64
Ramil Bayramov
*
BƏKİR ÇOBANZADƏ VƏ ƏLİFBA MƏSƏLƏSİ
Əlifba bir xalqın yalnız yazıb-oxuma texnikasını özündə ehtiva etdirmir.
Əlifba xalqın düşüncəsini, psixoloji durumunu və bir qədər də cəsarətlə desək,
adət-ənənəsini özündə təcəssüm edir. Yəni əlifbaya təkcə texniki cəhətdən deyil,
həm də ictimai-siyasi nöqteyi-nəzərdən də yanaşılmalıdır. Yalnız bir faktı demək
kifayətdir ki, dünyada onlarla ərəb ləhcələri olduğu halda ərəb əlifbası bütün ərəb
dünyasını birləşdirə bilir. Buna görə də hər hansı əlifbanı öyrənməyə çalışsaq,
həmin əlifbanın mənsub olduğu xalqın etnopsixoloji durumuna, etnogenezisinə və
etnoqrafiyasına nəzər yetirmədən keçinmək mümkün deyildir. Bu baxımdan XIX
əsrdən başlayaraq türk xalqlarının istifadəsində olan ərəb əlifbası və bu əlifbanın
türk dillərinə həm texniki, həm də ictimai-siyasi baxımdan uyğun gəlib-gəlməməyi
barədə müxtəlif fikirlər meydana gəldi. İlk dəfə M.F.Axundov ərəb əlifbasının türk
dillərinin milli ruhuna uyğun olmadığını və bu əlifbanın nə fonetik, nə də morfoloji
baxımdan türk dillərinə, xüsusilə də Azərbaycan dilinə yaramadığını elmi şəkildə
izah etmişdir. Hətta Axundov ərəb əlifbası üzərində islahat işləri apararaq bir neçə
əlifba layihəsi də hazırlamışdır. Lakin sonda bu əlifbada islahat aparılmasının da
faydasız olduğunu dərk edərək, yeganə çıxış yolunu latın qrafikalı əlifbaya
keçməkdə görmüşdür. Məhz Axundovdan sonra bir sıra görkəmli mütəxəssislər
türk əlifbasının islahatı yolunda və yeni əlifbaya – latın əlifbasına keçməklə bağlı
fəaliyyət göstərmişdilər. Belə görkəmli alimlərdən biri də əslən Krım tatarı olan
professor Bəkir Çobanzadə olmuşdur.
Qeyd edək ki, Bəkir Çobanzadə Azərbaycan xalqının elmi-mədəni və
ictimai həyatında çox mühüm işlər görmüşdür. O, ədəbiyyat, dil, dil tarixi,
dialektologiya, əlifba, imla – orfoqrafiya, metodika və s. məsələlərlə bağlı bir çox
ilkinlərə imza atmışdır. Bu ilkinlər sırasından “Türk-tatar lisaniyyətinə mədxəl”
(1924) adlı əsərini göstərmək kifayətdir. Belə ki, o, bu əsəri yazmaqla
Azərbaycanın dilçilik elmi tarixində yeni bir sahənin – “Türkologiya”nın əsasını
qoymuşdur.
Bəkir Çobanzadənin yaradıcılıq xəritəsi o qədər genişdir ki, onun
hamısından danışası olsaq, cild-cild kitablar yazmalı olarıq. Bu məqaləmizdə onun
əlifba məsələsi ilə bağlı fəaliyyətini, xüsusilə də Azərbaycanda latın əlifbasının
qəbulu prosesindəki fəaliyyətini işıqlandırmağa çalışacağıq.
Bəkir Çobanzadənin Azərbaycana gəlişi çox maraqlı bir əhvalatla bağlıdır.
1923-cü ilin sentyabrında Azərbaycandan türk xalqlarının yaşadıqları ərazilərə
oradakı insanların yeni əlifbanın qəbul edilməsi məsələsinə münasibətlərini
*
Bayramov Ramil - Bakı Dövlət Universitetinin “Türkoloji araşdırmalar” elmi-tədqiqat
laboratoriyasının əməkdaşı, Azərbaycan Dillər Universitetinin filologiya üzrə fəlsəfə
doktorantı.