128
DAŞKƏNDDƏ HEYDƏR ƏLİYEV
ADINA AZƏRBAYCAN MƏDƏNİYYƏT
MƏRKƏZİNİN AÇILIŞ
MƏRASİMİNDƏ ÇIXIŞ
24 mart 2004-cü il
Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı mərasimi oldu. Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev, Özbəkistanın Baş naziri Şavkat Mirziyayev mərasimdə iştirak
edirdilər.
Mərasimə Özbəkistanda akkreditə olunmuş səfirliklərin rəhbərləri, Azərbaycan diasporunun və Daşkənd
ictimaiyyətinin nümayəndələri toplaşmışdı.
Əvvəlcə Mədəniyyət Mərkəzinin yerləşdiyi küçəyə ümummilli liderimiz Heydər Əliyevin adının verilməsini
bildirən lövhənin açılışı oldu. Prezident İlham Əliyev mərasimə toplaşanların alqış sədaları altında lövhənin
üzərindəki örtüyü götürdü.
Sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısında qoyulmuş abidəsinin
açılışı oldu. Dövlətimizin başçısı abidənin üzərindən örtüyü götürdü.
İ l h a m Ə l i y e v: Əziz dostlar!
Dünən dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı zamanı Özbəkistanın
prezidenti hörmətli
İslam Abduqəniyeviç Kərimov çıxış edərkən mən onun dediklərinin, demək olar ki, hamısını başa düşdüm. O,
özbək dilində çıxış edirdi. Mən Azərbaycan dilində çıxış edərkən o da mənim dediklərimin hamısını başa
düşürdü. Bu bir daha göstərir ki, bizim xalqlarımız nə qədər yaxındır.
Bu imkandan istifadə edərək Azərbaycan dilinin özbəklər üçün ana dili qədər yaxın olduğunu və özbək
dilinin azərbaycanlılar üçün doğma olduğunu nəzərə alaraq mən sizin qarşınızda Azərbaycan dilində çıxış etmək
istərdim.
Hörmətli xanımlar və cənablar!
Əziz bacılar və qardaşlar!
Mənim Özbəkistana dövlət səfərimin ikinci günüdür. Bu səfər çox uğurlu keçir. Səfər çərçivəsində aparılmış
ikitərəfli danışıqların nəticəsi olaraq iki ölkə bir-birinə daha da yaxın olmuşdur. Özbəkistanın prezidenti
hörmətli cənab Kərimovla apardığımız söhbətlər əsnasında bir daha əmin olduq ki, bütün məsələlərdə –
ikitərəfli əlaqələr, regional əməkdaşlıq sahəsində mövqelərimiz üst-üstə düşür.
Özbəkistan və Azərbaycan uzun illərdir ki,
bir-birinə kömək edir, arxa və dayaq durur. Bu səmimi
münasibətlərin əsasını xalqlarımızın ümummilli liderləri İslam Kərimov və Heydər Əliyev qoymuşlar.
Azərbaycanın hazırkı prezidenti kimi, mən bu siyasətə sadiqəm, onu davam etdirəcəyəm. Mənə göstərilən
hörmət, ehtiram və diqqət bir daha əminlik hissi yaradır ki, xalqlarımız həmişə olduğu kimi, bundan sonra da
uğurlara doğru çiyin-çiyinə addımlayacaqlar.
Bu gün Azərbaycanın və Özbəkistanın tarixində çox əlamətdar bir gündür. Özbəkistanın paytaxtı Daşkənd
şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin yeni binasının açılışıdır.
Mədəniyyət mərkəzi çoxdan fəaliyyət göstərirdi, lakin binası yox idi. Özbəkistanda yaşayan
azərbaycanlıların və özbək qardaşlarımızın, digər
millətlərin nümayəndələrinin, Özbəkistan prezidenti cənab
Kərimovun bilavasitə köməyi və dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni binası tikilib istifadəyə
verilir. Əminəm ki, mərkəzdə keçiriləcək tədbirlər, o cümlədən ana dilində aparılacaq tədris proqramları burada
yaşayan azərbaycanlılara böyük fayda verəcəkdir.
Eyni zamanda, bizim özbək qardaşlarımız da bu mərkəzin əziz qonaqları olacaqlar.
Buradakı küçəyə Heydər Əliyevin adı verilmişdir. Bu qərara görə Azərbaycan Respublikasının prezidenti və
Heydər Əliyevin oğlu kimi, mən Özbəkistan prezidenti cənab Kərimova öz minnətdarlığımı bildirirəm.
