inandırmağa çalışırdı ki, mən onun həyatını korlamışam. Qeyd etməliyəm ki, o,
naharda öküz kimi yeyirdi və mən bundan heç də təəccüblənmədim. Amma baxın
görün necə bir ədəbsizlikdir bu! O qadında zövq deyilən şey yox idi!
Görürsünüz,
keçmişin bütün gözəlliyi ondadır ki, o, keçmişdir! Qadınlar isə heç vaxt görmürlər
ki, pərdələr artıq endirilib. Onlar həmişə altıncı hissəni gözləyir, tamaşa
qurtardıqdan sonra da onun davamını istəyirlər; hətta tamaşaya maraq öləndə belə
qadınlara elə gəlir ki, ardı olacaq. Əgər onlara imkan versən,
hər bir komediya
faciə ilə bitər və əksinə, hər faciənin də axırı komik olar. Həyatda qadınlar gözəl
aktrisadırlar, lakin onların heç bir artistlik duyumu yoxdur. Dorian, siz məndən
daha çox xoşbəxtsiniz; sizi inandırıram ki, mənim yaxın olduğum heç bir qadın
mənə görə özünü öldürməzdi; amma Sibil Veyn sizə görə özünə qəsd etdi. Adi
qadınlar hər zaman təskinlik tapırlar. Onlardan bəziləri sentimental xarakterlidir.
Yaşına uyğun olmayan paltar, yəni mauve1 geyən, yaxud otuz beş yaşında
çəhrayı lentləri sevən qadınlara heç vaxt inanmayın. Bu, o deməkdir ki, həmin
qadınların keçmişi var. Bəzi qadınlar isə qəflətən
öz qanuni ərlərində min cür
müsbət keyfiyyət tapırlar və bu da onlara böyük təsəlli verir. Onlar özlərini elə
göstərirlər ki, guya, onların xoşbəxt nikahı var, guya, bu nikah dünyada
günahların ən yaxşısıdır. Bəziləri təsəllini dində tapır. Dinin sirləri onlar üçün ən
gözəl eşqbazlıqdır; mənə bu barədə bir qadın danışdı və mən özüm də buna
inanıram. Bundan başqa, zinakar qadına zinakar desən,
qəbul etməz, lovğa və
şöhrətpərəst desən, daha məmnun olar. Bizim hamımızı vicdan xudbin edir... Bəli,
bəli, bizim zəmanədə qadınların təsəlli tapdığı şeylərin sayı-hesabı yoxdur. Mən
hələ ən vacibini demədim...
– Nəyi demədiniz, Harri? – Dorian dalğın halda soruşdu.
– Ohhh... qadınlar üçün ən vacib təsəlli budur: öz məşuqlarını itirəndən sonra
özgənin məşuqunu əlindən almaq! Mötəbər cəmiyyətdə bu, həmişə qadına bəraət
qazandırır. Amma əslində, Dorian, Sibil Veyn o qadınlardan deyildi. O qız bizim
həyatda rast gəldiyimiz qadınlara bənzəmirdi. Onun ölümündə nəsə heyrətamiz
bir gözəllik var! Mən şadam ki, belə möcüzələrin baş verdiyi dövrdə yaşayıram.
Bu hadisələr
bizə sevginin var olduğunu, əsl məhəbbətin mövcudluğunu aşılayır.
Bu hadisələr bizim istehza ilə baxdığımız sevginin, təmiz romantik duyğuların və
hisslərin real olduğunu göstərir.
– Mən ona qarşı çox kobud oldum. Siz bunu unudursunuz...
– Düzünə qalsa, qadınlar kobudluğu, özü də açıq kobudluğu sevirlər. Qadınların
heyrətamiz güclü ibtidai instinktləri olur. Biz onlara azadlıq vermişik, lakin buna
baxmayaraq, onlar öz sahiblərini axtaran qul kimi qalıblar. Onlar itaət etməyi
sevirlər... Mən inanıram ki, siz çox gözəl hərəkət etmisiniz. Mən sizi heç vaxt
qəzəbli və hirsli görməmişəm; lakin təsəvvürümə gətirirəm ki,
siz qəzəbli
olduğunuz zaman necə maraqlı görünmüsünüz! Nəhayət... siz srağagün gecə
mənə bir söz dediniz... elə bildim bu, sizin təxəyyülünüzün məhsulunuzdur... İndi
başa düşürəm ki, siz tamamilə düz deyirmişsiniz... bax belə!
