131
ÖZBƏKİSTANDAN BAKIYA QAYIDARKƏN
BİNƏ BEYNƏLXALQ HAVA LİMANINDA
JURNALİSTLƏRİN SUALLARINA CAVAB
24 mart 2004-cü il
S u a l:
Cənab Prezident, Sizin Özbəkistana çox uğurlu dövlət səfəriniz oldu. Amma əsas
məsələlərdən birində – iqtisadi-ticarət münasibətlərində müəyyən lənglik var. O cümlədən
kommunikasiya problemlərindən danışıldı. Siz bu problemlərin həllini necə görürsünüz? Yəni yaxın
vaxtlarda Orta Asiya və Cənubi Qafqaz ölkələri liderlərinin iştirakı ilə, yoxsa?..
C a v a b: Bu məsələ dəfələrlə – Özbəkistan prezidenti cənab Kərimovla danışıqlarda, eləcə də,
hökumətlərarası komissiyada müzakirə edildi. Burada problem, əsasən kommunikasiyalarla, daha doğrusu, bu
sahədə yaranmış problemlərlə bağlıdır.
Bilirsiniz ki, bizim Özbəkistanla əlaqələrimiz Türkmənistan ərazisi
vasitəsilə həyata keçirilir və bu istiqamətdə müəyyən problemlər var. Əlbəttə, bu, iki dövlətin arasında iqtisadi
əlaqələrə böyük zərər vurmuşdur. Bizim iqtisadi potensialımız güclüdür, ildən-ilə artır. İkitərəfli iqtisadi
əlaqələr çox sürətlə inkişaf edə bilər. Kommunikasiyanın olmaması, əlbəttə, böyük problemdir. Bu necə həll
olunacaq, bunu zaman göstərər. Hər halda, hökumətlərarası komissiya bu məsələyə baxacaqdır. Bizdən asılı
olan məsələlərə baxacaq və bunları müsbət həll edəcəyik.
O ki qaldı aramızda olan ərazidə kommunikasiya xətlərinin təmin edilməsinə, bu bizdən asılı olan məsələ
deyildir. Amma çalışarıq ki, buna nail olaq.
S u a l:
Cənab Prezident, ATƏT-in fəaliyyətinin 12 ili tamam olur. 1992-ci il martın 24-də ATƏT-in
vasitəçiliyi ilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar formatı
müəyyənləşmişdir. Azərbaycan prezidenti bu 12 illik fəaliyyəti necə qiymətləndirir?
C a v a b: Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Nəticə yoxdur. Əgər hansısa bir nəticə olsaydı,
bunu müsbət qiymətləndirmək olardı. Mən bunu müsbət qiymətləndirə bilmərəm. Çünki bu müddət ərzində
ATƏT-in Minsk qrupu tərəfindən, demək olar ki, heç bir müsbət addım atılmamışdır. Düzdür, müəyyən
dövrlərdə təkliflər olmuşdur. Deyə bilmərəm ki, Minsk qrupu bu məsələyə laqeyd yanaşmışdır. Yox, çalışmışdır
və çalışır ki, bu məsələnin həllində öz xidmətlərini göstərsin. Amma hesab edirəm ki, indiki yanaşma, Minsk
qrupunun indiki mövqeyi münaqişənin həllində müsbət rol oynaya bilməz. Çünki
bu mövqe daha çox məsələnin
həlli ilə yox, məsələni müşahidə etməklə məhdudlaşır.
Mən həmsədrlərə bildirmişdim ki, gərək Minsk qrupu öz mandatı çərçivəsində vasitəçilik missiyasını yerinə
yetirsin. Yoxsa, bizə deyəndə ki, gedin, iki prezident danışın, razılaşın, biz bunu təsdiq edək, bu, vasitəçilik
missiyası deyildir. Bu, müşahidəçilik missiyasıdır. Əgər belədirsə, onda gərək mandatda dəyişikliklər edilsin və
Minsk qrupuna müşahidəçilik missiyası verilsin.
Mən ümid edirəm ki, əgər daha geniş beynəlxalq ictimaiyyət bu məsələ ilə ciddi məşğul olsa,
bəlkə də hər
hansı bir müsbət dəyişiklikdən söhbət gedə bilər. Məhz bu baxımdan Avropa İttifaqının, Avropa Şurasının bu
məsələ ilə məşğul olmaq istəyini biz dəstəkləyirik. Mən Bratislavada keçirdiyim görüşlərimdə də bunu xüsusi
qeyd etmişdim ki, beynəlxalq ictimaiyyət öz mövqeyini ortaya qoymalıdır. Əgər Minsk qrupu bu məsələnin
öhdəsindən gələ bilmirsə, əgər belə demək mümkünsə, on ildən artıqdır aparılan danışıqlar öz nəticəsini
vermirsə, onda gərək fikirləşək.
S u a l:
Cənab Prezident, Ermənistanın rəhbərliyi son zamanlar tez-tez Ki-Uest və Paris prinsiplərini
qabardır və Azərbaycanda insanlar arasında ciddi narahatlıq yaranır ki, bunlar hansı prinsiplərdir.