Eyni zamanda, Mədəniyyət mərkəzinin qarşısında Heydər Əliyevin abidəsi ucaldılmışdır.
Heydər Əliyevin müasir Azərbaycanın tarixində müstəsna xidmətləri vardır. 1993-cü ildə məhz onun
hakimiyyətə təkrar qayıdışından sonra Azərbaycanda böhrana və xaosa son qoyuldu. Ölkəmiz o ağır sınaqlardan
ləyaqətlə çıxa bildi. O vaxt ölkəmizdə vəziyyət çox ağır idi. Əgər Heydər Əliyevin qətiyyəti,
iradəsi və cəsarəti
olmasaydı, ölkəmizi böyük bəlalar gözləyə bilərdi.
Son on il ərzində Azərbaycan öz müstəqilliyini möhkəmləndirmiş, iqtisadi potensialını gücləndirmişdir. Bu
gün ölkəmiz dünyada öz layiqli yerini tuta bilmişdir və bütün sahələrdə sürətlə inkişaf edir. Əminəm ki,
xalqımız bundan sonra sabitlik şəraitində, sülh və əmin-amanlıq şəraitində yaşayacaqdır. Azərbaycan xalqının
ən böyük arzusu və istəyi ondan ibarətdir ki, ölkəmizdə sülh və sabitlik olsun, qayda-qanuna riayət edilsin,
129
iqtisadi və sosial məsələlər öz həllini tapsın. Azərbaycan rəhbərliyi buna nail olmaq üçün əlindən gələni
əsirgəməyəcəkdir.
Bu iki gün ərzində mən çox böyük hörmət, qonaqpərvərlik, diqqət gördüm. Bütün
bunlara görə, ilk növbədə,
Özbəkistan Respublikasının prezidenti, Azərbaycan xalqının əziz dostu İslam Abduqəniyeviç Kərimova bir
daha öz minnətdarlığımı bildirmək istəyirəm.
Əmin olduğumu bildirmək istəyirəm ki, bu səfərdən sonra ölkələrimiz və xalqlarımız arasında dostluq,
qardaşlıq münasibətləri daha da güclənəcəkdir. Biz hamımız birlikdə yeni qələbələrə doğru addımlayacağıq.
Bir daha sizi təbrik edirəm. Cansağlığı, səadət və xoşbəxtlik arzulayıram.
130
AZƏRBAYCAN PREZİDENTİ
İLHAM ƏLİYEV SƏMƏRQƏNDDƏ
24 mart 2004-cü il
Azərbaycan prezidenti İlham Əliyev dünyanın qədim şəhərlərindən olan Səmərqəndə gəldi.
Dövlətimizin başçısını Özbəkistanın Baş naziri Şavkat Mirziyayev müşayiət edirdi.
Prezident İlham Əliyevi hava limanında Səmərqənd vilayətinin hakimi Rüstəm Xolmuradov dostcasına,
mehribanlıqla qarşıladı.
Azərbaycanın prezidenti əvvəlcə Uluqbəy rəsədxanasına gəldi. Dövlətimizin başçısına məlumat verildi ki, bu
rəsədxana Əmir Teymurun nəvəsi, məşhur özbək astronomu Uluqbəy tərəfindən XV əsrdə yaradılmışdır.
Sonrakı dövrlərdə bura uçulub dağılsa da, XX əsrin əvvəllərində bu rəsədxananın qalıqları tapılmış və yenidən
bərpa olunmuşdur.
Sonra prezident İlham Əliyev Səmərqəndin ən qədim abidələrinin yerləşdiyi ərazidəki Əfrasiyab muzeyinə
gəldi. 1970-ci ildə yaradılmış bu muzeydə eramızdan əvvəl 5-4-cü və bizim eramızın 7-8-ci əsrlərinə aid
arxeoloji tapıntıları, müxtəlif qədim bəzək əşyaları saxlanılır.
Azərbaycan prezidenti Səmərqəndin qədim mədrəsələrinin binaları ilə də yaxından tanış oldu.
Səmərqənd şəhərinin tarixi-mədəni yerləri ilə tanışlığı davam etdirən prezident İlham Əliyev Əmir Teymurun
dəfn olunduğu Gur Əmir türbəsinə gəldi. XV əsrdə inşa edilmiş bu türbədə Teymurilər sülaləsindən olan digər
hökmdarların da məzarları var. Dövlətimizin başçısına türbənin tikintisi barədə ətraflı məlumat verildi.
