58
İ l h a m Ə l i y e v: Əziz dostlar!
İlk növbədə, belə yüksək qiymətə görə – fəxri professor adına layiq
görüldüyümə görə Avrasiya
Universitetinin rəhbərliyinə təşəkkür etmək istərdim. Qeyd edildiyi kimi, tərcümeyi-halımda ali məktəbdə dərs
dediyim dövr olmuşdur və təbii ki, bu dövr mənə əzizdir. Çünki gənc nəsillə ünsiyyət, öz bilik və təcrübəni ona
öyrətmək xeyirxah, eyni zamanda, çox xoş işdir. Ona görə də bu gün belə yüksək şərəfə layiq görülməyim mənə
ikiqat xoşdur. Sizi əmin edə bilərəm ki, bu fəxri adı doğruldacağam, artıq indən belə bütün işlərimdə Avrasiya
Universitetini də layiqincə təmsil edəcəyəm.
Bu gün mənim qardaş Qazaxıstana səfərim başlanmışdır. Mən buna çox böyük əhəmiyyət verirəm.
Ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyəyə çatmışdır. Yüksək səviyyədə siyasi məsləhətləşmələr
aparılır, ikitərəfli məsələlər, regional siyasət problemləri barəsində qarşılıqlı anlaşma var. Bir çox beynəlxalq
məsələlərin həllinə yanaşmalarımız eynidir. Qazaxıstanla
Azərbaycan dost, qardaş, tərəfdaşdırlar. Bunun
nəticəsi olaraq ölkələrimizin yaxınlığı, regionda səylərimizin əlaqələndirilməsi sabitlik, sülh və xalqlarımızın
tərəqqisi üçün möhkəm təminatdır.
Başlıca vəzifə bundan ibarətdir. Biz vətəndaşlarımızın daha yaxşı yaşamasını təmin etməli, müstəqilliyimizi
daha da möhkəmlətməli, onu dönməz etməliyik.
Qarşılıqlı iqtisadi fəaliyyət çərçivəsində ölkələrimizi həyata keçirilən və keçiriləcək böyük layihələr bir-
birinə bağlayır. Mən məmnunam ki, bu gün hörmətli Qazaxıstan prezidenti Nursultan Abişoviç Nazarbayevlə
keçirdiyimiz görüşlər və danışıqlar çərçivəsində enerji dəhlizi problemləri, neft və qaz layihələri, nəqliyyat və
kommunikasiya proqramları sahəsində əməkdaşlıq barədə baxışlarımızda tam uyğunluq əldə edildi. Qazaxıstana
dost və qardaş ölkə olan Azərbaycan Qazaxıstanın karbohidrogen ehtiyatlarının nəql ediləcəyi etibarlı və
təminatlı məkana çevriləcəkdir. Bu layihələr həm ölkələrimiz üçün, həm də bütövlükdə,
region üçün, bəlkə də
bütün dünya üçün əhəmiyyətlidir. Çünki Qazaxıstanda və Azərbaycanda həyata keçirilən layihələr dünyada çox
iri energetika layihələridir.
Ölkələrimizi birləşdirən bir də budur ki, iqtisadi islahatların səmərəliliyinin sürəti baxımından – bugünkü
görüşlərimizdə bu da qeyd edildi – Qazaxıstan və Azərbaycan bütün MDB məkanında yəqin ki, liderlərdir.
İqtisadiyyatda, sosial sahədə, iqtisadi münasibətlərin sərbəstləşdirilməsi çərçivəsində bütün islahatlar artıq çox
ciddi nəticələrə gətirib çıxarmışdır. Ölkələrimiz öz iqtisadi potensialını, demək olar, eyni sürətlə artırırlar. Əgər
iqtisadiyyatın və ümumi daxili məhsulun artım dinamikası və statistikasını izləsək, görərik ki, Qazaxıstan və
Azərbaycan hamıdan öndə, sanki çiyin-çiyinə irəliləyir.