– Mən nə demişdim, Harri?
– Siz demişdiniz ki, Sibil Veyn sizin üçün bütün romantik qəhrəmanlar deməkdir;
o,
bir gün Dezdemona olur, bir gün Ofelya və bir gün də Cülyetta... bir də
görürsən Cülyettadan sonra İmocin kimi səhnəyə çıxır.
– O, bundan sonra daha səhnəyə çıxmayacaq... – Dorian pıçıldadı və əlləri ilə
üzünü örtdü.
– Əlbəttə, o, bir daha geri dönməz. O, öz sonuncu rolunu oynayıb getdi. Qoy o
qızın miskin qrim otağındakı ölümü, sadəcə, sizə hansısa on yeddinci əsrin faciəvi
bir tamaşasından, yaxud bir pyesdən qeyri-adi və kədərli bir səhnə təsəvvürü
bağışlasın; yaxud Vebsterin, Fordun, ya da Siril Turnerin əsərlərindəki bir parçanı
xatırlatsın. Bu qız, əslində, heç vaxt yaşamayıb və əslində, heç vaxt da ölməyib...
Sizin üçün, əlbəttə, o qız Şekspirin pyeslərində görünən və onları daha da
gözəlləşdirən bir yuxu, xəyal idi; o, bir ney idi – Şekspir
təranələrini daha da
zənginləşdirən, ona daha çox həyatsevərlik gətirən bir ney! O məsum qız real
həyatda rast gəldiyi ilk toqquşmadaca yaralandı və həyatdan getdi. İstəyirsiniz
Ofelya üçün ağlayın; Kordelianın boğulub öldürülməsinə görə başınıza kül tökün!
Brabanitionun qızının ölümünə görə də göyləri qarğıyın! Lakin Sibil Veyn üçün
nahaq yerə göz yaşı axıtmayın! O qız o birilərindən daha az real idi!
Araya dərin sükut çökdü. Axşam düşmüşdü. Bağçada gümüşayaqlı kölgələr
səssizcə gəzişirdi. Şeylərin rəngi də yavaş-yavaş solğunlaşırdı.
Bir azdan Dorian Qrey başını qaldırdı, ah çəkərək dedi:
– Harri, siz mənə özümü tanımaqda kömək etdiniz. Mən də elə beləcə
düşünürdüm, amma qorxurdum. Qorxurdum ki, bunu özüm özümə izah edə
bilməyəm. Siz məni necə yaxşı tanıyırsınız! Gəlin baş verən hadisə barədə bir
daha danışmayaq! Bu, dəhşətli yaşantı idi, vəssalam!
Bilmirəm həyatda mən bir
daha belə ağlagəlməz şeylə rastlaşacağammı?
– Sizin həyatınız hələ qabaqdadır, Dorian! Bu cür gözəllik ki sizdə var, sizin üçün
aşılmaz sədd olmayacaq...
– Birdən mən əldən düşmüş qoca, sifəti qırışıq basmış bir adam oldum? Onda
necə olacaq, Harri?
– Hə, onda... – lord Henri ayağa durdu, getməyə hazırlaşdı, – hə, bax onda,
Dorian, əzizim, siz gərək hər qələbə üçün mübarizə aparasınız... İndi isə o
qələbələr özü sizin ayağınıza gəlir. Əlbəttə, siz gərək öz gözəlliyinizi də
qoruyasınız. O, bizə lazımdır. Bizim zamanda adamlar olduqca çox oxuyurlar; bu
da onlara müdrik olmaqda maneçilik törədir. Bizim
zəmanədə adamlar həm də
çox düşünürlər, bu da onların gözəlliyinə mane olur. Yəni gözəl olmaq üçün az
düşünmək lazımdır. Biz sizi qorumalıyıq. İndi isə geyinin, vaxtdır, gedək nahar
eləyək. Onsuz da, gecikirik.