75
Diqqətinizə görə təşəkkür edirəm.
Gürcüstan prezidenti Mixail Saakaşvilinin bəyanatı
Mən,
öz tərəfimdən, İlham Heydəroviçə çox böyük təşəkkürümü bildirmək istəyirəm. Bir daha bildirirəm ki,
bizim çox səmimi görüşümüz oldu. Əslində bütün məsələlər barəsində sinxron və vahid mövqe var, bu isə bir
daha təsdiq edir ki, Azərbaycanın simasında bizim, həqiqətən, sadəcə, dost və yaxşı qonşumuz deyil, həm də
qardaş dövlətimiz var.
Bu dostluq son illər insanların şüuruna yeridilmişdir – biz qardaşıq və ayrılmazıq. Mən “Azərbaycan sizin
evinizdir” sözlərinə görə İlham Heydəroviçə çox minnətdaram, çünki bu, həqiqətən ümumi evimizdir.
Düşünürəm ki, belə sözləri elə-belə demirlər, heç yerdə dilə gətirmirlər. Biz dövlət münasibətlərindən, səmimi
münasibətlərdən danışırıq.
Əvvəla, biz bir-birimizlə inteqrasiya edəcəyik. Biz vahid tarif sistemi yaradacaq, vergi sistemimizi
uyğunlaşdıracağıq, gömrük sədlərini, hüquqi sədləri
ləğv edəcəyik ki, məsələn, Azərbaycanda qeydiyyata
alınacaq müəssisələr avtomatik surətdə Gürcüstanda qeydiyyatdan keçmiş hesab olunsun və əksinə.
Vətəndaşlarımız bir ölkədən digərinə gedərkən onlar əngəllərlə qarşılaşmasınlar. Bütün regional layihələr hər
hansı maneələrlə rastlaşmasın. Ümidvaram ki, bu məkan bütün Cənubi Qafqazda genişlənəcəkdir. Bu, regionun
Avropanın bir hissəsi olması üçün çox vacibdir.
Biz Azərbaycanın Avropa Birliyinə inteqrasiyası üçün bütün işləri görəcək və bu sahədə bir-birimizə kömək
edəcəyik. Biz Amerika Birləşmiş Ştatları ilə tamhüquqlu tərəfdaşlıq münasibətlərinin olmasını istəyirik.
Ölkələrimizin Rusiya ilə münasibətlərinin əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. Məmnunluqla qeyd etmək
istəyirəm ki, Azərbaycanın Rusiya ilə çox səmimi və yaxın münasibətləri var. Biz Rusiya prezidenti Vladimir
Putinlə bu barədə söhbət etdik. Prezident Putinlə bizim də yaxşı şəxsi münasibətlərimiz yaranır və mən bunu
yüksək qiymətləndirirəm, dövlətlərarası münasibətlər də təşəkkül tapır. Təbii ki, bu illər ərzində yaranmış bütün
problemləri bir gündə həll etmək olmaz. Rusiya hər iki dövlət üçün çox mühüm tərəfdaşdır. Bu məsələdə
fikirlərimiz oxşardır. Biz bu məsələni də müzakirə etdik. Prezident Putin haqqında və şəxsən onun baxışları
barədə çox yaxşı fikirdəyik. Çox ümid edirik ki, onun bütün siyasəti həyata keçiriləcək və Rusiya bütün
regionun mühüm, tamhüquqlu tərəfdaşı olacaqdır. Bu çox vacibdir.
Zənnimcə, biz fəaliyyətimizi bu istiqamətdə də əlaqələndirməliyik.
