Ustad Hüseyn Ənsariyan



Yüklə 1,03 Mb.
səhifə5/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   2   3   4   5   6   7   8   9   ...   48

İkinci yol:

Peyğəmbərlərin təkallahçılığı və onların yeganə Allaha doğru çağırışı


Bütün peyğəmbərlər insanları bir Allaha doğru və təkallahçılığa də`vət etmişlər. Əgər digər bir mə`bud olsaydı, o da özünə doğru çağırış üçün peyğəmbərlər göndərərdi. “Nəhcül-bəlağə”də nəql olunur ki, Əli ibn Əbu Talib öz oğlu imam Həsənə (ə) tövsiyəsi zamanı buyurur: “Bil, ey oğlum! Əgər Allahın şəriki olsaydı, yol göstərmək üçün onun da peyğəmbərləri gələrdi, varlıq aləmində onun da hakimlik əlamətlərini görərdin, əməllərini və sifətlərini tanıyardın. Amma bil ki, Allah yeganədir.”1
Sual: Ola bilməzmi ki, başqa mə`budlar da olsun, amma peyğəmbər göndərməsinlər?

Cavab: Necə ola bilər ki, yaradan öz yaratdığına münasibətdə bir bu qədər biganə qala?! Mümkündürmü ki, xaliq öz məxluqunun səadəti üçün ilahi rəhbər və bələdçi göndərməyə?! İnşaallah peyğəmbərlik (nübüvvət) mövzusunda söhbətimiz zamanı peyğəmbərlik məsələsinin zəruriliyindən danışacağıq.

Üçüncü yol:

Əqli dəlillər


Sadə bir dəlillərlə varlıq aləminin yaradıcısının yeganəliyini anlamaq olar. Əgər xaliq iki və ya daha artıq olsaydı, məsələn Mars planetinin yaranışına iki münasibət mümkün idi:

a) Həmin yaradanlardan hər biri təklikdə və ayrıca onu yaratmalı idi. Öncə bir xaliq, sonra ikinci xaliq, daha sonra üçüncü... Belə ki, Mars bir neçə dəfə yaranmalı idi. Əlbəttə ki, belə bir təsəvvür kökündən yanlışdır. İstənilən bir mövcud yalnız bir dəfə yaradılır. Bir şeyi bir xaliq yaradardısa, ikincisinin yaratmasına ehtiyac qalmazdı.

b) Əgər çoxsaylı yaradanların əl-ələ verib Marsı yaratdığını fərz etsək, belə bir sual yaranar ki, onlar təklikdə bu işi görməyə qadir deyildilərmi? Əgər desək qadir deyildilər, mə`lum olar ki, onlar bir-birlərinə möhtacdırlar. Hansı ki, varlıq aləminin yaradıcısı ehtiyacsız olmalıdır. Bir tanrının o birinə möhtaclığı məntiqi deyil. Əgər tanrılar təklikdə bu işi görə bildikləri halda o birindən kömək alırlarsa belə bir köməyin dəlili olmalıdır. Mümkündürmü ki, tanrılardan biri daha az qüvvə sərf etmək məqsədi ilə və ya o biri tanrıların müxalifətinin qarşısını almaq üçün həmkarlıq etsin? Bütün bunlar mə`budluq məqamı ilə bir araya sığmır. Möhtac bir varlıq varlıq aləminin xaliqi ola bilməz!
Sual: Ola bilməzmi ki, yaradanlar varlıq aləmindəki işləri öz aralarında bölələr? Məsələn, biri Marsı yarada, digəri yeri?

Cavab: Əgər tanrılardan biri Marsı yaratsa və ikincisi onu məhv etmək qərarına gəlsə, birinci tanrı öz yaratdığını müdafiə etməlidir. Əgər ikinci tanrı öz məqsədini həyata keçirə bilmirsə, demək, acizdir və tanrılıq məqamına layiq deyil. Əgər birinci tanrı öz yaratdığını müdafiə etməyə qadir deyilsə, o özü acizdir və tanrılıq səlahiyyətindən uzaqdır.

Yeganə Allaha e`tiqadın faydaları və tə’sirləri


Allahın yeganəliyinə e`tiqadın varlıq aləmi üçün bir sıra faydaları var. Onlardan bə`zilərini nəzərdən keçirək:

1. Yeganə Allaha e`tiqad insanlarda məs`uliyyət yaradır. Yeganə Allaha inanan şəxs öz əməllərinə görə cavabdehlik hiss edir. Çünki o bütün əməllərindən xəbərdar mə`buda inanır. Bu səbəbdən çalışır ki, pis işlərdən çəkinsin, xeyir əməllərə önəm versin. Beləcə, yeganə mə`buda e`tiqadlı cəmiyyətlərdə insanlar çirkin işlərdən uzaq olur, xeyirxahlığa çalışır.