Azərbaycan prezidenti İlham Əliyev Bibixanım məscidinə də gələrək, XV əsrin yadigarı olan bu memarlıq
abidəsinə tamaşa etdi, habelə Səmərqəndin ən böyük ticarət obyekti sayılan "Siab" bazarı ilə tanış oldu.
Şəhərlə tanışlıqdan sonra jurnalistlərə müsahibə
S u a l:
Cənab Prezident, 1997-ci ildə prezident Heydər Əliyev Özbəkistana səfər etmişdi və bu səfər
zamanı iki ölkə arasında əlaqələrin inkişafına dair mühüm danışıqlar aparılmış və sənədlər
imzalanmışdır. O, həmçinin Səmərqənd şəhərində də olmuşdu. Bu gün Siz bizim prezidentimizlə bu əla-
qələrin inkişafına dair danışıqlar aparmısınız. Bu danışıqlarda hansı məsələləri müzakirə etdiniz?
C a v a b: Qeyd etdiyiniz kimi, Azərbaycan prezidenti Heydər Əliyev Özbəkistanda
rəsmi səfərdə olarkən
Səmərqənd şəhərinə də gəlmişdi. Səfərdən sonra ölkələrimizin əlaqələri daha da güclənmişdir. O vaxtdan bu
günə qədər aramızda olan bütün ikitərəfli məsələlər öz müsbət həllini tapmışdır. Azərbaycanla Özbəkistan
qardaş ölkələrdir, tərəfdaşlardır və bu, davam edir. Mənim səfərim də dostluq əlaqələrinin davamında mühüm
rol oynayacaqdır. İkitərəfli əlaqələrimiz əvvəllər olduğu kimi, bundan sonra da inkişaf edəcəkdir. Özbəkistanın
prezidenti hörmətli İslam Kərimovla imzaladığımız ikitərəfli sənədlər və digər sənədlər gələcəkdə uğurlu
əməkdaşlıq üçün gözəl bir zəmindir. Mən gələcəyimizi çox parlaq görürəm. Xalqlarımız və ölkələrimiz bir-
birinə yaxındır. Şəxsən mən əlimdən gələni edəcəyəm ki, ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf
etsin.
S u a l:
Cənab Prezident, bu Sizin Özbəkistana ilk dövlət səfərinizdir və çox səmərəli keçdi. Bu gün də
Siz qədim Səmərqənddə oldunuz. Ümumi təəssüratınız necədir?
C a v a b: Təəssüratım çox müsbətdir. Artıq mən bu məsələyə toxundum. Bu səfəri çox yüksək
qiymətləndirirəm. Apardığımız bütün söhbətlər zamanı toxunduğumuz məsələlərə dair fikirlərimiz üst-üstə
düşmüşdür. İkitərəfli əlaqələr inkişaf edir. Düzdür, ticarət sektorunda hələ də lazımi nəticələr əldə olunmayıbdır.
Lakin bunun obyektiv səbəbləri vardır. Kommunikasiyaların lazımi səviyyədə olmaması ticarət əlaqələrinə
müəyyən çətinliklər yaratmışdır. Amma bu istiqamətdə də hökumətlərimiz arasında yaradılmış komissiya
işləyəcəkdir və öz təkliflərini bizə təqdim edəcəkdir.
Regional məsələlərə baxışlarımız, demək olar ki, eynidir. Özbəkistan və Azərbaycan rəhbərliyi dünyada
gedən proseslər ətrafında da vahid mövqedən çıxış edir.
Bildiyiniz kimi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Özbəkistan həmişə
Azərbaycanın mövqeyini dəstəkləmişdir və bu gün də dəstəkləyir. Hörmətli İslam Kərimovun bəyanatı bunu bir
daha təsdiq edir. Özbəkistan bu münaqişənin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür.
Buna görə biz bu ölkənin rəhbərliyinə çox minnətdarıq. Eyni zamanda, Azərbaycanın
tarixinə, bu gününə
göstərilən hörmət bizi çox sevindirir. Nizami Gəncəvinin heykəlinin ucaldılması, Heydər Əliyevin abidəsinin
ucaldılması və onun adına küçə verilməsi bizim qardaşlığımızın təzahürüdür.
Əminəm ki, bu səfərdən sonra ikitərəfli əlaqələr daha da güclənəcəkdir.