74
K.Talıbzadə kimi qüdrətli qələm sahiblərinin müraciət etdiyi İ.Əfəndiyev irsinin
tədqiqinə
təcrübəsiz
tədqiqatçının
girişməsini onun cəsarəti kimi də
qiymətləndirmək olar. Lakin fikrimizcə, ədəbi tənqiddən, xüsusilə tarixi dramların
tədqiqindən bəhs edərkən, tədqiqatçının «tarixi dramın istənilən səviyyədə tədqiq
olunmaması» kimi ünvansız mülahizələri, yaxud İlyas Əfəndiyevin tarixi
dramlarının öyrənilməsindən danışarkən, «etiraf olunmalıdır ki, bu iş lazımi elmi
səviyyədə və əhatəli aparılmamışdır» fikrinin əsaslandırmasına ehtiyac hiss olunur.
Özü də nəzərə alsaq ki, müəllif monoqrafiya boyu öz qənaətlərini, mülahizələrini
İlyas Əfəndiyev irsinin tədqiqatçılarından gətirdiyi sitatlarla zənginləşdirir,
möhkəmləndirir, elə bilirəm ki, onun bu iradları anlaşıqlıqla qarşılanmır.
Tədqiqatçının predmetə yanaşma tərzi dəyişkən və fərqli təsiri bağışlayır. O,
bəzən elmi üslubdan məharətlə istifadə edir, bəzən isə fikirlərini çatdırmaq üçün
söz sarıdan əziyyət çəkir.
İlyas Əfəndiyevin yüksək bədii dəyərə malik tarixi dramları, əgər belə
demək mümkünsə, Dövlət Akademik Dram Teatrının səhnəsindən pərvazlanmış,
populyarlaşmış, nüfuz qazanmış, uzun illər sözün həqiqi mənasında Azərbaycan
teatrına nəfəs vermişdir. Odur ki, fikrimizcə, monoqrafiyada qısa da olsa, tarixi
dramların səhnə taleyindən bəhs etmək yerinə düşərdi. Böyük dramaturqun sovet
rejimi və ideologiyasının maraqlarına zidd, lakin doğma xalqının tarixi və taleyi ilə
bağlı mövzu (Cənubi Azərbaycan və s.) və qəhrəmanları (Şeyx Xiyabani, Böyük
bəy və başqaları) ədəbi mühitə gətirmək cəsarəti və sözün qüdrəti ilə bu cür
problemləri daha da qabartmaq, cəmiyyətin yaddaşına həkk etmək məharəti və
bütün bunların əks-sədası, ictimai rəyə təsiri barədə yazmağı təəssüf ki, tədqiqatçı
unutmuşdur.
Bu cür və buna bənzər qüsurlar monoqrafiyanın ümumi elmi dəyərini
azaltmır.
«525-ci qəzet»
24 iyul 2003
HəmiĢəyaĢar sənət və sənətkar
1996-cı il oktyabr ayının 3-də – 5 il bundan əvvəl görkəmli nasir və
dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyev dünyasını dəyişmişdir. Lakin o, miras
qoyub getdiyi zəngin irsində, çoxsaylı oxucuların, teatrsevərlərin qəlbində, ədəbi
mühitə vəsiqə verdiyi onlarca obrazda bu gün yaşayır, yəqin ki, sabah da
yaşayacaqdır. Çünki bu qəhrəmanlar Azərbaycan cəmiyyətinin, tarixinin, həyat və
düşüncə tərzinin, adət və ənənəsinin, məişətinin, təbiətinin bir parçasıdır.
Böyük yazıçının vəfatının 5-ci ildönümü ərəfəsində yaşına, təhsilinə,
peşəsinə görə fərqlənən müxtəlif adamların İlyas Əfəndiyev və onun irsi haqqında
təəssüratları fikrimizcə, çox maraqlıdır.
Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, Milli Elmlər Akademiyası
Ədəbiyyat İnstitutunun direktor müavini:
75
- İlyas Əfəndiyev elə qüdrətli qələm sahibidir ki, onun haqqında nə qədər
deyilsə, yazılsa yenə azdır. Qısaca onu söyləmək istəyirəm ki, İlyas müəllim istər
Azərbaycan dramaturgiyasına, istər teatrına təbii insan nəfəsi gətirmişdir. Məncə,
teatr İlyas Əfəndiyevlə həm forma, həm də məzmunca dəyişərək yeni inkişaf
mərhələsinə qədəm qoyur. Bundan əvvəl səhnə sanki pafoslu sözlər, qışqırıq, hay-
küy meydanı idi. İlyas Əfəndiyevlə teatr-dramaturgiya ürək söhbəti etməyə
başladı.