Bizim konkret iqtisadi layihələrimiz var. Münasibətlərimiz indiyədək də səmimi idi
və neft kəmərinə
əsaslanmışdır. İndi biz, ilk növbədə, çalışmalıyıq ki, yolumuzda hər hansı maneə olsa da – bunlar olacaqdır, bu
barədə məlumat almışam – layihə həyata keçirilməlidir. Bu layihə Gürcüstan üçün həyati məsələdir. Biz bu
layihəni axıradək gerçəkləşdirəcəyik. Bu çox mühüm, prinsipial məsələdir. Biz qaz kəməri layihəsini də axıra
çatdıracağıq. Çünki qaz kəməri energetika təhlükəsizliyi üçün, bütün regionun müstəqilliyi üçün əlavə
təminatlar verəcəkdir. Biz bu layihələrə təkcə dövlətlərimizin deyil, Qazaxıstanın və digər ölkələrin də
qoşulacağına ümid edirik. Çünki bu regional əməkdaşlıqdan onlar da fayda götürməlidirlər. Bu layihələrin
çoxtərəfli xarakter alması üçün Rusiyanın da onlara qoşulmasına tərəfdarıq. Mən bir daha vurğulamaq istəyirəm
ki, bu layihələr ölkələrimizin energetika müstəqilliyi üçün çox böyük əhəmiyyətə malikdir. Kimin tərəfindən
olursa-olsun, təzyiq göstərilməsinin mümkünlüyü ilə bağlı hər cür riski rədd edirik.
Lakin münasibətlərimizi neft kəmərinin hüdudlarından kənara çıxarmaq çox vacibdir. Münasibətlərimiz
yalnız bu sahədə əməkdaşlıqdan daha geniş olmalıdır. İnkişaf səviyyəsinə, iqtisadi mentalitetinə görə biz oxşar
ölkələrik. Bütün bunların müxtəlif iqtisadi sahələrdə konkret layihələrə çevrilməsi çox vacibdir. Bu mənada
Azərbaycan Gürcüstan üçün, gürcü mallarının getdikcə artan bazarı üçün çox böyük maraq doğuran bir ölkədir
və əksinə. Konkret layihələr var və biz onlara prezidentlər səviyyəsində lobbilik edəcəyik. Bütün bunlar
vətəndaşlarımızın həyat səviyyəsinə təsir göstərəcəkdir. Siz doğru dediniz ki, bir-birinə kömək göstərmədən və-
təndaşlarımızın həyat səviyyəsini yüksəltmək çətin olacaqdır.
Biz bildirdik ki, indi Gürcüstanda pensiya 11 dollara çatdırılacaqdır, Azərbaycanda isə 20 dollardır. Əlbəttə,
bu, çox azdır. Əmək haqqı da artacaqdır. Lakin əmək haqqı azdır, odur ki, hər şey regionun potensialından asılı
olacaqdır. Zənnimcə, potensial indikindən çox-çox genişdir. Biz çalışmalıyıq ki, Azərbaycanda hər hansı
iqtisadi fəallıq Gürcüstanda iqtisadi fəallıq doğursun və əksinə. Bu bizim yeni mövqeyimizdir. Rəhbərliyə
liderlərin yeni nəsli, yeni enerji, yeni qüvvə gəlmişdir.
Bir daha nəzərə çatdırmaq istəyirəm ki, Azərbaycanın yeni prezidentinin baxışlarının və təfəkkürünün
miqyası məni heyran etdi. Düşünürəm ki, Azərbaycanın bəxti çox gətirmişdir. Çünki siz nəinki, sadəcə olaraq,
regional liderə, həm də beynəlxalq miqyaslı liderə maliksiniz. Mənim müqayisə etmək üçün kifayət qədər
təcrübəm var. Siz hər şeyi təkcə öz ölkəsinin mövqeyindən deyil, həm də bütün region, Avropa Birliyi
miqyasında görən və əlbəttə ki, öz ölkəsinin mənafelərini qoruyan liderə maliksiniz. Bu məni çox sevindirir.
Ona görə ki, meydana çıxan xırda-para məsələlər dərhal həll edilir.
