Ustad Hüseyn Ənsariyan


İlahi peyğəmbərlərin sayı



Yüklə 1,03 Mb.
səhifə7/48
tarix02.01.2018
ölçüsü1,03 Mb.
#19435
1   2   3   4   5   6   7   8   9   10   ...   48

İlahi peyğəmbərlərin sayı


Qur`anda 26 peyğəmbərin adı dəqiq göstərilir. Bu adları nəzərdən keçirək: Adəm, Nuh, İdris, Saleh, Hud, İbrahim, İsmail, İshaq, Yusuf, Lut, Ya`qub, Musa, Harun, Şüeyb, Zəkəriyya, Yəhya, İsa, Davud, Süleyman, İlyas, Yəsə, Zülkifl, Əyyub, Yunis, Üzeyr və Məhəmməd (s). Nəzərə almalıyıq ki, Qur`anda Şəmuyel, Ərmiya, Xızr, Yuşə kimi başqa peyğəmbərlərə də işarə olunmuş, amma onların adı aydın şəkildə zikr edilməmişdir.1

İlahi peyğəmbərlərin ümumi sayı ilə bağlı müxtəlif rəvayətlər nəql olunmuşdur. Əksər rəvayətlərdə onların 124 min nəfər olduğu bildirilir.2 Bir qrup rəvayətlərdə isə Allah tərəfindən 144 min peyğəmbər göndərildiyi bildirilir.3

Bə`zi rəvayətlərdə nəql olunur ki, həzrət Peyğəmbər (s) Əbuzərin peyğəmbərlərin və səmavi kitabların sayı ilə bağlı sualına belə cavab vermişdir: “Allahın 120 min peyğəmbəri, 124 kitabı olmuşdur.” Sonra Əbuzər peyğəmbərlər arasında ilahi tapşırıqları bəyan etməyə vəzifəli rəsulların sayı haqqında soruşmuşdur. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Peyğəmbərlərin üç yüzündən çoxu rəsul olmuşdur.”4

Peyğəmbərlərin məqamı


Sual: Bütün peyğəmbərlər məqam və vəzifə baxımından eyni olmuşlarmı?

Cavab: Qur`an ayələrindəki işarələrdən və rəvayətlərdəki müxtəlif tə`birlərdən aydın olur ki, Allah tərəfindən göndərilən elçilərin müxtəlif məqamları olmuşdur:

1. Peyğəmbərlik məqamı: Bu məqamda olanlar Allah tərəfindən ilahi hökmü vəhy vasitəsi ilə qəbul edirlər. Bu sayağı məqama malik olan peyğəmbərlər “nəbiyy” adlanır. Demək, “nəbiyy” dedikdə vəhy nazil olan şəxs nəzərdə tutulur.

2. Risalət məqamı: Bu məqam sahibi vəhyi xalqa çatdırmağa, onu təbliğ edib yaymağa vəzifəlidir. Cəmiyyəti maarifləndirmək bu məqama malik olanların işidir. Böyük təlaşlarla xalqı Allaha doğru də`vət edən, mədəni bir inqilab üçün çalışan peyğəmbərlər “rəsul” adlandırılmış və risalət məqamına malik olmuşlar.

3. İmamət məqamı: İmamət məqamı dedikdə xalqa rəhbərlik, öncüllük məqamı nəzərdə tutulur. İlahi hökumətin təşkili, Allah hökmlərinin işə salınması üçün qüdrət əldə edilməsi imamın vəzifələridir. Başqa sözlə, imam ilahi göstərişləri yerinə yetirməyə borcludur. Hansı ki rəsulun vəzifəsi yalnız bu göstərişləri bəyan etməkdir.

İslam peyğəmbəri (s) kimi bə`zi peyğəmbərlər hər üç məqama malik olmuşlar. Bə`zi peyğəmbərlərdə yalnız nəbiyy, bir başqalarında nəbiyy və risalət məqamları olmuşdur.