Mən cəsarətlə deyərdim ki, İlyas Əfəndiyev dramaturgiyamızda, bütövlükdə
ədəbiyyatda lirik-psixoloji üslubun yaradıcısı idi. Hekayə ustası kimi orijinal yazıçı
olan İlyas Əfəndiyev bu üslubu məharətlə səhnə əsərlərinə də tətbiq etmişdir.
Mənim bu yazıçı ilə şəxsi münasibətim, əlaqəm olmayıb. Amma onun
yaradıcılığını müntəzəm izləmişəm. O, ədəbiyyatın qara fəhləsi idi, sakit, hay-küy
salmadan ədəbiyyat yaradırdı. Bir də görürdün İlyas Əfəndiyevin aylarla səsi
gəlmir: bu zaman bilirdin ki, İlyas müəllim yenidən gözəl bir əsəri ilə ədəbi
mühitdə, teatrda bir canlanma yaradacaq. Elə də olurdu.
Əminəm ki, Azərbaycan teatrını on illər boyu yaşadan İlyas Əfəndiyevi
Azərbaycan teatrı əbədi yaşadacaqdır. «Bahar suları», «Atayevlər ailəsində», «Sən
həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mənim
günahım», «Qəribə oğlan», «Xurşudbanu Natəvan», «Büllur sarayda», «Şeyx
Məhəmməd Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı» pyesləri ədəbiyyat və
teatr
tariximizə belə demək mümkünsə, daimi qeydiyyata düşmüş əsərlərdir.
Qəzənfər Kazımov, filologiya elmləri doktoru, professor:
XX əsr 2-ci minilliyin son vərəqi kimi qapandı, geridə qaldı, lakin əsrin
yetirdiyi böyük ədəbi simalar, nəhəng poeziya ustaları tarixin əbədi yol yoldaşları
kimi gələcəyə doğru irəliləməkdədir. Bu günlərdə vəfatının 5 ili tamam olan
unudulmaz yazıçımız İlyas Əfəndiyev məhz bu əsrdə məzmun və forma
baxımından bənzərsiz nəsri, teatrımızda xüsusi mərhələ yaradan silsilə pyesləri ilə
klassiklər sırasında yer tutdu.
«İlyas Əfəndiyev» sözündə əbədi bir işıq, bir kövrəklik, yuxu aləmində uca
insanın hiss etdiyi rahatlıq, yüngüllük, ecazkarlıq var. Bunlar yazıçının insan
qəlbində fırtına doğuran duyğu və düşüncələri pərdələnməməsi, pərdələməyə
çalışmaması, saxtalaşdırmaması, zorla «vahid ideya»ya tabe etməməsi, hər kəsdə
görünə bilməyən böyük yazıçı demokratizmi ilə bağlıdır; bunlar həyatın həqiqi
poeziyasını poeziyanın şirin dili ilə daha həyati ifadə edə bilmək qüdrəti ilə
bağlıdır. Zəhmətə bağlanmayan istedad qanadsız quş kimidir. «At işləməsə, ər
öyünməz». İlyas Əfəndiyev ilhamının al rəngli yel qanadlı atı onun ilk
hekayələrindən oxucunun başı üzərindən uçaraq əfsunlamışdır, - təbii boyası,
ahəngdarlığı, insan hisslərinin, insan duyğularının dibi görünməz dərinliklərinə
enən lirizmi ilə… Həqiqi nəsrin xalis poeziya olduğunu unudanlar və «Mənim
nəsrim – mənim poeziyam» prinsipinə əməl edənlər sırasında İlyas Əfəndiyev
ikincilərdəndir. Digər nəsr ustalarımızın böyük zəhmətinə, müqəddəs ruhuna
etinasızlıq göstərmədən deyə bilərik ki, əgər nəsrin şeriyyətini öyrənmək lazım
gələrsə, «Dədə Qorqud»dan sonra İ.Əfəndiyevin «Qarı dağı», «Qəhrəman ilə
bülbülün nağılı», «Tar», «Kiçik bir poema», «Apardı sellər Saranı» və başqa
hekayələrini öyrənmək lazım gələrdi. Bu əsərlərdəki şeriyyət tədricən genişlənərək