fikrini ifadə etmək azadlığı başqa insanları təhqir etmək hüququ vermir. Bəzi ölkələrdə zavodlara
və istehsal vasitələrinə sahibliklə bağlı olan mülkiyyət azadlığı həmin zavodlarda işçilərin əmək
təhlükəsizliyinə nəzarət etmək məqsədilə qanunla məhdudlaşdırılır. İnsan hüquqlarının
balanslaşdırılması və cilovlanması məsələləri siyasi qərarların qəbulu prosesində və / və ya
konstitusiya yurisdiksiyasında çözülən mübahisələrin və müraciətlərin daimi mövzusu olur.
Dünyanın demokratik ölkələrində insan hüquqlarının müxtəlif “markalarının” yaranmasının
səbəbi də elə bundadır.
Uşaq hüquqları necə yaranıb?
1945
İkinci Dünya Müharibəsindən sonra dünyadakı ölkələrin çoxu bir
ittifaq, yəni Birləşmiş Millətlər Təşkilatını yaratdılar.
Onlar dünyada sülhə və azadlığa birlikdə dəstək olmaq istəyirdilər.
10 dekabr 1948
Həmin gün BMT İnsan hüquqları haqqında Ümumi Bəyannaməni
qəbul etdi.
Dünyadakı bütün insanlarının malik olduqları əsas hüquqların həm
də uşaqlara şamil olunduğu qəbul edildi.
Lakin tezliklə belə təklif olundu ki, uşaqlar xüsusi məxluqlardır və
ona görə də onların xüsusi olaraq qorunmasına ehtiyac var.
1950
Uşaq hüquqlarının ilk layihəsi hazırlandı. BMT-nin üzvü olan
dövlətlərin nümayəndələri bir neçə il onu müzakirə etdilər.
20 noyabr 1959
Həmin gün BMT Uşaq Hüquqları Bəyannaməsini qəbul etdi.
Bu cür bəyannamə bütün dövlətlər üçün məcburi hüquqi qüvvəyə
malik olmasa da, hər halda onların gələcək fəaliyyət istiqamətləri
üçün tövsiyə xarakteri daşıyır.
1979
Həmin il bütün dünyada Uşaq İli kimi qeyd olundu. Hər yerdə uşaq
hüquqları barəsində düşünüldü, bu barədə müzakirələr keçirildi.
Uşaqların mənafeyi naminə, bu hüquqların daha detallı işlənib
hazırlanmasını və ən əsası, onların məcburi hüquqi qüvvə daşımasını
getdikcə daha çox insan arzulamağa başladı.
20 noyabr 1989
Həmin gün BMT-nin Baş Məclis Uşaq hüquqları haqqında
Konvensiyanı, yaxud başqa cür desək, Uşaq hüquqları haqqında
Sazişi yekdilliklə qəbul etdi.
O vaxtdan indiyədək dünyanın bütün dövlətlərinin hökumətləri bu
Konvensiyanı imzalamışdır.
Konvensiyanı imzalamaqla onlar öz ölkələrini uşaq hüquqları
sahəsində maarifləndirməyə, bu hüquqları öz ölkələrində tətbiq
etməyə və uşaqların müdafiəsinə xüsusi diqqət yetirməyə söz
vermişlər.
Lakin hələ də dünyanın çox yerində uşaqlar ədalətsizlikdən ciddi
əziyyət çəkirlər.
Dünyadakı bütün uşaqlar öz hüquqlarından faydalanması üçün
tədbirlər görməliyik və buna görə bizim hər birimiz məsuliyyət
daşıyırıq.
Uşaq hüquqları Bəyannaməsi (20 noyabr 1959-cu il)
Uşağın xüsusi hüquqlara malik olması fikri ilk dəfə 1948-ci il tarixli İnsan hüquqları
haqqında Ümumi Bəyannamədə təsbit olunub. Bəyannamənin 25-ci maddəsinin ikinci bəndində
deyilir: “Analar və uşaqlar xüsusi qayğı və yardım göstərilmək hüququna malikdirlər”.
Uşaq hüquqları Bəyannaməsi BMT-nin Baş Məclisinin məcburi hüquqi qüvvəyə malik
olmayan sənədidir. Onu BMT-nin Baş Məclis tərəfindən 1989-cu il noyabrın 20-də elə məhz
Uşaq hüquqları Bəyannaməsinin otuzuncu ildönümü münasibətilə qəbul edilmiş Uşaq hüquqları
haqqında Konvensiya ilə dəyişik salmaq olmaz. Bəyannamədən fərqli olaraq, Konvensiya onun
iştirakçıları üçün məcburi hüquqi qüvvəyə malikdir və hazırda 176 dövlət onun iştirakçısıdır.
Prinsip 1
Uşaq bu Bəyannamədə təsbit olunmuş bütün
hüquqlardan faydalanmalıdır. Heç bir
istisnaya yol verilmədən və uşağın özünün
və ya onun ailəsinin irqi, dərisinin rəngi,
cinsi, dili, dini, siyasi və digər əqidələri,
milli və ya sosial mənsubiyyəti, əmlak
vəziyyəti, doğum və yaxud başqa statusu
kimi əlamətlərə görə heç bir fərq
qoyulmadan və yaxud ayrı-seçkiliyə yol
verilmədən bütün uşaqlar bu hüquqlara
malikdirlər.