Peyğəmbərlər arasında “ülul-əzm” adlandırılanlar var. “Əzim” dedikdə möhkəm iradə nəzərdə tutulur. Yeni şəriət və ayin gətirmiş peyğəmbərlər “ülul-əzm” peyğəmbərlərdir. Onlar bir çox problemlərlə üzləşmiş, uyğun çətinlikləri adlamaq üçün böyük iradəyə ehtiyaclı olmuşlar.1

Beş peyğəmbər ülul-əzm peyğəmbər sayılır: Həzrət Nuh, həzrət İbrahim, həzrət Musa (Tövrat sahibi), həzrət İsa (İncil sahibi), həzrət Məhəmməd (s) (Qur`an sahibi).2

Səkkizinci fəsil

İslam peyğəmbəri (s)


İslam Peyğəmbəri (s) göndərilməzdən (məbus olmamış) dünya əhalisi, xüsusi ilə ərəblər dəhşətli azğınlıq içində idilər. Qaragünlük, bədbəxtçilik, cəhalət və nadanlıq, müxtəlif mə`nəvi çirkinliklər həmin əsrdə bütün dünyanı bürümüşdü. Mövcud şəraitin çətinliyi gizli deyildi. Nəhayət, Allah-taala insanlara minnət qoyulası dəyərə malik böyük ne`mətini əta etdi, əziz Peyğəmbəri (s) göndərdi. Peyğəmbər (s) insanların ehtiyaclarını yetərincə dərk etmək, onların problemlərini dərindən yaşamaq üçün mələklərdən yox, bəşər nəslindən seçildi. Peyğəmbərlik məqamına yüksəldilmiş həzrət Məhəmmədin qarşısında üç mühüm proqram dayanırdı:

1. Peyğəmbər Allahın ayələrini xalqa bəyan edir, ilahi kəlamları onların nəzərinə çatdırırdı.

2. Peyğəmbər əxlaqi fəzilətləri və insani dəyərləri canlandırır, insanları tərbiyə edir, onları şirk və batil əqidələr çirkabından paklayırdı. Bu yolla insanlar ilahi kitab tə`limlərinin, hikmət və biliklərin qəbuluna hazırlanırdı.

3. Cəhalət ruhi azğınlığın kökü olduğundan Peyğəmbər (s) insanlara hikmət və bilik öyrədirdi.1

Əziz Peyğəmbər (s) öz proqramının icrasına “Ümmül-Qüradan” yə`ni Hicazın mədəniyyət mərkəzi olan Məkkədən başladı. Onun ilkin vəzifəsi öz yaxınlarını doğru yola də`vət etmək idi. Peyğəmbər bu yolla İslamın ilkin özülünü möhkəmləndirməli idi. Yalnız bundan sonra başqalarını də`vət etmək olardı. İslamın dayaqları möhkəmləndirildikdən sonra Peyğəmbərə (s) bəşəriyyətə xəbərdarlıq etmək, insanları doğru yola çağırmaq əmr olundu. Bu məqsədlə dünyanın tanınmış başçılarına məktublar yazıldı, kəsralar və qeysərlər İslama də`vət edildi.

Həqiqətən də, İslam peyğəmbərinin (s) vücudu Allah tərəfindən aləmlərə rəhmət və ne`mət göndərilmişdi. Çünki Peyğəmbər (s) bəşəriyyəti xilas edəcək ayinləri yaymağa vəzifəli idi. Bu ayinlərdən faydalanmayanlar özləri təqsirkardır. Kimlərinsə İslam ayinlərindən üz çevirməsi bu dinin cahanşümulluğunu şübhə altına almır. Dünyanın əksər nöqtələrindən müharibə ocaqlarının alovlandığı, cəhalətin, əxlaqi pozğunluğun, xəyanətin, istismarın, ayrıseçkiliyin və minlərlə başqa azğınlığın zirvə həddə çatdığı dünyamızda “rəhmətun lil aləmin” yə`ni aləmlərə rəhmət ifadəsinin məfhumu özünü daha aydın göstərir. İslam ayinlərinə əməl olunarsa dünyadakı bədbəxtliklərə və azğınlıqlara son qoyular, insanlar dünya və axirət xoşbəxtliyi əldə edər. Bundan böyük mərhəmətmi olar?!


Sənin kimi arxası

olan ümmətə nə qəm?

