238.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil
etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə —
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
238.2. Eyni hərəkətlər:
238.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
238.2.2. təkrar törədildikdə —
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 239.
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən
reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi
göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 240.
Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz
dövriyyəsi
240.1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya
zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama,
daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün
avadanlığı qanunsuz satma—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.2. Eyni hərəkətlər:
240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
240.2.2. təkrar törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.3. Bu Məcəllənin 240.1 və 240.2-ci maddələrində göstərilən əməllər:
240.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
240.3.2. külli miqdarda törədildikdə—
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.4. Güclü təsir edən və ya zəhərli maddələrin istehsalı, əldə edilməsi, uçotu, saxlanması,
buraxılması daşınması və ya göndərilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların
talanmasına və ya başqa mühüm ziyan vurulmasına səbəb olduqda—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
(Çıxarılıb)
27-ci fəsil
İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR
Maddə 242.
Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma
Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama,
yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar,
şəkillər və sair əşyalar ilə qanunsuz ticarət—
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Maddə 243.
Fahişəliyə cəlb etmə
243.1. Zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə
və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə
fahişəliyə cəlb etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
243.2. Eyni əməllər:
243.2.1. şəxsin köməksiz vəziyyətindən, fiziki və ya psixi qüsurlarından istifadə etməklə
törədildikdə;
243.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 244.
Əxlaqsızlıq yuvaları saxlama
244.1. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu
məqsədlər üçün mənzil sahələri vermə—
iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
244.2. Eyni əməllər:
244.2.1. təkrar törədildikdə;
244.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 245.
Qəbir üzərində təhqiredici hərəkət
Qəbir və ya meyit üzərində təhqiredici hərəkət—
iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 246.
Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama
Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya
korlama—
beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
28-ci fəsil
EKOLOJİ CİNAYƏTLƏR
Maddə 247.
İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması)
qaydalarını pozma
Sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi,
tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət
olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun
əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların
kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Maddə 248.
Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi
qaydalarını pozma
248.1. Təhlükəli tullantıların qadağan olunmuş növlərinin istehsalı, müəyyən edilmiş
qaydaların pozulması ilə radioaktiv, bakterioloji, kimyəvi maddələrin və tullantıların
daşınması, saxlanması, basdırılması, istifadəsi və ya sair dövriyyəsi, əgər bu əməllər insan
sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratdıqda—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
248.2. Eyni əməllər ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə, insan sağlamlığına zərər
vurulmasına və ya heyvanların kütləvi məhvinə səbəb olduqda və ya təhlükəli ekoloji
vəziyyət zonasında törədildikdə—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
248.3. Bu Məcəllənin 248.1 və ya 248.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya insanların kütləvi xəstələnməsinə səbəb
olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dostları ilə paylaş: |