69
Xəstələrin bir qismində intoksikasiya əlamətlərilə bərabər quru və yaxud az miqdarda
bəlğəmli öskürək, arıqlama müşahidə olunur. Siqaret çəkənlər üçün xarakterik olan bu əlamətlər
bəzən diqqəti cəlb etmir, ancaq ocağın parçalanması zamanı qanhayxırma da ola bilər. Bu həm
xəstə, həm də sözsüz ki, həkim tərəfindən ciddi əlamət kimi qeydə alınır. Ocaqlı proseslərdə bəzi
hallarda xırıltılar eşidilə bilər. Belə xırıltılar məhdud bir yerdə öskürəkdən sonra yaranır.
Ağciyərlərin ocaqlı vərəmində bəzən rentgenoloji müayinələrdən və ocaqların proyeksiyası
müəyyən olunduqdan sonra həmin nahiyədə xırıltıları eşitmək üçün məqsədli auskultasiya
aparmaq lazım gəlir. Qeyd etmək lazımdır ki, ağciyər toxumasında dağılma yoxdursa, xırıltılar
qısa müddətli yaranır və sonra onlar yox olur, yəni onları eşitmək mümkün olmur. Beləliklə,
ağciyərlərin ocaqlı vərəmi uzun müddətli xroniki dalğavari gedişə malik olan bir prosesdir.
Burada kəskinləşmə, sönmə fazaları və onların arasındakı fasiləyə təsadüf olunur. Bəzən hətta
kəskinləşmə fazalarında qabarıq şəkildə kliniki əlamətlər olmur. Bunlar hamısı onu göstərir ki,
ağciyərlərin ocaqlı vərəminə tutulmuş xəstələr bəzən bunu hiss etmir, yaxud da inkişaf etmiş
əlamətlər təsadüf olunmur və buna görə də belə xəstələr həkimə çox gec müraciət edirlər.
Ağciyərlərin ocaqlı vərəminə tutulmuş xəstələr, adətən, profilaktik flyüoroqrafik müayinələr
zamanı və çox nadir hallarda xəstənin həkimə müraciəti zamanı aşkar olunur. Perkussiya və
auskultasiyanın ağciyərlərin ocaqlı vərəmində diaqnostik əhəmiyyəti olmur. Perkutor ağciyər
səsinin qısalması, adətən, ağciyərlərin xroniki ocaqlı vərəmi zamanı olur ki, ağciyərlərin
müəyyən nahiyəsində sklerotik dəyişikliklər baş verir və plevra qalınlaşa bilir. Kiçik qabarcıqlı
yaş xırıltılar yeni yaranmış eksudativ ocaqlı proses zamanı və yaxud da ağciyər toxumasının
dağılması zamanı eşidilir. Ağciyərlərin xroniki ocaqlı vərəmi zamanı quru xırıltılar eşidilir ki, bu
da bronx ağacının deformasiyası və məhdud bronxitlə bağlıdır. Rentgenoloji müayinələr əsas və
vacib informativ metod sayılır. Ağciyərlərin ocaqlı vərəminin ən xarakterik rentgenoloji
əlamətləri incə tor şəkilli, zəif intensivli, dəqiq haşiyələnməmiş zolağa bənzər kölgələr kimi
görünür (peri- və parabronxit). Sonralar onların fonunda qeyri-bərabər formada zəif intensivli,
girintili-çıxıntılı, yaxud düzgün haşiyələnməmiş konturlara malik (“yumşaq” ocaqlar) tək-tək və
yaxud çoxsaylı 1 sm diametrdə ocaqlar aşkar olunur (ağciyərin paycığının ölçüləri). Göstərilən
rentgenoloji şəkil eksudativ xarakterli ocaqlarda qeydə alınır. Produktiv xarakterli yeni ocaqların
diametri 3-6 mm olur, forması dairəvidir, yaxud politsiklikdir, yonca yarpağına bənzəyirlər.
Produktiv ocaqlar isə, adətən tək-tək olur, orta intensivlikli, dəqiq haşiyələnmiş konturlara malik
olurlar. Yeni aşkar olunmuş təzə ocaqlı vərəmdə, əksər hallarda ağciyər toxumasına yayılan
vərəm mikobakteriyalarının mənbəyi sayılan kalsinasiyaya uğramış döş qəfəsi limfa düyünləri
aşkar edilir.
Ağciyərlərin xroniki ocaqlı vərəmində ocaqlar yüksək intensivli və aydın, dəqiq konturları
ilə seçilir. Bununla belə, köhnə ocaqlarla bərabər yeni təzə ocaqlar da aşkar olunur. Bunlar,
adətən, körpücük sümüyüüstü nahiyədə yerləşirlər.
Ağciyərlərin xroniki ocaqlı vərəmi uzunmüddətli gedişi zamanı bronx-damar dəstəsi
istiqamətində, ocaqlar ətrafındakı və plevra üzərindəki fibroz dəyişikliklər rentgenoloji şəklin
kölgələri içərisində üstünlük təşkil edir. Ağciyərlərin ocaqlı vərəmi zamanı bir və ya bir neçə
ocağın yumşalması
nəticəsində parafokal boşluq, kaverna yarada bilər.
Prosesin xarakterini, yayılma dərəcəsini, lokalizasiyasını aşkar etmək üçün mütləq
tomoqrafık müayinə aparılmalıdır.
Ağciyərlərin ocaqlı vərəmi zamanı tuberkulinə qarşı reaksiya sönük olur və vərəmə
yoluxmuş, ancaq hələ xə-stələnməmiş şəxslərdəkindən fərqlənmir. Odur ki, ocaqlı dəyişikliklərin
etiologiyasını müəyyən etmək üçün Kox sınağından istifadə oluna bilər ki, bu da ümumi və