Nuhun gəmisi varsa,

qorxu yoxdur dənizdən1.
Peyğəmbərin (s) bütün təlaşları bəşəriyyətin öz Rəbbinə doğru hidayətinə, sövqünə yönəlmişdi. Peyğəmbər (s) öz işi müqabilində heç bir muzd, mükafat istəmirdi. Həzrət (s) insanların hidayətini özü üçün mükafat sayırdı. Bəli, ümmətin hidayəti Peyğəmbər (s) üçün ən böyük mə`nəvi mükafat idi.

İslam Peyğəmbərinin (s) həyatından səhifələr


Həzrət Məhəmməd (s) Fil əshabı əhvalatı baş verən il rəbiül-əvvəl ayının 17-də Məkkə şəhərində dünyaya göz açdı. Həmin il Yəmən hakimi Əbrəhə böyük bir qoşunla, döyüş filləri ilə Kə`bəni dağıtmaq üçün Məkkəyə üz tutdu. Amma onlar Allahın əzabına düçar oldular, quşların havadan yağdırdığı daşla məhv edildilər.

Həzrət Məhəmmədin atasının adı Abdullah, anasının adı Amənə idi. Həzrət Məhəmməd (s) dünyaya gəlməmiş atası dünyasını dəyişdi və babası Əbdül-Müttəlib onu himayəyə götürdü. Altı il sonra il anası Amənə vəfat etdi. Həzrət Məhəmməd (s) səkkiz yaşında ikən babası Əbdül-Müttəlibi itirdi. Həmin vaxtdan əmisi Əbu-Talibin himayəsində yaşadı. Həzrət 25 yaşında ikən xanım Xədicə ilə evləndi.

Uşaq yaşlarından ədəbli və doğruçu olan Peyğəmbəri (s) bu xasiyyətlərinə görə “Məhəmməd Əmin” çağırırdılar. Həzrət (s) peyğəmbərliyə qədərki 40 illik ömründə sədaqət və alicənablıqla ömür sürdü. O heç vaxt yalan danışmadı, kimsəyə xəyanət etmədi, zülmə yol vermədi. Hər il bir müddət Həra dağına gedir, Allahın qüdrət nişanələri haqqında düşünür, Ona pərəstiş edirdi. Nəhayət, 40 yaşında, rəcəb ayının 27-də peyğəmbərlik məqamına yüksəldi. Bu məqama çatdıqdan sonra 13 il Məkkədə yaşadı və həmin 13 ildə insanları gizli və aşkar şəkildə allahpərəstliyə, İslam ayinlərinə dəvət etdi. Həmin müddət ərzində Məkkə müşrikləri Peyğəmbərə (s) və müsəlmanlara olmazın işgəncələrini verdilər. Belə ki, həzrət Peyğəmbər (s) sonradan “Mədinətun-nəbiyy” adlanan Yəsrib şəhərinə hicrət etməli oldu. Mədinədə cahanşümul İslam dövlətinin bünövrəsi qoyuldu. Həzrət Məhəmməd 10 il Mədinədə yaşadı, insanların hidayət və tərbiyəsi ilə məşğul oldu. Həmin illər ərzində acılı-şirinli müxtəlif hadisələr baş verdi. 10 il ərzində aparılan müharibələrdə qələbələr qazanıldı. Peyğəmbər (s) 63 il şərəfli bir ömür sürdükdən sonra hicri 11-ci il, səfər ayının 28-də dünya ilə vidalaşdı və əbədiyyətə qatıldı.

Peyğəmbər (s) bütün müvəffəqiyyətlərini Allahın yardımı ilə əldə etsə də, bu müvəffəqiyyətlərin ən mühüm səbəbi həzrətin cazibəli əxlaqı idi. Peyğəmbərdə o qədər gözəl sifətlər vardı ki, ən qatı düşmənlər də ondan tə`sirlənir, ona təslim olurdular. Ətrafındakı insanlar Peyğəmbəri (s) böyük məhəbbətlə sevirdi. Əgər desək ki, İslam peyğəmbərinin (s) mö`cüzələrindən biri onun gözəl əxlaqı olub, yanılmarıq. İmam Hüseyn (ə) cəddi Peyğəmbərin (s) bə`zi xüsusiyyətlərini nəql edir. Həzrət buyurur: “Peyğəmbər (s) öz yaxınları ilə daim xoşrəftar, gülərüz, mülayim idi. O heç vaxt kobudluğa, laqeydliyə, sərtliyə, acıdanışığa, eyb axtarmağa, mədhiyyəçiliyə, yaltaqlığa yol verməzdi. Kimsə ondan ümidini üzməmişdi. Qapısına gələn əliboş qayıtmazdı. Üç şeydən daim çəkinərdi: höcətkeşlik, çoxdanışmaq, özünə aid olmayan işə qatışmaq. Xalqa münasibətdə üç rəftara yol verməzdi: Kimsəni danlamaz, gizli eybləri soraqlamaz, yalnız savaba ümid etdikdə danışardı. Danışığı o qədər nüfuzlu idi ki, söhbəti zamanı hamı susardı. Tanımayan bir şəxs onunla kobud danışdıqda həzrət səbr edərdi. Yaxınlarına tapşırardı ki, ehtiyacı olana əta etsinlər. Kimsə sözünü başa çatdırmamış onun danışığını kəsməzdi.”1

