70
desək, son 50-60 ilin bütün tənqidçiləri İlyas Əfəndiyev irsindən yazmışdır və
böyük sənətkarın əsərlərinin mövzusu, ideyası, sənətkarlıq xüsusiyyətləri,
aktuallığı, əhəmiyyəti barədə ən yüksək fikirlər söyləmiş, İlyas Əfəndiyev
yaradıcılığını «ədəbi məktəb», ondan qidalanan teatrı «İlyas Əfəndiyev teatrı»
adlandırmış, yazıçının fəaliyyətini ədəbiyyat tarixinin yeni inkişaf mərhələsi
kontekstindən və elmi-nəzəri baxımdan qiymətləndirmişlər. Bu proses – İlyas
Əfəndiyev irsinin tədqiqi bu gün də davam edir və sabah da dayanmayacaqdır. Son
vaxtlar işıq üzü görən müxtəlif nəşrlər, KİV-də verilən materiallar qənaətimizin
təbii və doğru olduğuna dəlalət edir. Lakin yazının əvvəlində toxunduğumuz
mətləbə və məsələyə qayıdaraq qeyd etmək istərdik: İlyas Əfəndiyev
yaradıcılığında dil, üslub problemi elə şəkildə təzahür edir ki, bu mövzunun ayrıca
öyrənilməsi zərurətə çevrilir.
Ədiblər doğma dilin yaşadıcıları, təəssübkeşləri, əzabkeşləridir. Dilin
işləkliyi, onun zənginləşdirilməsi söz ustalarının tale və tarixi missiyasıdır. Onlar
bu vəzifəni, əgər belə demək mümkündürsə, iki yolla həyata keçirmişlər.
M.F.Axundzadə və Mirzə Cəlil kimi maarifçilər dilin saflığı, təmizliyi uğrunda hər
iki üsuldan istifadə etmişlər: bir tərəfdən dilin bütün zənginliyini, gözəlliyini
özündə əks etdirən bədii əsərlər yaratmışlar, digər tərəfdən həmkarlarını da doğma
dildə, sadə, açıq, aydın yazmağa səsləmiş, ana dilinin təmizliyi uğrunda
fədakarcasına mübarizə aparmışlar. Böyük Molla Pənah Vaqif, İsmayıl bəy
Qutqaşınlı və ulu Məhəmmədhüseyn Şəhriyar kimi sənətkarlar isə yaradıcılıqları
ilə ana dilinin keşiyində durmuş, onu zənginləşdirmiş, doğma dilin bütün güc və
qüdrətini qələmləri ilə nümayiş etdirmişlər. İlyas Əfəndiyevin ədəbiyyat, sənət və
mədəniyyət məsələlərinə həsr etdiyi məqalələrdə dil, üslub və sənətkarlıqla bağlı
dəyərli fikirlər, mülahizələr kifayət qədərdir. Lakin fikrimizcə, onun Azərbaycan
dili qarşısındakı ən böyük xidməti «bulaq suyu kimi şəffaf, təmiz dağ havası kimi
saf ifadə tərzi» ilə ərsəyə gəlmiş ədəbi irsidir. İlk yaradıcılığından toxunduğu
mövzuları, yaratdığı qəhrəmanları ilə yanaşı, dili, üslubu ilə ədəbi mühitin
diqqətini çəkən İlyas Əfəndiyev illər ötdükcə Azərbaycan ədəbi dilinə yeni-yeni
naxışlar vurmuşdur. Beynəlmiləlçilik və «sovet xalqı» adı altında milli sərvətlər, o
cümlədən dil sıxışdırılanda İlyas Əfəndiyev ana dilinin bütün gözəlliyini,
təravətini, zənginliyini, ecazkarlığını təbliğ edirdi – yəni bu dildə heyrətamiz
əsərlər yaradırdı. İlyas Əfəndiyevin oxucuları, tamaşaçıları ictimai yerdə bu dildə
danışdıqları, övladlarını bu dildə oxutduqları üçün xəcalət çəkmirdilər.
Xatırlayıram, 70-ci illərin ikinci yarısında Bakı metrosunun sərnişinləri – rus
dilini biləni də, bilməyəni də vaqona daxil olar-olmaz «Pravda», «Komsomolskaya
pravda», «İzvestiya» qəzetlərinə nümayişkaranə göz gəzdirərdilər. Sanki bununla
«mən mədəniyəm, aristokratam, savadlıyam» deyərdilər. Bir
dəfə bu səhnəni təkrar
seyr edərkən tələbə dostlarıma üz tutdum: «İmkanım olsaydı, bu vaqondakıları
birbaşa Azdramaya» - İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» tamaşasına
aparar və sonra soruşardım: «Hansı dil yaxşıdır?» Bəli, bu, keçmişimizin qəribə bir
epizodudur, lakin ibrətamiz tarixdir. İlyas Əfəndiyev əsərləri ilə bütöv bir sistemin
ilk baxışda görünməyən və dilimizə qarşı yönəlmiş mənfur niyyətləri ilə mübarizə
aparırdı.
