83
dastandır. «Araba» cilovlanmayan, sərhədsiz, ipə-sapa yatmayan, yozulması
müşkülə çevrilən, sonu görünməyən, bitməyən duyğu və düşüncələrin, həyəcan və
iztirabların gurultusuz, hay-küysüz, sakit, eyni zamanda canlı, yığcam, oynaq və
obrazlı ifadəsidir.
Bəzən cəmiyyətdə üzdə və ilk baxışda görünməyən xarakteri, onun həyat,
düşüncə tərzi və psixoloji durumunu məharətlə yaradan yazıçının qələmini
qiymətləndirmək üçün «o, həyatın dibinə enmiş, qəhrəmanını oradan seçmişdir»
deyirlər. Fikrimizcə, «Araba»da əksinədir. Elçin burada həyatın dibinə enmir,
həyatın dibindəkiləri üzə, işığa çıxarır, onlara bütün bucaqlardan baxır ...
«Araba»nın qəhrəmanı dövrün tanınmış şairlərindəndir. Onun altmış yaşı
ölkədə təntənə ilə qeyd edilmiş, şair «Şərəf» ordeninə layiq görülmüşdür. İndi o,
ağır xəstədir, yataqda can üstədir. Ağlı kəsəndən 6-7 yaşından, arabaya mindiyi
vaxtdan üzü bu tərəfə həyatını, yaradıcılığını xatırlayır. Onun mətbuatda dərc
olunan, çoxları kimi atasının da «ürəyini uçuran» ilk şeri Stalinin ölümü
münasibəti ilə yazılmışdır. Şair şerdən bir parçanı yadına salır. Bir misra daha
təsirlidir: «necə yaşayacağıq sənsiz?». Şair təkrar edir və çoxmənalı gülümsəyir.
Elə gülümsəyir ki, «... elə bil ... o təbəssümə başqa bir dünyanın kölgəsi
düşmüşdü».
Zənci qızı Ancela Devisin şərəfinə yazdığı şer də böyük əks-səda
doğurmuşdur. Başqa dillərə tərcümə edilmiş, «Pravda»da dərc olunmuş, hətta
dərsliklərə salınmışdır. İndi heç kim o şeri də, müəllifi də xatırlamır. Şerin
qəhrəmanı indi qocalmış və eybəcərləşmiş Ancela Devis isə «yuxu ilə gerçəklik
arasındakı bir görüm» kimi təzahür edir və «həmişəlik yox olmazdan əvvəl şairə
(nədənsə, rus dilində) dedi: «Durak».
Bu şerlər şairin yaradıcılığının timsalıdır. Lakin bütün yaradıcılığını əks
etdirmir. Axı, onun yazılmış şerləri ilə yanaşı, yazılmamış şerləri də var. Bax,
bəlkə ikinci olmasaydı, şair ömrünün qürub çağına və xəstəliyinə baxmayaraq, öz
xoşbəxt ölümünü (?!) «güləcəyik əvvəlki tək, sevəcəyik əvvəlki tək» - deyə
qarşılayacaqdı. Lakin şairin faciəsi (faciəsimi?) bir tərəfdən onun gec də olsa,
həyatı anlamağında, digər tərəfdən ətrafındakıların da onu başa düşməməsindədir.
Şair puç, mənasız bir həyat yaşadığını bilir, psixoloji gərginlik, mənəvi sarsıntı
keçirir. Onun əhatəsindəkilərin problem və qayğıları çox fərqlidir. Həyat yoldaşı
şairin yeni il gecəsi öləcəyini fikirləşir və buna görə də «Əminə xanım səhərdən
axşamacan ürəyində Allaha yalvarırdı ki, bu münasibətin son ucu Yeni il
çiyinlərində daşımasınlar». Şairin kiçik qızı yubileyinin Respublika sarayında
keçirilməsini istəməyən atasının hərəkətindən gileylidir. Oğlu Yeni il gecəsini
ölümlə əlbəyaxa olan atasının yanında keçirdiyini az qala qəhrəmanlıq və övladlıq
borcunu şərəflə yerinə yetirmək hesab edir. Qızı Əminaşkaya heyranlığını,
babasına məhəbbətini anası addımbaşı izhar etsə də, şair nəvəsinin də soyuqluğunu
duyur: «... və o tamam yad adamların əhatəsində idi, yəni şair bilirdi, görürdü ki,
bu - Əminə xanımdır, bu - böyük qızıdı, bu - balaca Əminaşqadı, nəvəsidi, kiçik
qızı da şairin gözünün qabağına gəldi, oğlu da, amma hamısı yad idi...
yad idi...
yad idi...
yad idi...
84
hamısı, Məmməd müəllim kimi yad idi».
