121
təkcə yüklərin, malların
və sadəcə, insanların hərəkəti yolunda əngəl olmamaq haqqında müqavilə
imzalamayacaq. Onların imzalayacağı müqavilələrdə dəqiq yazılacaq ki, əlverişli rejim yaradılacaqdır. Biz tarif
dərəcələrinin aşağı salınması haqqında Azərbaycanla və digər ölkələrlə saziş imzalamışıq. Türkmənistan öz
öhdəliklərindən birtərəfli qaydada tamamilə imtina etmişdir ki, bu da beynəlxalq normalara ziddir. Ona görə də
bu gün pambığımızın Azərbaycan və Xəzərdən keçərək Qara dəniz vasitəsilə aparılıb satılması Latviya və
Litvadan keçən marşrutla müqayisədə 20 faiz bahadır. Bu bəsirətsizlik və məsələnin dəqiq başa düşülməməsi
görün nəyə gətirib çıxarmışdır.
Bazar münasibətləri tranzit marşrutlarının təkmilləşdirilməsini tələb edir. Ona görə də bütün siyasətçilər və
dövlət rəhbərləri başa düşməlidirlər ki, bu marşrutlar insanları bir-birindən ayrı salmamalı, əksinə,
yaxınlaşdırmalıdır.
Bu gün biz prezident İlham Əliyevlə bu mövzuda söhbət etdik və belə bir ümumi fikrə gəldik ki, Avropa
ölkələrini maraqlandıran yolun böyük əhəmiyyət kəsb etməsi üçün mümkün olan hər şeyi etmək lazımdır.
Avropa Birliyi Əfqanıstanın və İranın TRASEKA layihəsinə qoşulması haqqında Özbəkistanın
təşəbbüsünü
dəstəkləmişdir. İndi siz təsəvvür edə bilərsiniz, Böyük İpək yolu çərçivəsində hamı üçün daha əlverşli olan
marşrut yarananda mümkün olan hər şeyi etmək lazımdır ki, TRASEKA insanların və dövlətlərin rifahı üçün
işləsin. Yollar insanları bir-birindən ayırmamalı, əksinə, yaxınlaşdırmalı və birləşdirməlidir.
S u a l:
Sualım cənab Əliyevədir. Cənab Prezident, məlum olduğu kimi, iki ölkə arasında 2010-cu
ilədək iqtisadi əməkdaşlıq proqramı qəbul edilmişdir. Əmtəə dövriyyəsini artırmaq yolunda hansı
maneələr vardır və Azərbaycan rəhbərliyi bu məsələnin həlli üçün nə etmək fikrindədir?
İ l h a m Ə l i y e v: Bu məsələ bu gün çox ətraflı müzakirə edildi. Mənə məlumdur ki, həmin məsələ
hökumətlərarası komissiya çərçivəsində də ətraflı müzakirə olunmuşdur. Bu istiqamətdə ən ciddi maneələrdən
biri bir-birinin bazarına birbaşa çıxışla bağlı çətinliklərdir. İndiki halda biz bunu asanlaşdırmaq üçün birgə
işləyəcək, habelə alternativ yollar axtarıb tapacağıq.
Mən bu gün dedim ki, yerüstü nəqliyyat
kommunikasiyalarından istifadə etməyə ehtiyac olmayan istiqamətlərdə bizim problemimiz yoxdur. Azərbaycan
tərəfinin Özbəkistanda istehsal olunmuş iki təyyarə alması buna əyani sübutdur. Yəni təyyarələr üçün bu prob-
lem yoxdur, burada havaya qalxıb Bakıda yerə enəcəkdir. Yerüstü yollarla daşınan yüklər üçün isə təhlükəsiz və
etibarlı kommunikasiyaların olmaması işi ləngidən əsas amildir. Lakin biz bu problemlə barışmaq istəmirik və
onun həlli üçün hər şeyi edəcəyik. Zənn edirəm ki, lazım olarsa, beynəlxalq təşkilatların xidmətlərindən də
istifadə etmək olar.
