71
GÜRCÜSTAN PREZİDENTİ
MİXAİL SAAKAŞVİLİ İLƏ
TƏKBƏTƏK GÖRÜŞ
Prezident sarayı
4 mart 2004-cü il
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan prezidenti Mixail
Saakaşvilini səmimiyyətlə salamlayaraq onun ölkəmizə səfərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsində
yeni mərhələ olacağını bildirdi. Prezident İlham Əliyev dedi ki, o, Azərbaycan–Gürcüstan münasibətlərinin
inkişafı sahəsində ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirəcəkdir.
Mehribanlıq və səmimilik şəraitində keçən görüş zamanı tərəflər siyasi-iqtisadi və mədəni sahələrdə
əməkdaşlığın dərinləşdirilməsinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi apardılar.
*
*
*
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Mixail
Saakaşvilinin geniş heyətdə görüşü oldu.
İ l h a m Ə l i y e v: Hörmətli cənab Prezident!
Hörmətli dostlar!
Sizi Azərbaycanda bir daha salamlamaq, sizə "Xoş gəlmisiniz!" demək və əmin olduğumu bildirmək
istəyirəm ki, səfəriniz bir-biriylə tarixən həmişə çox sıx olmuş ölkələrimizi və xalqlarımızı daha da
yaxınlaşdıracaqdır.
Gürcüstanla Azərbaycan iki qonşu, qardaş ölkədir. Bizi qarşılıqlı münasibətlərin, mədəni əlaqələrin böyük
bir tarixi, həyatımızın bütün istiqamətlərində çox fəal əməkdaşlıq birləşdirir. Xalqlarımız bütün dövrlərdə bir-
birinə qardaşlıq hissləri bəsləmişlər. Çox mühümdür ki, bu hisslər qorunub saxlanmış,
ölkələrimiz müstəqilliyə
qovuşduqdan sonra isə münasibətlərimiz daha da yaxşılaşmışdır. Bizi birləşdirən bütün müsbət cəhətləri
qoruyub saxlaya, inkişaf etdirə bilmişik. Zənnimcə, bu gün ölkələrimiz arasındakı münasibətlər qonşular
arasında münasibətlərin necə olmasına yaxşı örnəkdir.
Bizi ümumi iqtisadi layihələr də birləşdirir. Hazırda Gürcüstanda və Azərbaycanda dünya səviyyəli layihələr
həyata keçirilir. Beynəlxalq ictimaiyyətin diqqəti bu layihələrə dikilmişdir və onlar ölkələrimizdə iqtisadi
yüksəliş üçün yaxşı zəmin yaradacaqdır.
Siyasi əlaqələrimiz çox fəaldır. Biz regional və dünya xarakterli məsələlərə dair siyasi məsləhətləşmələr
aparırıq və məmnunuq ki, baxışlarımız uyğun gəlir.
İnsanların rifahının yaxşılaşdırılması, iqtisadi inkişaf, sosial məsələlərin həlli,
habelə ərazi bütövlüyünün
bərpası baxımından ümumi problemlərimiz də mövcuddur.
Təəssüf ki, Gürcüstan və Azərbaycan ölkələrimizin ərazi bütövlüyünün pozulmasına gətirib çıxaran
təcavüzkar separatizmə məruz qalmışlar. Lakin biz əminik ki, beynəlxalq hüquq normaları zəfər çalacaq və
Gürcüstanın da, Azərbaycanın da ərazi bütövlüyü beynəlxalq normalara müvafiq surətdə bərpa ediləcəkdir.
Bizim heç kimin torpağında gözümüz yoxdur, lakin öz ərazimizi də heç kimə verməyəcəyik. Ona görə bütün
bu problemlər, ən əsası isə, müsbət amillər bizi bir-birimizə daha da yaxınlaşdırır.
Cənab Prezident, mən çox şadam ki, Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz. Əminəm ki, görüşlərimiz və
apardığımız danışıqlar, geniş tərkibdə görüş, habelə nümayəndə heyətlərimizin üzvləri arasındakı əlaqələr bizi
bir-birimizə daha da yaxınlaşdıracaq, ölkələrimizin ümdə problemlərini həll etməyə imkan verəcəkdir.
Sizinlə
söhbətimizdə belə bir yekdil fikrə gəldik ki, bizim xoşbəxtliyimiz və tərəqqimiz yalnız birlikdə olmağımızdan
asılıdır. Əminəm ki, bu, gələcəkdə də belə olacaqdır.
Sizi bir daha salamlayıram. Ümidvaram ki, Sizin səfəriniz uğurlu, nəticələri isə faydalı olacaq və Siz buradan
yaxşı təəssüratlarla qayıdacaqsınız.
