80
AZƏRBAYCAN PREZİDENTİNİN ADINDAN
GÜRCÜSTAN PREZİDENTİ
MİXAİL SAAKAŞVİLİNİN ŞƏRƏFİNƏ
TƏŞKİL OLUNMUŞ
RƏSMİ QƏBULDA NİTQ
4 mart 2004-cü il
Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Əziz dostlar!
Bu gün Azərbaycanda çox əlamətdar bir gündür. Qardaş Gürcüstanın prezidenti Mixail Nikolayeviç
Saakaşvili ölkəmizə rəsmi səfərə gəlmişdir. Artıq inamla deyə bilərik ki, bu səfər çox uğurlu olmuşdur və
ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsi işində mühüm rol oynayacaqdır.
Bu gün ikitərəfli münasibətlərimizə aid bütün məsələlər barəsində Gürcüstan prezidenti ilə çox geniş fikir
mübadiləmiz oldu.
Biz məmnunluqla qeyd etdik ki, dövlətlərimizin müstəqilliyi dövründə Gürcüstanla
Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə qalxmışdır. Biz birlikdə regional
iqtisadi,
kommunikasiya layihələri həyata keçiririk. Bu gün Gürcüstanla Azərbaycanın regional siyasətin və dünya
siyasətinin bir çox məsələlərində vahid mövqelərdən çıxış etməsi Qafqazda vəziyyətin sabitləşməsinin, regionu-
muzda sülhün və sabitliyin möhkələnməsinin mühüm amilidir.
Təəssüf ki, Qafqaz regionu çox ağır sınaqlara məruz qalmışdır. Dövlətlərimiz müstəqilliyə qovuşduqdan
sonra Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüzkar separatçılıq əməlləri törədilmişdir. Biz
öz fəaliyyətimizlə regional təhlükəsizliyin
möhkəmlənməsinə kömək etməyə, habelə Dünya Birliyinin fəal
iştirakı ilə dövlətlərimizin ərazi bütövlüyünün bərpasına və sərhədlərinin toxunulmazlığına nail olmağa
çalışacağıq.
Bizi bu gün həyata keçirilən və bütün dünyanın diqqətini özünə cəlb edən çox iri layihələr birləşdirir. Bu
layihələr həm ölkələrimizin iqtisadi firavanlığı üçün vacibdir, həm də dünyada baş verən qlobal proseslər
çərçivəsində mühüm rol oynayacaqdır. Ölkələrimizin əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artmışdır və öz
potensialımızı möhkəmləndirdikcə daha da artacaqdır. Buna görə də son dərəcə vacibdir ki,
bizim iki qardaş
dövlətlərimiz milli mənafelərimizin qorunmasına, Dünya Birliyinə inteqrasiyaya yönəlmiş siyasəti bundan sonra
əlaqələndirilmiş şəkildə və birgə səylərlə həyata keçirsinlər. Bu da xalqlarımızın rifah halının yüksəlməsinə,
müstəqilliyimizin və təhlükəsizliyimizin möhkəmlənməsinə gətirib çıxaracaqdır.
Bizim aramızda şəxsi xarakterli çox mehriban dostluq və qardaşlıq münasibətləri yaranmışdır ki, bu da
dövlətlərimiz arasında münasibətlərin inkişafı üçün çox vacibdir. Mən əminəm ki, iki prezident arasında
münasibətlər müvafiq nazirliklərimizin, baş idarələrimizin, strukturlarımızın rəhbərləri arasındakı münasibətlər
üçün çox yaxşı nümunə olacaqdır. Yalnız bütün səviyyələrdə – rəsmi, işgüzar səviyyələrdə gündəlik əlaqələr
Gürcüstanın və Azərbaycanın birgə irəliləməsi üçün daha əlverişli şərait yarada bilər.
Bizim yolumuz birdir, biz onu
çoxdan müəyyənləşdirmişik, bu yola sadiqik və heç kim bizi bu yoldan
sapındıra bilməz.
