72
publisistik əsərləri, istər ən müxtəlif peşə sahiblərinin qələmə aldığı yazılar üçün
səmimiyyət, gerçəklik, obyektivlik, prinsipiallıq xarakterik olmuşdur.
Son illərədək böyük yazıçı-dramaturqun həyat və fəaliyyəti ilə bağlı
müxtəlif janrlarda 600-ə yaxın əsər qələmə alınmışdır (ətraflı bax: Əmin
Əfəndiyev, İlyas Əfəndiyev: biblioqrafik göstərici. Bakı, 2002-ci il, «Çinar-Çap»,
240 səh.). Xalq yazıçısı İlyas Əfəndiyev haqqında yazılanlar sırasında sırf elmi-
tədqiqat yönlü materiallar xüsusi yer tutur. «Ə.Ağayevin «Kənddən məktublar»
adlı resenziyası ilə başlanan bu tədqiqat prosesində respublikamızın ən tanınmış və
görkəmli ədəbiyyatşünas alimləri, teatrşünasları və jurnalistləri iştirak etmişlər»
(yenə orada, səh.9).
İlyas Əfəndiyevin əsərləri hələ sağlığında həmişəyaşar statusu almışdır. Bu
gün də onun zəngin və maraqlı irsi geniş oxucu kütləsi ilə bərabər tədqiqatçıların,
teatr və kino rejissorlarının sevə-sevə, dönə-dönə müraciət etdikləri ədəbi sərvətdir.
Gənc tədqiqatçı Səidə Şahbazovanın «İlyas Əfəndiyevin tarixi dramları» (Bakı,
«Ağrıdağ» nəşriyyatı, redaktoru: prof. Himalay Qasımov, rəyçilər: prof. Şamil
Salmanov, Akif Əliyev, 2002-ci il, 132 səh.) adlı monoqrafiyası fikrimizi təsdiq
edən son nümunələrdən biridir. Monoqrafiyanın mövzusu yeni və maraqlıdır.
Ədəbi xəzinəmizdə tarixi dramaturgiyanın ayrı-ayrı nümunələrinin, o
cümlədən Nəriman Nərimanovun «Nadir şah», Ə.Haqverdiyevin «Ağa Məhəmməd
şah Qacar», H.Cavidin «Topal Teymur», S.Vurğunun «Vaqif» əsərləri, onların
ideya-məzmun, dil, üslub, mövzu və sənətkarlıq xüsusiyyətləri, aktuallığı,
əhəmiyyəti ilə bağlı çox sayda tədqiqat işi işıq üzü görsə də, monoqrafiya
müəllifinin fikrincə, «Azərbaycan dramaturgiyasının janr tipologiyasının bir
təzahürü olan milli tarixi dramın ənənəvi sosioloji – ideoloji (! – kursiv bizimdir –
T.A.) qəliblərdən təmizlənmiş bədii-estetik dərkinə və qiymətləndirilməsinə,
şübhəsiz ki, indi daha çox ehtiyac vardır» (səh.4). Digər tərəfdənsə, tədqiqatçının
«İlyas Əfəndiyevin tarixi dramlarına yazıçının yaradıcılıq yolundan, ədəbi
fəaliyyətindən bəhs edən məqalə və monoqrafiyalarda bu və ya digər şəkildə
toxunulsa da, həmin problemin ciddi tədqiqat obyektinə çevrildiyini etiraf etmək
çətindir» - qənaəti tədqiqat predmetinin aktuallığına və əhəmiyyətinə dəlalət edir.
Monoqrafiya iki fəsildən ibarətdir: Tarixi dramın nəzəri məsələləri. Tarixilik və
müasirlik janrın problemi kimi və İlyas Əfəndiyevin dramaturgiyasında tarixi dram
janrı.
Birinci fəsildə tədqiqatçı ədəbi mühitdə tarix və müasirlik kateqoriyaları,
tarixi janr, tarixi həqiqət və yazıçı təxəyyülü ilə bağlı tanınmış ədəbiyyatşünasların
mülahizə və mühakimələrinə yaradıcı münasibət bildirir, onları dəyərləndirir, yeni
elmi-nəzəri fikirlərlə zənginləşdirir. Tarixi və bədii həqiqətin qarşılıqlı əlaqəsindən
bəhs edən tədqiqatçı göstərir ki, tarixi janr, konkret halda tarixi dram sənətkara
düşüncə və xəyallarını tarixlə şərtləndirmək və əlaqələndirmək imkanı verir. Bu
qənaəti əsaslandırmaq üçün ilk milli tarixi dramdan və sonralar bu sahədə
formalaşmış ənənələrdən söhbət açır. Təqdirəlayiqdir ki, müraciət etdiyi
mənbələrdə dram janrına, onun mövzu və qəhrəman probleminə, tarixi şəxsiyyət,
hadisə və faktlara dair deyilmiş fikirləri saf-çürük edən tədqiqatçı bu janrın yeni
təşəkkül və inkişaf meylləri ilə bağlı maraqlı və diqqətçəkən mülahizələr söyləyir.
