SUSMA, QƏDİR
“Qədirin sorağında” telefilmə
baxdım və...
Qədiri Azərbaycanı qarış-qarış gəzib axtaran qardaş, axı yolu düz tutmamısan, istiqaməti
düz götürməmisən. Bilirsənmi Qədiri harda axtarmaq lazımdır, harda tapmaq olar? Qədir
Qarabağdan kənarda, Ağdamdan qıraqda ola bilməz, yaşaya bilməz. Qarabağdan kənarda
tapdığın Qədirin cismi ola bilər. Onun ruhu, səsi isə Qarabağdadır. O da əsirdir, o da şəhiddir, o
da yaralıdır. Dağların qarlı zirvəsində, dərələrin yaşıl qanadları altında, çayların dərdli
şırıltısında, bulaqların həzin zümzüməsində, meşələrin qəm laylasında, yolların həsrət
bayatısındadı Qədir. Amandır, Qədiri başqa yerdə axtarmayın, “Sona bülbüllər” küsər gedər bu
ellərdən, “Qarabağ şikəstəsi” susar, dillənməz dillərdə.
Susma Qədirim, susma,
Bu sükut qəlbimi didər.
Səs payını eldən kəsmə,
“Sona bülbül” küsər gedər.
Ağdamın qəmli neyisən,
Yaraların göynəyisən.
Sənə didərgin deyilsə,
Vallah, vətən küsər gedər.
BALACALAR ÜÇÜN BÖYÜK NAĞIL
Qarişdirdim röyamı,
Qəlb sevgidən doyarmı.
İtirdim Qarabağı,
Şirin şəkər dünyamı.
Biri vardı, biri yохdu, yох, yох, biri vardı, biri var və daim оlacaq Azərbaycan adlı
böyük, ulu bir dünyanın Qarabağ adlı ağır еlli-еlatlı, şirin sözlü-söhbətli, tоrpağı bərəkətli,
insanları sədaqətli gözəl bir оylağı, dilbər bir guşəsi var. Bağışla balası mən səni оra apara
bilmirəm. Çünki о yurd əsirdir, dustaqdır. О yurda aparan yоllar tikanlıdır, sənin də ayaqların
çох zəriфdir,dözməz tikanlara. Ayaqları möhkəm, qоlları güclü əmilər, dayılar bir gün о yurdu
əsirlikdən çıхarar və mən səni о yurdun həsrətli köksünə sıхaram. Dоlanarıq başına о dərdli
dağların, о gözəl yaylaqların. Gözəlliyinə dünyada tay оlmayan, səadətdən pay almayan gəlin
Şuşamın yaralarına dağ güllərindən məlhəm qоyarıq.
Dərd çırpdı daşa məni.
Vеrdi qan-yaşa məni.
Kimsə yanmamış оdla,
Yandırdı Şuşa məni.
Ağdamın qara günlərini yaralı şikəstə ilə unutdurarıq, Kəlbəcəri ulu sazın səsi ilə
оvudarıq, Cəbrayılı, Qubadlını, Laçını, Хankəndini, Zəngilanı şirin məhəbbətlə, isti
səmimiyyətlə bağrımıza basar, göz yaşlarını silərik. Хоcalının qanlı tоrpağında sеvinc yaşları ilə
əlvan güllər əkərik.
Bu gün olacaq balası, vallah olacaq. Bu gün nağıl kimi dinlədiyin həqiqəti sabah özün
görəcəksən, biləcəksən və ardını özün yaradacaqsan. Nisgillərimizi əridəcəksən, həsrətlərimizi
ovudacaqsan, vüsalımızı oyadacaqsan. Qarabağ adlı bir məkanı sevə-sevə böyüyəcəksən, bu
istək də sənlə bərabər boy-boy artacaq, böyüyəcək. Həsrətdən sozalan, qəmdən sızıldayan
nənələrini, babalarını vətənə məhəbbətinlə, xoş əməlinlə ovudacaqsan, ağrısını soyudacaqsan.
Həsrətəm apar məni,
Bu dərddən qurtar məni,
Dərmanım orda qalıb,
O yurda qaytar məni.
“ŞUŞANIN DAĞLARI”
İTDİ DUMANDA
Hamımızın çox sevdiyi bir mahnı var: “Şuşanın dağları”. Nə vaxt yaranıb, kim
bəstələyib, ilk ifacısı kim olub, məlum deyil. Məlum olan odur ki, onu hamı sevib. Oxuyanlar da
sevə-sevə dinləyib. Son illərə qədər mən bu mahnını şərbət içmiş kimi şirin bir qəhər boğazımı
acışdıra-acışdıra dinləmişəm. Həzin bir intizar, məftun bir iftixar hissi köksümü qabardıb,
qəlbimi döyündürüb. Şuşanın gözəlliyini görüb, şirinliyini duyanlar bu mahnı ilə o hissləri dönə-
dönə yaşayıblar. Şuşanı görməyənlər isə bu mahnı ilə onun gözəlliyini görüblər, lətafətini
duyublar, təsəvvür ediblər. Vurulublar ona. Amma indi bu mahnını dinləyə bilmirəm. Həm
utanıram, həm də yanıram. İtirdiyimizə yanıram, qaytara bilmədiyimizə utanıram.
“Şuşanın dağları başı dumanlı”...
İtirdik dumanda bu dağları. Qatı, qaranlıq duman aldı Şuşamızı. Bu dumanı əridən işıq
gözləyir dağlar.
“Dərdindən ölməyə çoxdur gümanlı”...Hanı, hanı görmürəm. Şuşanın azadlığı uğrunda
qatarlaşan igidlərim hardasız? Toplayın təpərinizi, cəmləyin qeyrətinizi.
“Şuşanın hər yerdə vardır sorağı”...
Bu hansı soraqdır, bu hansı səsdir? Mədəniyyət, musiqi beşiyimizin dustaq, əsir sədası,
sorağıdırmı? Bu sorağı car çəkməkdən yorulmadıqmı?
“Tərifə layiqdir İsa bulağı”...
Yox, yox, daha İsa bulağının baldan şirin suyu göz yaşı kimi acıdır. O bizdən
qeyrətlidir, içirməz yadlara şərbət suyunu.
“Şuşada axşamlar yanar ulduzlar”...
Daha yanmır ulduzlar, ağlayır. Ulduz-ulduz göz yaşı yağır göylərdən.
“Onlardan gözəldir gəlinlər, qızlar”...
Aman Allah, bu gözəllər yad əllərdə, əsir düşərgələrində neyləyir görəsən. Solğun
bənizlər, qan-yaş dolu gözlər yaddaşımdan silinmir ki, silinmir.
“Oturub yol üstə yarını gözlər”...
Yol üstə çıxan, elini gözləyən, gözü yollarda dumana düşən, bağrı qan olan Şuşam
mənim. Harayına çatıb, gözünü yollardan yığacağıqmı? Sənsizliyi daş edib bağrımıza basa-basa
nə qədər dözəcəyik axı?
Oxumayın bu mahnını siz Allah! Şuşasız oxumayın!
Şuşanın dağları itdi dumanda,
Ürəyi əridi ahda-amanda,
Ümidi çırpınır şirin gümanda,
Yollardan gözünü yığın, Şuşamın.