M i x a i l S a a k a ş v i l i: Hörmətli İlham Heydər oğlu!
Hörmətli hökumət üzvləri!
Mən burada rəsmi səfərdə olmaq kimi çoxdankı arzumu yerinə yetirdim. Əlbəttə, fərdi şəxs və parlamentin
üzvü kimi, mən burada dəfələrlə olmuşam. Azərbaycanı və Bakını çox sevirəm. Buradan həmişə ən səmimi və
xoş xatirələrlə qayıdıram. Bu gün burada hava da gözəldir və zənnimcə, bu da təbiətin bir əlamətidir. Demək
istəyirəm ki, Azərbaycan bizim strateji tərəfdaşımız və dostumuzdur və o heç vaxt, ən çətin anlarda da bizi
darda qoymamışdır. Biz həmişə Sizin ölkənizə arxalanmışıq. Gürcüstan təkcə çətin
günlər yaşayanda yox,
ümumiyyətlə, həmişə bir yerdə olmuşuq.
72
Məni daha çox sevindirir ki, Azərbaycanda böyük inkişaf var, onun iqtisadiyyatı tərəqqi edir, dövlətçiliyi,
hökumət qurumları möhkəmlənir, ölkənin müdafiə qüdrəti artır, beynəlxalq əməkdaşlıq layihələri inkişaf edir,
buraya sərmayələr qoyulur.
Təbiidir ki, Gürcüstan da bunu istəyir. Biz bir yerdə buna nail olmalıyıq ki, bütün
region ümumi Avropaya inteqrasiya olsun və Avropa Birliyi, nəhayət, bizim hamımızı öz məkanının
tamhüquqlu, mədəni, coğrafi hissəsi və Avropa İttifaqının siyasi hissəsi kimi tanısın. Biz istəyirik ki,
əməkdaşlığımız bütün sahələrdə möhkəmlənsin.
Biz Gürcüstan xalqının tərkib hissəsi, dövlətimizin tamhüquqlu vətəndaşları və bizim Gürcüstan
cəmiyyətimizin üzvləri olan azərbaycanlı əhalimizi çox sevirik. Onları Gürcüstanın nəinki iqtisadi həyatına,
həm də siyasi həyatına inteqrasiya etmək çox vacibdir. İlham Heydəroviçlə biz Azərbaycan mədəniyyəti və
dilinin saxlanılması ilə yanaşı, azərbaycanlıların gürcü dilini də öyrənməsi üçün bu inteqrasiyanı
sürətləndirməyin vacibliyindən danışdıq. Bizim üçün çox vacibdir ki, cəmiyyətimizin üzvü olaraq onlar bütün
sahələrdə uğurlar əldə etsinlər. Onlar bizim strateji sərvətimizdir və öz azərbaycanlı vətəndaşlarımızla
çox fəxr
edirik.
Biz konkret məsələlər barədə də razılığa gəldik. Düşünürəm ki, ölkələrimizin hökumətləri iqtisadi sahədə
əməkdaşlıq məsələləri barədə razılığa gələcəklər. Bütün sədlərin aradan qaldırılması bizim üçün strateji
məqsəddir. Azərbaycanla Gürcüstan arasında sərhəd sədləri olmamalıdır. Lakin bunun üçün, təbii olaraq, vaxt
lazımdır. Biz hökumət komissiyası yaradılması barədə razılığa gəldik və düşünürəm ki, il yarım–iki ildən sonra
biz sərhədimizdə gömrük sədlərinin və pasport nəzarətinin aradan götürülməsinə nail ola biləcəyik. Bütün bu
proseslər Avropa Birliyi çərçivəsində həyata keçirilmişdir. İnsanların, əmtəənin, sərmayələrin hərəkəti üçün süni
maneələr aradan qaldırılmalıdır. Gürcüstana kapital qoyan hər hansı sərmayəçi Azərbaycana
və əksinə sərmayə
qoymaq barədə də düşünməlidir. Bundan ötrü biz qanunvericilik məkanı yaratmalıyıq ki, sərmayələrin,
müəssisələrin qeydiyyatında məhdudiyyətlər olmasın. Regionumuz vahid, bölünməzdir və sərmayələrin,
müxtəlif iqtisadi layihələrin qarşılıqlı əlaqələri olmadan inkişaf edə bilməz.
