan şəxsiyyətinin ləyaqətinə və dəyərinə inamlarını təsdiq etdiklərini və geniş
azadlıq zəminində sosial tərəqqiyə və həyat şəraitinin yaxşılaşdırılmasına kömək göstərməkdə
qətiyyətli olduqlarını nəzərə alaraq,
Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannamədə və İnsan
hüquqları haqqında beynəlxalq paktlarda irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi, yaxud digər
əqidəsi, milli və ya sosial mənşəyi, əmlak vəziyyəti, doğum və yaxud başqa statusu kimi
əlamətlərə heç bir fərq qoyulmadan, hər bir insanın bu sənəddə göstərilən bütün hüquq və
azadlıqlara malik olmasını bəyan etdiyini və bunula razılaşdığını təsdiq edərək,
Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları haqqında Ümumi Bəyannamədə
uşaqların xüsusi qayğı və kömək göstərilmək hüququ olduğunu bəyan etdiyini xatırladaraq,
cəmiyyətin əsas özəyi kimi və onun bütün üzvlərinin, xüsusilə də uşaqların böyüməsi və
rifahı üçün təbii bir mühit kimi ailənin cəmiyyət çərçivəsində vəzifələri tam həcmdə öz üzərinə
götürə bilməsi üçün onun lazımi şəkildə müdafiə edilməsinin və ona yardım göstərilməsinin
zəruriliyinə əmin olaraq,
uşağın şəxsiyyətinin tam və ahəngar inkişafı üçün onun ailə mühitində, xöşbəxtlik, sevgi
və anlaşma mühitində böyüməsinin vacibliyini qəbul edərək,
uşağın cəmiyyətdə müstəqil həyata tam hazırlanmalı və Birləşmiş Millətlər Təşkilatının
Nizamnaməsində bəyan olunmuş ideallar ruhunda və xüsusilə sülh, ləyaqət, dözümlük, azadlıq,
bərabərlik və həmrəylik ruhunda tərbiyə edilməli olduğunu nəzərə alaraq,
uşağın xüsusi müdafiə olunması zəruriliyinin Uşaq hüquqları haqqında 1924-cü il tarixli
Cenevrə Bəyannaməsində və 1959-cu il noyabrın 20-də Baş Məclis tərəfindən qəbul edilmiş
Uşaq hüquqları Bəyannaməsində nəzərdə tutulduğunu və İnsan hüquqları haqqında ümumi
Bəyannamədə, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (xüsusən 23 və 24-cü
maddələrədə), İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda (xüsusən 10-cu
maddədə), habelə uşaqların rifahı məsələləri ilə məşğul olan ixtisaslaşdırılmış qurumların və
beynəlxalq təşkilatların nizamnamələrində və müvafiq sənədlərində təsdiq edildiyini nəzərə
alaraq,
Uşaq hüquqları Bəyannaməsində göstərildiyi kimi, «fiziki və əqli cəhətdən yetkin
olmadığına görə uşağın istər doğulmazdan əvvəl, istərsə də doğulduqdan sonra xüsusi
qorunmaya və qayğıya, o cümlədən lazımi hüquqi müdafiəyə ehtiyacı olduğunu» nəzərə alaraq,
Uşaqların milli və beynəlxalq səviyyələrdə xüsusi tərbiyə olunmağa verilməsi və
övladlığa götürülməsi zamanı onların müdafiəsinə və rifahına aid sosial və hüquqi prinsiplər
haqqında Bəyannamənin müddəalarına, Yetkinlik yaşına çatmayanlar barəsində ədalət
mühakiməsinin icrasına aid Birləşmiş Millətlər Təşkilatının minimal standartdlar barədə
Qaydalarına («Pekin qaydaları») və Fövqəladə vəziyyətlərdə və silahlı münaqişələr dövründə
qadınların və uşaqların müdafiəsi haqqında Bəyannamənin müddəalarına istinad edərək,
dünyanın bütün ölkələrində son dərəcə çətin şəraitdə yaşayan uşaqlar olduğunu və belə
uşaqların xüsusi qayğıya möhtac olduğunu təsdiq edərək,
uşağın müdafiəsi və ahəngdar inkişafı üçün hər bir xalqın ənənələrinin və mədəni
dəyərlərinin əhəmiyyətini lazımınca nəzərə alaraq,
hər bir ölkədə, xüsusən inkişaf etməkdə olan ölkələrdə uşaqların həyat şəraitini
yaxşılaşdırmaq üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini qəbul edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
I HİSSƏ
Maddə 1
Hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir
şərtlə ki, həmin uşağa tətbiq edilə bilən qanuna görə o, yetkinlik yaşına 18 yaşından daha əvvəl
çatmamış olsun.
Maddə 2
1. İştirakçı dövlətlər onların yuridiksiyası daxilində olan hər bir uşaq üçün bu
Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edir, bu zaman
uşağın, onun valideyinlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən,
cinsindən, dilindən, siyasi əqidəsindən və ya digər əqidələrindən, milli, etnik, yaxud sosial
mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğulduğu şəraitdən və ya hər hansı başqa
əlamətindən asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermirlər.
2. İştirakçı dövlətlər uşağın, onun valideyinlərinin, qanuni qəyyumlarının və ya digər ailə
üzvlərinin statusu, fəaliyyəti, ifadə etdikləri fikirləri, yaxud əqidələri əsasında uşağın hər hansı
ayrı-seçkilik və ya cəza formalarına məruz qalmaqdan müdafiə olunmasını təmin etmək üçün hər
cür lazımi tədbirləri görürlər.
Maddə 3
1. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə
məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-
keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın
maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
2. İştirakçı dövlətlər uşağın valideyinlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə
məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahi üçün zəruri
olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün
qanunvericilik tədbirlərinin və inzibati tədbirləri görürlər.
3. İştirakçı dövlətlər təmin edirlər ki, uşaqlara qayğı göstərilməsinə və ya onların
müdafiəsinə cavabdeh olan idarələr, xidmətlər və orqanlar xüsusilə uşağın təhlükəsizliyi və
sağlamlığı sahəsində, belə idarə, xidmət və orqanların işçi heyətinin say tərkibi və yararlılığı,
habelə mötəbər nəzarət məsələsi ilə bağlı səlahiyyətli orqanların qoyduqları normalara cavab
versinlər.