İslam Abduqəniyeviç Böyük İpək yolunun potensialı tam işə düşəndə bütün ölkələr üçün necə ciddi
perspektivlər açılacağından danışdı. Bu ölkələrin coğrafiyası kifayət qədər genişdir. Ona görə də mən əminəm
ki, bu layihənin təşəbbüskarı olan beynəlxalq təşkilatlar da prosesi gücləndirməlidirlər. Çünki, təəssüf ki, Qərb–
Şərq dəhlizi layihəsinin həyata keçirilməsinin sürəti bir qədər zəifləmişdir. Bu, ölkələrimizin potensialına da
mənfi təsir göstərə bilər. Bizim ölkələrimiz istehsalçı ölkələrdir, onlar
bu gün üçün də, gələcək üçün də ciddi
potensiala malikdirlər. Ölkələrimiz həm də tranzit yolu kimi çox əlverişlidir. Bu imkanlardan istifadə etməmək
yolverilməz olardı.
Təəssüf ki, indiki vəziyyətdə heç də hər şey bizdən asılı deyildir. Maraqlı ölkələrin bu istiqamətdə geniş
konsensusu fəal surətdə irəliləməlidir. Müvafiq qurumun bəzi elementlərinin olmaması əlavə çətinliklər yaradır.
Lakin mən buna nikbin baxıram və zənn edirəm ki, tarif siyasətini tənzimləmək tapşırığı almış müvafiq
idarələrimiz bu vəziyyətdən çıxmaq üçün əlavə yollar axtarıb tapacaqlar.
İ s l a m K ə r i m o v: Sizin daha nikbin olmağınız üçün demək istəyirəm ki, bu ilin iki ayı ərzində
Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi 18 milyon dollar təşkil etmişdir. Yəni 2003-cü ilə nisbətən
iki dəfə çoxdur. Sual verəndə bizim bu məsələdə nikbin olduğumuzu deməyi unutmayın, onda bu, obyektiv olar.
122
DAŞKƏNDDƏ NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİNİN AÇILIŞI
MƏRASİMİNDƏ ÇIXIŞ
23 mart 2004-cü il
Daşkənd Pedaqoji Universitetinin qarşısında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin
abidəsinin təntənəli açılış mərasimi oldu.
Mərasimə toplaşanlar – Özbəkistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri,
Azərbaycan diasporunun nümayəndələri, universitetin müəllim və tələbələri, Özbəkistan ictimaiyyətinin
nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevi və Özbəkistan prezidenti İslam Kərimovu hərarətli
alqışlarla qarşıladılar.
Möhtərəm cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Əziz bacılar və qardaşlar!
Bu gün həyatımızda çox əlamətdar hadisədir. Özbəkistanın paytaxtı Daşkənd şəhərində dahi Azərbaycan
şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb və biz bu abidənin açılış mərasimini keçiririk. Mən sizin hamınızı bu
münasibətlə təbrik edirəm.
Dahi Nizaminin əsərləri ölməzdir, dəyərlidir və bütün nəsillər üçün əhəmiyyətlidir. Bu əsərlər bizim üçün və
gələcək nəsillər üçün daim ilham mənbəyi olacaqdır. Nizaminin əsərləri özbək və Azərbaycan xalqlarını bir-
birinə daha da yaxınlaşdırır və bir-birinə daha sıx bağlayır.
Xalqlarımız əsrlər
boyu bir yerdə olmuş, yaşamış və yaratmışlar. Onlar daim bir-birinə arxa olmuşlar. Bütün
dövrlərdə Özbəkistanla Azərbaycan arasında qardaşlıq münasibətləri mövcud olmuşdur və biz çox xoşbəxtik ki,
bu gün bu münasibətlər davam edir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da münasibətlərimiz sürətlə
inkişaf etmişdir. Bu istiqamətdə ən böyük xidmət iki xalqın ümummilli liderləri İslam Kərimov və Heydər
Əliyevə məxsusdur. Məhz bu liderlər öz xalqlarının müstəqilliyini əbədi və dönməz etmişlər, dövlətlərinin
möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişlər.
Bu gün hörmətli İslam Abduqəniyeviç mənim haqqımda danışarkən dedi ki, o, Heydər Əliyevin oğludur.