2. Yeganə Allaha inananlar onu şəriksiz səbəbkar sayır, ondan qeyrilərini aciz bilir. Təkallahçı insan yalnız bir olan Allahdan kömək diləyir. Gündəlik namazlarımızda “Həmd” surəsində “yalnız Səndən yardım diləyirik” cümləsini dəfələrlə təkrarlayırıq. Mö`min insan istənilən bir çətinliyə düşdüyü zaman yeganə Allahdan yardım diləyir.

3. Tövhid e`tiqadlı insan Allahdan qeyrilərinə əyilmir, onlara pərəstiş etmir. Təkallahçı şəxs yalnız yeganə Allaha ibadət edir. Müvəhhid (təkallahçı) namaz qılanların şüarlarından biri budur: “Yalnız Sənə pərəstiş edirik”.


Altıncı fəsil

Allahın ədaləti


Ötən fəsillərdə qeyd etdik ki, bütün kamilliklər və gözəlliklər Allaha məxsusdur. Allahın bu qəbil sifətlərindən biri ədalətdir. Ədl (ədalət) prinsipi şiə məzhəbinin əsaslarından sayılır. Sünnə əhlindən olan bə`zi qruplar ədalət sifətini Allah üçün sabit qəbul etmirlər. Onların nəzərincə, Allah müt`i bəndəni cəhənnəmə, günahkar bəndəni behiştə apara bilər və bu iş zülm olsa da, qəbahət deyil.

Amma şiələrin və “mö`təzilə” adlanan sünnə əhlinin nəzərincə, Allah kimsəyə zülm etməz, qəbahətli iş görməz. Allahın bütün işləri hikmət və məsləhətə əsaslanır. Allah xeyir əməl sahiblərini mükafatsız qoymur, günahı olmadan cəhənnəmə aparmır. Çünki zülm istənilən bir şəxs tərəfindən qəbahətli və çirkindir. İmam Sadiq (ə) buyurur: “Allah-taala günahsız insanları günahkarların əvəzinə sorğuya çəkməz, atalarının günahına xatir övladları cəzalandırmaz.”1


Allahın zülmdən uzaqlığının dəlili


Allahın ədalətinin sübutu üçün iki dəlil göstərə bilərik:

1. Zülmə yol verən fərdin bir neçə məqsədi ola bilər: insan öz işinin pisliyini anlamadan bir başqasına sitəm qıla bilər. Başqa bir səbəb insanı möhtaclıqdan zülmə əl açmasıdır. Məsələn, bir şəxs zülm etməklə arzusuna çatır. Başqa bir səbəb intiqam almaq istəyi və ya həvəsbazlıq ola bilər. Zülmə yol verən insan bu məqsədlərdən birini izləməlidir. Amma aləmlərin Rəbbi alim, ehtiyacsız, hikmət sahibi və bağışlayan olduğundan zülmə yol verə bilməz. Allah nadanlıqdan, möhtaclıqdan, intiqamçılıqdan, boş işlərdən uzaqdır.

2. İstənilən bir fərd öz ağlı ilə dərk edir ki, zülm pis işdir. Allahın peyğəmbərləri və seçilmişləri də insanları zülmdən çəkindirmişlər. Allah özü də zülmə qadağa qoyur. Qur`ani-kərimdə bir çox ayələr həqiqəti təsdiqləyir: “Allah zalımları sevməz”1; “Biz sitəmkarlar üçün ağrılı əzab hazırlamışıq”2. Allahın qadağa qoyduğu və bütün düşüncə sahiblərinin bəyənmədiyi bir işə yol verməsi necə mümkündür?!

İnsanların fərqli durumu Allahın ədalətsizliyini göstərmir


Sual: İnsanlardan bir hissəsi yoxsul, bir tikə çörəyə möhtac, digər bir hissəsi varlı və imkanlıdır. Bir qrup insan sağlamdır, başqaları xəstəlikdən əziyyət çəkir. Kimlərinsə yaddaşı güclüdür, kimlərsə huşsuzdur. Bə`zilərində nadanlıq, bə`zilərində agahlıq müşahidə olunur. Zahiri baxımdan kimlərsə gözəl, kimlərsə çirkindir. İnsanlar dərisinin rənginə görə də fərqlənir. Bütün bu fərqlər Allahın ədalətini şübhə altına almırmı?