76
Eyni zamanda, biz Gürcüstanın azərbaycanlı əhalisinin ölkənin siyasi və iqtisadi həyatına inteqrasiyasının
tərəfdarıyıq. Çox
vacibdir ki, onlar öz ənənələrini və mədəniyyətini qoruyub saxlamaqla yanaşı, gürcü dilini
öyrənsinlər, Gürcüstanın da, bizim qardaşlığımızın da daha güclü olması üçün cəmiyyətimizin tamhüquqlu
üzvünə çevrilsinlər. Biz çoxmillətli, inteqrasiya olunmuş, güclü Gürcüstanın tərəfdarıyıq. Bu bizim dövlətimizin
sərvətidir. Biz istəyirik ki, güclü Gürcüstan qarşısında duran bütün vəzifələri həll etsin. Uğurumuzun alternativi
yoxdur. Bizim uğurlu inkişafımızın alternativi yoxdur. Bizim qardaşlığımızın və əməkdaşlığımızın da alternativi
yoxdur. Bu mənada biz hamıya minnətdarıq. Biz istəyirik ki, bu bütün Cənubi Qafqaz regionunu əhatə etsin.
İstəyirik ki, bu regionda sülh olsun, biz məsələlərin zor gücünə həllinə tərəfdar deyilik. Lakin eyni zamanda, biz
dövlətçiliyimizi gücləndirəcəyik və möhkəmləndirəcəyik. Biz Türkiyə ilə əməkdaşlığımızı da
çox qiymət-
ləndiririk. Bu ölkə bizə çox kömək edir. Türkiyə bizim çox mühüm dostumuz və müttəfiqimizdir. Bu ölkə ilə
münasibətlərimiz praqmatik məna daşımır, biz əbədi dostuq.
Gürcüstan bütün Cənubi Qafqazda, Ermənistanla münasibətlərdə sülhməramlı rol oynamağa hazırdır. Rusiya
ilə münasibətlərdə də birgə əməkdaşlığa ümid bəsləyirik.
Mənə Bakıda olmaq çox xoşdur. Bu gün bizi hərarətlə qarşılayan təkcə hava deyildi. Mən küçələrdə dayanan
və bizi salamlayan insanlara təşəkkür etmək istəyirəm. Bu, keçmiş vaxtlar deyil ki, insanları hansısa qonaqları
salamlamaq üçün küçələrə çıxarsınlar. Bu, ürəkdən, qəlbdən gəlirdi.
Mən buraya Azərbaycan üçün hüznlü günlərdə də gəlmişdim, onda ölkənin bütün vətəndaşları dünya
miqyaslı, çox böyük dövlət xadimi Heydər Əliyevi son mənzilə yola salırdılar. O zaman mən Bakının küçələri
ilə gedərkən azərbaycanlıların prezident nümayəndə heyətinin hər bir üzvünə mehriban və səmimi münasibətinə
heyran qaldım. Bunu mən bu gün də hiss etdim. İnsanlar özləri küçələrə çıxmışdılar, təbii ki, iş vaxtı idi və onlar
bizi salamlayırdılar. Bu, bir insan kimi, mənə çox xoş idi. Gürcüstan televiziyası da
burada idi və Gürcüstan
prezidentinin Bakıda necə səmimiyyətlə qarşılandığını yəqin ki, çəkmişdir. Düşünürəm ki, heç bir gürcü ailəsi
buna laqeyd qalmayacaqdır. Zənnimcə, bu, iki ölkə prezidentləri arasındakı münasibətlərdən də artıqdır. Belə
münasibət bir gündə yaranmır. Düzgün siyasət aparılarsa, bunları yüz ilə də məhv etmək olmaz.
Mən buraya bütün Azərbaycan hökuməti ilə tanış olmaq üçün gəlmişəm və biz buna nail olduq. Mən buraya
dost qazanmaq üçün gəlmişəm. Düşünürəm ki, mən dost deyil, qardaş qazandım, bu isə daha mühümdür. Çünki
dostdan küsmək olar, qardaşla isə normal ailələrdə belə şeylər baş vermir. Düşünürəm ki, bu münasibətlər bizi
salamlayan bütün insanlara sirayət edəcəkdir. Gürcüstanda da İlham Əliyevə bu cür münasibət bəsləyirlər.
