69
bahasına olursa-olsun, geri qaytarılmalıdır. Ceyhun bəyin irsinin bütünlüklə nəşri,
nəşrinin Vətənə gətirilməsi, adının əbədiləşdirilməsi də qarşıda duran
vəzifələrdəndir.
Fevralın 3-ü C.Hacıbəylinin anadan olmasının 107-ci ildönümüdür. Təbii ki,
bu rəqəm ənənələrə görə yubiley kimi qeyd olunmur. Lakin fikrimizcə, xalqın
tarixində və taleyində C.Hacıbəyli kimi silinməz iz buraxmış hər bir kəsin ad
gününü hər il xatırlamağa dəyər.
1 dekabr 1998-ci il.
• İlyas Əfəndiyev
Nasir və dramaturqun… lirikasi
Obrazın daxili aləmini, hiss və həyəcanlarını, duyğu və fikirlərini əks etdirən
lirika, onun xüsusiyyətləri haqqında
Aristotel, sonralar
Belinski, Hegel və başqaları
ətraflı bəhs etmişlər. Oynaq, canlı dil, ekspressivlik və metaforiklik, adətən həcmcə
qısa və yığcam olan lirik əsərlər – şeirlər üçün xarakterikdir. Lakin maraqlı və
diqqətçəkəndir ki, Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas
Əfəndiyevin (1914-1996) yaradıcılığından söhbət açan tanınmış ədəbiyyatşünas,
akademik Yaşar Qarayev İlyas Əfəndiyevin şeir yazmadığını xüsusi vurğuladıqdan
sonra, «İlyas Əfəndiyevin lirikası Azərbaycanda bugünkü milli ədəbi hərəkatın
üslub əlvanlığını və forma zənginliyini qabarıq şəkildə əks etdirir» qənaətini
cəsarətlə bəyan edir. O yazır: «Əlbəttə, mübahisə etmək olar ki, İlyas Əfəndiyev
daha çox nasirdir, ya dramaturqdur? Hətta, mübahisə etmək olar ki, nəsrdə də,
dramaturgiyada da o, daha çox ədibdir, yoxsa şairdir? Lakin bir şey
mübahisəsizdir: İlyas Əfəndiyev hər şeydən əvvəl, bir lirikdir, şairanə istedad və
üsluba malikdir».
Akademik Yaşar Qarayev İlyas Əfəndiyev yaradıcılığının təkrarsızlığını,
nəsrdə və dramaturgiyada onu hamıdan ayıran cəhəti məhz «poetik fərdilikdə»,
«vüsətli, miqyaslı fəlsəfi lirikada», «İlyas Əfəndiyev» ünvanlı poetik bir işıqda
görür: «Fəal, yenilik duyğusu, təzəni, işığı, sabahı ifadə edən və hər şeyə şairanə,
həssas və heyran bir münasibət bu istedadın zahiri əlaməti deyil, təbii fitri bir
xüsusiyyətidir. Onun yazıçı «mən»inin ən çox və ən tam halda təzahür etdiyi
keyfiyyətdir».
…İlyas Əfəndiyev haqqında çox yazılmışdır, sağlığında da, vəfat etdikdən
sonra da. Onun hekayələri, povestləri, dram əsərləri müxtəlif aspektlərdən
işıqlandırılmış, aktual və əhəmiyyətli tədqiqat predmeti kimi araşdırılmış,
dəyərləndirilmişdir. Səməd Vurğun, Məmməd Araz, Mehdi Hüseyn, Mirzə
İbrahimov, Kamal Talıbzadə, Cəfər Cəfərov, Məmməd Cəfər, Əli Vəliyev, Osman
Sarıvəlli, Cəfər Xəndan, Əli Sultanlı, Mehdi Məmmədov, Əkbər Ağayev, Əzizə
Cəfərzadə, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı kimi qələm
sahibləri İlyas Əfəndiyev yaradıcılığına dəfələrlə müraciət etmişlər. Mübaliğəsiz