Zənnimcə, biz ümumi Qafqaz bazarı yaradılmasına çalışmalıyıq və bu prosesin ilk mərhələsində Gürcüstan–
Azərbaycan bazarı yaratmaq olar. Gürcüstan bu istiqamətdə işləyir və ümidvaram ki, bir müddətdən sonra
Ümumqafqaz iqtisadi bazarı yaratmaq mümkün olacaqdır. Bu mənim ölkəmdə də mövcud olan bütün
problemlərin dincliklə həlli yolu tapıldıqdan sonra baş verəcəkdir. Mən Azərbaycan prezidentinin belə fikri ilə
şərikəm ki, bu problemlər həll edilməlidir.
Söhbət əməkdaşlıqdan getdikdə, müəssisələrimizin Azərbaycan bazarına çıxması bizim üçün çox vacibdir.
Həm də ona görə ki, hazırda bu bazar genişlənməkdədir. Biz istəyirik ki, azərbaycanlılar da Gürcüstanda həyata
keçirilən layihələrdə fəal iştirak etsinlər. Bu sahədə heç bir problem yaranmayacaq və biz buna çox şad
olacağıq.
Biz,
hər şeydən əvvəl, ölkələrimiz arasında münasibətlərdə əldə etdiyimiz nailiyyətləri unutmamalı, ilk
növbədə, müstəqil Azərbaycan dövlətinin atası və banisi Heydər Əlirza oğluna öz ehtiramımızı bildirməliyik.
Şübhəsiz, bu mənim üçün də, hər bir gürcü üçün də tamamilə aydındır ki, o nəinki Azərbaycan dövlətinin banisi
olmuş, həm də Azərbaycanla Gürcüstan arasında tamamilə yeni münasibətlərin əsasını qoymuşdur.
Zənn edirəm ki, bu baxımdan biz əvvəlki rəhbərliyin xəttini davam etdirəcək və eyni zamanda,
münasibətlərimizi daha da genişləndirəcək və onu yeni məzmunla zənginləşdirəcəyik. İndi hər iki ölkədə yeni
enerji və impuls meydana gəlmişdir. Mən ayrı-ayrı dövlət xadimlərindən İlham Əliyev barəsində yaxşı çox
sözlər eşitmişəm. Buraya səfərə gələnə qədər mən kansler Şröderlə, prezidentlər Vladimir Putinlə, Corc Buşla
görüşmüşdüm. Bu görüşlərdə də Azərbaycanla və digər qonşularımızla əlaqədar məsələlər müzakirə olunmuş-
dur. Bir neçə görüşdə biz Azərbaycan prezidenti barəsində danışdıq və mən onun barəsində çox yaxşı rəylər
eşitdim.
Demək istəyirəm ki, dünya liderləri olan bu siyasətçilərlə görüşlərdən və bugünkü görüşdən sonra
məndə xoş bir heyranlıq yarandı ki, qonşuluğumuzda beynəlxalq səviyyəli və beynəlxalq miqyaslı belə bir lider
vardır. Bu bizim üçün çox vacibdir. Çünki bu həm regionu, həm də bizim münasibətlərimizi tamamilə yeni
səviyyəyə çıxarır, regionumuzun sülh yolu ilə inkişafı üçün tamamilə yeni perspektivlər açır. Biz buna çox şadıq
və sevinirik.
Biz bir çox konkret məsələləri müzakirə etdik. Əvvəllər bir çox işləri həyata keçirə bilmirdik. Biz iri
layihələri həyata keçirirdik, iqtisadiyyatın digər sahələrinə gəldikdə isə, sadəcə, bir-birimizə iltifat göstərir və
deyirdik ki, dostlaşmaq lazımdır, amma bəzən bunun arxasında konkret məzmun olmurdu. İndi yalnız konkret
məsələ barədə danışmağı sevən rəhbərlər gəlmişdir. Biz bu gün bir sıra konkret məsələləri müzakirə etdik və
zənn edirəm ki, bizim danışıqlarımızdan və görüşlərimizdən sonra həm Gürcüstanın, həm də Azərbaycanın
iqtisadiyyatı güclü olacaqdır. Bu bizim üçün çox vacibdir. Təbiidir ki, biz digər sahələrdə də əlaqələrimizi
möhkəmləndirəcəyik.
Bu qəbula görə çox sağ olun. Bu, liderlərin böyük və gözəl dostluğunun yaxşı başlanğıcı və xalqlarımız
arasında qardaşlıq münasibətlərinin davamıdır. Biz, həqiqətən, qardaşıq və mən bunu çox az xalq barəsində
deyə bilərəm. Zənn edirəm ki, təkcə xalqlarımız qardaş olmamalıdır, nazirlərimizin də qardaşlıq münasibətləri