Sizin müzakirələr barədə məlumatınız var. Doğrudanmı Azərbaycanın ərazi bütövlüyünü şübhə altına
alacaq hər hansı bir razılaşma olubdur?
C a v a b: Qətiyyən, heç bir razılaşma olmayıbdır. Ermənistan tərəfi də bunu yaxşı bilir və mən də bunu
yaxşı bilirəm. Çünki mən o vaxt danışıqların iştirakçısı olmasam da, bu məsələlərlə əlaqədar kifayət qədər
məlumatım var idi. Ermənistan ilə Azərbaycan arasında heç bir razılaşma əldə olunmamışdır. Heç bir məsələ
ətrafında vahid bir mövqe ortaya qoyulmamışdır. Əlbəttə, danışıqlar əsnasında müxtəlif variantlar müzakirə
olunur. Bəzən bu müzakirələr Minsk qrupu tərəfindən gündəliyə salınmışdır, bəzən tərəflərin biri tərəfindən irəli
sürülmüşdür. Danışıqlar o qədər mürəkkəb bir prosesdir ki, onların gedişində hər
bir məsələ müzakirə oluna
bilər. Amma heç bir razılaşma yoxdur, olmayıbdır və bu, Ermənistan tərəfinin növbəti uydurmasıdır.
Bunu nə üçün edirlər? Yəqin ki, bu orada daxildə gedən proseslərlə əlaqədardır. Çünki Ermənistanda son
zamanlar cəmiyyətdə gedən proseslər Ermənistan hakimiyyətini belə yalanlar, iftiralar irəli sürməyə vadar edir.
Əgər belə bir razılaşma varsa, ortaya qoysunlar, yaxud bunu mətbuata versinlər.
Vilayət Quliyev Ermənistanın Xarici İşlər naziri ilə Bratislavada görüşübdür. Nə üçün Ermənistanın Xarici
İşlər naziri televiziyaları vasitəsilə dünyaya yalanlar yayır, əgər belə bir sənəd varsa, onu ortaya qoymur?! Nə
132
üçün bunu beynəlxalq ictimaiyyətə təqdim etmir?! Mən məsləhət görərdim ki, onlar bu yalanlardan əl çəksinlər.
Bu təxribatların vaxtı keçibdir. Artıq dünya şəffaflıq tələb edir. Hər hansı bir razılaşmanı, hətta gizli razılaşmanı
da gizli şəkildə saxlamaq mümkün deyildir.
Mən Minsk qrupunun
həmsədrlərinə də dedim ki, gedin, Ermənistanda deyin ki, bu yalanlardan əl çəksinlər.
Çünki bu, danışıqlar aparan heç bir tərəfə yaraşmır.
S u a l:
Cənab Prezident, Baş nazir Ərdoğanın Amerikaya səfərindən sonra Türkiyənin Ermənistanla
sərhədinin açılması məsələsi yenidən aktuallaşır. Gündəlikdə belə bir variant varmı? Azərbaycan
prezidenti kimi, Sizin bu məsələlərdən hər hansı xəbəriniz varmı və Türkiyənin belə bir addım atacağını
ehtimal etmək olarmı?
C a v a b: Mən ehtimal irəli sürmək istəmirəm. Mən Baş nazir vəzifəsində işləyərkən Ankarada cənab
Ərdoğanla bu barədə söhbətim olubdur. Baş nazir cənab Ərdoğan və Xarici işlər naziri Abdullah Gül məni bir
daha əmin etmişlər ki, Türkiyə Ermənistanla sərhədlərini Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər heç
vaxt açmayacaqdır. Mənim üçün bu kifayətdir. Yəni əgər
mən bu sözü eşitmişəmsə, mənə hər hansı başqa izahat
lazım deyildir.
Amma o da sirr deyil ki, Avropa İttifaqı, bəzi başqa ölkələr, dünyada kifayət qədər təsirə malik olan ölkələr
Türkiyəyə ciddi təzyiqlər edir ki, Türkiyə o qapıları açsın. Mən müvafiq tərəflərlə keçirdiyim görüşlərdə onlara
dəfələrlə bildirmişəm ki, əgər Türkiyə öz qapılarını Ermənistana açarsa, deməli, Dağlıq Qarabağ məsələsinin
həlli,
ümumiyyətlə, mümkün olmayacaqdır. Çünki Azərbaycanın əlindən çox mühüm bir alət çıxacaqdır və o
zaman danışıqların sülh çərçivəsində aparılması, ümumiyyətlə, mümkün olmayacaqdır. Bu, danışıqların
dayanmasına və xoşagəlməz nəticələrə gətirib çıxaracaqdır. Ona görə əgər bu məsələdə maraqlı olan tərəflər
məsələnin doğrudan da sülh yolu ilə həllini istəyirlərsə, gərək Türkiyəyə bu təzyiqləri etməsinlər. Türkiyə böyük
dövlətdir, qüdrətli dövlətdir. Mən əminəm ki, Türkiyə bütün bu təzyiqlərə davam gətirəcəkdir. Türkiyə–
Azərbaycan qardaşlığı bizim üçün də, türk xalqı üçün də hər bir şeydən üstündür. Sağ olun.