|
İNKİŞaf – MƏQSƏDİMİZDİR ÜÇÜNCÜ Kİtab
60
QAZAXISTAN PREZİDENTİ
NURSULTAN NAZARBAYEV İLƏ
TƏKBƏTƏK GÖRÜŞ
1 mart 2004-cü il
Qazaxıstan prezidentinin sarayında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə Qazaxıstan
Respublikasının prezidenti Nursultan Nazarbayev arasında təkbətək görüş oldu.
Səmimi dostluq şəraitində keçən görüşdə prezident Nursultan Nazarbayev Azərbaycanla bütün sahələrdə
əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini söylədi və bu baxımdan prezident İlham Əliyevin
Qazaxıstana ilk dövlət səfərinin qarşılıqlı surətdə faydalı ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə
xidmət edəcəyini vurğuladı.
Prezidentlər ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluqlarını ifadə etdilər və
gələcəkdə əməkdaşlığın daha yüksək səviyyəyə qalxması üçün səylərin artırılmasının vacibliyini bildirdilər.
Prezident İlham Əliyev və prezident Nursultan Nazarbayev iqtisadi münasibətlərə, xüsusilə Xəzərin
karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir
mübadiləsi apardılar. Hər iki dövlət başçısı neft və qaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin,
xüsusilə Bakı–Tbilisi–-Ceyhan layihəsində Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söylədilər.
Qeyd olundu ki, gələcəkdə Qazaxıstan təbii qazının da Azərbaycan ərazisindən Avropaya çatdırılması nəzərdə
tutulur.
Görüşdə beynəlxalq və regional əməkdaşlıq məsələləri də geniş müzakirə olundu. Mərkəzi Asiya və Cənubi
Qafqaz ölkələrinin gələcək inkişafı üçün regional münaqişələrin, xüsusilə Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ probleminin tezliklə və beynəlxalq hüquq normaları əsasında həll olunmasının zəruriliyi vurğulandı.
Prezidentlər Xəzərin statusu məsələsində Qazaxıstanla Azərbaycan arasında tam razılıq əldə olunmasından
məmnunluqlarını ifadə edərək bildirdilər ki, bu problemin tezliklə həll olunması üçün digər Xəzəryanı ölkələrlə
birlikdə səylər daha da artırılmalıdır.
*
*
*
Təkbətək görüşdən sonra Qazaxıstan prezidentinin sarayının Qızıl salonunda dövlət başçıları İlham Əliyevin
və Nursultan Nazarbayevin geniş tərkibdə görüşü oldu.
Prezident Nursultan Nazarbayev görüşü açaraq dedi ki, qardaş Qazaxıstan və Azərbaycan xalqlarını onların
ümumi mədəni-tarixi, vahid coğrafi-siyasi məkana malik olmaları, həll edilən məsələlərin oxşarlığı
doğmalaşdırır. O vurğuladı ki, müstəqil Azərbaycan dövlətinin təşəkkülündə və Qazaxıstan-Azərbaycan
münasibətlərinin möhkəmlənməsində Qazaxıstanda böyük hörmət bəslənilən prezident Heydər Əliyevin böyük
töhfəsi olmuşdur.
İkitərəfli iqtisadi əlaqələrdən söhbət açan prezident Nursultan Nazarbayev bildirdi ki, bu il Qazaxıstanla
Azərbaycan arasında əmtəə dövriyyəsi artmalıdır.
İqtisadi münasibətləri inkişaf etdirmək üçün hələ istifadə edilməmiş potensial olduğunu vurğulayan tərəflər
fevralın 27–28-də Astanada ikinci iclasını keçirmiş iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan–Azərbaycan
hökumətlərarası komissiyasının işinin səmərəli olacağına ümidvar olduqlarını bildirdilər.
Cənab Nursultan Nazarbayev dedi ki, biz Azərbaycan şirkətlərinin Qazaxıstan bazarında fəaliyyətinin
genişləndirilməsinə kömək etməyə hazırıq. Müştərək müəssisələrin, o cümlədən kənd təsərrüfatı sahəsində
müəssisələrin yaradılmasında əməkdaşlıq da səmərəli ola bilər.
Qazaxıstan rəhbəri siyasi sahədə əməkdaşlıqdan danışaraq vurğuladı ki, hər iki ölkə dünya siyasətinin əksər
məsələlərinə münasibətdə oxşar mövqe tutur və BMT, İslam Konfransı Təşkilatı kimi beynəlxalq təşkilatlar
çərçivəsində səmərəli qarşılıqlı fəaliyyəti bunu sübut edir. Qazaxıstan xalqı qitədə təhlükəsizliyin təmin edilməsi
üçün universal strukturun – Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM)
yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəklənməsini minnətdarlıqla qarşılayır. Qazaxıstan
prezidentinin fikrincə, Astanada Azərbaycan səfirliyinin açılması respublikalar arasında hərtərəfli əməkdaşlığın
daha da möhkəmlənməsinə kömək edəcəkdir.
Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfərinə dəvətə və yüksək qonaqpərvərliyə görə
prezident Nursultan Nazarbayevə minnətdarlığını bildirərək ölkələrimiz arasında münasibətlərin hərtərəfli
inkişafının Azərbaycan və Qazaxıstan xalqlarının ümumi mənafelərinə uyğun olduğunu, mövcud dostluq və
qardaşlıq əlaqələrinın bundan sonra daha da genişlənəcəyi və möhkəmlənəcəyinə əminliyini vurğuladı.
Prezident İlham Əliyev bildirdi ki, Xəzərin statusu barədə Qazaxıstanla Azərbaycan arasında tam razılığın
əldə olunması böyük nailiyyətdir və Qazaxıstanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına, Avropaya
61
çatdırılması üçün Azərbaycan çox əlverişli və təhlükəsiz ölkə olacaqdır. Dövlətimizin başçısı əmin olduğunu
söylədi ki, yaxın gələcəkdə ölkələrimiz Avropa bazarlarının təbii qazla əsas təchizatçıları olacaqdır.
Azərbaycan prezidenti humanitar sahədə də əlaqələrin dinamik inkişafından məmnunluğunu bildirərək hər
iki ölkənin mədəniyyət, elm, incəsənət xadimlərinin görüşləri haqqında razılıq əldə edildiyini vurğuladı.
Görüşdə bir sıra digər məsələlər barədə də fikir mübadiləsi oldu.
SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında
sənədlərin imzalanması mərasimi oldu.
İlk olaraq, prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev "Azərbaycan Respublikası və Qazaxıstan Res-
publikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzaladılar.
“Azərbaycan Respublikası hökuməti ilə Qazaxıstan Respublikası hökuməti arasında hərbi sahədə əməkdaşlıq
haqqında saziş”, "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında hökumət
rabitəsi sahəsində əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikası hökuməti və Qazaxıstan Respublikası
hökuməti arasında elmi-texniki əməkdaşlıq haqqında saziş", "Bakı Şəhəri İcra Hakimiyyəti və Astana Şəhəri
Akimatı arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikası
hökuməti və Qazaxıstan Respublikası hökuməti arasında mədəniyyət, elm və turizm sahəsində uzunmüddətli
əməkdaşlıq proqramı", "Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının aviasiya idarələri arasında
mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında protokol" sənədləri imzalandı.
Dostları ilə paylaş: |
|
|