Dorian ekranı əvvəlki yerinə çəkərək portretin üzünü örtdü, gülümsədi; sonra
yataq otağına getdi, xidmətçi burada müntəzir durmuşdu. Bir saatdan sonra o artıq
operada idi və lord Henri arxadan onun oturduğu kresloya dirsəklənmişdi.
DOQQUZUNCU FƏSİL
Ertəsi gün səhər yemək vaxtı Bazil Holvard gəldi.
– Şadam ki, sizi evdə tapdım, Dorian, – Bazil ciddiyyətlə dedi. – Ötən gün gecə
gəlmişdim, dedilər operaya getmisiniz. Əlbəttə, mən buna inanmadım və sizin
harada olduğunuzu bilmədiyimə təəssüf etdim. Bütün gecəni çox narahat oldum;
hətta qorxdum ki, nəsə yeni bir bədbəxtlik də baş versin. O acı xəbəri eşidən kimi
gərək mənə teleqram vuraydınız, çağıraydınız; mən xəbəri təsadüfən klubda
olarkən “Qloub” axşam qəzetində oxudum. Dərhal bura gəldim və sizi evdə
tapmadığım üçün çox mütəəssir oldum. Bu bədbəxt hadisənin mənə necə ağır
təsir etdiyini sizə deyə bilmirəm! Bilirəm sizin üçün necə ağırdır! Bəs dünən siz
haradaydınız? Qızın anasıgilə getdinizmi? Ona başsağlığı verdinizmi? Bir anlığa
dünən istədim sizin dalınızca mən də ora gələm; ünvan qəzetdə var idi. Haradasa
İsten Rouddadır, eləmi? Lakin sonra fikrimi dəyişdim. Qorxdum ki, birdən orada
artıq adam təsiri bağışlayaram. Bu itkini, dərdi necə yüngülləşdirmək olar, aman
Allah?! Yazıq ana! Bədbəxt qadın! Təsəvvür edirəm indi o nə çəkir! Axı onun
bircə balası – yeganə qızıydı! Qadın nə deyirdi, hə?
– Əzizim Bazil, mən haradan bilim? – Dorian narazı halda, bir qədər də darıxan
adam kimi donquldandı; qızılı muncuqlarla naxışlanmış gözəl Venesiya
bakalındakı sarımtıl şərabdan bir qurtum vurdu. – Mən operada idim. Gərək ora
gələydiniz. Mən orada Harrinin bacısını, ledi Qvendoleni gördüm. İlk dəfəydi o
qadını görürdüm. Biz onun lojasında oturmuşduq. Çox gözəl qadındır. Patti də əla
oxuyurdu. Gəlin pis şeylərdən danışmayaq. Əgər onlardan danışmasaq, heç elə
bilin ki, pis hadisələr də baş verməyib. Harrinin sözü olmasın, hadisələri
reallaşdıran sözlərdir. Sibilin anasına gəlincə isə… O qadın tək deyil, onun bir
oğlu da var! Deyəsən, hələ yeniyetmədir! Lakin o, aktyor deyil, dənizçidir. Ya da
nəsə bir işlə məşğuldur. Nə isə… yaxşısı budur, özünüz barədə danışın. Nə
üzərində işləyirsiniz?
– Siz operaya getmişdiniz? – Holvard çox ağrılı səslə astadan təkrar etdi. – Sibil
Veynin cənazəsi hansısa miskin bir otaqda olarkən siz də operaya getmisiniz,
eləmi? Siz hələ başqa qadınların ilahi gözəlliyindən və Pattinin səsindən dəm
vurursunuz? Sevdiyiniz qızın cənazəsi hələ heç qəbrə qoyulmamış siz gör nələr
deyirsiniz? Eh, Dorian, o gözəl, zavallı qızcığazın ağ, zərif bədəninin necə
dəhşətlərə düçar olacağı barədə bir fikirləşəydiniz!
– Bazil, susun. Danışmayın! Mən bunu eşitmək istəmirəm! – Dorian qışqırıb
ayağa durdu. – Bu barədə bir daha söz deməyin. Olan oldu, keçən keçdi. Hər şey
ötüb keçmişdə qaldı.