Bu, xarici sərmayəçilərin ölkələrimizə yönəltdikləri birbaşa sərmayələrin adambaşına düşən həcminə də
aiddir. Qazaxıstan və Azərbaycan burada da təkcə MDB çərçivəsində deyil, hətta Şərqi Avropanın
bir çox
ölkələri arasında iki öncül yeri tuturlar. Bu, ilk növbədə, onu göstərir ki, ölkələrimizin rəhbərliyinin iqtisadiyyatı
sərbəstləşdirmək xətti artıq öz bəhrələrini vermişdir. Ən başlıcası budur ki, ölkələrimizdə iqtisadi uğurun əsas
amillərindən biri, yəni ictimai-siyasi sabitlik mövcuddur. Sözsüz ki, bu sabitlik olmasaydı, sərmayəçilərdən heç
biri öz kapitalı ilə risk etməzdi və ölkələrimizin iqtisadiyyatına milyardlarla dollar qoymazdı. Bunda Qazaxıstan
prezidenti Nursultan Abişoviç Nazarbayevin və Azərbaycan dövlətinin inkişafının ən mürəkkəb dövründə
ölkəmizə 10 il başçılıq etmiş prezident Heydər Əlirza oğlu Əliyevin böyük xidməti var. Ölkələrimiz bu uğurlara
məhz iki liderin səyləri ilə nail olmuşlar. Əlbəttə ki, yeni seçilmiş prezident kimi, mənim vəzifəm bu xətti
davam etdirməkdir. Çünki bu, real və yeganə düzgün siyasətdir,
öz düzgünlüyünü sözdə deyil, işdə sübut
etmişdir.
Ölkələrimiz arasında humanitar sahədə çox sıx qarşılıqlı əlaqələr mövcuddur. Bizi ümumi tarix, mədəniyyət,
mənşə, dəyərlər birləşdirir. Əlbəttə ki, bütün bu amillər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və
möhkəmləndirilməsi üçün çox ciddi və möhkəm təməldir. Artıq bu gün mədəniyyət, elm xadimlərinin, digər
ziyalıların bir-birinin işlərində daha fəal iştirak etmələri haqqında razılaşmalar əldə olunmuşdur. Qarşılıqlı
səfərlər, mədəniyyət günləri nəzərdə tutulur. Düşünürəm ki, onlar xalqlarımızı daha da yaxınlaşdıracaqdır.
Təbii ki, çətinliklər də, həllini gözləyən çoxsaylı məsələlər də var. Azərbaycana gəldikdə, bizim üçün əsas
çətinlik Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır. Ermənistanın
Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin ərazi bütövlüyü pozulmuşdur. Azərbaycan ərazilərinin 20
faizi indiyədək Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu təcavüz nəticəsində bir milyon azərbaycanlı
qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.
Təbii ki, bu münaqişənin nizama salınması prosesinin uzanması bizi çox narahat edir.
Təəssüflər olsun,
vasitəçilik fəaliyyəti göstərmək mandatı olan ölkələrin səyləri real nəticələrə gətirib çıxarmamışdır. Ümidvarıq
ki, bu münaqişə həll ediləcəkdir, lakin onun həlli ancaq hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normaları
gözlənilməklə, yəni Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa edilməsi, bütün işğalçı qüvvələrin
ərazilərimizdən çıxarılması və qaçqın-köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtması təqdirində mümkündür.
Fürsətdən istifadə edərək, bu məsələdə prinsipial mövqe tutduğuna görə, Qazaxıstan rəhbərliyinə bir daha
təşəkkür və minnətdarlığımızı bildirmək istəyirəm. Təcavüzkar separatizm siyasəti pislənilir və prezident
59
Nursultan Abişoviç Nazarbayevin bugünkü bəyanatı bir daha göstərir ki, Azərbaycanın ərazi bütövlüyünün
bərpası məsələsində Qazaxıstanın prinsipial mövqeyi dəyişməz qalır. Biz buna görə çox minnətdarıq.
Ölkələrimiz arasında qarşılıqlı münasibətlərin bir cəhəti də vardır və zənnimcə, biz burada,
heç də sadə
olmayan məsələləri necə həll etməyin mümkünlüyü barədə başqalarına nümunə göstəririk. Qazaxıstanla
Azərbaycan arasında Xəzər dənizinin sektorlara bölünməsinə dair saziş əldə olunması iki ölkənin belə
məsələləri həll edə bilməsinə sübutdur. Təəssüf ki, Xəzər dənizinin bölünməsi məsələsinin tammiqyaslı həlli
hələlik tapılmamışdır. Lakin əgər Qazaxıstanla Azərbaycan, Qazaxıstanla Rusiya, Rusiya ilə Azərbaycan
arasında artıq mövcud olan sazişlər əsas kimi götürülsə, zənnimcə, biz Xəzər dənizinin milli sektorlara
bölünməsində tezliklə ümumi razılığa gələ bilərik. Biz bunu istəyirik və düşünürəm ki, Xəzər hövzəsinin bütün
qalan ölkələri də istəyir. Bununla belə, əminliklə deyə bilərəm ki, hətta Xəzərin statusunun qlobal planda həll
edilməməsi də xarici sərmayəçilərin dənizin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə
milyardlarla dollar vəsait qoymasına mane olmamışdır. Lakin, əlbəttə,
regionda təhlükəsizliyi
möhkəmləndirmək üçün Xəzərin statusunun bütün sahilyanı dövlətlər tərəfindən həlli çox müsbət amil ola
bilərdi.