Həqiqətən, bu mənim üçün ən böyük vəzifədir. Heydər Əliyevin oğlu olmaq mənim üçün böyük vəzifə və çox
böyük şərəfdir. Əmin etmək istəyirəm ki, mən bu ada layiq olacağam, atamın
yolu ilə gedəcəyəm, onun
siyasətini davam etdirəcəyəm. Çalışacağam əlimdən gələni edim ki, xalqlarımız və ölkələrimiz bir-birinə daha
yaxın olsunlar.
Bu gün Azərbaycan prezidenti kimi, mənim Özbəkistana ilk dövlət səfərim başlanmışdır. Bu dəvətə və mənə
göstərilən qonaqpərvərliyə, diqqətə görə Özbəkistan Respublikasının prezidenti hörmətli İslam Abduqəniyeviç
Kərimova və bütün özbək xalqına öz dərin minnətdarlığımı bildirirəm.
Bu gün apardığımız söhbətlər, danışıqlar nəticəsində bir daha əmin oldum ki, ölkələrimiz gələcəkdə də daim
birlikdə olacaq, xalqlarımız həmişə bir-birinə sıx bağlı olacaqlar. Bizim xoşbəxtliyimiz birlikdədir.
Biz daim bir
yerdə olmalıyıq, çünki taleyimiz, gələcəyimiz və niyyətimiz birdir. Niyyət də ondan ibarətdir ki, Özbəkistan və
Azərbaycan rahat, azad və firavan yaşasınlar, öz dövlət müstəqilliyini bundan sonra da möhkəmləndirsinlər və
beləliklə, insanlarımız əmin olsunlar ki, onların gələcəyi etibarlı əllərdədir.
Bu gün mən öz çıxışlarımda da, ikitərəfli danışıqlar zamanı da bir neçə dəfə qeyd etmişəm ki, Özbəkistan
xalqı ona ümummilli lideri İslam Abduqəniyeviç Kərimov kimi tanınmış dövlət xadimi rəhbərlik etdiyi üçün
xoşbəxt və bəxtiyardır. Özbəkistan dövlət müstəqilliyini əldə etdikdən sonra məhz onun yorulmaz fəaliyyəti
nəticəsində böyük uğurlara nail olmuşdur. Ölkənin iqtisadi potensialı güclənmiş,
Özbəkistan dünya birliyində
özünə layiq yerini tuta bilmişdir. Bu gün Özbəkistan bütün region üçün çox əhəmiyyətli bir ölkədir. Əlbəttə,
gələcəkdə Özbəkistan–Azərbaycan münasibətləri də bizim hamımızın diqqət mərkəzində olmalıdır. Biz bu
siyasəti davam etdirməliyik. Əminəm ki, xalqlarımız bundan böyük fayda görəcəklər.
Sizə onu da demək istəyirəm ki, yaxın zamanlarda Bakı şəhərində dahi özbək şairi Əlişir Nəvainin də abidəsi
ucaldılacaqdır və əminəm ki, əziz dostumuz və qardaşımız İslam Abduqəniyeviç və sizlər, əziz bacılar və
qardaşlar, bu mərasimdə iştirak edəcəksiniz.
Mənim Özbəkistana, özbək xalqına həmişə böyük hörmət və məhəbbətim olmuşdur. Düzdür, bu mənim
Özbəkistana ilk səfərimdir. Ancaq Özbəkistan və özbək xalqı haqqında geniş məlumatım vardır. Mənim atam
prezident Heydər Əliyev dəfələrlə burada olmuş və öz fikirlərini və duyğularını mənimlə bölüşmüşdür. Əmin
ola bilərsiniz ki,
bu siyasət, yəni Azərbaycan–Özbəkistan münasibətlərinin daha da dərinləşdirilməsi, inkişafı
istiqamətində aparılan siyasət bundan sonra da davam edəcəkdir və xalqlarımız gələcəkdə də birlikdə olacaqlar,
bir nöqtəyə vuracaqlar, həmişə olduğu kimi, bir-birinə dayaq və arxa olacaqlar.