73
Əsərin ikinci fəslində İlyas Əfəndiyevin dramaturgiyasında tarixi dramda
tarixiliklə müasirliyin vəhdətindən söhbət açan tədqiqatçı yazır: «Onun
dramaturgiyası ən həyəcanlı məqamlarda da siyasi konyuktorlardan doğulduğunu
iddia etmədi, dilinə gətirmədi, estetik idealında zahiri pafosa, sürətə, kollektiv
təfəkkürə üstünlük vermədi, sosial sifarişi deyil, qəlbinin hökmünü ifadə etdi və
beləliklə, sənətini layiq olduğu mərtəbəyə yüksəltdi» (səh.45).
Monoqrafiya müəllifi İlyas Əfəndiyev dramaturgiyasının milli-mənəvi
keçmişimizin ideya-poetik təcrübəsinin marksist metodoloji təlimlə bir yerə
sığmadığı qənaətini əsaslandırmağa çalışır və istəyinə nail olur. Yaşanan dövrün
mənəvi-əxlaqi problemlərinin həlli üçün tarixi yaddaşla silahlanan İlyas Əfəndiyev
tarixdə yaşamaq haqqı qazanmış hadisə və şəxsiyyətlərin izlərini bədii təsvir
predmetinə çevirir, «tarixin qalın kitablarını millətin alın kitabları kimi yazırdı və
beləliklə, tarixi dram janrının yeni təzahürlərini yaradırdı» (səh.46).
İlyas Əfəndiyev tarixi mövzuda ilk dramını («Mahnı dağlarda qaldı») 1971-
ci ildə, sonuncunu 1994-cü ildə («Hökmdar və qızı») qələmə almışdır. Həmin dövr
ərzində Azərbaycan dramaturgiyasının bütün yükünü öz çiyinləri üzərinə götürən
yazıçı ümumilikdə iyirmidən çox dram əsəri yazmış, Azərbaycan teatrında «İlyas
Əfəndiyev məktəbi»ni yaratmışdır.
İlyas Əfəndiyevin ictimai mühitdə iz buraxan tarixi hadisələrə söykənərək,
yalnız «tarixi-xronikal səpkili», yaxud «tarixi mövzuda yazılan səhnə əsəri»
yaratdığı fikirləri ilə razılaşmayan tədqiqatçı göstərir ki, dramaturq tarixin və
yaddaşın dərinlikləri ilə bərabər, obrazların daxili-mənəvi dünyasına, ruhuna nüfuz
edərək, tarixi mövzuda fəlsəfi-didaktik təmayüllü lirik-psixoloji dram əsərlərini
ərsəyə gətirmişdir.
Tədqiqatçı bu fikrində haqlıdır ki, «Mahnı dağlarda qaldı», «Xurşidbanu
Natəvan», «Hökmdar və qızı» kimi əsərlərində İlyas Əfəndiyev üçün tarixilik təkcə
tarixə müraciətdə, tarixi materialda deyil, müasiri olduğu tarixlə, keçmişi indi ilə
ələqaləndirilməsindədir. Bax, tədqiqatçının belə bir elmi-nəzəri qənaətini həyatın
özü – İlyas Əfəndiyevin həmişəyaşar irsi təsdiqləyir.
Monoqrafiya müəllifi İlyas Əfəndiyevin tarixi dramlarındakı obrazlar
qalereyasına hansısa missiyanı həyata keçirən bir qrup insan kimi baxmır. Onların
xarakter və düşüncələrini, hiss və həyəcanlarını, ovqatını, niyyətini, məramını, bir-
birlərinə münasibətini ayrı-ayrılıqda təhlil etməyə, fərdi şəkildə dəyərləndirməyə
üstünlük verir.
Bu zaman həm qəhrəmanın xarakteri qabarır, özünəməxsus cizgiləri üzə
çıxır, həm də dramaturqun öz obrazı vasitəsilə cəmiyyətə ünvanladığı əgər belə
demək mümkündürsə, «mesaj» bütün təfsilatı ilə aşkarlanır. Tədqiqatçı obrazlara
münasibət bildirərkən, eyni zamanda həm İlyas Əfəndiyevin öz qəhrəmanları, həm
də digər dramaturqların personajları ilə müqayisə edir, fərqli və oxşar cəhətlərini
üzə çıxarır, onların ədəbi mühitdəki yerini müəyyənləşdirməyə çalışır.
Beləliklə, monoqrafiyada böyük dramaturqun tarixi dramlarının tarixi dram
janrının ənənəvi və müasir ədəbiyyatşünaslığın tələbləri səviyyəsində
araşdırıldığını söyləyə bilərik. Bununla belə, əsər nöqsansız da deyildir. Şübhəsiz
ki, Ə.Ağayev, M.Arif, M.Cəfər, X.Əlimirzəyev, S.Əsədullayev, Mehdi Hüseyn,
Qulu Xəlilli, Y.Qarayev, C.Məmmədov, B.Nəbiyev, Şamil Salmanov, Y.Seyidov,
Dostları ilə paylaş: |