Bu gün iqtisadi əməkdaşlığın sürətləndirilməsi məsələləri də müzakirə olundu və bu da, öz növbəsində,
ölkələrimiz arasında münasibətlərin daha sıx olmasına gətirib çıxaracaqdır. Artıq konkret təkliflər və layihələr
vardır və onlar yaxın vaxtlarda ölkələrimiz arasında əmtəə dövriyyəsini xeyli artırmağa imkan yaradacaqdır.
Müvafiq qurumlar bu istiqamətdə fəal işləyirlər və əminəm ki, yaxın vaxtlarda iqtisadi sahədə daha böyük
fəallıq baş verəcəkdir. Bir-birimizə təklif etməli çox şey, məsələn, hər iki ölkənin ehtiyac duyduğu mallar
vardır. Əminəm ki, lazımi infrastruktur yaradılarsa və müəyyən tədbirlər görülərsə, yaxın vaxtlarda biz bu
sahədə də böyük tərəqqinin şahidi olacağıq.
Sizin vaxtınızdan sui-istifadə etmək istəməzdim. Qarşılıqlı münasibətlərimizin
hər sahəsində hadisələrin
yalnız müsbət inkişafını görürük. Bu gün elə bir məsələ yoxdur ki, ölkələrimizin münasibətləri bir-birindən
fərqlənsin, elə bir problem yoxdur ki, bizi onun həlli üzərində fəal surətdə işləməyə vadar etsin. Yalnız bir
problem vardır – necə edək ki, bu münasibətlər dolğunlaşsın, möhkəmlənsin və qarşılıqlı surətdə faydalı
istiqamətə yönəlmiş yeni qərarların qəbul edilməsinə gətirib çıxarsın. Əminəm ki, bütün ölkələr arasında
münasibətlər Qazaxıstan ilə Azərbaycan arasındakı kimi səmimi dostluq, qardaşlıq münasibətləri olsaydı, dün-
yada əmin-amanlıq, təhlükəsizlik, firavanlıq hökm sürərdi. Biz istəyirik ki, regionumuz qəti surətdə sülh və
təhlükəsizlik zonasına çevrilsin. Biz istəyirik ki, vətəndaşlarımız sülh şəraitində yaşasınlar, ölkələrimizin indiki
və gələcək nəsillərini heç nə təhdid etməsin.
Mənə belə yüksək ad verdiyinizə görə bir daha sizə təşəkkürümü bildirirəm. Burada, Qazaxıstanda
yenidən
görüşəcəyimizə ümid bəsləyir, universitetin professoru kimi, həmkarlarımı Azərbaycana dəvət etmək istəyirəm.
Sizinlə görüşməyə və əlaqələrimizi davam etdirməyə çox şad olarıq. Bir daha çox sağ olun.
S a r s e n q a l i A b d e m a n a p o v: Cənab Prezident, maraqlı çıxış üçün çox sağ olun. Biz
universitetimizdə yaranmış ənənəni davam etdirərək, digər dövlət başçılarına olduğu kimi, Sizə də Avrasiya
Universitetinin medalını təqdim etmək istərdik. "Qızıl döyüşçü" adlanan bu medal Avrasiyanın və daim irəliyə –
Şərqdən Qərbə hərəkətin rəmzidir.
Görüş iştirakçılarının gurultulu alqışları altında "Qızıl döyüşçü" medalı dövlətimizin başçısına təqdim
olundu.
Prezident İlham Əliyev universitetə Azərbaycan rəssamı Mahmud Tağıyevin "Dədə Qorqud" tablosunu
hədiyyə etdi.