Prinsip 2
Uşaq qanun və digər vasitələrlə xüsusi
müdafiə ilə təmin edilməli və ona elə
imkanlar və əlverişli şəraitlər yaradılmalıdır
ki, bunlar onun sağlam və normal yolla,
azad və ləyaqətli şəraitdə fiziki, əqli, əxlaqi,
mənəvi və sosial cəhətdən inkişafına imkan
versin. Bu məqsədlə qanunlar qəbul
edilərkən başlıca fikir uşağın maraqlarının
ən yaxşı şəkildə təmin edilməsi olmalıdır.
Prinsip 3
Uşaq doğulduğu andan ad və vətəndaşlıq
hüququna malikdir.
Prinsip 4
Uşaq sosial təminatın imtiyazlarından
istifadə etməlidir. O, sağlam böyümək və
inkişaf etmək hüququna malikdir, bu
məqsədlə həm o özü, həm də onun anası,
doğumdan əvvəl və doğumdan sonrakı
lazımi qayğı da daxil olmaqla, xüsusi qayğı
və müdafiə ilə təmin edilməlidir. Uşaq
lazımi qaydada qidalanma, mənzil, əyləncə
və tibbi xidmət hüququna malikdir.
Prinsip 5
Fiziki, əqli və yaxud sosial baxımdan
qüsurlu uşaq, onun xüsusi vəziyyətinə görə
zəruri olan xüsusi rəftar, təhsil və qayğı ilə
təmin olunmalıdır.
Prinsip 6
Uşaq, şəxsiyyətinin tam və ahəngdar inkişafı
üçün sevgiyə və başa düşülməyə ehtiyac
duyur. O, mümkün olduğu qədər öz
valideynlərinin himayəsi və məsuliyyəti
altında və istənilən halda sevgi, mənəvi və
maddi təminat mühitində böyüməlidir;
azyaşlı uşaq, müstəsna hallar istisna
edilməklə, öz anasından ayrılmamalıdır.
Ailəsi olmayan uşaqlara və yaşamaq üçün
kifayət qədər vəsaiti olmayan uşaqlara
xüsusi qayğı göstərmək cəmiyyətin və
ictimai hakimiyyət orqanlarının vəzifəsidir.
Yaxşı olardı ki, çoxuşaqlı ailələrə uşaqları
saxlamaq üçün dövlət müavinətləri və ya
digər müavinətlər ayrılsın.
Prinsip 7
Uşaq təhsil almaq hüququna malikdir, bu
təhsilin heç olmazsa ibtidai mərhələləri,
pulsuz və məcburi olmalıdır. Ona elə bir
təhsil verilməlidir ki, bu, onun ümumi
mədəni inkişafına kömək etsin və bu inkişaf
sayəsində o, imkanların bərabərliyi əsasında
öz qabiliyyətlərini və şəxsi mühakiməsini,
habelə mənəvi və sosial məsuliyyət
düşüncəsini inkişaf etdirə və cəmiyyətin
faydalı üzvü ola bilsin.
Uşağın maraqlarının ən yaxşı şəkildə təmin
edilməsi onun təhsili və təliminə məsuliyyət
daşıyanlar üçün rəhbər prinsip olmalıdır: bu
məsuliyyət hər şeydən əvvəl onun
valideynlərinin üzərinə düşür.
Uşaq, təhsilin xidmət etdiyi məqsədlərə
xidmət edən oyunlarda və əyləncələrdə
iştirak etmək üçün tam imkanlarla təmin
olunmalıdır; cəmiyyət və ictimai hakimiyyət
orqanları göstərilən hüququn həyata
keçirilməsinə imkan yaratmaq üçün səy
göstərməlidirlər.
Prinsip 8
Uşaq bütün hallarda müdafiə və yardımı ilk
növbədə alanların sırasında olmalıdır.
Prinsip 9
Uşaq laqeyd və amansız münasibətin, habelə
istismarın bütün formalarından müdafiə
olunmalıdır. O, heç bir formada alver
obyekti olmamalıdır.
Uşaq lazımi minimum yaş həddinə
çatmayana qədər işə qəbul edilməməlidir;
heç bir halda ona, sağlamlığı və ya təhsili
üçün ziyanlı ola biləcək və yaxud onun
fiziki, əqli və əxlaqi inkişafına mane ola
biləcək hər hansı iş və ya məşğuliyyət
tapşırılmamalı və tapşırılmasına icazə
verilməməlidir.
Prinsip 10
Uşaq irqi, dini və yaxud hər hansı bir digər
ayrı-seçkilik formasını təşviq edən
təcrübədən uzaq tutulmalıdır. O, qarşılıqlı
anlaşma, dözümlülük, xalqlar arasında
dostluq, sülh və ümumi qardaşlıq ruhunda,
həmçinin öz enerjisini və istedadını
yoldaşlarının xeyrinə sərf etmək
düşüncəsində tərbiyə olunmalıdır.
Uşaq hüquqları haqqında Konvensiya
Baş Məclisin 1989-cu il 20 noyabr tarixli,
44/25 nömrəli qətnaməsi ilə qəbul edilmiş və
imzalanma, təsdiq edilmə və qəbul edilmə üçün açıq elan olunmuşdur
Dostları ilə paylaş: |