– Siz dünənə artıq keçmiş deyirsiniz?
– Vaxtın bura nə dəxli var axı? Zaman dardüşüncəli adamlara lazımdır ki, hansısa
hiss və təəssüratdan canını qurtarsın. Özünü idarə edə bilən adam üçün dərddən-
qəmdən qurtulmaq həyatın yeni ləzzətlərini duymaq qədər asan bir işdir. Mən
sarsıntı və həyəcanlı yaşantılarımın quluna dönmək istəmirəm. Mən onlardan
mümkün qədər ibrət götürmək və hisslərimə də hakim olmaq istəyirəm.
– Dorian, bu dəhşətdir! Siz tamamilə dəyişmisiniz! Zahirən siz mənim studiyama
hər gün gələn sevimli oğlan olsanız da, daxilən dəyişmisiniz! Siz mənim yanıma
gələndə çox məsum, sevimli, dünyanın ən təmiz, pak və xeyirxah gənci idiniz,
korlanmamışdınız! İndi isə… bilmirəm, başa düşmürəm sizə nə olub! Siz elə
danışırsınız ki… elə bil, qəlbiniz daşdandır, sizdə heç bir mərhəmət, rəhm deyilən
şey yoxdur! Bütün bunlar Harrinin işidir, onun təsiridir! Bəli, bəli, onun işidir,
bilirəm.
Oğlan qıpqırmızı qızardı və pəncərəyə sarı yeridi; bir anlıq bağçaya, günəş
şəfəqlərinin yaladığı yaşıl otlara baxdı və nəhayət:
– Mən Harriyə çox şeyə görə borcluyam, Bazil! – cavab verdi. – Sizdən daha çox
ona borcluyam. Siz məndə yalnız şöhrətpərəstliyi oyatdınız.
– Nə olar, Dorian, buna görə mən cəzamı almışam, ya da günlərin bir günü cəza
alacağam…
– Nə demək istədiyinizi anlamıram, Bazil, – oğlan dönüb ucadan soruşdu. – Siz
məndən nə istəyirsiniz belə? Nə demək istəyirsiniz axı?
– Mən portretini çəkdiyim Dorian Qreyi istəyirəm, – rəssam kədərlə cavab verdi.
– Bazil, – oğlan rəssama sarı gedib əlini onun çiyninə qoydu. – Siz çox gec
gəlmisiniz. Dünən mən Sibil Veynin özünə qəsd etdiyini eşidəndə…
– Özünə qəsd edib? Allah, sən özün kömək ol! Doğru deyirsiniz? – Holvard
dəhşət içində Doriana baxdı.
– Əzizim, siz elə bilirdiniz bu, sadəcə, bədbəxt hadisədir? Əlbəttə, o, özünü
öldürmüşdür!
Rəssam əlləri ilə üzünü örtdü.
– Bu, qorxulu bir şeydir! – o pıçıldadı və əsməyə başladı.
– Yox, Bazil, burada qorxulu heç nə yoxdur! – Dorian Qrey cavab verdi. – Bu,
əsrin ən böyük romantik faciələrindən biridir. Bir qayda olaraq adi aktyorlar
bayağı həyat sürürlər. Onlar yaxşı ər, sədaqətli arvad və ya nəsə ola bilərlər,
onların hamısı darıxdırıcı adamlardır. Başa düşürsünüz də mənim nə demək
istədiyimi – orta zümrəyə məxsus adamları deyirəm, meşşan tipli adamlardır;
lakin Sibil Veyn onlara bənzəmirdi. O qız həyatın ən gözəl faciəsini yaşadı! O,
həmişə qəhrəman olaraq qalacaq! Sonuncu gecədə siz onu gördünüz, o, səhnədə
oynadı, pis oynadı, çünki o, əsl sevginin mövcud olmasına inanmışdı, həyatdakı
sevgiyə inanmışdı! Lakin o, həyatdakı sevginin puç olduğunu biləndə intihar etdi!
Cülyetta kimi! Beləliklə də, o, həyatdakı Sibildən səhnədəki Sibilə döndü, bunun
üçün öldü! O əzab çəkirdi, onun başının üstünü şəhid olmaq şöhrəti almışdı. Onun
ölümündə faydasız əzabın pafosu var; onun ölümündə, sanki, əhəmiyyətsiz
gözəllik var… Lakin elə bilməyin ki, mən əzab çəkmirəm. Bazil, dünən elə bir an
oldu ki… əgər siz altının yarısında, ya da haradasa, altıya on beş dəqiqə qalmış
gəlsəydiniz, mənim göz yaşlarımı görərdiniz. Hətta Harri də – bu xəbəri mənə
dünən o gətirmişdi – deyə bilər ki, mən nələri yaşadım… Mən dəhşətli dərəcədə
sarsılmışdım. Sonra bunlar ötüb-keçdi. Mən o sarsıntılı anları bir daha yaşaya
bilmərəm ki! Onları heç kəs təkrarən yaşaya bilməz, əlbəttə, sentimental
adamlardan başqa! Siz isə, Bazil, mənə qarşı çox ədalətsiz hərəkət edirsiniz. Siz
bura mənə təsəlli verməyə gəlmisiniz. Təşəkkür edirəm, lütfkarsınız. Lakin
gördünüz ki, mən artıq təskinlik tapmışam – buna görə əsəbiləşirsiniz,
əndişələnirsiniz! Budur bax, insanın sənə təsəllisi! Mənim yadıma Harrinin
söylədiyi bir lətifə düşür: bir filantrop həyatının iyirmi ilini ədalətsiz qanunlarla
və sui-istifadələrlə mübarizəyə sərf edibmiş. Konkret nəyə – yadımda deyil,
amma axırda o, öz məqsədinə nail olub. Sonra görüb ki, bütün bunlar boş bir şey
imiş, peşman olub. O daha heç nə etməyə qadir deyilmiş və demək olar ki,
üzüntülü, sıxıntılı bir həyat keçirərək əsl mizantrop1 kimi ömrünü başa vurub.
Hə, əziz dost, əgər siz də, həqiqətən, mənə təsəlli vermək istəyirsinizsə, mənə
olmuş hadisələri unutmağı öyrədin, ya da bu hadisələrə rəssamın gözü ilə
baxmağı! Səhv etmirəmsə, təsəlli barədə Gete yazıb; yazıb ki, biz sənətdə
təskinlik tapırıq, eləmi? Yadımdadır ki, sizin studiyada olarkən əlimə qalın üzlü
bir kitab keçdi, onu vərəqləyərkən bu gözəl ifadəni oxudum: consolation des
arts.2 Düzdür, mən sizin Marlova gedəndə haqqında danışdığınız o gənc oğlana
bənzəmirəm. O, inamla deyirdi ki, sarı atlaz parça insana təskinlik gətirir, bütün
həyat sarsıntılarına qarşı təskinlik vasitəsidir. Mən gözəl şeyləri xoşlayıram;
onları ələ götürməyi, onlara toxunmağı sevirəm. Qədim zərxara, yaşıl tunc, fil
sümüyündən hazırlanmış məmulatlar, otaqların gözəl avadanlıqları, rahatlıq, cah-
calal, dəbdəbə – bütün bunlar adama nə qədər zövq verir! Lakin mənim üçün
sənətkarın yaradıcı instinkti daha önəmlidir; mən onun insanda yaratdığı yeni
cizgiləri daha qiymətli sayıram. Henrinin dediyi kimi, öz şəxsi həyatının
tamaşaçısı olmaq o deməkdir ki, sən özünü dünyəvi iztirablardan qoruyursan.
Bilirəm, belə bəlağətli sözlər sizi təəccübləndirir. Siz hələ də anlamamısınız ki,
mən artıq yetişmişəm. Sizinlə tanış olanda mən məktəbli oğlan idim. İndi yekə
kişi olmuşam. Mənim artıq yeni-yeni meyillərim, düşüncələrim, ideyalarım
yaranıb. Dünyagörüşüm dəyişib, mən tamam başqa adam olmuşam. Lakin mən
istəmirəm ki, buna görə siz məni sevməyəsiniz, Bazil. Siz mənim dostum olaraq
qalmalısınız; hər zaman. Əlbəttə, mən Henrini də çox sevirəm. Amma bilirəm ki,
Dostları ilə paylaş: |