Bəli, insanları Allaha bəndəliyə də`vət edən Peyğəmbər (s) hamıdan artıq ibadət edərdi. Bir işə qadağa qoymazdan öncə özü həmin işdən çəkinərdi. Onu incidənlərə nəsihət verər, təhqir edənlərə bağışlanma diləyərdi. Onun başına daş yağdırdılar, od ələdilər. Amma Peyğəmbər (s) belələrinə dua edirdi. O çox təvazökar idi. Quru yerdə əyləşər, həmin vəziyyətdə xörək yeyər, ev işlərini özü yerinə yetirərdi. Bə`zən qonaqlar üçün qapını özü açardı. Qoyunu özü sağar, xidmətçi əl dəyirmanını işlədərkən yorulduqda ona kömək edərdi. Heç vaxt dünya işlərinə görə qəzəblənməz, yalnız Allah yolunda nigarançılıq keçirərdi. Yoxsullar, kasıb təbəqə ilə bir süfrədə əyləşər, saleh və elmli insanlara ehtiram göstərərdi. Yemək və geyimdə özü ilə xidmətçilər arasında fərq qoymazdı. Qarşılaşdığı adama salam verər, əyləşdiyi məclisdə zikr edər, çox vaxt üzü qibləyə əyləşərdi. Kimsə ona ehtiyac duyduqda tələsik köməyə gedərdi. Qonağa ehtiram göstərər, bə`zən öz əbasını qonağın altına sərərdi. Bir gün bir şəxs həzrət Peyğəmbər (s) ilə görüşdə onun əzəmətindən lərzəyə gəldi. Həzrət (s) buyurdu: “Nə üçün məndən qorxursan, mən ki padşah deyiləm?”

Doğrudan da, İslam peyğəmbəri (s) bəşəriyyət üçün kamil əxlaq və insanlıq nümunəsi idi. Həzrət (s) özü buyururdu: “Mən əxlaqi fəzilətləri kamilləşdirib zirvə nöqtəsinə çatdırmaq üçün peyğəmbər göndərilmişəm.”1 Bundan da böyük güzəşt və alicənablıq nə ola bilər ki, cinayətkar müşriklər uzun illər İslam və Peyğəmbərin (s) ziddinə mübarizə apardıqdan sonra Məkkə fəth olunan zaman hər şeyə göz yumulur və ümumi əfv e`lan edilir! Bəli, elə bu səbəbdən Allah-taala buyurur: “Həqiqətən, sən böyük əxlaq sahibisən.”2

Əziz Peyğəmbər (s) özünü sadə insanlardan ayırmaz, hətta bə`zən onlarla zarafat edərdi. Onun böyük ruhu və təvazökarlığını bir hadisə ilə yada salmağımız yaxşı olar. Bir gün bir qadın pərişan halda həzrətin (s) yanına gəlir. O, həzrət Peyğəmbərə (s) öz ərindən şikayətlənir. Həzrət buyurur: “Sənin ərin gözündə ağ olan şəxs deyilmi?” Qadın deyir: “And olsun Allaha ki, yox. Onun nə eybi varsa da, belə bir eybi yoxdur.” Həzrət (s) gülümsəyib buyurur: “Mən ona eyb tutmadım. Bütün insanların gözündə ağ var və hamının gözünün ağı qarasından çoxdur.” Qadın da ətrafdakılarla birgə gülümsəyir və qəm-qüssəsini unudur.


Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə