65
öyrənmək üçün dörd nəfərdən (S.Ağamalıoğlu, C.Məmmədquluzadə, V.Xuluflu,
X.Səid) ibarət nümayəndə heyəti Bakıdan Türküstana “Əlifba səyahətinə”
yollandılar. Öncə, Ağməscidə gələn nümayəndə heyəti burada Bəkir Çobanzadəni
nadir bir tapıntı kimi kəşf edib Azərbaycana gəlməsinə və Yeni Türk Əlifba
Komitəsinin elmi işlərinə rəhbərlik etməsinə razılıq aldılar. Bu əhvalatdan sonra
B.Çobanzadə elmi yaradıcılıqla, xüsusilə də yeni əlifbaya keçid məsələsi ilə daha
da ciddi məşğul olmağa başlamışdır. Belə ki, S.Ağamalıoğlunun dəvəti ilə o, 1924-
cü ilin sentyabrında Yeni Türk Əlifba komitəsinə elmi rəhbərlik etmək üçün
Bakıya gəlir. Bakıya gələn kimi gərgin elmi, pedaqoji və ictimai fəaliyyətə
başlayır. O, Bakıda bir sıra vəzifələrdə çalışır: Yeni Türk Əlifba komitəsinin elmi
rəhbəri, ADU-nun türk dili və ədəbiyyatı kafedrasının professoru və müdiri, Şərq
fakültəsinin dekanı, Maarif nazirliyinin nəzdində terminologiya komitəsinin
rəhbəri və s. O, Azərbaycanda fəaliyyət göstərdiyi 13 il müddətində dilçiliyimizin,
ədəbiyyatşünaslığımızın, habelə dil və ədəbiyyat tədrisi metodikası elminin
inkişafına dəyərli töhfələr verərək, adı çəkilən sahələrə aid 15 kitab və 100-dən
artıq elmi məqalə qələmə almışdır. Ən əsası da Azərbaycanda dilçilik elminin
gələcək inkişafını təmin edəcək yüksək ixtisaslı milli filoloq mütəxəssislərin
hazırlanmasında B.Çobanzadənin xidməti yüksək qiymətləndirilməlidir. Yəni
Azərbaycanın filologiya sahəsində görkəmli alimləri olan M.A.Dadaşzadə,
M.Şirəliyev, F.Qasımzadə, Ə.Dəmirçizadə, M.Hüseynzadə və başqaları
B.Çobanzadənin yetirmələri olmuşlar.
B.Çobanzadə ilə bağlı qeyd etdiyimiz bu məsələlər onun nə dərəcədə geniş
– ensiklopedik yaradıcılığa malik bir şəxsiyyət olmasını bir daha göstərir.
B.Çobanzadənin əlifba məsələsi ilə bağlı fəaliyyətinə və bu məsələ ilə
əlaqəli olan fikirlərinə bir sıra mənbələrdə rast gəlinir. Belə mənbələrə qeyd
etdiyimiz “Əlifba səyahəti”ni, həmçinin səyahət zamanı baş verən hadisələri
özündə əks etdirən və 1929-cu ildə Xalid Səid Xocayev tərəfindən birləşmiş yeni
türk əlifbası ilə Azərbaycan dilində ilk dəfə nəşr edilən “Yeni əlifba yollarında əski
xatirə və duyğularım” adlı kitabı, B.Çobanzadənin ayrı-ayrı illərdə əlifba
məsələsinə həsr olunmuş məqalələrini, Türkoloji qurultayda və digər konfranslarda
söylədiyi çıxışlarını aid etmək olar.
B.Çobanzadənin əlifba ilə bağlı fikirlərinə nəzər salmaq üçün, əvvəlcə,
X.Səidin adı çəkilən kitabına nəzər yetirək. Bu kitabda 1923-1929-cu illər arasında
əlifba məsələsi ilə əlaqəli Xalid Səidin şahidi olduğu bütün hadisələr bir az da
bədiiləşmiş formada öz əksini tapmışdır. Həm də bu kitab Çobanzadənin əlifba
görüşləri ilə tanış olmaq üçün ən dəyərli mənbə hesab edilməlidir. Çünki bu
kitabda B.Çobanzadənin həm əlifba səyahətinə çıxan nümayəndə heyəti ilə əlifba
məsələsi ətrafındakı mükalimələri, həm də Yeni Türk Əlifba komitəsində,
Türkoloji qurultayda və qurultaydan sonrakı dövrdə əlifba məsələsi ilə əlaqədar
olan fəaliyyəti işıqlandırılmışdır. Belə ki, əlifba səyahətinə gedən nümayəndə
heyətinin üzvləri ilə söhbət zamanı və həmin məsələ ilə bağlı keçirilən iclasda
B.Çobanzadə yeni əlifbaya keçid məsələsinə münasibət bildirmiş və
66
S.Ağamalıoğlunun çıxışından sonra onun yeni əlifbayla bağlı fikirlərinin tamam
dəyişdiyini vurğulamışdır. Yəni o, əvvəlcə, yeni əlifbaya keçməyin tərəfdarı
deyildi. Məhz Səməd Ağamalıoğlunun çıxışı onu əvvəlki fikrindən döndərmişdir.
Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərinin əlifba məsələsi ilə
bağlı krımlıların fikirlərini öyrənmək məqsədilə Ağməsciddə keçirdikləri iclasda
iclasın sədri B.Çobanzadəyə də söz verir. O, fikrini belə izah edir: “Yoldaşlar,
əlifbaya əvvəla elmi nöqteyi-nəzərdən yanaşalım: əlifbanı bir lisanda mövcud olan
səslərə görə təşkil etmək lazımdır. Ərəb əlifbası lisanımızda olan səsləri ifadədən
acizdir. İkinci: bir lisan şəxsi deyildir, ictimai bir müəssisədir (əhalinin ümumi
nəzəri etibara alınmalı). Üçüncü: bir cəmiyyətin təşəkkülü süni deyil, təbiidir;
madam ki, cəmiyyət təşəkkül etmiş, onun mazisi – keçmişi unudulmamalıdır.
Dördüncü: yazıda fənni tərbiyə dəxi nəzəri etibara alınmalıdır. Beşinci: bizə bir-
birinə yaxın dildə danışan türk-tatar xalqlarını kəndi ətrafına hərs – elm və
mədəniyyət yolu ilə sürətlə irəlilədəcək bir əlifba lazımdır.
Sizin əvvəlcə təklif etdiyiniz əlifba xüsusunda bizim fikrimiz tamamilə
başqa idi; verdiyiniz izahatdan sonra bizə qənaət hasil oldu ki, mədəniyyətcə
irəliləmək üçün bu əlifbanı (latın əlifbasını – R.B) qəbul etməkdən başqa çarəmiz
yoxdur” (4, 21). Buradan aydın olur ki, B.Çobanzadə əlifba məsələsinə kor-koranə
deyil, elmi nöqteyi-nəzərdən yanaşmağı məsləhət bilir. Yəni əlifba məsələsinə həm
texniki, həm də ictimai-siyasi cəhətdən yanaşmanı vacib hesab edir. Bu da onun
əlifba məsələsinə heç də birtərəfli yanaşmadığını göstərir. Burada o, ərəb
əlifbasının türk dillərinin səs tərkibini ifadə etməkdə aciz olduğunu qeyd edərək,
türk xalqlarını sürətlə irəli aparacaq yeni bir əlifbanın qəbul edilməsinin vacibliyini
vurğulayır. Həmçinin buradan Səməd Ağamalıoğlunun əlifba ilə bağlı söylədiyi
nitqə kimi B.Çobanzadənin yeni əlifbaya keçidin tərəfdarı olmadığı da aydın olur.
Bunu biz B.Çobanzadənin bu nitqindən əvvəl Səməd Ağamalıoğlunun “...yoldaş
Çobanzadə, de görüm, burada (Krımda – R.B) yeni əlifba məsələsi necədir?”
sualına cavabında da görürük. Çobanzadə həmin suala belə cavab verir: “Əlifba və
imla xüsusunda Krım gəncliyində üç cərəyan vardır: birinci, islahatçılar; bunlar
ərəb əlifbası üzərində qazanlılar tərəfindən yapılan islah tərzində bir islahat
yapmaq istəyirlər. İkincisi, latın hürufatı tərəfdarlarıdır. Bunlar hənuz müəyyən bir
şəkil göstərməmişlər. Üçüncü, rus hürufatını qəbul etmək istəyənlərdir; bunlar da
hənuz müəyyən bir şəkil göstərməmişlərdir” (4, 15).
B.Çobanzadə burada göstərdiyi cərəyanların hansının tərəfdarı olmasını
deməsə də, hər halda bizə aydın olur ki, o, latın əlifbası haqqında həmin vaxta
qədər düşünməmişdir. Professorun məsələnin mahiyyətini dərk edərək fikrini
dəyişməsini mütərəqqi hal hesab edirik. Onun həmin əhvalatdan sonra Bakıda yeni
əlifba ilə bağlı gördüyü mühüm işlər bu qənaətimizi bir daha təsdiq edir.
Həmin iclasda fikrini davam etdirən professor yeni əlifbanın həyata
keçirilməsini təmin etmək üçün xüsusi bir komissiya yaradılmasını və bu işlərin
vahid bir mərkəzdən idarə edilməsini təklif edir. Həmçinin Azərbaycanın paytaxtı
Bakını belə bir mərkəzin yerləşəcəyi məkan kimi dəyərləndirir. Bu işdə isə
Dostları ilə paylaş: |