İnsanların Heydər Əliyevə haqlı olaraq necə münasibət bəslədikləri, ona necə hörmət etdikləri yadımdadır. Biz
Bakıda son zamanlar aparılan tikinti işlərinin nəticələrini görürük. Mən burada baş verənlərə yaxşı mənada qibtə
edirəm. Biz Gürcüstanda da belə tikinti işləri aparmaq, belə tərəqqiyə nail olmaq istəyirik. İstəyirik ki,
insanlarımız belə nikbin olsunlar, gələcəyə böyük inamla baxsınlar, ümidsizlikdən, təsərrüfatsızlıqdan,
intizamsızlıqdan danışmasınlar. Biz də demokratik dövlət çərçivəsində iqtisadi sabitliyə,
nizam-intizama nail olmaq
istəyirik. Təbii ki, biz çox şeyi Azərbaycandan öyrənmək istəyirik. Hər gəlişimizdə Bakının daha da gözəlləşdiyini
görürük. Bilirəm ki, ölkənin bölgələri də inkişaf edir. Biz buna çox şadıq, çox sağ olun. Düşünürəm ki, bu gün çox
yaxşı gündür. Sabah buradan yaxşı əhval-ruhiyyə ilə gedəcəyik.
* * *
S u a l:
Cənab Əliyev, prezident Mixail Saakaşvilinin Gürcüstanla Azərbaycan arasında sərhədlərin
iki il ərzində açılması ilə bağlı bəyanatı barədə fikrinizi bilmək istərdim. Sonra, Abxaziyada və
Qarabağda münaqişələrin nizama salınması yolunu nədə görürsünüz?
İ l h a m Ə l i y e v: Biz hörmətli Mixail Nikolayeviçlə iqtisadi əməkdaşlığa dair bir çox məsələləri
müzakirə etdik və belə bir yekdil fikrə gəldik ki, qarşılıqlı surətdə faydalı ticarət-iqtisadi əlaqələri inkişaf
etdirmək üçün böyük potensial vardır. Təbiidir ki, bütün bu illər ərzində bizim iqtisadi münasibətlərimizdə
Gürcüstan və Azərbaycan üçün
həyati əhəmiyyətli məsələlər, xüsusilə Xəzər dənizinin enerji ehtiyatlarının nəql
olunmasının əlaqələndirilməsi məsələləri üstünlük təşkil etmişdir. Çünki bu təkcə iqtisadi cəhətdən deyil, həm
də regionda təhlükəsizliyin möhkəmlənməsi baxımından ölkələrimiz üçün qlobal xarakterli öncül məsələdir.
Bununla yanaşı, iş elə gətirmişdir ki, energetika sektoru çərçivəsindən kənarda iqtisadi əməkdaşlıq məsələləri
bir qədər kölgədə qalmış və arxa plana keçmişdir. Bəlkə də bunun bir əsası vardır, çünki bütün səylər məhz
Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan boru kəmərləri məsələsinin irəliləməsinə yönəldilmişdi. Bu boru kəmərləri
layihələri çox ağır şəraitdə, bəzən ağır nəticələr verə biləcək mütəmadi hədə-qorxu və təzyiqlərin müşayiəti ilə
həyata keçirilmişdir.
Boru kəmərləri ilə bağlı məsələlərin öz həllini tapdığı və həyata keçirildiyi indiki şəraitdə isə, əlbəttə, yeni
problemlər, yəni ticarət-iqtisadi münasibətlərimizin tarazlaşdırılması məsələləri meydana çıxır. Bu baxımdan biz
aydın başa düşürük ki, Gürcüstan və Azərbaycan iqtisadi cəhətdən çox fəal surətdə inteqrasiya etməlidir. Mən
Gürcüstan prezidentinin belə bir fikri ilə tam razıyam ki, Avropa ölkələri arasında iqtisadi sərhədlərin aradan
götürüldüyü, vahid iqtisadi məkan yaradıldığı və artıq yarandığı bir vaxtda, əlbəttə, bütün tarixi, mədəni,