Cavab: Əvvəla, bir çox fərdi və ictimai fərqlərin səbəbkarı insan özüdür. Bə`zən o ixtiyarında olanlarla kifayətlənməyib başqalarının əlində olana göz dikir və nəticədə yoxsullar və varlılar kimi iki qütb yaranır. Varlılıq və yoxsulluq, elm və cəhalət, sağlamlıq və xəstəlik kimi bir çox fərqlərin səbəbkarı insanların aşkar və ya gizli zülmkarlığıdır.

Digər bir tərəfdən, Allah-taala bu fərqləri aradan qaldırmaq üçün insanların öhdəsində müəyyən vəzifələr qoyur. Məsələn, hər bir imkanlı müsəlman xüms-zəkat ödəməlidir. İslamda yoxsullara əl tutmaqla bağlı ciddi tapşırıqların mövcudluğu bu dinin ayrıseçkiliyə mənfi münasibətdə olduğunu göstərir. İslam bir qrupun yoxsulluq içində əziyyət çəkməsini, digər bir qrupun eyş-işrət içində yaşamasını normal saymır. İmam Sadiq (ə) buyurur: “Əgər insanlar mallarının zəkatını versəydilər, yoxsul müsəlman tapılmazdı.”1 Həzrət (ə) buyurur: “Allahın zəkat ünvanında vacib etdiyi məbləğ yoxsulların ehtiyacını aradan qaldıra bilər. Əgər Allah bu miqdarı kafi bilməsəydi, varlıların öhdəsində daha böyük miqdar ödənc qoyardı.”2

Demək, bir çox fərqlərin səbəbi insanın öz ətrafındakıların haqqını qəsb etməsidir. Müəyyən fərqlər də insanların səhlənkarlığından yaranır. Düzgün qidalanmamaq, təmizliyin gözlənilməməsi insanı inkişafdan saxlayır. Bə`zilərinin var-yoxu qəsb olunduğundan onlar sağlamlığını və təmizliyini qoruya bilmir, bir çox istedadlarını işə salmaqdan məhrum olur. Bəli, bir çox fərqlər insanların oyanışı, zülm qarşısında müqaviməti ilə aradan qalxa bilər. Bu yolla təbəqələr arası fərqlər aradan götürülər, ictimai ədalət bərpa olar. İslam və Qur`an insanlar arasındakı ayrıseçkiliyi heç vəchlə qəbul etmir.

Uyğun fərqlərin bir qismi isə insanın yaranış zərurətlərindəndir. Bir cəmiyyətdə kamil ictimai ədalət olsa belə, onun fərdləri fabrik məhsulu tək eyni olmayacaq. İlahi ne`mətlər insanlar arasında bölünmüşdür, hər fərdin bu ne`mətlərdən öz payı var. Az insanlar tapılar ki, bütün ne`mətlərə malik olsun. Bəli, biri güclüdür, digəri düşüncəlidir, başqa biri şe`r təbinə malikdir... Ən mühümü cəmiyyətin bu istedadları kəşf edib bəhrələnməsidir. Cəmiyyət eynən insan orqanizmi kimi fərqli hissələrə və istedadlara ehtiyaclıdır. İnsan orqanizmi müxtəlif toxumalardan təşkil olunmuşdur və bütün bədənin bu baxımdan eyniyyəti mümkünsüzdür. Göz hüceyrələri zərif, sümük hüceyrələri qabadır. Kamil bir cəmiyyətin formalaşması üçün çeşidli istedadlara və zövqlərə ehtiyac var. Hərə aldığı pay müqabilində vəzifə daşıyır. Əlbəttə ki, cəmiyyətin hansısa bir zümrəsi məhrumiyyət içində yaşamamalı, xidmətlər dəyərləndirilməli, kimsə alçaldılmamalıdır. Bədən hüceyrələri fərqli olmasına baxmayaraq qida, hava və digər ne`mətlərdən bəhrələnir. Ədalət dedikdə hər şeyin öz yerində olması nəzərdə tutulur. Əgər bədən hüceyrələri eyni olsaydı, ədalət və hikmətdən danışmağa dəyməzdi. Demək, insanların forma, ruh və cisim baxımından fərqi zülm yox, təbii və zəruri gerçəklikdir. Əslində, bu fərqlər Allahın hikmətindən qaynaqlanır. Bütün bunları nəzərə alsaq, bir mövcudun insan, digərinin heyvan, o birinin həşərat yaradılması nöqsan tutulmamalıdır.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə