4) qanunvericilikdə
nəzərdə
tutulmuş
digər
şərtlərlə.
Bələdiyyə mülkiyyətində olan su təsərrüfatı obyektlərindən, əsasən əhalinin həyat və
sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq, onları içməli su ilə təchiz etmək,
təsərrüfat-məişət ehtiyaclarını ödəmək, habelə kütləvi istirahət (rekreasiya), müalicə, turizm,
idman və başqa məqsədlər üçün istifadə edilir.
Mülkiyyət hüququnun növləri. Mülkiyyət hüququnun formaları öz növbəsində
növlərə bölünə bilər. Məsələn, vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyəti növ kimi
müvafiq mülkiyyət formalarının tərkibində nəzərdən keçirilə bilər.
Mülkiyyətin növlərə ayrılmasının müxtəlif səbəbləri ola bilər. Növlər bir mülkiyyət
formasının hüdudlarından çıxmaya da bilər (dövlət - bələdiyyə), eyni zamanda, mülkiyyətin
formasından asılı olmaya da bilər. Məsələn, ümumi mülkiyyət hüququnun iki növü - paylı
mülkiyyət və birgə mülkiyyət hüququ iki və daha artıq şəxsə məxsusdur. Burada payçılar
qismində həm dövlət, həm də xüsusi mülkiyyətçilər çıxış edə bilər.
Mülkiyyətin növlərə bölünməsi konkret əmlakdan da asılı ola bilər. Bu nöqteyi-
nəzərdən mülkiyyət hüququnu daşınar və daşınmaz əmlaka görə də fərqləndirmək olar.
Mülkiyyət hüququnun növləri eyni zamanda yarımnövlərə də ayrıla bilər. Məsələn,
xüsusi mülkiyyətin növü kimi hüquqi şəxslərin mülkiyyətini öz növbəsində təsərrüfat
ortaqlıqları və cəmiyyətləri, istehsal və istehlak kooperativləri, ictimai və dini təşkilatların
mülkiyyətinə və s. bölmək olar.
Mülki qanunvericilikdə mülkiyyət hüququnun xüsusi bir növü olan ümumi mülkiyyət
hüququna geniş yer verilir.
İki və ya bir neçə şəxsin (mülkiyyətçilərin) eyni bir əmlak üzərində mülkiyyəti ümumi
mülkiyyət adlanır. Ümumi mülkiyyət hüququ dedikdə, eyni bir əmlakın bir neçə şəxsə
məxsus olduğunu təsbit və mühafizə edən, həmin əmlak üzərində ümumi mülkiyyətçilər
tərəfindən birlikdə sərəncam verilməsini, sahibliyini və istifadə etmələrini nizama salan
hüquq normalarının məcmusu başa düşülür. Ümumi mülkiyyət hüququ aşağıdakı əlamətləri
ilə xarakterizə edilir:
1. Ümumi mülkiyyət hüququ subyekt çoxluğuna əsaslanır. Burada subyektlərin sayı
həmişə ikidən artıq olur;
2. Ümumi mülkiyyət hüququ özünün obyekt vahidliyi ilə xarakterizə olunur.
Ümumi mülkiyyət iştirakçıları mülkiyyət hüququnu bütün mülkiyyətçilərin razılığı ilə
həyata keçirirlər. Onlardan heç biri digər mülkiyyətçilərin razılığı olmadan əmlak üzərində
sərəncam verməyə haqlı deyildir.
Ümumi mülkiyyət hüququ qanundan, müqavilədən, vərəsəlikdən və digər əsaslardan
əmələ gələ bilər.
Məzmununa görə ümumi mülkiyyətin iki növü fərqləndirilir:
1. Paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət);
2. Paylar məlum olmayan ümumi mülkiyyət (birgə mülkiyyət).
Ümumi mülkiyyətin növləri arasındakı fərq ondan ibarətdir ki, paylı ümumi
mülkiyyətdə iştirak edən hər bir şəxsin payı əvvəlcədən məlum olur. Birgə ümumi
mülkiyyətdə isə iştirakçıların payı məlum olmur.
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarının payları bərabər və yaxud qeyri-
bərabər ola bilər. Mülki Məcəllənin 214-cü maddəsinə əsasən, əgər paylı mülkiyyət
mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən, təyin edilə bilmirsə və bütün
mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı
mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və
artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının
müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.
Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş
qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin
əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə
artırılması hüququna malikdir.
Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün
mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin
müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Paylı mülkiyyətdə hər bir iştirakçı öz payını bağışlama, mübadilə, satma yolu ilə
özgələşdirmək hüququna malikdir. Lakin pay satılarkən qalan iştirakçılara həmin payı almaq
üçün üstünlük verilir. Paylı ümumi mülkiyyətin hər bir iştirakçısı öz payını ümumi əmlakdan
ayırmağı tələb etməyə haqlıdır. Əmlakı onun təsərrüfat təyinatına zərər yetirmədən bölmək
mümkün olmadıqda payın əvəzi pulla verilir.
Ümumi mülkiyyətin ikinci növü birgə mülkiyyətdir. Birgə mülkiyyət dedikdə, əmlak
üzərində bir neçə şəxsin paylar məlum olmayan mülkiyyəti başa düşülür. Birgə mülkiyyətin
də iki növü fərqləndirilir:
1. Ər-arvadın birgə mülkiyyəti;
2. Kəndli (fermer) təsərrüfatı üzvlərinin birgə mülkiyyəti. Ər-arvad və yaxud kəndli
(fermer) təsərrüfatı üzvləri mülkiyyət hüququnu - sahiblik, istifadə və sərəncam hüququnu öz
aralarında razılığa əsasən, həyata keçirirlər. Birgə mülkiyyət hüququna əşyanın (əmlakın)
özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin
mövcudluğuna son qoyulması ilə xitam verilir.
3. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi (xitamı).
Mülkiyyət hüququ elə subyektiv hüquqlara aiddir ki, o müəyyən hüquqi faktların
olması və yaxud onların məcmusu zamanı əldə edilir. Belə hüquqi faktlar mülkiyyət
hüququnun əldə edilməsi əsasları (üsulları) adlanır.
Mülkiyyət hüququnun əldə edilməsi üsulları ilkin və törəmə olmaqla iki yerə bölünür.
İlkin və törəmə üsulların fərqləndirici kriteriyalarına gəlincə, birincisində kriteriya kimi
iradəvi, ikincisində isə hüquq varisliyi əsas götürülür.
İradəvi kriteriya tərəfdarları hesab edirlər ki, mülkiyyət hüququnun əldə edilməsinin
ilkinə elə üsullar aiddir ki, bu zaman mülkiyyət hüququ iradədən asılı olmayaraq əldə edilir.
Törəmədə isə mülkiyyət hüququ mülkiyyətçi sələfin iradəsindən asılı olaraq əldə edilir.
Hüquq varisliyi üsullarının tərəfdarları isə ilkinə o üsulları aid edirlər ki, onun əsasında
hüquq varisliyi yoxdur, törəmədə isə üsullar hüquq varisliyinə söykənir.
Bu mübahisələr həm nəzəri, həm də praktiki əhəmiyyət daşıyır. Məsələn, iradəvi
kriteriyanın tərəfdarları milliləşdirməni sözsüz olaraq mülkiyyət hüququnun əldə edilməsinin
ilkin üsullarına şamil edirlər. Dövlət bu zaman əvvəlki mülkiyyətçinin iradəsi ziddinə olaraq
mülkiyyətçi olur. Əksinə, hüquq varisliyi üsullarının tərəfdarları isə milliləşdirməni
mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsulu hesab edirlər.
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin və törəmə üsulları qüvvədə olan
qanunvericiliklə birbaşa olaraq təsbit edilməmişdir. Lakin bu üsullar qanunun təfsirində öz
əksini tapır.
İlkin üsulla mülkiyyət hüququnun əldə edilməsi o deməkdir ki, əşya üzərində
mülkiyyət hüququ əvvəllər heç kəsə məxsus olmamışdır və ilk dəfə əldə edilir.
Mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsuluna aşağıdakılar aid edilir: yeni
hazırlanmış əşya üzərində mülkiyyət hüququnun əldə edilməsi; emal; yığılması hamıya
müyəssər olan əmlakın mülkiyyətə götürülməsi; sahibsiz əmlak üzərində mülkiyyət hüququ;
tapıntı; nəzarətsiz heyvanlar; dəfinə; əldə etmə müddəti; özbaşına (icazəsiz) tikilmiş tikililər
üzərində mülkiyyət hüququnun əldə edilməsi və s.
Mülkiyyət hüququnun törəmə üsulla əldə edilməsinə aiddir: milliləşdirmə;
özəlləşdirmə; hüquqi şəxsin ləğvi və yenidən təşkili zamanı onun əmlakına mülkiyyət
hüququnun əldə edilməsi; rekvizisiya və müsadirə; vərəsəlik hüququ əsasında mülkiyyət
hüququnun əldə edilməsi və s.
Bu üsulların bəziləri (məsələn, rekvizisiya, müsadirə və s.) həm də mülkiyyət
hüququnun itirilməsi (xitamı) üsullarına aiddir. Çünki bazar iqtisadiyyatı dövründə şeylərin
mülki dövriyyədə dolanmasının yüksəlməsi, onlara sahiblik hüququnun da tez-tez dəyişməsi
ilə səciyyələnir. Bu isə bir şəxsdə, mülkiyyət hüququnun əldə edilməsi, digər şəxsdə isə belə
Dostları ilə paylaş: |