Fürsətdən istifadə edib, əsrlər boyu azərbaycanlıların dostluq və qardaşlıq telləri ilə bağlı olduğu bütün gürcü
xalqına dərin hörmətimi bildirmək istəyirəm. Bizim gücümüz xalqlarımızın, sadə adamların bir-birinə nə
dərəcədə yaxın olmalarından asılıdır.
Mən qardaş Gürcüstanın, qardaş gürcü xalqının və Gürcüstan prezidenti Mixail Nikolayeviç Saakaşvilinin
sağlığına badə qaldırıram.
81
RUSİYA FEDERASİYASI HÖKUMƏTİNİN
SƏDRİ CƏNAB MİXAİL FRADKOVA
Hörmətli Mixail Yefimoviç!
Rusiya Federasiyası hökumətinin sədri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi
ürəkdən təbrik
edirəm.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı dostluq, mehriban qonşuluq və faydalı
əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, yüksək vəzifədə fəaliyyətiniz dövründə
ikitərəfli əlaqələrimiz daha da inkişaf edərək xalqlarımızın rifahına, regionumuzda sülhün və sabitliyin bərqərar
olmasına xidmət göstərəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 mart 2004-cü il
82
8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜ
MÜNASİBƏTİLƏ AZƏRBAYCAN
QADINLARINA TƏBRİK
Hörmətli qadınlar!
Əziz analar və bacılar!
Sizi – bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar günü
münasibətilə səmimi-qəlbdən
təbrik edirəm.
8 Mart bəşəriyyətin ülvi bir varlıq olan qadına bəslədiyi məhəbbət və ehtiramı parlaq ifadə etdirən bayram
kimi dünyada geniş qeyd olunur. İnsan cəmiyyətinin mədəni inkişaf səviyyəsi və yüksəlişi orada qadına, anaya
olan münasibətlə sıx bağlıdır. Qadınlar bəşəriyyətin taleyüklü problemlərinin həllinə həmişə öz töhfələrini
vermiş və bu gün də müasir dünyanın inkişaf istiqamətlərinin müəyyən edilməsində böyük xidmətlər göstərirlər.
Azərbaycan qadınları tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar. Azərbaycanın müdrik
hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə
qızıl hərflərlə yazılmışdır. Qadın adına hədsiz məhəbbət və ehtiram söz və sənət
abidələrimizdə öz parlaq
təcəssümünü tapmışdır. Görkəmli sənətkarlarımız Azərbaycan qadınının gözəlliyini, mənəvi saflığını,
mərdliyini və sədaqətini öz əsərlərində dönə-dönə tərənnüm etmişlər. Xalqımızın təfəkküründə ən əziz, ən qiy-
mətli bilinən vətən, torpaq, dil anlayışlarının ana adı ilə bağlı olması da qadın, ana adına verilən yüksək
qiymətin əyani təzahürüdür.
Tarixi keçmişin ağır sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını bu gün öz dövlət müstəqilliyini
bərpa etmiş ölkəmizdə gedən siyasi, ictimai, iqtisadi, mədəni proseslərdə fəal iştirak edir. Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün qorunması, hüquqi, demokratik dövlət quruculuğu,
iqtisadi yüksəlişin təmin olunması işlərinin gerçəkləşdirilməsində qadınlarımız misilsiz xidmətlər göstərirlər.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarımızın bir qisminin işğal
altında olduğu indiki dövrdə Azərbaycan qadını gəncləri vətənə sədaqət ruhunda tərbiyə edərək onları xalqa,
cəmiyyətə layiqli övlad yetişdirmək kimi müqəddəs vəzifənin öhdəsindən şərəflə gəlir. Əminəm ki, cəmiyyət
qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil
respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir.
Əziz qadınlar!
Hamınıza cansağlığı, ailə səadəti, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar diləyirəm.
Bayramınız mübarək olsun!
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
6 mart 2004-cü il