Təəssübləndirmək, düşündürmək və həm də inandırmaq ustası Elçin bütün
hadisə, epizod və xatirələri, onların qəhrəmanlarını bir məcraya istiqamətləndirir -
şairin ölüm çarpayısı ətrafına. Dramatizm, gərginlik son həddə çatır. Şair axırıncı
anlarını yaşayır «Bu evdə hamı belə bir məqama hazır idi (əslində, bu evdə hamı
belə bir məqamı gözləyirdi)». Şairin qudası Məmməd müəllim də daxil olmaqla
hamı xəstənin uzandığı otağa toplanmışdır.
KQB polkovniki Məmməd müəllim dünyanın altını da bilir, üstünü də.
Təcrübəli, həm də təhlükəlidir. Burada da başqalarından fərqli görünür: şairin
vəsiyyət edib-etməməsi ilə maraqlanır, «yox» cavabını alanda şairdən yavaş səslə
soruşur: «Bir sözün yoxdur? Nə istəyirsən?». Hekayə boyu bir-iki məqamda oxucu
ilə «üzləşən» Məmməd müəllim bitkin, tipik obraz kimi yaddaşlarda qalır. Gödək
boyu, hamar yanaqları, qırmızı, yumru, daz başı ilə diqqətçəkən Məmməd
müəllimin iti zəkası, hiyləgərliyi və ehtiyatlılığı, göz yaşlarından məhrum yaşıl
gözləri onun zahiri və daxili portretinin spesifik cizgiləridir. Məmməd müəllimin
xəstəyə təkrar müraciətindən sonra şairin «tamam arıq və qansız sifətindən güclə
seziləcək bir təbəssüm ötüb keçdi və şair eləcə tavana baxa-baxa zəif səsilə:
- Araba ... dedi, - Araba istəyirəm...»
Bu zaman bütün doğmaları (yadlar!), hətta qudası Məmməd müəllim də
(bəlkə ilk dəfə) yanıldı, şairin sözünə sayıqlama kimi baxdı. Amma şair özündə idi,
o istədiyini bilirdi. O, arabasını, uzaqlığını istəyirdi, hədər başa vurduğu dünyanı
yenidən yaşamaq istəyirdi, «o uşağı, o araba yükünün üstündən çəkib aşağı salan»
dünyaya qarşı üsyan edirdi.
Elçinin hekayəsində irəli sürülən ideya ciddi olduğu qədər də əhəmiyyətli və
aktualdır: qələm əhlinin, söz sahibinin ən zəif və ən zərif yeri imzasıdır. Yazıldığı
dövr və şəraitdən asılı olmayaraq, müəllif hər vaxt öz imzasına sahib çıxmağı
bacarmalıdır, daha dəqiq desək, elə əsərlər yaratmalıdır ki, təlatümlər və
təbəddülatlar onu imzasından imtina etdirməsin. Bu ideyanın, mövzunun uğurlu
bədii həlli Elçinin özünəməxsus üslubu, orijinal bədii ifadə tərzi, zəngin və obrazlı
dili, fərqli müşahidələri, müqayisələri, dərin, duyğulu ifadə və tərənnüm formaları
fakt və hadisələri dəyərləndirmək, onlardan məharətlə istifadə etmək bacarığı
sayəsində mümkün olmuşdur: «... arabanın təkəri hərdən palçıq çuxura düşürdü»,
ayağı qaloşlu, şalvarı əynindən tez-tez sürüşüb düşən uşaq da hər dəfə hıqqına-
hıqqına güc verib «o təkəri palçıq süxurundan» çıxarırdı. Bir dəfə uşağın
qaloşunun «bir tayı ayağından çıxıb palçıqda qalmışdı». Bu, faciə deyildi. Uşaq
qaloşunun tayını tapır, amma günlərin bir günü təkər 9 çərxi-fələk) fırlananda
arabanın üstündəki uşağı (şairi) həmin o palçıq çuxura, bataqlığa (yaşayıb-
yaratdığı, Stalin və Ancela Devisi vəsf etdiyi, şan-şöhrət sahibi olduğu cəmiyyətə)
salır. Uşaq öz qaloşunu palçıqdan çıxarsa da, şairi o bataqlıqdan (mövcud
rejimdən) çəkən-cıraxan olmur. Əslində şair də oradan çıxmaq üçün çapalamır,
təşəbbüs göstərmir (qaloş kimi), əksinə «sevir», «gülür», «yeyir», «içir».
«Araba»da Elçin kiçik bir işarə, eyhamı ilə böyük mətləbə toxunur, sözün,
sənətin sehrinə söykənib yadda qalan xarakter yaradır, 2-3 cümlə ilə göz önündə
unudulmaz səhnə, mənzərə canlandırır: «həmin gün - şairin dəqiq yadındaydı - o
araba yolunu da, bütün o ətrafdakıları da çən basmışdı, narın-narın çiskinləyirdi və
Dostları ilə paylaş: |