71
Bu gün Azərbaycan müstəqil dövlətdir. Azərbaycan dili rəsmən dövlət dili
kimi təsbit edilmişdir. Lakin bu ali status da hələlik istənilən effekti vermir. Bir
tərəfdən dünyada informatikanın sürətli tərəqqisi, bizim isə elmi sahədə geriliyimiz
dilçiliyin inkişafında da müəyyən problemlər yaradır. Digər tərəfdən səbatsız, milli
dəyərlərə qarşı biganə insanların əcnəbi dillərə ifrat meyli, doğma
dilə münasibətdə
nankor, nadan mövqeyi Azərbaycan dilinin cəmiyyətdə mütləq hakim dil olmasını
əngəlləyir. Müxtəlif reklamlar, elanlar hələ də xarici dillərdə təqdim edilir.
Azərbaycan dilinin tətbiqi ilə bağlı ən yüksək səviyyədə qəbul edilən müxtəlif
hüquqi normativ aktlar hələ də istənilən bəhrəni vermir. Bax, bu zaman ana laylası
qədər şirin, əziz, doğma dilimizin ədəbi keşikçilərinin, təəssübkeşlərinin,
təbliğatçılarının danılmaz xidməti bütün əzəməti ilə göz önünə gəlir. Onların
cərgəsində bu gün də İlyas Əfəndiyev ön sıradadır. Bəli, bu gün böyük ədibin
«Kənddən məktublar» kitabında verilmiş ilk qələm təcrübələri olan «Qızbəs xala»,
«Qarımış oğlan», «Mirzə İman», «Uxajor» və sonradan qələmə aldığı onlarca digər
hekayəsi, «Bahar suları», «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda
bilmirəm», «Mahnı dağlarda qaldı», «Xurşidbanu Natəvan», «Büllur sarayda»,
«Şeyx Xiyabani», «Bizim qəribə taleyimiz», «Hökmdar və qızı» və sair kimi
pyesləri, «Qaçaq Süleymanın ölümü», «Torpağın sahibi», «Sadıqcanın nağılı» …
adlı povestləri, «Söyüdlü arx», «Körpüsalanlar», «Sarıköynəklə Valehin nağılı»,
«Geriyə baxma, qoca» … kimi romanlarının mövzusunun, ideyasının aktual və
əhəmiyyətli olduğu qətiyyətlə söylənilir. Və bu, həqiqətdir. Eyni zamanda İlyas
Əfəndiyevin əsərləri Azərbaycan dilinin saflığını, gözəlliyini, zənginliyini,
qüdrətini özündə yaşadan və gələcək nəslə ötürən böyük xəzinə və dilin keşiyində
ayıq-sayıq dayanan əvəzolunmaz milli mənəvi irsdir.
«Ədəbiyyat qəzeti»
3 oktyabr 2003.
Ədibin dramları haqqında yeni tədqiqat
XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin
əsərləri hələ onun ilk yaradıcılıq dövründən ədəbi ictimaiyyətin, tənqidçilərin və
tədqiqatçıların diqqətini çəkmişdir. Bu marağın səbəbini akademik Kamal
Talıbzadə sərrast ifadə etmişdir: «Ədib, adətən, hamı üçün aydın və məlum olan
həyat problemlərinə müraciət etməyi sevmir, gerçəkliyin elə həqiqətlərini, elə
məsələləri üzə çıxarmağı bacarır ki, onlar həm yeni olur, ədəbi maraq oyadır,
müasir problemlər barədə düşünənləri hərəkətə gətirir və təsadüfi deyil ki, ictimai
müzakirəyə, mübahisəyə səbəb olurlar» («Yazıçının ideyası və təhkiyə».
«Ədəbiyyat və incəsənət» qəzeti, 1980-ci il, 4 aprel). Elə bu səbəbdəndir ki, İlyas
Əfəndiyev yaradıcılığa başladığı ötən əsrin 30-cu illərinin sonu 40-cı illərinin
əvvəllərindən gənc nasirin ədəbi fəaliyyəti ilə bağlı mətbuatda məqalələr işıq üzü
görməyə başlayır. İlyas Əfəndiyev haqqında istər görkəmli elm, mədəniyyət
xadimlərinin, nüfuzlu ədəbiyyatşünasların, yazıçı və şairlərin elmi-nəzəri,